Müstəqilliyimiz sarsılmaz, dövlətimiz əbədi olsun!
28 may Azərbaycan xalqının milli bayramı, Şərqin ilk dünyəvi və demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür
“Xalq Cümhuriyyətinin yaradıcıları - Məmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev, Xalq Cümhuriyyətinin ilk Milli Şurasının, Xalq Cümhuriyyəti hökumətinin üzvləri Azərbaycan xalqı qarşısında böyük xidmətlər göstəriblər. Biz Azərbaycan Xalq Cümhuriyyətinin tarixini, onun görkəmli şəxsiyyətlərinin fəaliyyətini dərindən öyrənməli, ideyalarını təbliğ etməli, təcrübəsindən bəhrələnməliyik”
Heydər Əliyev, 27 may 1998-ci il.
1918-ci il mayın 28-də xalqımızın görkəmli oğullarının qurduğu Cümhuriyyət Azərbaycan tarixinin şərəfli səhifəsidir. Xalq Cümhuriyyəti qısa ömür sürərək 1920-ci ilin 28 aprelində süqut etsə də, tarixdə onun yeri, Azərbaycan xalqının istiqlal arzusu, 23 aylıq müstəqil dövlətçilik salnaməsi qalmışdı. Məhz buna görə həmin süqutdan 71 ildən sonra, 1991-ci ildə Azərbaycan SSR-nin oraq-çəkicli al bayrağını endirib müstəqil Azərbaycanın üçrəngli, ay-ulduzlu qumaşını yenidən ucaldanda biz Cümhuriyyətə, onun şanlı tarixinə və siyasi mirasına sahib çıxdıq.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranması dövrün tarixi-siyasi proseslərinin nəticəsi olduğu kimi, onun qısa ömrü və süqutu da real proseslərdən ayrılıqda təsəvvür edilə bilməz. 1917-ci ilin fevralında Rusiyada Romanovlar mütləqiyyəti devrildi. Monarxiyanın süqutu nəhəng imperiyanın bütün milli bölgələrində istiqlal arzularını gündəmə gətirdi. Müvəqqəti hökumətin elan etdiyi Müəssislər Məclisində təmsilçilik bu istiqamətdə ilk mərhələ idi.
1917-ci ilin oktyabrındakı bolşevik çevrilişi nəticəsində Cənubi Qafqazdan Müəssislər Məclisinə seçilən deputatlar Petroqrada və Moskvaya gedə bilmədilər. Onlar 1918-ci il fevralın 14-də Tiflisdə Zaqafqaziyanın ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini (Zaqafqaziya Parlamentini) yaratdılar. Zaqafqaziya Seymində müsəlman fraksiyasını Müəssislər Məclisinə seçkilər zamanı Azərbaycanın, habelə bütün Cənubi Qafqazın bir milyondan çox müsəlman seçicisinin səsini qazanmış 44 deputat təmsil edirdi. Odur ki, bu fraksiya faktiki olaraq Zaqafqaziya Müsəlman Parlamenti funksiyasını yerinə yetirirdi.
Məhz bu fraksiyanın təşəbbüsü ilə 1918-ci il aprelin 9-da Zaqafqaziya Seymi Zaqafqaziyanın müstəqilliyini elan etdi və Birləşmiş Zaqafqaziya Cümhuriyyəti yaradıldı.
Lakin istər daxili, istərsə də xarici siyasət sahəsində kəskin milli mənafe ziddiyyətlərinin olması Zaqafqaziya Seymi və Birləşmiş Zaqafqaziya Cümruhiyyəti hökumətinin konkret adamlar atmasına imkan vermədi. Xüsusilə ermənilərin apardığı aqressiv siyasət, onların Azərbaycanla yanaşı, Gürcüstana da ərazi iddiaları irəli sürməsi Seym daxilində ciddi ixtilaf yaratmışdı. Nəticədə 1918-ci il mayın 25-də gürcü nümayəndələri Seymdən çıxdılar və ertəsi gün, mayın 26-da Gürcüstanın müstəqilliyini elan etdilər.
