“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
14.01.2011, 18:17
444

Azərbaycan-Avropa Birliyi tərəfdaşlığı yeni mərhələdə

A- A+

“Cənub qaz dəhlizi haqqında Birgə Bəyannamə” imzalandı

Yanvarın 13-də Avropa Komissiyasının prezidenti Jose Manuel Barrozo (Barroso) Bakıya səfərə gəlib. Azərbaycan prezidenti İlham Əliyev və Avropa Komissiyasının prezidenti Jose Manuel Barrozo arasında təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə görüşlər keçirilib. 

Azərbaycanla Avropa Birliyi arasında münasibətlərin indiki vəziyyəti və perspektivləri, enerji və digər sahələrdə əməkdaşlıq məsələləri geniş müzakirə olunub.

Nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşdən sonra Azərbaycan-Avropa Birliyi sənədlərinin imzalanması mərasimi olub.

Azərbaycan prezidenti İlham Əliyev və Avropa Komissiyasının prezidenti Jose Manuel Barrozo “Cənub qaz dəhlizi haqqında Birgə Bəyannamə” imzalayıblar.

Bundan başqa, “Azərbaycan Respublikası və Avropa Komissiyası arasında 2011-2013-cü illər üzrə Milli İndikativ Proqrama dair Anlaşma memorandumu” və “Azərbaycan Respublikası və Avropa Komissiyası arasında hərtərəfli institusional quruculuq proqramının çərçivə sənədi üzrə Anlaşma memorandumu” imzalanıb.

Memorandumları Azərbaycanın Avropa Birliyi yanında daimi nümayəndəliyinin rəhbəri Emin Eyyubov və Avropa Komissiyasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia imzalayıblar.

* * *

Birgə mətbuat konfransı  

Azərbaycan prezidenti İlham Əliyev və Avropa Komissiyasının sədri Joze Manuel Barrozo yanvarın 13-də Bakıda keçirdikləri mətbuat konfransından bir sıra məqamlara toxunublar. 

İlham Əliyevin dediklərindən:

- Bu gün apardığımız müzakirələr, səmimi və çox mehriban söhbət zamanı biz ikitərəfli əlaqələrimizin hər bir aspektini nəzərdən keçirdik. İqtisadi inkişafa, iqtisadi əməkdaşlığa aid olan məsələləri, siyasi islahatları müzakirə etdik, Azərbaycanda aparılan islahatları, demokratikləşmə prosesini nəzərdən keçirdik, regional vəziyyət və təhlükəsizliklə bağlı olan vəziyyət haqqında fikir mübadiləsi etdik. Enerji daşıyıcılarının nəqlinin şaxələndirilməsi məsələlərindən də danışdıq və eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini də müzakirə etdik.

Bu gün söhbətimizin əsas mövzuları arasında enerji sahəsində əməkdaşlıq məsələsi dayanır. Biz “Cənub qaz dəhlizi haqqında birgə bəyannamə”yə imza atdıq. Bu da çox məzmunlu, mühüm bir sənəddir və enerji əməkdaşlığının bütün aspektlərini, Avropa təsisatları ilə Azərbaycan arasında bu sahədə əməkdaşlığı əhatə edir.

Bizim 7 boru kəmərimiz mövcuddur. Bu infrastruktur neft və qaz yataqlarımızdan enerji resurslarımızı müxtəlif istiqamətlərdə nəql etməyə imkan yaradır. Biz çoxlu maliyyə resursları əldə etmişik və bu, bizim enerji siyasətimiz nəticəsində mümkün olmuşdur. Bu gün isə biz enerji inkişafımızın yeni bir mərhələsindəyik və Avropa təsisatları ilə münasibətlərimiz bizim üçün çox əhəmiyyətlidir. Enerji təhlükəsizliyi məsələsi, enerji təchizatının şaxələndirilməsi hasilatçılar, istehlakçılar, tranzit ölkələr üçün eyni dərəcədə vacibdir. Zənnimcə, maraqların kombinasiyası və səylərin bir araya yönəldilməsi və bunun bir növ sinxronlaşdırılması bizim planlarımızın uğurla həyata keçirilməsi üçün əsas ilkin şərtdir.

Azərbaycan əvvəldən Cənub enerji dəhlizinə dəstək verib. Əslində, bu, elə Azərbaycanın başladığı layihəyə yönəlir: Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz boru kəmərləri - məhz bunlar bu istiqamətdə həyata keçirilən ilk təşəbbüs olub. Bundan sonra isə biz nəql dəhlizləri üzərində işləməyə başladıq, çünki bilirik ki, bu dəhlizlər bizim prioritetlərimizdən biridir və bu istiqamətdə apardığımız ciddi bir işdir. Zənnimcə, bu gün imzaladığımız birgə bəyannamənin yaxşı gələcəyi var.

