“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
05.01.2010, 21:39
486

Qubada “Soyqırımı memorial kompleksi” yaradılacaq

A- A+

Prezidentin sərəncamına əsasən, bu məqsədlə 1 milyon manat vəsait ayrılıb

Prezident İlham Əliyev erməni millətçilərinin cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Quba şəhərində “Soyqırımı memorial kompleksi”nin yaradılması haqqında sərəncam imzalayıb. 

Sərəncamda xatırladılır ki, ötən əsrin əvvəllərində erməni-daşnak quldur dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi etnik təmizləmə və təcavüz siyasəti nəticəsində Bakı, Quba, Qarabağ, Şamaxı, Kürdəmir, Salyan, Lənkəran və digər bölgələrdə on minlərlə günahsız azərbaycanlı qətlə yetirilib, xalqımıza qarşı XX yüzilliyin ən faciəli soyqırımlarından biri törədilib. Quba şəhərindəki kütləvi məzarlıqda soyqırımı nəticəsində hədsiz amansızlıq və xüsusi qəddarlıqla öldürülən azərbaycanlılarla yanaşı ləzgilərin, yəhudilərin, tatların və digər milli azlıqlara mənsub olan minlərlə insanların zorakılığa məruz qaldığı aşkar edilib.

Sərəncama görə, “Soyqırımı memorial kompleksi”nin yaradılması üçün Prezidentin Ehtiyat Fondundan 1 milyon manat məbləğində vəsait ayrılacaq.

 * * *

Quba şəhərində “Soyqırımı memorial kompleksi” yaradılması haqqında

Azərbaycan Respublikasının Prezidentinin sərəncamı

Ötən əsrin əvvəllərində erməni-daşnak quldur dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi etnik təmizləmə və təcavüz siyasəti nəticəsində Bakı, Quba, Qarabağ, Şamaxı, Kürdəmir, Salyan, Lənkəran və digər bölgələrdə on minlərlə günahsız azərbaycanlı qətlə yetirilmiş, xalqımıza qarşı XX yüzilliyin ən faciəli soyqırımlarından biri törədilmişdir.

Təkcə Quba qəzasında 1918-ci ilin aprel-may ayları ərzində 122 kənd tamamilə dağıdılmışdır. Quba şəhərindəki kütləvi məzarlıqda soyqırımı nəticəsində hədsiz amansızlıq və xüsusi qəddarlıqla öldürülən azərbaycanlılarla yanaşı ləzgilərin, yəhudilərin, tatların və digər milli azlıqlara mənsub olan minlərlə insanların zorakılığa məruz qaldığı aşkar edilmişdir.

Erməni millətçilərinin cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Quba şəhərində “Soyqırımı memorial kompleksi” yaradılsın.

2. Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Quba şəhərində “Soyqırımı memorial kompleksi”nin yaradılması üçün Quba Rayon İcra Hakimiyyətinə 1,0 (bir) milyon manat məbləğində vəsait ayrılsın.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 2-ci bəndində nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada həyata keçirsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 dekabr 2009-cu il.

Xəbərlər
Redaktorun seçimi