“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
27.09.2009, 09:00
452

Nyu-Yorkda Qarabağ müzakirələri

A- A+

ABŞ dövlət katibi ölkəsinin Qarabağ münaqişəsinin tezliklə həlli ilə bağlı öhdəliyə sadiq olduğunu deyib

Dağlıq Qarabağ münaqişəsi BMT Baş Assambleyasının Nyu -Yorkda keçirilən 64-cü illik sessiyası çərçivəsində keçirilən bir neçə görüşdə və “Böyük 20-lər”in Pitsburq şəhərində keçirilən sammitində müzakirə predmeti olub. 

Xəbərlərə görə, sessiyada iştirak etmək üçün Nyu-Yorkda səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 25-də ABŞ-ın dövlət katibi Hillari Klintonla görüşüb.Məlumatı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb. Görüşdə əsasən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi müzakirə olunub.

H.Klinton bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı «status-kvo»nun saxlanması yolverilməzdir. O, ABŞ-ın yeni administrasiyasının bu münaqişəsinin tezliklə nizamlanması ilə bağlı öhdəliyinə sadiqliyini bildirib.

E.Məmmədyarov isə ABŞ administrasiyasına məsələyə göstərdiyi diqqətə görə təşəkkür edib. O, deyib ki, Cənubi Qafqazda sülh və sabitlik münaqişənin yalnız Azərbaycanın suverenliyi, ərazi bütövlüyü çərçivəsində nizamlanması şəraitində mümkündür.

Görüşdə ABŞ-la Azərbaycan arasında enerji sahəsində əməkdaşlıqdan məmnunluq ifadə edilib, regional enerji layihələri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlıq, Azadlığa Dəstək Aktına «907-ci düzəliş»in ləğvi, demokratiya və insan hüquqları mövzusunda da müzakirələr də aparıblar.
Elə həmin gün Azərbaycanın xarici işlər naziri BMT Baş Assambleyasının 64-cü sessiyası çərçivəsində keçirilən ümumi siyasi diskussiyalarda çıxış edib.

Azərbaycan XİN başçısı bildirib ki, beynəlxalq norma və prinsiplərin pozulmasının ən bariz nümunəsi iki onillikdir uzanan Dağlıq Qarabağ münaqişəsidir: “Ermənistanın Azərbaycana təcavüzü nəticəsində ölkəmizin ərazisinin beşdə biri işğal edilib, təxminən 1 milyon azərbaycanlı etnik təmizləmə yolu ilə qaçqın və məcburi köçkünə çevrilib. Azərbaycan tarixi və mədəni irsinin minlərlə nümunəsi məhv edilib».

E.Məmmədyarov xatırladıb ki, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində Azərbaycanın ərazi bütövlüyü tanınıb, Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxması tələb olunub.

Azərbaycanın xarici işlər naziri bildirib ki, münaqişənin həlli üçün bir neçə vacib addımlar atılmalıdır. Bunlardan birincisi işğal edilmiş ərazilərin azad edilməsi, insanların öz evlərinə qaytarılması, qarşılıqlı istifadə üçün kommunikasiyaların bərpasıdır: «Bu, münaqişənin nəticələrinin aradan qaldırılmasına imkan verəcək, davamlı sülh və sabitliyə yol açacaq».

E.Məmmədyarov bəyan edib ki, Dağlıq Qarabağın hüquqi statusunun müəyyənləşdirilməsində bölgənin azərbaycanlı və erməni əhalisi birgə iştirak etməlidir. Azərbaycanlı nazir deyib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı hazırda davam edən proses müəyyən ümidlər yaradır: «İrəvanın münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllinə razılaşması və bu prinsipin əks olunduğu «Moskva bəyannaməsi»ni imzalaması müsbət əlamətdir».

XİN başçısı vurğulayıb ki, Bakı Cənubi Qafqazda təhlükəsizlik və sabitliyin yaranması üçün Ermənistan liderləri ilə danışıqları davam etdirməyə hazırdır.

Dağlıq Qarabağ münaqişəsinə dair müzakirələr aparmaq üçün Minsk Qrupunun həmsədrləri də Nyu-Yorkdadır. Amerikalı həmsədr Robert Bradtke, fransalı həmsədr Bernar Fasye və rusiyalı Yuri Merzlyakov prezidentlərin gələn ayın əvvələrində baş tutması gözlənilən danışıqlarını hazırlamaq üçün Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə ayrı-ayrılıqda görüş keçiriblər.

Qeyd edək ki, Ermənistan xarici işlər naziri Edvard Nalbandyan Nyu -Yorka sentyabrın 25-də gedib. Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Nalbandyan yeni amerikalı həmsədr Robert Bradtkeni təyinatı ilə bağlı təbrik edib. O bildirib ki, yeni həmsədrin çoxillik təcrübəsinin və diplomatik xidmətdə əldə etdiyi bacarığın Qarabağ münaqişəsinin həlli prosesinə müsbət təsir göstərəcəyinə ümid edir.

İki saat davam edən görüşdə Qarabağ münaqişəsinin nizamlanması məsələsi, həmçinin Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkili üçün həmsədrlərin regiona səfəri müzakirə olunub.

Dağlıq Qarabağ münaqişəsinə dair mühüm müzakirələrdən biri də “Böyük 20-lər”in Pitsburqda keçirilən sammiti zamanı Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Barak Obama arasında keçirilən ikitərəfli görüşdə olub.

Ermənistanla Türkiyə arasında sərhədlərin açılması üçün Ankaranı tələsdirən Obama ilə görüşdə baş nazir Ərdoğan Qarabağ münaqişəsinin həllinin bu məsələ üçün kritik önəm daşıdığını vurğulayıb. Ərdoğanla Obama arasında ikitərəfli görüş cəmi 15 dəqiqə davam etdiyi üçün bu məsələnin detallı şəkildə müzakirəsi olmayıb.

Lakin Türkiyə mənbələri xəbər veriblər ki, Obama son vaxtlar Türkiyə-Ermənistan münasibətlərində müşahidə olunan yaxınlaşmanı müsbət qiymətləndirib. O deyib ki, Cənubi Qafqazdakı problemlərin həlli baxımından Dağlıq Qarabağ məsələsi son dərəcə vacibdir və o, bunu bilir.

Ərdoğan isə bəyan edib ki, ATƏT-in Minsk Qrupunun həmsədrliyi münaqişənin həlli istiqamətində fəallığını artırmalıdır.

Xatırladaq ki, BMT Baş Assambleyasının sessiyasında Azərbaycanın işğal olunmuş ətrazilərindəki vəziyyətə dair qətnamə layihəsi də müzakirəyə çıxarılmalıdır. Bu məsələni müzakirə etmək üçün GUAM ölkələrinin xarici işlər nazirləri Nyu-Yorkda məsləhətləşmələr aparıblar. Ermənistan Qarabağ məsələsinin BMT-də müzakirəsinə qarşıdır və bunu müxtəlif yollarla əngəlləməyə çalışır.

 

Xəbərlər
Redaktorun seçimi