“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
07.12.2009, 22:08
454

Strasburqda Azərbaycan haqqında kitab nəşr olunub

A- A+

“Azərbaycan gündəliyi” (“Azerbaijani Diary”) adlı kitab-təqvimdə tarix və mədəniyyətimiz təbliğ olunur

Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəliyinin təşəbbüsü ilə Strasburqun “Groupe Bataliers” nəşriyyarında Azərbaycan haqqında ingilis dilində kitab çap olunmuşdur. 

Nümayəndəliyin birinci katibi Əfqan Mehdiyevin hazırladığı “Azərbaycan gündəliyi” (“Azerbaijani Diary”) təbliğat xarakterli kitab 228 səhifədən ibarət olub 500 nüsxə ilə nəfis şəkildə çap edilmişdir.

Azərbaycanın bütün sahələrini əhatə etmiş və ölkəmiz barədə həqiqətlərə dair dolğun materialların toplandığı kitab-təqvimin ilk səhifələrində respublikamızın xəritəsi, coğrafiyası, tarixi, dövlət atributları haqqında ətraflı məlumat verilmişdir.

Azərbaycanın Avropa Şurasının tamhüquqlu üzvü olması istiqamətində atdığı ilk addımlar, doğma Bakımızın keçmişindən və bu günümüzdən bəhs edən materiallar, xalqımızın qədim tarixindən xəbər verən Şirvanşahlar sarayı, Atəşgah, Qobustan, Yanardağ haqqında maraqlı faktlar kitabda öz əksini tapmışdır.

Kitabda milli və peşə bayramlarından, faciəli günlərdən - tariximizin qanlı səhifəsi olan 20 Yanvar faciəsi və Xocalı soyqırımından, Azərbaycanın musiqi beşiyi Şuşadan, ermənilər tərəfindən azərbaycanlıların dəfələrlə soyqırıma məruz qalmasından, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən və zəbt edilmiş torpaqlarımızda ermənilər tərəfindən törədilmiş saxtakarlıq faktlarından, Ermənistanın işğal etdiyi torpaqların tarixən Azərbaycana mənsubluğunu göstərən beynəlxalq sənədlərdən çıxarışlardan bəhs edən materiallar ayrı-ayrı başlıqlar altında yerləşdirilmişdir.

Kitabda maddi-mədəni irsimiz, müxtəlif idman növləri və beynəlxalq yarışlarda idmançılarımızın müvəffəqiyyətli çıxışları, yalnız Azərbaycanın deyil, dünyanın bütün muzeylərini bəzəyən xalçalarımız, milli mətbəximizin zəngin yeməkləri, milli musiqi alətlərimiz barədə dolğun məlumat verilmişdir.

Kitabda verilmiş 96 fotoşəkildə Azərbaycanın və paytaxtımızın görməli yerləri, Ermənistanın işğal etdiyi ərazilərimiz, erməni qəsbkarları tərəfindən viran qoyulmuş Şuşa və digər sahələr təsvir edilmişdir.

Kitabın tərtib olunmasından əsas məqsəd Azərbaycan həqiqətlərinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair materialların təbliğidir.

“Azərbaycan gündəliyi” kitab-təqvimi Avropa Şurası və Birləşmiş Millətlər Təşkilatının yüksək vəzifəli şəxslərinə, Avropa Şurasına üzv olan ölkələrin qurum yanındakı daimi nümayəndəliklərinin rəhbərlərinə, Strasburq şəhər merinə, ali təhsil ocaqlarının rəhbərlərinə və digər şəxslərə göndərilmişdir.

Kitabın sonunda Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəliyi tərəfindən “Azərbaycan gündəliyi”nin növbəti seriyalarının nəşr edilməsinin nəzərdə tutulduğu qeyd edilmişdir. Bununla əlaqədar mövzu ilə bağlı material və təkliflərin nümayəndəliyin ünvanına göndərilməsi xahiş olunur.

AzərTAc.

 

Xəbərlər
Redaktorun seçimi