“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
24.04.2010, 19:34
496

Azərbaycan Ordusu müharibəyə tam hazırdır

A- A+

“Silahlı Qüvvələr Ermənistan ərazisində istənilən hədəfi məhv etməyə qadirdir”

“Ermənistan beynəlxalq hüquq normalarına və əldə olunmuş razılaşmalara məhəl qoymayaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini uzatmaqda davam edir. Regiondakı mürəkkəb hərbi-siyasi vəziyyət Azərbaycan üçün öz suverenliyini və ərazi bütövlüyünü qorumaq və işğal olunmuş əraziləri azad etmək məqsədi ilə Silahlı Qüvvələrin döyüş imkanlarını artırmağı zəruri edir”.

Bu sözləri Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev aprelin 23-də Müdafiə Nazirliyində keçirilmiş müşavirədəki çıxışında deyib.


Nazir cari ildə Silahlı Qüvvələrin inkişafı və təkmilləşdirilməsi istiqamətində yeni keyfiyyət yüksəlişinə nail olunduğunu bildirib: “Birinci əməliyyat eşelonu birliklərində dayanıqlı müdafiənin təmin olunması istiqamətində əməli tədbirlər görülüb, müdafiə sistemi təkmilləşdirilib, qoşunların döyüş qabiliyyəti yüksək səviyyədə saxlanılıb. Silahlı Qüvvələrin idarə edilməsi sisteminin kompleks şəkildə, bütün səviyyələrdə təkmilləşdirilməsi məqsədilə vahid idarəetmə, nəzarət, rabitə və avtomatlaşdırılmış idarəetmə sisteminin tətbiqi üzrə işlər artan sürətlə davam etdirilib”.

General ordunun döyüş qabiliyyətinin daha da artırılması, əməliyyat işləri üzrə hazırlığın gücləndirilməsi, idarəetmənin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlərdən danışaraq, tədris ilində birlik və birləşmələrin 70-dək komanda-qərargah təliminin keçirildiyini deyib. Bu təlimlərə Silahlı Qüvvələrin müxtəlif qoşun birləşmələri cəlb olunub, həmin təlimlərdə ən müasir tələblərə cavab verən simulyator və kompüter şəbəkələrindən fəal istifadə edilib.

S. Əbiyev Azərbaycan Silahlı Qüvvələri, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunların hərbi hissə və bölmələrinin 2009-cu ildə keçirilən birgə əməliyyat-taktiki təlimində qoşunların yüksək döyüş məharəti nümayiş etdirdiyini, döyüş hazırlığı prosesində hücum əməliyyatının aparılması, dağ şəraitində döyüş texnikası və silahların tətbiq edilməsinin üsul və metodlarının geniş öyrənildiyini, şəxsi heyətin bilik və bacarığının təkmilləşdirildiyini diqqətə çatdırıb.

N
azir 2009-cu ildə kəşfiyyat imkanlarının yüksəldilməsi məqsədilə strateji və taktiki səviyyədə kəşfiyyatın qüvvə və vasitələrinin imkanlarının artırılması, idarəetmə sistemlərinin təkmilləşdirilməsi və kəşfiyyatın qarşısında qoyulan tapşırıqların yerinə yetirilməsi üçün strateji və taktiki səviyyədə pilotsuz uçuş aparatları, radio-kəşfiyyat və radio-elektron mübarizə, gecə-gündüz uzaqməsafəli müşahidə, o cümlədən qoşun və xüsusi təyinatlı bölmələrdə kəşfiyyatçıların fərdi gecəgörmə vasitələri, habelə əlahiddə kəşfiyyat taborları üçün də yeni texnikanın alındığını, onları öyrənmək məqsədilə kurslar təşkil edildiyini, zabit və gizirlərə erməni dili kursu keçildiyini vurğulayıb:

“2009-cu ildə Silahlı Qüvvələrin artilleriya hissə və bölmələrinin peşəkar şəxsi heyəti, müasir silah və texnika, avtomatlaşdırılmış idarəetmə sistemləri, o cümlədən müasir yaylım atəşli reaktiv sistemləri ilə komplektləşdirilməsi nəticəsində yaxın və uzaq məsafələrdə yerləşən düşmən hədəflərinin böyük bir ərazidə məhv edilməsi imkanı yaradılıb.

