Qarabağda tənzimləmənin açarı - hüququn gücü, yoxsa gücün hüququ?
Rusiyanın “Vremya novostey” qəzetində azərbaycanlı politoloqun bu mövzuda məqaləsi dərc olunub
Moskvada çıxan gündəlik "Vremya novostey" qəzetinin 21 dekabr 2009-cu il tarixli sayında siyasi elmlər namizədi Eldar Bayramovun "Qarabağda tənzimləmənin açarı - hüququn gücü, yoxsa gücün hüququ?" sərlövhəli, "Beynəlxalq hüququn aliliyi haqqında" yarımsərlövhəli məqaləsi dərc edilmişdir.
Məqalə müəllifi danışıqlar prosesində yaranmış vəziyyəti təhlil edir və 1992-1996-cı illərdə danışıqlar prosesində Rusiyanın nümayəndəsi olmuş Vladimir Kazimirovun bu il noyabrın 30-da "Nezavisimaya qazeta"da və dekabrın 2-də "Vremya novostey" qəzetində dərc edilmiş qərəzli məqalələrinə cavab verir. Eldar Bayramov V.Kazimirovun münaqişənin tənzimlənməsi haqqında səhv fikrini və onun ictimai rəyi çaşdırmaq cəhdlərini ardıcıl olaraq təkzib edir.
Məqalədə qeyd edilir ki, noyabrın 22-də Münxendə prezidentlərin görüşü və dekabrın 1-də Afinada ATƏT-in Nazirlər Şurasının 17-ci iclası çərçivəsində Azərbaycan və Ermənistan xarici siyasət idarələrinin başçıları səviyyəsində aparılmış danışıqlar, eləcə də həmin danışıqların yekunlarına əsasən Rusiya və Fransa xarici işlər nazirlərinin, ABŞ dövlət katibinin birinci müavininin, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin birgə bəyanatı, heç şübhəsiz, beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmişdir. Bu, ilk növbədə, onunla əlaqədardır ki, Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməməsi bilavasitə Cənubi Qafqaz regionunda təhlükəsizlik və beynəlxalq sülh üçün əsas təhdid olaraq qalır və Avrasiya məkanında daha geniş məsələlərə mənfi təsir göstərir.
E.Bayramov V.Kazimirovun mühakimələrinə toxunaraq yazır ki, onun məqalələrinin təhlili, onların beynəlxalq hüququn normaları və prinsipləri, siyasi proseslərin reallıqları ilə müqayisəsi bu nəticəyə gəlməyə əsas verir ki, həmin məqalələr anlayışları və faktları aşkar saxtalaşdırmaq yolu ilə Rusiya cəmiyyətini çaşdırmaq, bununla da, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal və ilhaq edilməsi siyasətinə haqq qazandırmaq məqsədi güdən növbəti cəhddir.
Müəllif xatırladır ki, ümumiyyətlə, həmin münaqişənin tənzimlənməsinin hüquqi və siyasi tərkib hissələri beynəlxalq hüququn prinsip və normalarına əsaslanır. Bu prinsip və normalar BMT Təhlükəsizlik Şurasının və Baş Məclisinin müvafiq qətnamələrində, habelə ATƏT-in, Avropa Şurasının və digər beynəlxalq təşkilatların bu məsələyə dair sənədlərində və qərarlarında şərh edilmişdir. Həmin sənədlərdə başqa məsələlərlə yanaşı, bir məqam da təsdiqlənir ki, Azərbaycan ərazilərinin işğal edilməsi və zorla əldə saxlanması Ermənistan Respublikası tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün yolverilməz şəkildə pozulması deməkdir.
Məqalədə deyilir: "Göstərilən qətnamə və qərarların uzun illər boyu yerinə yetirilməməsi, təcavüzkar tərəfə BMT-nin Nizamnaməsində nəzərdə tutulmuş beynəlxalq məzəmmət və sanksiya tədbirlərinin tətbiq edilməməsi və bunun nəticəsində ATƏT-in Minsk qrupu çərçivəsində 17 ildən bəri davam edən danışıqlar prosesinin səmərəsizliyi haqlı olaraq rəsmi Bakının dünya birliyinə müraciət etməsinə zəmin yaratmışdır. Bu müraciətin əsas mahiyyəti ondan ibarətdir ki, dünya birliyi ya münaqişənin beynəlxalq normalar əsasında dinc yolla həll edilməsi üçün ən qısa müddətdə təsirli tədbirlər görməli, ya da, əks halda, Azərbaycanı öz tapdalanmış hüquqlarını BMT-nin Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulduğu kimi, özünün bərpa etməsi ilə razılaşmaqdır.
Müəllif tamamilə yersiz olaraq bu qənaətə gəlmişdir ki, Bakının özünü müdafiə etmək hüququna istinad etməsi əsassızdır, çünki onun fikrincə, əgər Azərbaycana on beş il bundan əvvəl hücum edilmişdirsə, indi həmin hücumu dəf etmək olmaz. Əsl həqiqət isə tamam bunun əksinədir - beynəlxalq normalara görə, dövlətlərin öz suveren hüquqlarını həyata keçirməsinə zaman məhdudiyyəti nəzərdə tutulmur. Cənab Kazimirov və onun mövqeyinə şərik olanlar, nəhayət, başa düşməlidirlər ki, Azərbaycan heç bir halda özünün beynəlxalq miqyasda tanınmış ərazisinin az bir hissəsini də itirməyə heç vaxt razı olmayacaqdır".