Biz Dağlıq Qarabağ münaqişəsi məsələsini müzakirə etdik. Artıq uzun illərdir Azərbaycanın əraziləri Ermənistanın işğalı altındadır. Təbii ki, bu, Azərbaycanda bir çox narahatlıqlar doğurur. Bu, regional təhlükəsizliyə potensial hədədir. Biz beynəlxalq təsisatlara, xüsusən də Avropa Parlamentinə çox minnətdarıq ki, ötən il Dağlıq Qarabağ münaqişəsinə aid qətnamə qəbul etdilər. Bu qətnamə əvvəl qəbul olunmuş qətnamələrə tamamilə uyğundur. BMT-nin, Avropa Şurasının və ATƏT-in qətnamələrinə uyğundur. Dağlıq Qarabağ münaqişəsinin tezliklə həlli nəinki bizim qaçqın və məcburi köçkünlərimizi öz yerlərinə qaytaracaq, həm də bütün dünya tərəfindən tanınmış ərazi bütövlüyümüzü bərpa etməyə gətirib çıxaracaq, habelə regiona proqnozlaşdırma, təhlükəsizlik gətirəcək.

Joze Manuel Barrozonun dediklərindən:

- Prezident Əliyevlə görüş çox açıq və səmimi, dostluq, mehribanlıq şəraitində keçdi və biz olduqca strateji əhəmiyyət daşıyan məsələləri müzakirə etdik. Bildiyiniz kimi, bu məsələlər həm Avropa İttifaqı, həm də Azərbaycan üçün əhəmiyyətlidir. Biz Azərbaycan ilə Avropa Birliyi arasında olan tərəfdaşlığı əhatə etdik və bir meyil kimi bu tərəfdaşlıq artıq reallıqdır.

Avropa Birliyi Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatları dəstəkləyir. Bu gün prezident bildirdi ki, o, Avropa İttifaqının “Şərq tərəfdaşlığı”nda üstün tutulmuş dəyərlərini ölkəsinin inkişafı üçün bir ilhamlandırıcı amil kimi qəbul edir. Bu, əlbəttə ki, həm də bizim prinsiplərimizin aliliyini nəzərdə tutur. Biz bunu açıq şəkildə cənab prezidentlə müzakirə etdik və bildirdik ki, demokratiya, qanunun aliliyi, insan hüquqlarına hörmətlə yanaşma - bunlar da bizim münasibətlərimizdə vacib bir məqamdır.

İkitərəfli tərəfdaşlığımıza gəldikdə, bildiyiniz kimi, yeni Assosiasiya Sazişi mövcuddur ki, bununla bağlı artıq danışıqlar başlanıb. Məqsəd bizim strateji əlaqələrimizi daha da dərinləşdirmək və Azərbaycanı Avropa İttifaqının bazarına daha da yaxın etməkdən ibarətdir. Biz vizanın asanlaşdırılması sazişi üzərində də danışıqlara başlayacağıq. Bu da yaxın gələcəkdə baş verəcək, Azərbaycan vətəndaşlarının Avropa Birliyi ölkələrinə səfərlərini daha da asanlaşdıracaq.

Bizim enerji sahəsində əməkdaşlığımız çox yaxşı qurulub. Mən prezident İlham Əliyevlə ikitərəfli dialoq apardım. Azərbaycan bu sahədə Avropa İttifaqının etibarlı tərəfdaşıdır. Biz hesab edirik ki, Azərbaycan həm hasilatçı, həm tranzit ölkə kimi çox mühüm rol oynayır. Əslində, Azərbaycan şaxələndirmə məsələsinə ilk yol açan bir ölkə rolunu oynayır. Çünki biz bilirik ki, hələ Azərbaycan 1990-cı illərin ortalarında Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsinin həyata keçirilməsi təşəbbüsü ilə çıxış etmişdi. İndi isə artıq növbə qazındır. Elə buna görə də biz bu gün Cənub qaz dəhlizi ilə bağlı birgə bəyannaməni imzaladıq. Bu da Avropa İttifaqının Azərbaycan qazını birbaşa almasına imkan yaradacaqd. Bu dəhlizin yaradılması bizim müştərək strateji marağımızdan irəli gəlir.

Dağlıq Qarabağ münaqişəsində irəliləyişin olmaması ilə bağlı öz narahatlığımı yenə də sizinlə bölüşürəm. Mən həm ailələrə, həm də icmalara üzümü tutaraq deyirəm ki, bəli, siz münaqişələrdən çox əziyyət çəkmisiniz. Amma artıq vaxt çoxdan yetişib ki, bu məsələnin həlli sülh yolu ilə təmin edilsin. Buna görə də ATƏT-in Minsk qrupu öz fəaliyyətini davam etdirməlidir.

Bildiyiniz kimi, Avropa Birliyi da öz səylərini göstərir. Biz ərazi bütövlüyü prinsipini dəstəkləyəcəyik və bu baxımdan istəyirik ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin edilsin. Biz ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətini də dəstəkləyirik. Çox ümidvar olduğumuzu bildirmək istəyirik ki, tərəflərin razılaşdırdığı hər hansı bir variant ortaya çıxarsa, biz bunu dəstəkləməyə hazır olacağıq və ondan sonra da bərpa işlərini görəcəyik.

AzərTAc

Xəbərlər
Redaktorun seçimi