Mayın 27-də Seymin müsəlman fraksiyasının, yəni Zaqafqaziya Müsəlman Şurasının (faktiki olaraq Zaqafqaziya Müsəlman Parlamentinin) üzvləri ayrıca iclaslarını keçirdilər və Azərbaycanın müstəqilliyini elan etmək qərarına gəldilər. Bu məqsədlə Zaqafqaziya Müsəlman Şurası özünü Azərbaycan Milli Şurası elan etdi. Bununla, əslində Azərbaycanda ilk parlament yarandı və ilk parlamentli respublikanın bünövrəsi qoyuldu.
1918-ci il mayın 27-də keçirilən həmin iclasda Azərbaycan Milli Şurasının Rəyasət Heyəti formalaşdı. Məhəmmədəmin Rəsulzadə Milli Şuranın sədri, Həsən bəy Ağayev müavin seçildi. Mayın 28-də Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli Şurasının tarixi iclasında (M.Rəsulzadə həmin vaxt Batumda Osmanlı ilə danışıqlarda idi) iştirak edən 26 deputatın yekdil səsi ilə «İstiqlal Bəyannaməsi» qəbul olundu. İstiqlal Bəyannaməsi bütün müsəlman dünyasında, ümumiyyətlə, bütün Şərqdə, ilk dəfə olaraq Azərbaycanda demokratik respublika idarə üsulunun, parlamentli respublikanın yaradıldığını elan etdi.
Azərbaycan Milli Şurasının İstiqlal Bəyannaməsində deyilirdi:
1. Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyətə malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tamhüquqlu müstəqil bir dövlətdir.
2. Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir.
3. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir.
4. Azərbaycan Xalq Cümhuriyyəti milliyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində bütün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir.
5. Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanları yaradır.
6. Müəssisələr Məclisi toplaşana qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şurası və Milli Şura qarşısında məsuliyyət daşıyan müvəqqəti hökumət durur.
İstiqlal Bəyannaməsi Azərbaycanın dövlətçilik tarixində ilk konstitusiya aktı idi.
Həmin iclasında Fətəli xan Xoyskinin başçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin ilk müvəqqəti hökumətinin tərkibini də təsdiq etdi. Doqquz nəfərdən ibarət müvəqqəti Nazirlər Şurasında «Müsavat»dan üç, müsəlman sosialistlərdən iki, «Hümmət» və «İttihad» partiyalarının hərəsindən bir, həmçinin iki bitərəf (o cümlədən baş nazir F.Xoyski) nümayəndə yer almışdı.
Müvəqqəti hökumət bu tərkibdə idi:
Fətəli xan Xoyski - Nazirlər Şurasının sədri və daxili işlər naziri (bitərəf);
Xosrov Paşa bəy Sultanov - hərbi nazir ("İttihad");
Məmmədhəsən Hacınski - xarici işlər naziri ("Müsavat");
Nəsib bəy Usubbəyov - maliyyə naziri və xalq maarif naziri ("Müsavat");
Xəlil bəy Xasməmmədov - ədliyyə naziri ("Müsavat");
Əkbər Şeyxülislamov - əkinçilik naziri və əmək naziri ("Hümmət");
Məmmədyusif Cəfərov - ticarət və sənaye naziri (bitərəf);
Xudadat bəy Məlik-Aslanov - yollar və poçt-teleqraf naziri (müsəlman-sosialist bloku);
Camo bəy Hacınski - dövlət nəzarətçisi (müsəlman-sosialist bloku).
