“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
29.12.2009, 21:44
420

“Münaqişənin dondurulmuş prosesə çevrilməsinə yol verə bilmərik”

A- A+

İlham Əliyev: “Qarabağ beynəlxalq gündəliyin əsas mövzularından birinə çevrilmişdir”

“Bu ili Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi baxımından müsbət səciyyələndirərdim. Lakin o, daha müsbət ola bilərdi”. 

Bu fikirləri Rusiyanın “Vesti” telekanalına müsahibəsində Azərbaycan prezidenti İlham Əliyev söyləyib.

AzərTAC-ın yaydığı məlumata görə, dövlət başçısı müsahibəsində hələ 2008-ci ildə Ermənistan və Azərbaycan prezidentləri arasında danışıqlar aparıldığını və Mosvada Rusiya prezidentinin iştirakı ilə münaqişənin tənzimlənməsi haqqında 2 noyabr 2008-ci il tarixli “Birgə bəyannamə” imzalandığını nəzərə çatdırıb:

“Həmin sənəddə dəqiq müəyyən edilib ki, münaqişə beynəlxalq hüququn prinsipləri və normaları, beynəlxalq təşkilatların qərarları və qətnamələri əsasında tənzimlənməlidir. Bunlar hansı qərar və qətnamələrdir? Təbii ki, Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan ərazisindən dərhal çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsidir. Artıq iyirmi ilə yaxındır ki, bu qətnamələr yerinə yetirilmir.

Yəni əsas məsələ budur – Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın işğaldan azad olunması, köçkünlərin və qaçqınların öz torpaqlarına qayıtması üçün imkan yaradılması. Təəssüf ki, 2009-cu ilə bəslənilən ümidlər bizim güman etdiyimiz dərəcədə doğrulmadı”.

Dövlət başçısı Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin birgə bəyanat imzalamasını əlamətdar hadisə adlandırıb: “1994-cü ildə atəşkəs haqqında saziş imzalanandan sonra bu, ilk birgə sənəd idi. Yəni 2009-cu ildə məsələni həll edəcəyimizə, heç olmasa, baza prinsiplərini razılaşdıracağımıza ümid var idi. Lakin bu ümidlər doğrulmadı. Həm də bizim günahımız üzündən yox. Buna görə də 2010-cu il üçün müəyyən nikbinlik vardır. Bu onunla bağlıdır ki, Qarabağ münaqişəsinin tənzimlənməsi mövzusu beynəlxalq gündəliyin əsas mövzularından birinə çevrilmişdir.

Ola bilsin ki, əvvəllər bunu tam anlamayanların çoxuna aydın oldu ki, Ermənistan-Azərbaycan münaqişəsi tənzimlənmədən digər regional problemlərin heç birini həll etmək mümkün olmayacaq. Yəni, bu, əsas səbəbdir. Bu səbəb aradan qaldırılmadan regionda əlverişli əməkdaşlıq şəraiti yaradılması, təhlükəsizlik tədbirlərinin möhkəmləndirilməsi mümkün deyil. Bu münaqişəni tənzimləmək üçün isə sadəcə olaraq Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməli, işğalçı qüvvələrini Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş ərazilərdən çıxarmalıdır. Bundan sonra regionda sülh və əməkdaşlıq bərqərar ola bilər”.

Azərbaycan prezidenti 2010-cu ildə əsas mövqeləri razılaşdıra biləcəklərinə ümidvar olduğunu deyib: “Lakin biz danışıqların permanent prosesə çevrilməsinin qəti əleyhinəyik. Danışıqlar 1992-ci ildən - ATƏT-in Minsk Qrupu yaradılan vaxtdan aparılır. 1994-cü ildə atəşkəs haqqında saziş bağlanıb. On beş il keçib, irəliləyiş var, lakin nəticə yoxdur. Buna görə də biz bu münaqişənin, sözün tam mənasında, dondurulmuş prosesə çevrilməsinə yol verə bilmərik. Onilliklər boyu davam edən başqa münaqişələrin taleyi təkrarlanmamalıdır. Biz buna heç vaxt razı olmayacağıq. Buna görə də hesab edirəm ki, əgər Ermənistan tərəfindən konstruktivizm və ən başlıcası, sağlam düşüncə nümayiş etdirilsə, gələn il biz irəliləyə bilərik”.

 * * *  

Prezidenti İlham Əliyevin Rusiyanın “Vesti” telekanalına müsahibəsinin tam mətni

Bakı, 28 dekabr (AzərTAc). Xəbər verdiyimiz kimi, dekabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın “Vesti” telekanalına müsahibə vermişdir. AzərTAc həmin müsahibəni oxuculara təqdim edir.

