“Xalq diplomatiyası”: prosesə diaspor təşkilatları qoşulur
Rusiyadakı Azərbaycan və erməni icmasının nümayəndələri Moskvada bir araya gəliblər
Ara Abramyan: “Azərbaycan xalqı ilə dostluğumuzu unutmamışıq”
Söyün Sadıqov: “Biz iki xalq arasında dialoqun yaranmasına çalışırıq”
Oktyabrın 23-də Moskvada Rusiyadakı Azərbaycan və erməni diasporunun nümayəndələri arasında görüş keçirilib. Görüş “Azərros” Federal Milli Mədəni Muxtariyyəti və Rusiya Erməni İttifaqının təşəbbüsü ilə təşkil olunub. Görüşün keçirilməsində məqsəd Rusiyadakı Azərbaycan və erməni cəmiyyətlərinin, diasporunun millətlərarası sülhün bərqərar olunmasında rolunu etmək olub.
“Biz Rusiya Federasiyasında yaşayırıq və Rusiya prezidentinin milli siyasət strategiyasının iştirakçılarıyıq. Bizim maraqlarımız Rusiyanın maraqlarından asılıdır. Rusiyada sülh və stabillik bizim millətlərin xeyrinədir”. APA-nın məlumatına görə, bu fikri Rusiya Erməni İttifaqının, Ümumdünya Erməni Konqresinin prezidenti Ara Abramyan görüşdə çıxış edərkən deyib.
Rusiyadakı Azərbaycan və erməni diaspor təşkilatlarının 20 il ərzində ilk dəfə bir araya gəldiyini qeyd edən A.Abramyan belə görüşlərin davam etdirilməsini arzulayıb: “Biz dostluğumuzu unutmamışıq. Belə görüşlər mütəmadi olmalıdır. Müharibə heç kimə lazım deyil. Bura dialoq üçün yığışmışıq. Bu, sadəcə ictimai tərkibli görüşdür, heç kimə və heç bir dövlətə qarşı deyil. Biz Dağlıq Qarabağ problemini həll edə bilmərik. Bu problemin həlli ilə Azərbaycan və Ermənistan prezidentləri və ATƏT-in Minsk qrupu məşğuldur. Bizim əsas məqsədimiz düşmənçiliyə son verməkdir”.
O, analoji görüşlərin Rusiyanın regional diaspor təşkilatları səviyyəsində keçirilməli olduğunu da vurğulayıb: “Oktyabrın 26-da Orenburqda belə bir görüş keçiriləcək. Mən də orda iştirak edəcəyəm”.
A.Abramyanın sözlərinə görə, noyabrın 16-da isə Rusiyadakı Azərbaycan və erməni diaspor təmsilçilərinin növbəti görüşünün keçiriləcəyini bildirib, təklif edib ki, həmin görüşdə Azərbaycan və erməni diasporlarının nümayəndələrindən ibarət təşkilat komitəsi və birgə komissiya yaradılsın: “İldə iki dəfə Rusiyada yaşayan azərbaycanlı və ermənilərin birgə tədbirinin keçirilməsini istərdik. Şəxsən Rusiya prezidenti Vladimir Putinə, Azərbaycan və Ermənistan prezidentlərinə müraciət edəcəyəm ki, Soçidə “Sivilizasiyalar haqqında dialoq” mövzusunda Ermənistan-Azərbaycan tədbiri keçirilsin, həmin tədbirdə hər iki ölkə yüksək səviyyədə təmsil olunsun”.
“Azərros” Federal Milli Mədəni Muxtariyyətinin rəhbəri Söyün Sadıqov isə çıxışında Rusiyada bir çox azərbaycanlı ilə erməninin bir yerdə işlədiyini, ailə qurduğunu bildirib: “Bu bizi sevindirir. Mən Araya təşəkkür etmək istəyirəm ki, bu dialoqun qurulmasında bizimlə əməkdaşlıq edir. SSRİ-nin dağılmasından sonra ilk dəfədir ki, belə görüş keçirilir. Bütün iştirakçıları konfliktdən uzaq olmağa, dialoqa çağırıram. Biz bura Dağlıq Qarabağ problemini həll etməyə yığışmamışıq, bu problemin həlli ilə dövlətlər və beynəlxalq təşkilatlar məşğuldur. Biz erməni və Azərbaycan xalqları arasında dialoq mühitinin yaranmasına kömək etməyə çalışırıq”.
Görüşdə “Azərros” Federal Milli Mədəni Muxtariyyətinin rəhbəri Söyün Sadıqov, “Azərbaycan Konqresi” qəzetinin baş redaktoru Rüstəm Arifcanov, “Tribuna” qəzetinin baş redaktoru Rəfael Hüseynov, Moskva Hökuməti yanında Milli KİV üzrə Komissiyanın sədri Cəmil Sadıqbəyov, Azərbaycan Beynəlxalq Bankının Moskva filialının direktor müavini Azər Səfərov və Azərbaycan diasporunun nümayəndələri iştirak edib. Azərbaycan baş nazirinin keçmiş müavini Abbas Abbasovun adı siyahıda olsa da, o, görüşə qatılmayıb.