Kazimirovun məqaləsində Azərbaycanı münaqişənin dinc yolla tənzimlənməsinə dair öz üzərinə götürdüyü öhdəlikləri guya yerinə yetirməməyi "bacarması" ilə fərqləndiyinə görə məzəmmət etməyə cəhd göstərilir. Lakin burada da istinad edilən sənədlər olduqca sərbəst təfsir edilir. Məsələn, Azərbaycan, Ermənistan və Rusiya prezidentləri tərəfindən 2008-ci ildə imzalanmış Moskva bəyannaməsində "Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsip və normaları əsasında və bu çərçivədə qəbul edilmiş qərarlar və sənədlər əsasında siyasi tənzimlənməsi yolu ilə regionda sabitlik və təhlükəsizlik şəraiti yaradılması" barədə göstəriş vardır. Elə həmin bəyannamədə münaqişənin tərəfləri və danışıqların formatı aydın göstərilmişdir - "ATƏT-in Mİnsk qrupunun həmsədrləri kimi Rusiya, ABŞ və Fransanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında birbaşa dialoqun" davam etdirilməsi nəzərdə tutulur.
Eldar Bayramov onu da göstərir ki, məhz Ermənistan BMT Təhlükəsizlik Şurasının və Baş Məclisinin qətnamələrinə məhəl qoymayaraq və müvafiq sənədlərin mahiyyətini təhrif etməyə çalışaraq militarist siyasət nümayiş etdirir. Məqalədə deyilir: "Təcrübəli diplomat belə bir faktın üstündən aşkar sükutla keçir ki, silahlanmaya nəzarət mexanizmi Azərbaycanın işğal edilmiş ərazilərində fəaliyyət göstərmir, Ermənistan həmin ərazilərdə beynəlxalq nəzarət edilməyən, uçotu aparılmayan külli miqdarda silah və sursat saxlayaraq "boz zona" yaradır və həmin zonadan, hər şeydən əlavə, Orta Şərqdən Rusiyaya narkotrafik məqsədləri üçün də fəal istifadə edilir".
Dünya birliyi tərəfindən uzun illər boyu nümayiş etdirilən aşkar laqeydlik, onun hər şeyi adı ilə göstərmək, münaqişənin mahiyyətinə adekvat qiymət vermək, beynəlxalq normalar əsasında kimin haqlı və kimin haqsız olduğunu müəyyən etmək arzusunun olmaması nəticəsində Ermənistanda cəzasızlıq illüziyası yaranmışdır. Aparıcı qlobal və regional dövlətlər isə təcavüzkar ölkə ilə hər şeyin icazə verildiyi xəstə uşaqla olduğu kimi rəftar etməklə, istər-istəməz, işğalın uzanmasına və münaqişənin həll edilməməsinə şərait yaratmışlar.
E.Bayramov yazır: "Bu gün hamıya aydındır ki, Ermənistan hətta onu arzu etsə belə, işğal edilmiş ərazilərin mənimsənilməsi üçün onun nə maliyyə, nə də insan resursları vardır. Yaxın onilliklərdə də onun bu cür resursları olmayacaqdır, bu gün Azərbaycan obyektiv olaraq həm iqtisadi, həm siyasi, həm də hərbi baxımdan daha güclüdür. Bu real üstünlüklərə baxmayaraq Azərbaycan rəhbərliyi öz tərəfindən ciddi kompromisə gedir, hər şeyin elə bu gün qaytarılmasını tələb etmir".
Sonda qeyd edilir ki, haqqında söhbət gedən məqalələrdə münaqişənin mahiyyəti kobudcasına təhrif edilmiş, düzgün olmayan hüquqi xarakteristikalar verilmiş, sülhün bərqərar edilməsinə beynəlxalq məcburetmə tədbirlərinin tətbiq edilməsi tamamilə əks mənada təqdim olunmuşdur.
Siyasi elmlər namizədi Eldar Bayramov yazır: "Əlbəttə, bu cür məqalələr özünü kənara çəkmə reaksiyası doğurur, ictimai rəyin formalaşmasının əsası olan informasiya fonunu təhrif edir. Lakin bu cür cəhdlər Rusiya-Azərbaycan münasibətlərinin uğurlu inkişafını səciyyələndirən, həddən artıq uzanmış Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə, ədalətli və hərtərəfli tənzimlənməsi üçün zəmin yaradan müsbət prosesləri geri döndərə bilməz. Qeyd etmək lazımdır ki, Mayendorf bəyannaməsi imzalanandan sonra bu münaqişənin həllində tarixin və coğrafiyanın şərtləndirdiyi Rusiyanın rolu və məsuliyyəti əhəmiyyətli dərəcədə artmışdır. Buna görə də Rusiyanın regionda aparıcı dövlət kimi nüfuzu onun bu tarixi missiyanı nə dərəcədə uğurla həyata keçirə biləcəyindən asılıdır".
Asya Hacızadə, AzərTAc, Moskva.