“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
12.03.2010, 20:05
467

“Madrid prinsipləri” böyük sülh sazişinə əsas yaradır

A- A+

Elmar Məmmədyarov: ”Həmsədrlər erməni tərəfi razı salmaq üçün səy göstərirlər”

Qarabağ nizamlanmasının baza prinsiplərinin («Madrid prinsipləri») yeni variantı ətrafında gedən müzakirələrin ilkin nəticələri bəlli olub.

Xatırladaq ki, Azərbaycan və Ermənistan prezidentlərinin yanvarın 25-də Soçidə (Rusiya) keçirilən görüşündən sonra vasitəçilər tərəflərə nizamlama layihəsinin yenilənmiş variantı ilə bağlı təklifləri təqdim etmək üçün vaxt vermişdilər. 

Bir qədər əvvəl Ermənistan öz təkliflərini Minsk Qrupu həmsədrlərinə təqdim etmişdi. Ötən həftə isə Azərbaycan XİN rəhbəri vasitəçilərlə Parisdə görüşərək rəsmi Bakının mövqeyini onlara çatdırıb.

Bəlli olan isə hələlik odur ki, Azərbaycan «Madrid layihəsi»nin yeni variantına razılıq verib, erməni tərəfin isə bir sıra iradları var. “Azərbaycan yeniləşmiş Madrid variantını qəbul edir, çünki düşünürük ki, o hansısa böyük sazişi müzakirə etməyə imkan yaradır”, - deyə xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

Nazirin sözlərinə görə, prosesin irəliləməsi üçün layihənin erməni tərəfdən də qəbulu zəruridir: «Lakin onlar deyirlər ki, təkliflərdəki bəzi məqamlar onları qane etmir, sənədi qəbul edə bilməzlər. İndi məhz həmin məqamlar üzərində müzakirələr aparılır”.

XİN başçısı bildirib ki, həmsədrlər Ermənistanın mövqeyini bir daha gözdən keçirmək üçün bu ölkənin xarici işlər naziri ilə görüşəcəklər: «Bundan sonra məlum olacaq ki, hansı istiqamətdə iş aparılsın».

Nazir «Madrid prinsipləri»nin yeni variantında Ermənistanın hansı məqamlarla razılaşmadığını açıqlamayıb. Güman etmək olar ki, bu, Dağlıq Qarabağ ətrafındakı rayonların azad edilməsi, eləcə də Dağlıq Qarabağdan olan azərbaycanlı köçkünlərin geri qayıtması ilə bağlıdır. Bu yaxınlarda Ermənistan prezidentinin müşaviri Qarnik İsaqulyan deyib ki, erməni tərəf işğal olunmuş rayonlarla bağlı Azərbaycanın tələblərinə cavab olaraq vaxtilə Dağlıq Qarabağın şimalında yerləşən (lakin muxtar vilayətə daxil olmayan - red.) Şaumyan rayonunun (1991-ci ildə ləğv olunub) bərpası məsələsini qaldırmaq niyyətindədir.

Erməni tərəfin bu və digər məsələlər üzərində nə qədər israrçı olduğu, yəqin ki, qarşıdakı danışıqlarda üzə çıxacaq. Hələliksə, nazir Məmmədyarovun sözlərinə görə, Azərbaycan və Ermənistan prezidentlərinin yeni görüşü barədə konkret müzakirələr aparılmır.

Azərbaycan XİN rəhbəri Qarabağ münaqişənin həlli vaxtının çatması barədə beynəlxalq təşkilatlar və bəzi ölkə rəhbərlərinin bəyanatlarına da münasibət bildirib: “Üç həmsədr ölkənin rəhbəri, ATƏT-ə sədrlik edən Qazaxıstan, Avropa Birliyinə sədrlik edən İspaniya bəyan edib ki, 2010-cu il irəliləyişə nail olmaq üçün önəmli ildir. ATƏT Parlament Assambleyasının sədri Joao Suares və qurumun Qarabağ üzrə xüsusi nümayəndəsi Qoran Lenmarker də bənzər açıqlamalarla çıxış ediblər. Bu o deməkdir ki, beynəlxalq ictimaiyyət irəliləyiş istəyir. Bununla bağlı sual ünvanlanmalı olan yeganə tərəf Ermənistan rəhbərliyidir».

