Qarabağ danışıqları: Parisdə növbətçi görüş
Vasitəçilər 2012-ci ilin planını doldurmaq xətrinə Azərbaycan və Ermənistan XİN başçıları ilə bir araya gəldilər
Azərbaycanla Ermənistan arasında uzun fasilədən sonra Dağlıq Qarabağ münaqişəsinə dair növbəti görüş baş tutub. Oktyabrın 27-də Parisdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan arasında görüş keçirilib.
Azərbaycan XİN-in mətbuat xidmətindən verilən məlumatda deyilir ki, görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi iştirak edib. Görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsi ətrafındakı vəziyyətlə əlaqədar narahatlıq bildirilib.
Həmçinin status-kvonun dəyişdirilməsi və münaqişənin həlli prosesində yaranmış durğunluqdan çıxışla bağlı geniş məsləhətləşmələr və müzakirələr aparılıb. Tərəflər münaqişənin sülh yolu ilə həlli istiqamətində səylərinin davam etdirilməsi əzmində olduqlarını qeyd ediblər.
Eyni zamanda görüşdə həmsədrlərin noyabr ayının ikinci yarısında regiona nəzərdə tutulmuş səfəri də müzakirə olunub. Görüşün digər təfərrüatları bilinmir.
Minsk Qrupu həmsədrləri noyabrda regiona gələcəklər
ATƏT-in Minsk Qrupu həmsədrləri Paris görüşü ilə bağlı bəyanat yayıblar. Bəyanatda həmsədrlər tərəflər arasında gərginliyin azaldılmasının əhəmiyyətini vurğulayıblar. Onlar nazirlərə sülh prosesinin irəliləməsi üçün işçi təklif şəklində ideyalarını təqdim ediblər.
Xarici işlər nazirləri isə sülh nizamlanmasına nail olunması üçün həmsədrlərlə işi davam etdirmək niyyətində olduqlarını təkrarlayıblar. Nazirlər və vasitəçilər bu ideyaların həmsədrlərin noyabrda regiona nəzərdə tutulan səfərləri zamanı müzakirə olunması barədə də razılığa gəliblər.
Bu arada “Azadlıq” radiosunun erməni xidməti xəbər verir ki, həmsədrlər nazirlərlə görüşü başa vurduqdan sonra müzakirələr onlarla Azərbaycan xarici işlər naziri arasında davam edib. Həmsədrlər münaqişə ətrafında gərginliyin azaldılmasının vacibliyi haqda danışıblar. Tərəflərə təqdim edilən işçi təkliflər də bununla bağlı olub.
Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında sonuncu görüş bu ilin iyun ayında Parisdə keçirilmişdi, sentyabrın əvvəllərində isə nazirlər Parisdə həmsədrlərlə ayrı-ayrılıqda görüşlər keçirmişdilər.
Paris görüşünün formal xarakter daşıdığı əvvəldən bəlli idi. Çünki tərəflər çoxdandır münaqişənin həlli yollarını danışıqlar masasında müzakirə etmirlər və ara-sıra baş tutan bu cür təmaslar əsasən münaqişə ətrafında gərginliyi necə azaltmaq yollarına həsr edilir.
Bu baxımdan Parisdəki Qarabağ danışıqlarını faktiki müzakirə mövzusu olmayan, sıradan bir növbətçi görüş hesab etmək olar. Vasitəçilər daha çox 2012-ci ilin görüşlər planını doldurmaq xətrinə Azərbaycan və Ermənistan XİN başçıları ilə bir araya gəliblər ki, ilin sonunda bu barədə ATƏT toplantısında hesabat versinlər.