27 may 1919-cu il. Xalq Cümhuriyyətinin bir yaşı münasibətilə hökumətin təntənəli iclası
Beləliklə, Birinci dünya müharibəsinin gedişində və Romanovlar mütləqiyyətinin devrilməsi nəticəsində yaranmış çox mürəkkəb bir tarixi şəraitdə Azərbaycanın şimal torpaqlarında dövlətçilik ənələlərimiz yenidən, özü də bu dəfə parlamentli respublika formasında dirçəldi.
Gənc Azərbaycan dövləti son dərəcə mürəkkəb şəraitdə yaranmışdı. S.Şaumyanın başçılıq etdiyi daşnak-bolşevik güruhu Bakıda həkimiyyəti ələ keçirmişdi və Azərbaycanın əhalisinə qarşı dəhşətli soyqırımı aparırdı. Bolşevik Rusiyası Azərbaycanı heç vəchlə əldən buraxmaq niyyətində deyildi. Gənc dövlət bu ağır şəraitdən baş çıxarıb yaşamaq zorunda idi və Azərbaycanın müstəqilliyini elan edən, demokratik əsaslı milli dövlətçiliyinin təməlini qoyan babalarımız bu dövləti o dövrün bəlli geosiyasi şərtləri daxilində yalnız 23 ay yaşada bildilər.
Bundan sonra baş verənlər bəllidir. 23 ay ömrü olmuş Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət dövrü tariximizin milli özünüdərk, müstəqillik amalı üzərində köklənən şanlı səhifəsi olmaqla yanaşı, eyni zamanda Azərbaycan xalqının siyasi-mental keyfiyyətlərini, ümumdövlət maraqları naminə şəxsi və partiya ambisiyasından nə dərəcədə keçə bildiklərini də aşkar inikas etdirən bir xronikadır.
Cümhuriyyət dövründə seçilmiş parlamentdə siyasi yayğınlıq, qarşılıqlı ittiham və "razborka"lar o qədər geniş yayılmışdı ki, hərdən bu cür əsəbilik və siyasi möhtəkirlik fonunda o dövlətin 23 ay necə yaşadığına təəccüblənirsən. Təkcə bir faktı qeyd etmək yetər ki, iki ildən az müddətdə Milli Şura beş hökumət kabinetinə etimadsızlıq göstərmişdi, 1920-ci ilin martında başlanan növbəti hökumət böhranından isə çıxmağa, sadəcə, macal olmadı. Bolşevikləri hakimiyyətə gətirən XI ordunun qatarı şimaldan Bakıya doğru şütüyürdü.
Bir əlamətdar faktı da qeyd edək. Xalq Cümhuriyyətinin 120 nəfərlik parlamentində deputatların 80-i müsəlman-türk, 21-i isə erməni olub. 1918-ci ilin matrında baş vermiş dəhşətli qırğınların yarası qaysaqlamamış bu qədər erməninin Azərbaycan parlamentində yer ayrılması ondan əvvəlki onilliklər və 1918-dən sonrakı 70 ildə ermənilərə göstərdiyimiz qonaqpərvərliyin, sadəcə, təəssüfedici bir ştrixidir.
...1920-ci ilin 28 aprel süqutu Azərbaycan tarixində təkcə Xalq Cümhuriyyətinin deyil, bütövlükdə Azərbaycan xalqının istiqlal arzusunun boğulması idi. Amma tarixdə 23 aylıq müstəqil dövlətçilik salnaməsi qalmışdı və 71 ildən sonra, 1991-ci ilin oktyabrında Azərbaycan SSR-in oraq-çəkicli al bayrağı endirərək müstəqil Azərbaycanın üçrəngli, ay-ulduzlu qumaşını dalğalandıranda məhz həmin tarixə varislik etdik...
