Sülh danışıqlarında son durum
«Dörd bənd istisna olmaqla «Madrid prinsipləri»ndə ümumi razılığa gəlinib»
«Ermənistan tərəfi yeniləşmiş «Madrid prinsipləri»nin bəzi bəndləri ilə razı deyil».
Ermənistan mətbuatının yaydığı məlumata görə, bu fikirləri ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov matrın 28-də Xankəndində jurnalistlərə açıqlamasında deyib.
Merzlyakov bildirib ki, hazırda həmsədrlərin verdikləri son təkliflər müzakirə olunur:
«Ermənistan tərəfi bəzi bəndlər üzrə razı olmadığını bildirib. Lakin biz vəziyyəti gərginləşdirmirik, çünki bir neçə il əvvəl «Madrid prinsipləri»ni Ermənistan qəbul edirdi, Azərbaycan isə bu təkliflərdən imtina edirdi. Biz razılaşdırılmış nəticə əldə etmək üçün çox iş aparmışıq».
Merzlyakov deyir ki, dörd bənd istisna olmaqla, «Madrid prinsipləri» üzrə ümumi razılığa gəlinib.
O, həmsədr qismində regiona son səfər etdiyini və yeni vəzifəyə təyin olunacağını deyib. Həmsədr bu postda onu kimin əvəzləyəcəyini bilmədiyini vurğulayıb.
* * *
Xatırladaq ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının baza prinsiplərinə dair “Madrid sənədi” (sənəd 2007-ci ildə Madriddə Rusiya, ABŞ və Fransanın xarici işlər nazirlərinin Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüşündə təqdim olunub) aşağıdakı əsas maddələrdən ibarətdir:
1. Dağlıq Qarabağ ətrafında olan rayonların Azərbaycanın nəzarətinə qaytarılması.
2. Dağlıq Qarabağa keçid statusu verməklə onun təhlükəsizliyi və özünü idarə etməsinə təminat verilməsi.
3. Ermənistanla Dağlıq Qarabağı birləşdirən dəhlizin yaradılması.
4. Dağlıq Qarabağın yekun statusunu müəyyən edəcək hüquqi səlahiyyəti olan arzunun ifadə etmək hüququ.
5. Bütün qaçqın və köçkünlərin münaqişədən əvvəl yaşadıqları ərazilərə qayıtmaq hüququ.
6. Sülhməramlı əməliyyatları nəzərdə tutan beynəlxalq təhlükəsizlik təminatının verilməsi.
"Madrid prinsipləri”nin preambulasında vurğulanır ki, sənəd ATƏT-in Helsinki Yekun Aktına (1975), gücün tətbiq edilməməsi, ərazi bütövlüyü, bərabər hüquqluq və öz müqəddəratını həll etmək hüququna əsaslanıb.
2009-cu ilin dekabrında ATƏT-in Afina toplantısında vasitəçilər Azərbaycan və Ermənistana “Madrid prinsipləri”nin yenilənmiş variantını təqdim ediblər.
* * *
Mövzuya dair:
Bako Saakyan: “Dağlıq Qarabağın müstəqilliyi alver predmeti deyil”
-29.03.2010-
ATƏT-in Minsk qrupunun həmsədrləri Bernar Fasye, Yuri Merzlyakov və Robert Bradtkeni qəbul edən Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyan kəskin bəyanat verib.
“Media forum” saytının məlumatına görə, o, martın 28-i Xankəndidə keçirilən görüşdə “Dağlıq Qarabağ Respublikası”nın birbaşa iştirak etmədiyi danışıqlarda real sülh razılaşmasına gəlinməsinin mümkünsüz olduğunu vurğulayıb.
Separatçı lider keçmişi qaytarmağa hər bir cəhdin proqnozlaşdırılması çətin olan hadisələrlə sonuclanacağını deyib: “Dağlıq Qarabağın müstəqilliyi və təhlükəsizliyi alver predmeti deyil”.
Hazırda Qarabağ danışıqları yenilənmiş "Madrid prinsipləri" əsasında aparılır. Rəsmi Bakı bu sülh planını qəbul etdiyini açıqlayıb.
"Madrid sənədi"nə görə, ilk növbədə Ermənistan qoşunları Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarından və Laçın rayonunun 13 kəndindən çıxarılacaq. Laçın və Kəlbəcər növbəti mərhələdə boşaldılacaq. Azərbaycanlılar Dağlıq Qarabağa qayıdandan sonra isə bölgənin statusu müəyyənləşdiriləcək.