Ermənistan tərəfdən görüşə Rusiya Erməni İttifaqının, Ümumdünya Erməni Konqresinin prezidenti Ara Abramyan, SSRİ xalq artisti Armen Ciqarxanyan, Rusiya Erməni İttifaqının vitse-prezidenti Vyaçeslav Qalustyan, “Armeniya i mir” jurnalının baş redaktoru Lusik Qukasyan, Ermənistanın Rusiyadakı sabiq səfiri Armen Smbatyan, bu ölkənin Moskvadakı səfirinin köməkçisi və başqaları iştirak edib.
Xatırladaq ki, bundan öncə Azərbaycan və Ermənistan ziyalılarının bir neçə dəfə görüşü olub. Sonuncu dəfə belə görüş bu il fevralın 22-də Moskvada gerçəkləşmişdi. Görüş 23 yanvar 2012-ci il tarixində Soçi şəhərində keçirilmiş Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin görüşünün tövsiyəsinə əsasən gerçəkləşmişdi.
►Bax: https://azerbaycanli.org/az/news-773.html
* * *
Diasporla İş üzrə Dövlət Komitəsi Moskvadakı görüşə münasibət bildirib
“Belə görüşlər erməni diasporunun maraqlarına xidmət edə bilər”
Diasporla İş üzrə Dövlət Komitəsi Moskvada “Azərros” Federal Milli Mədəni Muxtariyyəti və erməni diasporunun nümayəndələri arasında keçirilən görüşün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə müsbət təsir göstərəcəyinə inanmır.
Dövlət Komitəsinin mətbuat xidmətindən verilən açıqlamada bildirilir ki, bu cür görüşlər beynəlxalq aləmdə Azərbaycan cəmiyyətinin ölkəmizin ərazi bütövlüyünü şübhə altına alan kompromislərə hazır olduğuna dair ictimai rəy formalaşdırmaq istəyən erməni diasporunun maraqlarına xidmət edə bilər.
“Təsadüfü deyildir ki, hələ 2000-ci illərin əvvəllərindən başlayaraq erməni diasporu və lobbisi “xalq diplomatiyası” adı altında Azərbaycan cəmiyyətinin kompromislərə hazır olduğu təsəvvürünü formalaşdırmaq məqsədilə bu cür təşəbbüslərlə çıxış edib. Ötən dövrün təcrübəsi göstərir ki, belə təşəbbüslər münaqişənin ədalətli həllində israrlı olan Azərbaycana danışıqlar prosesində təzyiq üçün əlavə imkanlar yaratmaq məqsədinə xidmət edir.
Ayrı-ayrı şəxslərin, yaxud təşkilatların bu cür təşəbbüsləri problemin həllinə töhfə vermək arzusunun ifadəsi olsa da, münaqişəsinin nizamlanması prosesi ilə peşəkar diplomatların məşğul olması daha məqsədəuyğundur.
Diasporla İş üzrə Dövlət Komitəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə öz töhfəsini vermək istəyən hər bir azərbaycanlının vətənpərvərik hisslərinə hörmətlə yanaşmaqla yanaşı, bu cür görüşlərin real perspektiv vəd etdiyinə əmin deyil və diaspor təşkilatlarını belə təşəbbüslərdə daha ehtiyatlı, eyni zamanda diqqətli olmağa çağırır”, - deyə açıqlamada bildirilir.
* * *
Mövzuya dair:
Armen Ciqarxanyan: “Allaha həmişə dua etmişəm ki, Azərbaycan-Ermənistan münaqişəsi yenidən başlamasın”
“Mənə çox qəribə gəlir ki, biz bu problemlə məşğuluq. Azərbaycanla Ermənistanın ən böyük problemi “Neftçı” – “Ararat” oyunu olub”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu fikirləri Moskvada keçirilən Azərbaycan və Ermənistan diaspor nümayəndələrinin görüşündə məşhur erməni aktyoru, SSRİ xalq artisti Armen Ciqarxanyan deyib.
A.Ciqarxanyan SSRİ dövründə Bakıya etdiyi qastrol səfərlərini unuda bilmədiyini söyləyib: “Teatrla Bakıya qastrol səfərlərimizi heç vaxt unuda bilmərəm. Çünki Bakıya səfərimiz bizim üçün böyük bayram olurdu. Bu gün dəvət eləsələr, Bakıya yenə də gələrəm. Eyni ilə Zeynəb Xanlarova İrəvana qastrola gələndə bayram olurdu. Bunları necə unutmaq olar?! Bizim həmin vaxtlara ehtiyacımız var. Kimlərsə bizim aramazı vurdu. Kimlərəsə bizim belə münasibətdə olmağımız sərf edir”.
Armen Ciqarxanyan Dağlıq Qarabağ münaqişəsinin həllindən də danışıb. O bildirib ki, münaqişənin həllində erməni kilsəsi və Azərbaycan məscidi mühüm rol oynaya bilər: “Allahdan hər zaman dua etmişəm və edirəm ki, Azərbaycan - Ermənistan konflikti yenidən başlanmasın. Biz hər zaman dost olmuşuq. Bir yerdə yaşamışıq. Düşmənçilik bizə yaraşmır. Bu gün yenə dostluğumuzu bərpa etməliyik”.