- Cənab Prezident, 2009-cu il başa çatmaq üzrədir. Bu il Azərbaycan üçün hansı əsas və mühüm hadisələrlə əlamətdar olmuşdur?

- 2009-cu il adi il olmamışdır. Qlobal maliyyə böhranının nəticələrini bütün ölkələr bu və ya digər dərəcədə öz üzərlərində hiss etmişlər. O cümlədən Azərbaycan da. Biz bu mürəkkəb vəziyyətdən minimum itki ilə çıxmağa nail olmuşuq. Bütövlükdə iqtisadiyyat dinamik inkişaf etmişdir. 2009-cu ildə iqtisadi artım 9 faizdən çox olmuşdur. Zənnimcə, maliyyə böhranı şəraitində bu, çox yaxşı göstəricidir. Sənaye istehsalı təqribən 9 faiz artmışdır. İnflyasiya 2 faizdən az olmuşdur. Əhalinin gəlirləri xeyli artmışdır. Bir sözlə, ilin əsas sosial-iqtisadi göstəriciləri sübut edir ki, Azərbaycan uğurlu inkişafını davam etdirmişdir.

Bizim bu cür ciddi artım nümayiş etdirməyimiz birinci il deyildir. 2004-2008-ci illərdə iqtisadiyyatın həcmi bütövlükdə 2,6 dəfə artmışdır. Biz əsas infrastruktur layihələrini həyata keçirməyə nail olmuşuq. Bütün sosial proqramlar yerinə yetirilmişdir. İqtisadiyyatımızın müəyyən dərəcədə enerji ehtiyatlarından asılı olmasına və bu il neftin qiymətinin xeyli aşağı düşməsinə baxmayaraq, biz bütün sosial proqramları həyata keçirmişik. Beləliklə, biz bu ili də yaxşı əhval-ruhiyyə ilə başa vururuq və gələcəyə nikbin baxırıq, çünki ölkəni tamamilə modernləşdirmək üçün hələ çox işlər görülməlidir.
- Onda bəs bu uğurların sirri nədədir? Neft həqiqətən ucuzlaşırdı.

- Bilirsiniz, mənim fikrimcə, uğurlarımızın sirri ondadır ki, biz iqtisadiyyatı kifayət qədər qısa müddətdə şaxələndirməyə və çox ciddi iqtisadi islahatlar aparmağa nail olmuşuq. Təsadüfi deyil ki, aparıcı beynəlxalq maliyyə təsisatları bu baxımdan uğurlarımızı qeyd edirlər. Ölkənin çox davamlı beynəlxalq reytinqi vardır, bütün reytinq agentlikləri uğurlarımızı çox yüksək qiymətləndirirlər. 2008-ci ildə Dünya Bankı biznes fəaliyyəti proqramında dünyada birinci yeri Azərbaycana vermişdir. Bu onu göstərir ki, biz iqtisadiyyatımızı əhəmiyyətli dərəcədə liberallaşdırmağa, özəl sektor üçün yaxşı şərait yaratmağa nail olmuşuq.

Kənd təsərrüfatında böyük uğurlar qazanılmışdır. Rekord miqdarda kənd təsərrüfatı məhsulları yığılmışdır. Bizim ixracla əlaqədar problemlərimiz də yoxdur. Bütün istiqamətlər bizim üçün açıqdır. Buna görə də düşünürəm ki, hətta böhran ilində də uğurla inkişaf etməyimizin əsas səbəbi bundadır.

- Hazırda neft-qaz sahəsinin inkişafından əlavə, daha hansı sahələr Sizin üçün prioritet sayılır və Siz iqtisadiyyatın şaxələndirilməsi dedikdə, hansı sahələrin inkişafını nəzərdə tutursunuz?

- Biz ilk növbədə təbii ehtiyatlarımıza və xammal ehtiyatlarına, eləcə də qonşu dövlətlərin bazarlarından istifadə imkanlarına əsaslanmışıq. Buna görə də kənd təsərrüfatı prioritet sahələrdən biridir. Bu il biz özümüzü, əslində, daxili istehsal hesabına əsas qida məhsulları ilə demək olar ki, tam təmin edirik. Əvvəllər heç vaxt belə olmamışdı.

