Azərbaycanın BMT-yə üzv olmasından 18 il ötdü
Bu illərdə beynəlxalq aləmdən əsas umacağımız ərazi bütövlüyümüzün bərpası olub
Təşkilata üzvlük üçün müraciət edən, lakin buna nail olmayanlar da var. Bu sıraya, ilk növbədə, bizim separatçı kimi tanıdığımız, beynəlxalq hüquqda isə «tanınmamış dövlət»lər kimi təsnifatlandırılan ölkələr, daha dəqiqi, bölgələr aiddir.
Hərçənd ABŞ başda olmaqla dünyanın onlarla ölkəsi ilə münasibət quran Tayvanı (Çinin keçmiş ərazisi), yaxud dünyanın 50-dən çox ölkəsinin rəsmən tanıdığı Kosovonu (Serbiyanın separatçı bölgəsi) «tanınmamış dövlət» olaraq xarakterizə etmək çətindir.
Amma BMT üzvlüyünə yol təşkilatın Təhlükəsizlik Şurasının beş daimi üzvünün (ABŞ, Rusiya, Fransa, Britaniya, Çin) razılığından keçdiyi üçün yaxın perspektivdə istər Tayvanın, istər Kosovonun, istərsə də bu beşliyin ortaq dəstəyini almamış başqa birisinin quruma üzv olması mümkün görünmür.
Məhz çeşidli münaqişələr səbəbindən bir sıra ölkələrin BMT-yə qəbulu illərlə ləngiyib. Məsələn, Şimali Koreya (KXDR) və Cənubi Koreya (Koreya Respublikası) 1950-ci ildən davam edən münaqişə üzündən yalnız 1991-ci ildə BMT sıralarına qəbul edilib.
Elə ölkələr də var ki, uzun illər BMT üzvlüyünə heç ehtiyac duymayıb. Avropanın ən rifahlı və uzun dövlətçilik tarixinə malik ölkələrindən olan İsveçrə yalnız 2002-ci ildə keçirilmiş referendumdan sonra əhalisinin yarıdan çoxunun istəyi ilə BMT sıralarına qoşulub.
Azərbaycan kimi yeni müstəqillik qazanmış ölkələr üçün isə BMT üzvlüyü bu müstəqilliyin təsdiq olunması üçün müstəsna şərtlərdən biri idi. Amma tarixin gərdişi elə gətirdi ki, ölkəmiz Birləşmiş Millətlərin sırasına qatılanda, bayrağımız BMT-nin Nyu-Yorkdakı binası önündə dalğalanmağa başlayanda bu hadisəyə sevinmək şansımız olmamışdı. Çünki BMT-yə üzv qəbul olunmağımız barədə xəbəri Xocalı faciəsinin acısı içində eşitmişdik. 1992-ci il martın 2-si Azərbaycanda Xocalı qətliamı ilə bağlı elan edilmiş üçgünlük rəsmi matəmin sonuncu günü idi.
18 il öncə Azərbaycan üçün BMT-yə üzv olmaq, ilk növbədə, ən böyük dərdini, Ermənistan tərəfindən məruz qaldığı hərbi təcavüzü dünyanın diqqətinə çatdırmaq baxımından önəmli idi. Üstündən bu qədər zaman ötəndən sonra biz yenə BMT-yə və bütövlükdə beynəlxalq təsisatlarla münasibətlərimizə həmin prizmadan, Qarabağ pəncərəsindən baxmaqdayıq.
Amma bu illərin bir əlamətdar nəticəsi də var. O da ondan ibarətdir ki, biz bu illərdə, nəhayət, beynəlxalq hüqüq və ədalətə bəslədiyimiz ümidlərin xeyli dərəcədə illüziya olduğunu, BMT də daxil olmaqla, bütün beynəlxalq qurumlarda çox şeyin böyük mənafelərin fonunda cərəyan etdiyini dərk etmişik. Yeri gəlmişkən, 18 il öncə Azərbaycanın (və digər sovet respublikalarının) BMT-yə qəbulu da beynəlxalq müstəvidəki qlobal geosiyasi bazarlaşmanın bir epizodu sayıla bilər.
Xatırladaq ki, Azərbaycanın Ali Soveti hələ 1991-ci il oktyabrın 29-da üzvlüklə bağlı BMT-yə müraciət etmişdi. BMT Təhlükəsizlik Şurası isə 1991-ci ilin sentyabrında keçmiş SSRİ-nin üç Baltikyanı respublikasını (Latviya, Litva, Estoniya) üzvlüyünə razılıq verəndən sonra qalan respublikaların məsələsini bir qədər sonraya saxlamağı, başqa sözlə, Sovet İttifaqının rəsmi süqutunu gözləməyi qərara almışdı. Digər yandan, BMT-də əsas söz sahibi olan ABŞ bu arada Moskva (SSRİ-nin varisi Rusiya) ilə sovet nüvə arsenalının aqibəti ilə bağlı bazarlığı sona çatdırmaq istəyirdi.
