“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
23.05.2010, 19:29
466

Qarabağın azərbaycanlı icması separatçıların “seçki”si ilə bağlı bəyanat verib

A- A+

“Bölgədə legitim seçkilər yalnız azərbaycanlı və erməni əhalinin birgə iştirakı ilə keçirilə bilər”

Dağlıq Qarabağın azərbaycanlı icması Azərbaycan Respublikasının erməni silahlı qüvvələrinin işğalı altında olan Dağlıq Qarabağ bölgəsində 2010-cu il mayın 23-də qondarma “parlament seckiləri”nin keçirilməsi ilə bağlı bəyanat yayıb.
Bəyanatda deyilir:  

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bəyan edir ki, bu “seçkilər” Azərbaycan Respublikasının Konstitusiyasını, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozur və Dağlıq Qarabağın əzəli əhalisi olan azərbaycanlı icması üzvlərinin seçki hüquqlarını nəzərə almır.

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində legitim seçkilər yalnız Ermənistanın silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasından, oradan qovulmuş azərbaycanlı əhalinin öz doğma torpaqlarına qayıtmasından, bölgənin azərbaycanlı və erməni icmaları arasında dinc yaşayışın təmin olunmasından sonra keçirilə bilər.

Ermənistan beynəlxalq hüquq normalarına, BMT-nin Nizamnaməsinə zidd olaraq və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatların qərarlarını inkar edərək artıq neçənci dəfədir ki, Azərbaycan Respublikasının işğal altındakı ərazilərində belə “seçkilər” təşkil edir.

Bütün dünyaya bəllidir ki, Azərbaycanın işğal olunmuş ərazilərindəki tanınmamış separatçı rejim azərbaycanlı əhalinin etnik təmizlənməsi əsasında Ermənistan tərəfindən təşkil olunmuş qanunsuz qurumdur. Məhz buna görə beynəlxalq təşkilatlar, dünya ölkələri Ermənistanın öz işğalçılıq siyasətini ört-basdır etmək məqsədi ilə Dağlıq Qarabağda keçirdiyi bu cür qondarma “seckiləri” tanımır.

Ermənistan Respublikası öz qanunsuz hərəkətləri ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yolunda ATƏT-in Minsk qrupu çərçivəsində aparılan sülh danışıqlarına, beynəlxalq birliyin regionda sülh və əməkdaşlıq yaratmaq təşəbbüslərinə və icmalar arasındakı dialoq imkanlarına köklü zərbə vurur.

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ümidvar olduğunu bildirir ki, Ermənistanın qeyri-konstruktiv hərəkətləri beynəlxalq birlik tərəfindən kəskin şəkildə qınanılacaq, bu ölkənin işğalçı siyasətinə son qoyulması üçün ən təsirli tədbirlər görüləcəkdir.

Biz inanırıq ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları əsasında ədalətli həllini tapacaq, azərbaycanlı əhali öz doğma torpaqlarına qayıdacaq və bölgənin iki icması arasında dinc yaşayış təmin olunacaqdır.

 

* * *

Mövzuya dair:

ABŞ Dağlıq Qarabağdakı “parlament seçkisi”ni tanımır 

AzərTAc ABŞ Dövlət Departamenti rəsmisinin Dağlıq Qarabağda keçiriləcək “parlament seçkisi”nə münasibətini yayıb.

Açıqlamada deyilir:

“Birləşmiş Ştatlar daxil olmaqla dünyanın heç bir dövləti dırnaqarası Dağlıq Qarabağ Respublikası və yaxud da orada mayın 23-də keçiriləcək dırnaqarası parlament seçkisini tanımır. ABŞ ATƏT-in Minsk qrupunun münaqişənin dinc yolla nizamlanması üsullarının tapılması səylərini dəstəkləyir.

Minsk qrupu həmsədrlərindən biri kimi Ermənistan və Azərbaycanla işləyərək Helsinki Yekun Aktının zoraklıqdan çəkinmə, öz müqəddəratını təyinetmə və ərazi bütövlüyünün qorunması prinsiplərinə əsaslanaraq münaqişənin uzunmüddətli həlli yolunu axtarır”.

* * *

Qarabağ separatçılarının “seçki” tamaşaları 

Mayın 23-də Azərbaycan torpaqlarının işğalı, qanlı etnik təmizləmələr hesabına Dağlıq Qarabağda qurulmuş separatçı rejim “parlament seçkisi” adlandırdığı qanunsuz bir seçki keçirməyə hazırlaşır.

“Media forum” saytı bildirir ki, bu, separatçı rejimin qurulduğu 1991-ci ildən bəri “parlament seçkisi” adı altında təqdim etdiyi 5-ci aksiyadır. Əvvəlki belə aksiyalar 1991, 1995, 2000 və 2005-ci illərdə olub. Qanunsuz rejimin “parlament” adlandırdığı qurum 33 “deputat”dan ibarətdir.

İşğalçılar indiyədək Dağlıq Qarabağda “prezident seçkisi” adı altında da seçki tamaşası qurublar. 4 dəfə belə tamaşa olub - 1996, 1997, 2002 və 2007-ci illərdə.

Qanunsuz yerli özünüidarə orqanları da yaradan işğalçılar indiyədək 4 “bələdiyyə seçkisi” şousu da göstəriblər. Son belə “seçki” 2007-ci ildə olub.

1991 və 2006-cı ildə separatçılar “referendum” adı ilə səsvermə də təşkil ediblər. Birincisi qanunsuz elan olunmuş “müstəqilliyə”, ikincisi “konstitusiya” qəbuluna həsr edilib.

Rəsmi Bakı, dünya dövlətləri, beynəlxalq təşkilatlar Dağlıq Qarabağda seçki adına keçirilmiş aksiyaları tanımır.

Azərbaycanın Xarici İşlər Nazirliyinin işğal olunan Dağlıq Qarabağda ermənilərin mayın 23-də keçirmək istədikləri qondarma “parlament seçkisi” haqda son bəyanatında deyilir:

“Azərbaycanın işğal olunmuş ərazilərindəki tanınmamış separatçı rejim azərbaycanlı əhalinin etnik təmizlənməsi əsasında Ermənistan tərəfindən təşkil olunmuş qanunsuz qurumdan başqa bir şey deyil. Qondarma “seçkilər” Ermənistanın anneksiya siyasətini ört-basdır etmək məqsədilə keçirilir və Azərbaycanın ərazilərinin davam etməkdə olan işğalının nəticələrinin möhkəmləndirilməsinə yönəlib. Bu kimi “seçkilər”in keçirilməsi Azərbaycan Konstitusiyasının müvafiq müddəalarını və beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozur, çünki Dağlıq Qarabağın əzəli azərbaycanlı əhalisi olmadan aparılır və beləliklə, heç bir hüquqi qüvvəyə malik deyil”.

Xəbərlər
Redaktorun seçimi