Digər mühüm sahə informasiya-kommunikasiya texnologiyalarıdır. Biz bu sahədə çox irəliləmişik və iki ildən sonra ilk süni peykimizi buraxmağı planlaşdırırıq. Yəni kosmik sənaye yaradırıq və bu baxımdan da Azərbaycanın dünyada reytinqi durmadan artır.

İnfrastrukturla əlaqədar layihələr bizə çox güclü nəqliyyat bazası yaratmaq imkanı verir. Əlbəttə, coğrafi mövqeyimiz çox əlverişlidir, lakin nəqliyyata sanballı investisiyalar qoyulmasa, bunun əhəmiyyəti azdır. Buna görə də magistral yolların çəkilişi, dəmir yollarının təmir edilməsi, Xəzər donanmasının bazasının möhkəmləndirilməsi, tanker donanmasının yaradılması, aviadaşımalar – bütün bunlar tranzit üçün gözəl şərait yaratmışdır. Bu gün biz Asiyadan Avropaya və əks istiqamətdə daşınan böyük həcmdə yük üçün tranzit ölkəyə çevrilmişik və əlbəttə, gələcəkdə bu, iqtisadiyyatın daha çox şaxələndirilməsinə və daha çox qazanc əldə olunmasına kömək edəcəkdir.

- Qeyd etmək lazımdır ki, bütün Xəzəryanı dövlətlər arasında ən güclü tanker donanması Azərbaycandadır.

- Bəli, yeri gəlmişkən deməliyəm ki, son bir neçə ildə biz hər birinin yükgötürmə qabiliyyəti 13 min ton olan 8 tanker almışıq. Bunlar Xəzərdə hərəkət edə biləcək ən böyük tankerlərdir. Bu da ölkələrimiz arasında əməkdaşlığın yaxşı cəhətlərindən biridir, çünki biz həmin tankerləri Rusiya müəssisələrindən alırıq. Hazırda malik olduğumuz tanker donanması Xəzərdə ən azı 20 milyon ton neft və neft məhsulları daşımağa imkan verir, bu isə yüklərin indiki həcmindən qat-qat artıqdır.
- Perspektivdə bu donanma hətta boru kəməri sisteminin alternativi ola bilər?

- Əlbəttə, ümumiyyətlə elədir. Ola bilər. Bu, təbiidir, hərçənd biz öz boru kəmərlərimizin hamısını çəkmişik. Azərbaycanın yeni boru kəmərləri tikməsinə ehtiyac yoxdur, çünki neftin nəql edilməsi üçün müxtəlif istiqamətlərdə üç boru kəməri vardır. Qazın nəql edilməsi bizi qonşu ölkələrlə birləşdirən dörd boru kəməri ilə həyata keçirilir. Buna görə də regionda boru kəmərləri siyasətinin gələcəyi, yəqin ki, buna daha çox ehtiyacı olan dövlətlər tərəfindən müəyyən ediləcəkdir.
Biz özü özünü təmin edən dövlətik, biz öz enerji potensialımızı tamamilə reallaşdırmışıq və mövcud boru kəmərləri bizim üçün kifayətdir.

- Belə çıxır ki, Siz gələcəkdə Nabukko kimi qlobal layihələri tranzit ölkə olaraq dəstəkləməklə kifayətlənməyi nəzərdə tutursunuz?

- Zərurət yaranarsa.

- Siz bu layihəni indi necə qiymətləndirirsiniz?

- Demək çətindir, bəyanatlar çoxdur. Bu və digər layihələr ətrafında siyasi spekulyasiyalar hədsiz dərəcədə çoxdur. Lakin fəaliyyət çox cüzidir. Təbii ki, biz təchizatın bundan sonra da şaxələndirilməsində maraqlıyıq. Çünki bu gün bizim qaz ixracımız regionla məhdudlaşır. Lakin bizim potensialın çox böyük olmasını, – Azərbaycanda qaz ehtiyatlarının təsdiq edilmiş minimal həcmi 2 trilyon kubmetr, real ehtiyatlar isə təqribən 5 trilyon kubmetrdir, – nəzərə alsaq, yeni satış bazarlarına çıxmaq imkanı hər bir ölkə üçün cəlbedici məqamdır.

- Siz burada Rusiya ilə münasibətləri inkişaf etdirmək imkanlarını nədə görürsünüz?