Nazir Qarabağ münaqişəsinə vasitəçilik edən ABŞ-ın Konqresində «erməni soyqırımı» ilə bağlı qətnamə qəbul olunmasının sülh prosesinə mənfi təsir göstərdiyini deyib. “Əgər ABŞ Konqresinin üzvləri 100 bundan öncə olan hadisələri müzakirə edirsə, o zaman gərək 18 il əvvəl baş verən Xocalı soyqırımı kimi hadisəyə də qiymət versinlər. Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi, bu işğal nəticəsində 1 milyona yaxın insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi regionda təhlükəsizliyə ən böyük zərbədir. Ona görə biz düşünürük ki, ABŞ Konqresində Cənubi Qafqazla bağlı hansısa müzakirə olunursa, o ancaq tarixi baxımdan yox, hazırkı vəziyyətlə bağlı olmalıdır», - deyə Məmmədyarov bildirib.

Azərbaycan XİN rəhbəri Qarabağ nizamlanmasında vasitəçilik edən digər ölkənin - Fransanın rəhbərliyinin erməni tərəflə son müzakirələrinin təfərrüatından xəbərsiz olduğunu deyib. Fransa və Ermənistan prezidentləri Nikola Sarkozi və Serj Sarkisyan martın 10-da Parisdə görüşüblər. Məmmədyarovun sözlərinə görə, Fransa həmin görüşün nəticələri barədə Azərbaycana məlumat verməlidir. 

Fransa prezidenti Bakı və Yerevanı kompromisə çağırıb  

Qeyd edək ki, informasiya vasitələrində yer alan xəbərlərə görə, Fransa rəhbəri erməni həmkarı ilə görüşdə Qarabağ nizamlanması ilə bağlı sülh prosesinin sürətləndirməyin zəruriliyini vurğulayıb. Sarkozi qeyd edib ki, bu istiqamətdə il yarım əvvəl başlanmış təşəbbüs zəifləyib.

Fransa prezidentinin sözlərinə görə, münaqişə tərəfləri məsuliyyəti öz üzərinə götürərək bütövlükdə regiona fayda verəcək addımlar atmalıdır: «Yerevan və Bakı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sülh dinamikasını bərpa etmək üçün kompromisə gəlməlidir”.

Türkiyə-Ermənistan münasibətlərindən danışan Fransa prezidenti iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsinin önəmini qeyd edib. O, sülhün bərqərar olunması üçün tərəfləri protokolları ratifikasiya etməyə çağırıb.

Öz növbəsində prezident Sarkisyan Fransanı erməni xalqına yaxın dost və etibarlı müttəfiq saydığını vurğulayaraq “erməni soyqırımı” məsələsində tutduğu prinsipial mövqeyinə görə” rəsmi Parisə təşəkkürlərini çatdırıb: “Fransa hər vaxt Ermənistanın yanındadır”.

Prezident Sarkozi isə Fransadakı erməni diasporunun iki ölkə arasında «sarsılmaz körpü” olduğunu vurğulayıb.

Yeri gəlmişkən, prezident Sarkozinin iqtidar komandasının aparıcı üzvlərindən biri erməni əsilli Patrik Deveçyandır. Fransanın iqtisadi inkişaf naziri olan Deveçyan bu ölkədə «erməni soyqırımı»nın tanınmasının əsas hərəkətverici qüvvələrindəndir. «Dünyada «erməni soyqırımı»ndan nə qədər çox danışılsa, Türkiyə o qədər tez bunu qəbul etməyin zəruriliyi başa düşəcək», - deyə Deveçyan Ermənistan prezidenti Sarkisyanla görüşdə bildirib.