Amma nə yazıqlar ki, tarixin və zamanın bizə ərməğan etdiyi bu müstəqilliyi, milli dövlətçiliyi ilk gündən taleyin hökmünə buraxdıq, yuxarıda sadaladığımız siyasi ambisiyalar, bivec və bacarıqsız şəxslərin kürsü uğrunda çarpışmaları yeni ayaq tutan dövləti iflasa doğru götürməkdə idi və biz çox tezliklə, ikinci müstəqilliyimizin 21-ci ayında dövlət və millət olaraq uçurumun kənarına gəlib çıxmışdıq. 1993-cü ilin iyununda tarix, zaman və Allah-Təala Azərbaycanı bu uçuruma yuvarlanmaqdan xilas etdi, xalqın böyük oğlu Heydər Əliyev dövlətə rəhbərliyə qayıtdı.
İstiqlal hər bir millətin ən böyük və taleyüklü amalıdır. Amma gerçək istiqlal, sadəcə, bayraq qaldırılması, himn oxunması və bu faktın dünyaya bəyan edilməsi ilə məhdudlaşmır. Bu istiqlalı dövlətçilik təməli ilə möhkəmlətmək, həmin dövləti milli qeyrət və vətənpərvərlik yanğısı ilə qorumaq, nəhayət, dövlətçiliyi dönməz və əbədi etmək üçün səriştə, təcrübə, fəhm, uzaqgörən siyasət və iradə ardıcıllığı zəruridir. Yalnız bu keyfiyyətlərin daşıyıcısı olan liderə xalq şərtsiz arxalana, özünün taleyini ona həvalə edə bilər.
"Mən bu yola sizinlə bir yerdə keçirəm və bir yerdə gedəcəyəm. Bu yolda kim bizə mane olacaqsa, onların qarşısı indiyədək alındığı kimi, bundan sonra da alınacaq. Biz düz yolla - Demokratiya, Həqiqət, Müstəqillik yolu ilə gedirik. İnanın ki, tutduğumuz bu yol bizi Azərbaycanın çox gözəl gələcəyinə aparıb çıxaracaqdır. Gələcək nəsillər bizim etdiyimiz işlərin bəhrəsini görəcəkdir".
Heydər Əliyev bu sözləri ölkə rəhbərliyinə qayıdışından iki il sonra - 1995-ci ilin 28 Mayı ərəfəsində demişdi. Və istər o vaxtadək, istərsə də ondan sonrakı fəaliyyəti ilə o, gələcək nəsillərə müstəqilliyi, milli dövlətçiliyi necə hifz etməyin gerçək nümunəsini göstərdi. O, Azərbaycanın görkəmli şəxsiyyətlərinin 20-ci əsrin əvvəlində xalqımıza daddırdığı və 70 illik sovet idarəçiliyi zamanı milli yaddaşımızda əksilməyən istiqlal, dövlətçilik duyğularını yenidən dirçəltdi, Azərbaycanın müstəqilliyini dönməz və əbədi etdi.
"Biz Azərbaycanın 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətinin varisiyik. Onların işinin davamçısıyıq - ancaq yeni şəraitdə, yeni zamanda. Bu müstəqillik Azərbaycan xalqının istiqlal arzusu ilə yaşayan vətənpərvər insanlarına, 1918-ci ildə Məhəmmədəmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli və bir çox başqalarının yaratdığı Xalq Cümhuriyyətinə bizim tərəfimizdən, bugünkü nəsillər tərəfindən ucaldılmış böyük bir abidədir. Əgər Xalq Cümhuriyyəti 1920-ci ildə, o vaxtkı tarixi şəraitdə yaşaya bilmədisə, Azərbaycan müstəqil dövlət yaşayacaq və müstəqilliyimiz əbədi olacaq" .
Heydər Əliyevin 2001-ci il oktyabrın 17-də - Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasının 10-cu ildönümünə həsr edilmiş yubiley toplantısında dediyi bu sözlər onun dövlətçilik tariximizə verdiyi yüksək qiymət idi.
Müstəqilliyimiz sarsılmaz, dövlətimiz əbədən güclü və sərhədləri bütöv olsun!
Vüqar Orxan, www.azerbaycanli.org