- Energetika sahəsində bizim münasibətlərin kifayət qədər böyük tarixi və yaxşı nəticələri vardır. Biz uzun illərdir ki, Bakı-Novorossiysk neft kəməri ilə nefti Rusiya ərazisindən keçməklə nəql edirik. Onu da deməliyəm ki, bu il daşımaların həcmi xeyli artmışdır. Biz bundan razıyıq və gələcəkdə də bu istiqamətdə daşımaların həcmini artırmaq üçün iş aparmaq fikrindəyik. Elektroenergetika sahəsində fəal əməkdaşlıq edirik. İndi Azərbaycan Rusiyadan idxal etdiyi elektrik enerjisindən xeyli çox elektrik enerjisini bu ölkəyə ixrac edir. Qaz sahəsində biz 2007-ci ilə qədər Rusiya qazının alıcısı idik. Çünki o vaxt bizim öz resurslarımız çatışmırdı. Gələn ilin əvvəlindən isə biz ixracatçıya çevriləcəyik.

Bunun da müəyyən rəmzi mənası vardır. Bu da dövlətlərimiz arasında münasibətlərin xarakterini əks etdirir. Bizə qaz lazım olanda onu Rusiyadan alırdıq. Qaz ixrac etmək imkanımız yarandıqda isə, Rusiya tərəfi ixrac üçün daha çox qaz sərbəstləşdirmək məqsədi ilə özünün cənub regionlarını təmin etməkdən ötrü bizim qazdan istifadə etməyi üstün tutmuşdur. Təbii ki, bu, qarşılıqlı faydalı layihədir və biz onu çox operativ surətdə həyata keçirdik. Artıq gələn ilin əvvəlindən malgöndərmələr başlanacaqdır. Biz layihədə bəyan edilmiş həcmlərlə kifayətlənmək fikrində deyilik. Çünki hər halda bu, birinci ildir və həm Rusiya tərəfi, həm də biz bu məsələdə bir-birimizə uyğunlaşmalıyıq. Bu səbəbdən layihədə sifariş edilmiş həcmlər o qədər də çox deyildir.

Lakin əgər qarşılıqlı razılaşma əldə edilsə, bizim real potensialımız əvvəl nəzərdə tutulan həcmi azı iki dəfə artırmağa imkan verəcəkdir. Əgər Rusiya tərəfi buna hazır olsa, biz həcmi artırmaq fikrindəyik. Yəqin ki, Rusiya tərəfi üçün Azərbaycan qazından istifadə etmək imkanı vacib olduğu kimi, bizim üçün də Rusiya bazarına çıxmaq vacibdir.

- Neft emalının inkişaf etdirilməsi üçün hansı imkanlar vardır? Axı hasilat, hər halda, həm də xammal asılılığıdır...

- Düzdür, bizim neft emalı zavodlarını tamamilə modernləşdirmək üçün əlbəttə, işləmək lazımdır. Bizim emal zavodlarının gücü kifayət qədərdir. Hazırda Azərbaycanda emal zavodlarının gücü təqribən 20 milyon ton təşkil edir. Amma biz 6 milyon tondan bir qədər çox neft emal edirik. Yəni biz nefti xam şəkildə nəql etməyi üstün tuturuq və bu il neft ixracının həcmi 40 milyon tondan çox olacaqdır. Gələn il isə yəqin ki, bu, 50 milyon tona yaxınlaşacaqdır. Yəni, bu sahədə çətinliklərimiz azdır, çünki biz nefti müxtəlif istiqamətlərə üç boru kəməri ilə nəql edirik. Neft emalı məhsullarının satılması isə daha mürəkkəbdir.

- 2010-cu ildən etibarən Rusiya, Qazaxıstan və Belarus arasında ticarətin xüsusi qaydalarına əsaslanan vahid gömrük ittifaqı fəaliyyətə başlayacaqdır. Azərbaycan belə bir zonanın yaradılmasında, bəlkə də, postsovet ölkələrinin inteqrasiyasının növbəti mərhələsi olacaq vahid iqtisadi məkanda bu cür layihədə iştirak etməkdə maraqlıdırmı?

- Bilirsinizmi, müxtəlif birliklərdə iştirak etmək məsələlərində biz həmişə məqsədəuyğunluq mövqeyindən çıxış edirik. Əlbəttə, indi üç ölkə arasında yaradılan ittifaqın təcrübəsi öyrənilməlidir. Bu günə qədər biz fövqəlmilli xarakter daşıyan orqanlarda iştirak etməmişik və ümumiyyətlə, iştirak etmək niyyətində deyilik. Hətta bizim MDB-də kifayət qədər səmərəli və fəal iştirakımız çərçivəsində də fövqəlmilli qurumlarda iştirak etmirik. Buna görə də həmin təcrübəni öyrənmək lazımdır və bundan sonra nəticə çıxarmaq olar. Bizim ölkənin inkişafının bugünkü səviyyəsi ciddi birləşmə proseslərinə qoşulmadan da uğurla inkişaf etməyimizə imkan verir.