Deveçyan xatırladıb ki, Fransada «erməni soyqırımı»nın tanınmasına böyük önəm verilir və 2006-cı ildə Fransa Milli Assambleyası «erməni soyqırımı»nı inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanun qəbul edib.  

Qoran Lenmarker: «Münaqişənin həllinə çox az addım qalıb» 

Ermənistanda səfərdə olan ATƏT Parlament Assambleyasının Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi Qoran Lenmarker isə sülh prosesindəki vəziyyətə dair növbəti nikbin açıqlama verib.

Martın 11-də Yerevanda NATO Parlament Assambleyasının təşkil etdiyi 73-cü “Rose Roth” seminarında çıxış edən Lenmarker bildirib ki, Qarabağ münaqişəsinin həlli tapılıb, çox ətraflı müzakirə olunub və tərəflərin atacağı çox az addım qalıb: “İndi münaqişənin həlli məsələsi daha çox siyasi səviyyədədir və tərəflər öz daxilindəki müzakirələrə hazır olmalıdır”.

ATƏT rəsmisi vurğulayıb ki, Qarabağ münaqişəsinin həlli bölgənin xaricində deyil, daxilindədir: “Xarici qüvvələr yalnız tərəflərə kömək edə bilər. Minsk Qrupu münaqişənin həll olunacağı yeganə meydançadır və bu meydançanın dəyişdirilməsinə, problemi BMT və ya Avropa Şurası müstəvisinə çıxarmağa yönəlmiş cəhdlər yalnız münaqişənin həllini uzada bilər”.

Lenmarkerin fikrincə, elə bir həll müəyyənləşdirilməlidir ki, bütün tərəflər üçün qəbuledilən olsun: “Məncə, münaqişənin həlli Ermənistan və erməni xalqının təhlükəsizliyini təmin etməlidir. Azərbaycan bunu anlamalıdır. Lakin Ermənistan da özünü münaqişənin qurbanı və uduzmuş tərəfi sayan Azərbaycanın mövqeyini anlamalıdır”.

Lenmarker qeyd edib ki, münaqişənin davam etməsi Ermənistanın da, Azərbaycanın da iqtisadiyyatına zərər vurur. Onun sözlərinə görə, münaqişənin həlli hər iki ölkəyə hərbi xərcləri azaltmağa imkan yaradacaq. Son illərdə Azərbaycanın hərbi büdcəsinin xüsusilə sürətlə artdığını qeyd edən Lenmarkerin fikrincə, münaqişənin həlli bu vəsaitlərin digər sahələrə xərclənməsinə yol açacaq.

Qeyd edək ki, ATƏT Parlament Assambleyasının heyəti Yerevandakı görüşləri başa vurandan sonra martın 13-də Bakıya gələcək. 

Həmsədrlər martın sonunda regiona gələcəklər  

Bu arada ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona səfər vaxtı da müəyyənləşib. Vasitəçilər martın sonu - aprelin əvvəllərində regiona gələcəklər.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Andrey Nesterenko dünən keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, vasitəçilər mövqeləri yaxınlaşdırmağa cəhd etmək məqsədi ilə Bakı, Yerevan və Dağlıq Qarabağa gedəcəklər.

Diplomat həmçinin deyib ki, Moskva Dağlıq Qarabağ münaqişəsinin nizamlanması il bağlı danışıqların gedişini müsbət qiymətləndirir: “Danışıqların gedişini normal qiymətləndiririk. Nizamlanmanın əsas prinsiplərinə münaqişə tərəflərinə iki ay əvvəl təqdim olunmuş və «yeniləşmiş Madrid sənədi” adını almış həmsədrlərin işçi təkliflərinin müzakirəsi gedir. Vasitəçilər tərəflərin bu təkliflərə reaksiyasını öyrənir”.

Vüqar Orxan, “525-ci qəzet”, 12.03.2010.

Xəbərlər
Redaktorun seçimi