Onu da qeyd edək ki, 1991-ci ilin dekabrında SSRİ-nin süqutu ilə üç respublika - Rusiya, Ukrayna, Belarus avtomatik olaraq BMT-nin üzvü oldular. Çünki 1945-ci ildə BMT təsis olunarkən Sovet İttifaqı rəhbəərliyi bu üç slavyan respublikasının adını formal olaraq təsisçilər sırasına yazdırmışdı.
BMT-nin internet saytına nəzər salsaq, orada Rusiya, Ukrayna və Belarusun 1945-ci ildən təşkilatın üzvü olduğunu görərik. Beləliklə, üç slavyan və üç Baltikyanı respublikaları çıxandan sonra yerdə keçmiş ittifaqın 9 respublikası qalmışdı.
Nəhayət, 1992-ci il martın 2-də BMT Baş Assambleyası 46-cı sessiyanın toplantısını davam etdirərək keçmiş SSRİ-nin 8 respublikasının (Azərbaycan, Ermənistan, Moldova, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Tacikistan) üzvlüyə qəbulu barədə qərar qəbul etdi. Gürcüstanın təşkilata qəbulu bir neçə ay sonraya saxlanıldı. 1992-ci ilin yanvarında Zviad Qamsaxurdia iqtidarının devrilməsindən sonra Gürcüstanda legitim hakimiyyət bərqərar olmadığından (ölkəni Dövlət Şurası adlı qurum idarə edirdi) BMT Baş Assambleyası bir gözləməyi lazım bildi və Gürcüstan təşkilata 1992-ci il iyulun 31-də qəbul edildi.
BMT-də üzvlüyümüzün ötən 18 ilini xüsusi vərəqləməyə lüzum yoxdur. Bu tarixi, necə deyərlər, göz qabağındadır.
1992-ci il mayın 6-da Azərbaycanın BMT-nin mənzil-qərargahında daimi nümayəndəliyi (nümayəndəliyin ilk rəhbəri Həsən Həsənov idi) fəaliyyətə başlayandan bu yana ölkəmizin təşkilatda əsas fəaliyyəti Qarabağ problemi, beynəlxalq birliyin diqqətini Ermənistanın işğalçılıq siyasətinə cəlb etməklə bağlı olub. BMT isə, necə deyərlər, dərdimizi dinləyib, qətnamələr qəbul edib, beynəlxalq vasitəçilik missiyasını ATƏT-ə həvalə edib, o da öz növbəsində Minsk Qrupunu dövrəyə salıb, beləcə toplantılar, zirvələr bir-birini əvəzləyib.
1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Qarabağ münaqişəsinə dair 822, 853, 874, 884 saylı dörd qətnamə qəbul edərək Azərbaycanın ərazi toxunulmazlığını təsdiqlədi, işğalçı qüvvələrin tutduqları torpaqlardan qeyd-şərtsiz çıxmasını tələb etdi. Lakin həmin sənədlərdə başlıca məqam - bu işğalın konkret olaraq Ermənistan dövləti tərəfindən həyata keçirilməsi faktı gözardı edilmişdi.
Məcburi xarakteri və icra mexanizmi olmayan bu qətnamələr, illərdir ki, kağız üzərində qalmaqdadır. 2008-ci il martın 14-də BMT Baş Assambleyasının 62-ci sessiyasında qəbul olunan «Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət haqqında» qətnamə barədə də eyni sözləri demək olar. Qətnamə 39 səs lehinə, 7 əleyhinə və 100 bitərəf olmaqla qəbul edilsə də, Qarabağ məsələsində vasitəçi olan Rusiya, ABŞ və Fransanın sənədin əleyhinə çıxması onun faktiki qüvvəsini də heçə endirib.
Bir sözlə, BMT-dəki üzvlüyümüzün illəri bir-birini əvəzlədikcə bu təşkilatın və bütövlükdə beynəlxalq birliyin Qarabağ probleminin həllindəki «imkanları»nı da daha real qiymətləndiririk. Bu üzdən Ermənistanın niyə BMT-nin qətnamələrini vecinə almamasını, BMT-nin də bu ölkəyə "Niyə beynəlxalq hüququ və BMT-nin Nizamnaməsini saya salmırsan?" deməməsini artıq təbii qarşılayırıq.
Yeri gəlmişkən, BMT Nizamnaməsinin 2-ci maddəsində yazılıb ki, təşkilata üzv dövlətlərin bir-birinin suverenliyinə, sərhəd toxunulmazlığına qəsd etməsi yolverilməzdir. 6-cı maddədə isə yazılıb ki, BMT Nizamnaməsinin prinsiplərini sistematik olaraq pozan ölkə Təhlükəsizlik Şurasının təqdimatı və Baş Assambleyanın qərarı ilə təşkilatdan xaric edilə bilər.
Nəhayət, BMT Nizamnaməsinin 51-ci maddəsinə görə, Azərbaycana məruz qaldığı işğala son qoymaq üçün hərbi gücə əl atmaq hüququna malikdir.
Necə deyərlər, kağız üzərində hər şey yaxşı səslənir, gerçəklik isə başqadır. Gerçəklik hər bir ölkənin de-yure malik olduğu hüququnu necə realizə etmək bacarığına bağlıdır.
Vüqar Orxan, “525-ci qəzet”, 02.03.2010.