- Dağlıq Qarabağ münaqişəsi Azərbaycan üçün əvvəlki kimi ağrılı olan kəskin siyasi mövzudur. Xoşbəxtlikdən, bu il fəal müzakirələrlə əlamətdar olmuşdur. Sizinlə Ermənistan prezidenti arasında bir neçə görüş olmuşdur. Siz Ermənistanla mövqeləri yaxınlaşdıra bilmisinizmi?

- Bəzi məsələlərdə mövqelər yaxınlaşır, digərlərində yox. Buna görə də mən bu ili münaqişənin tənzimlənməsi baxımından müsbət səciyyələndirərdim. Lakin o, daha müsbət ola bilərdi. Ona görə ki, hələ 2008-ci ildə Ermənistan və Azərbaycan prezidentləri arasında danışıqlar aparılmış və münaqişənin tənzimlənməsi haqqında birgə bəyannamə, o cümlədən Rusiya Federasiyası tərəfindən də imzalanmışdır. Həmin sənəddə dəqiq müəyyən edilmişdir ki, münaqişə beynəlxalq hüququn prinsipləri və normaları, beynəlxalq təşkilatların qərarları və qətnamələri əsasında tənzimlənməlidir. Bunlar hansı qərar və qətnamələrdir?

Təbii ki, Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan ərazisindən dərhal çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsidir. Artıq iyirmi ilə yaxındır ki, bu qətnamələr yerinə yetirilmir. Yəni əsas məsələ budur – Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın işğaldan azad olunması, köçkünlərin və qaçqınların öz torpaqlarına qayıtması üçün imkan yaradılması. Təəssüf ki, 2009-cu ilə bəslənilən ümidlər bizim güman etdiyimiz dərəcədə doğrulmadı.

Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin birgə bəyanatı, ümumiyyətlə, əlamətdar hadisə idi. 1994-cü ildə atəşkəs haqqında saziş imzalanandan sonra bu, ilk birgə sənəd idi. Yəni 2009-cu ildə məsələni həll edəcəyimizə, heç olmasa, baza prinsiplərini razılaşdıracağımıza ümid var idi. Lakin bu ümidlər doğrulmadı. Özü də bizim günahımız üzündən yox. Buna görə də 2010-cu il üçün müəyyən nikbinlik vardır. Bu onunla bağlıdır ki, Qarabağ münaqişəsinin tənzimlənməsi mövzusu beynəlxalq gündəliyin əsas mövzularından birinə çevrilmişdir. Ola bilsin ki, əvvəllər bunu tam anlamayanların çoxuna aydın oldu ki, Ermənistan-Azərbaycan münaqişəsi tənzimlənmədən digər regional problemlərin heç birini həll etmək mümkün olmayacaqdır. Yəni, bu, əsas səbəbdir.

Bu səbəb aradan qaldırılmadan regionda əlverişli əməkdaşlıq şəraiti yaradılması, təhlükəsizlik tədbirlərinin möhkəmləndirilməsi mümkün deyildir. Bu münaqişəni tənzimləmək üçün isə sadəcə olaraq Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməli, işğalçı qüvvələrini Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş ərazilərdən çıxarmalıdır. Bundan sonra regionda sülh və əməkdaşlıq bərqərar ola bilər.

Ümidvarıq ki, 2010-cu ildə əsas mövqeləri razılaşdıra biləcəyik. Lakin biz danışıqların permanent prosesə çevrilməsinin qəti əleyhinəyik. Danışıqlar 1992-ci ildən - ATƏT-in Minsk qrupu yaradılan vaxtdan aparılır. 1994-cü ildə atəşkəs haqqında saziş bağlanmışdır. On beş il keçmişdir, irəliləyiş var, lakin nəticə yoxdur. Buna görə də biz bu münaqişənin, sözün tam mənasında, dondurulmuş prosesə çevrilməsinə yol verə bilmərik. Onilliklər boyu davam edən başqa münaqişələrin taleyi təkrarlanmamalıdır. Biz buna heç vaxt razı olmayacağıq. Buna görə də hesab edirəm ki, əgər Ermənistan tərəfindən konstruktivizm və ən başlıcası, sağlam düşüncə nümayiş etdirilsə, gələn il biz irəliləyə bilərik.

- Söhbətimizi dinc və nikbin bir mövzu ilə bitirməyi təklif edirəm. Bilirəm ki, güləşin bütün növləri, şahmat Azərbaycanda idmanın ən populyar növləridir. Rusiyada olduğu kimi, Sizdə də futbolu sevirlər. Hərçənd, onu da demək lazımdir ki, bu növdə heç də həmişə parlaq nəticələr göstərmirlər. Ölkədə sağlam həyat tərzi və idman fəal təbliğ edilir. Bunu demək kifayətdir ki, sizdə respublikanın 60 rayonuna artıq yeni tikilmiş 30 olimpiya mərkəzi düşür. Siz Vankuver Qış Olimpiadasına nə ilə gedəcəksiniz və idmanın təbliğini necə dəstəkləyirsiniz?

- Biz Qış Oyunlarına gedirik, lakin bu, daha çox “əsas məsələ - iştirak etməkdir” prinsipi üzrə olur.

- Yəqin ki, bu, dağ xizək idmanı olmayacaqdır?

- Elədir, lakin bu yaxınlarda biz Bakıdan iki yüz kilometr məsafədə iri beynəlxalq dağ xizək kurortunun tikintisinə başlamışıq. Şaquli kanat yollarının, mehmanxanaların tikintisi başlanmışdır. Ona görə də, mənim fikrimcə, bir ildən, il yarımdan sonra Azərbaycanda dağ xizək idmanı ilə məşğul olmaq və idmanın bu növünü inkişaf etdirmək mümkün olacaqdır. Lakin bizim əsas ümidlərimiz, əlbəttə, yay oyunları ilə bağlıdır. Son Olimpiya oyunlarında biz yaxşı çıxış etdik, yeddi medal qazandıq. 2009-cu ildə də bir neçə idmançımız dünya və Avropa çempionu olmuşdur. Bizim şahmatçılardan ibarət komandamız Avropa çempionatında birinci yeri tutmuşdur.

Bu, ciddi nailiyyətdir, xüsusən ona görə ki, bizim şahmatçıların hamısı gənclərdir. Mən onlarla görüşəndə demişdim ki, siz hamınız müstəqillik şəraitində formalaşmısınız. Onların hərəsinin təxminən 20-22 yaşı vardır. Güləşdə, əlbəttə çox böyük nailiyyətlər qazanmışıq. Güləş üzrə dünya çempionatında komanda hesabında birinci yeri tutmuşuq. Bu, çox ciddi nailiyyətdir. Rusiyada, region ölkələrində, digər ölkələrdə də güclü güləşçilər çoxdur.

İdman sağlam həyat tərzinin təbliği vasitəsi kimi, insanın sağlamlığının şərti kimi Azərbaycanda bizim həyatımızın mühüm amilidir. Siz olimpiya komplekslərini qeyd etdiniz. Bu, heç də təsadüfi deyildir. Biz bu prosesə kifayət qədər çoxdan başlamışdıq və bu gün həmin komplekslər regionlarda idmanın inkişafı üçün bazalara çevrilmişdir. Mən özüm də imkan daxilində onu təbliğ etməyə çalışıram.

- Cənab Prezident özü şəxsi nümunə göstərməklə Azərbaycan idmanını dəstəkləməyi planlaşdırmır ki?

- Bacardığım qədər dəstəkləyirəm. Mən 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidentiyəm. Mən öz münasibətimlə, eləcə də sağlam həyat tərzi nümayiş etdirməklə çalışıram...

-Yəni Prezidenti xizək sürəndə, krossda görmək olar?

- Prinsip etibarilə əlbəttə, olar. Lakin mən bunu, kameraların qarşısında etmirəm.

- Müsahibəyə görə Sizə təşəkkür edirəm. Azərbaycana və şəxsən Sizə uğurlar arzulayıram.

- Sağ olun. Suallarınıza görə də sağ olun. Sizin suallarınız mənə ölkəmiz haqqında, görülmüş işlərin əsas istiqamətləri haqqında, nə etməyi planlaşdırdığımız barədə danışmağa imkan verdi. Mən bu fürsətdən istifadə edərək, Rusiyanın bütün vətəndaşlarına yeni ildə sülh, firavanlıq və əmin-amanlıq arzulamaq istəyirəm. Əminəm ki, ölkələrimiz arasında münasibətlər 2010-cu ildə və sonrakı illərdə ölkələrimizin və xalqlarımızın rifahı naminə uğurla inkişaf edəcəkdir.

Xəbərlər
Redaktorun seçimi