Artilleriya atışlarının yüksək dəqiqliklə hazırlanması üzrə meteoroloji stansiyalar istifadəyə verilib, qısa vaxt ərzində döyüş təyinatları rayonlarına vaxtında çıxışı təmin etmək məqsədilə top və qurğular yeni dartıcılarla təmin olunub. Hissə və bölmələrin optik hesablama cihazları, həmçinin radiolokasiya stansiyaları ilə təchiz olunması düşmənin hərəkətsiz və hərəkətli hədəflərini dəqiqliklə qısa müddət ərzində aşkar edilərək atəşlə zərərvurma vasitələrinə ötürülməsini təmin edib.

Keçən ilin sonuna istismarda olan silahlar müasir tipli optik gündüz və gecəgörmə nişangahları, müşahidə cihazları ilə kompleksləşdirilib. Bu prosesin davam etdirilməsi üçün hazırda müasir tipli cihazların alınması və hərbi hissələrə təhvil verilməsi həyata keçirilməkdədir. Birləşmələrin zirehli texnikası üzərində modernləşdirmə işləri aparılıb, atəşin və döyüşün müasir tipli idarəetmə sistemlərinin quraşdırılması işləri başa çatdırılıb. Bunun nəticəsində maksimal uzaqlıqda yerləşən düşmən hədəflərini hava şəraitindən asılı olmayaraq, gecə və gündüz məhv etmək imkanı əldə olunub.

Yaxın zamanlarda tank əleyhinə raket sistemlərinin alınması nəticəsində düşmənin zirehli texnikasına zərərvurma imkanları qat-qat artırılıb. Yeni silah sistemlərinin alınması və quraşdırılması nəticəsində Silahlı Qüvvələrimiz Ermənistanın bütün ərazisində yerləşən hədəfləri məhv etməyə qadirdir. Cənab prezident, Sizə məruzə edirəm ki, Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ərazisində hansı yerdə olmasına baxmayaraq, hər bir hədəfi məhv etməyə imkanı var”.

S. Əbiyev 2009-cu ilin sonuna Silahlı Qüvvələrin istifadəsinə təxminən 1 milyard ABŞ dollarından artıq dəyərdə silah və texnika verildiyini bildirib.

Müdafiə naziri Azərbaycan Ordusunun sosial təminatının daha da gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə də danışıb: “Hazırda müxtəlif hərbi qarnizonlarda sosial, mədəni və məişət obyektləri ilə birlikdə 5 hərbi şəhərcik kompleksi inşa edilir. Eyni zamanda, hərbi qulluqçular üçün ümumilikdə 627 mənzili olan yaşayış binalarının inşası davam etdirilir”.

S. Əbiyev Hərbi Hava Qüvvələrinin döyüş qabiliyyətinin artırılması və texnikanın modernləşdirilməsi, bu sahədə yeni silahların tətbiqi istiqamətində aparılan işlərdən də söhbət açıb:

“Aviasiyada hava hücumundan müdafiə üzrə yeni texnikaların alınması, mövcud texnikanın təmiri və modernləşdirilməsi nəticəsində hissə və bölmələrin müxtəlif hava şəraitində döyüş fəaliyyəti imkanları artırılıb. Aviasiya üzrə yeni kompleks uçuş simulyatorlarının alınması və quraşdırılması nəticəsində uçuş heyətinin hazırlığının keyfiyyəti yüksəlib və aviasiya texnikasının texniki resurslarına qənaət olunub. Zenit-raket qoşunları üzrə zenit-raket komplekslərinin modernləşdirilməsi nəticəsində döyüş texnikasının səmərəliliyi və atəş imkanları artırılıb. Hərbi Hava Qüvvələrinin modernləşdirilmiş döyüş texnikalarında rəqəmsal məlumat mübadiləsinin təmin edilməsi üçün yeni rabitə kanalları yaradılıb”.

Hərbi Dəniz Qüvvələrinin döyüş potensialının gücləndirilməsi istiqamətində də tədbirlərin həyata keçirildiyini deyən nazir gəmilərdə müasir naviqasiya, rabitə, radar və hidroakustik vasitələrin quraşdırılması işləri aparıldığını, döyüş gəmilərinin mühərriklərinin yeniləri ilə əvəz olunması üzrə tədbirlərin planlaşdırıldığını qeyd edib: “Gəmi inşa və təmiri sektorunda 200 tonluq patrul kateri inşa olunub. Bu 200 tonluq kateri biz öz qüvvəmizlə özümüz inşa edib istifadəyə vermişik. O, indi də bizim Hərbi Dəniz Qüvvələrindədir. Eləcə də, 21 gözətçi gəmisi əsaslı təmir olunaraq yeni silah və texniki vasitələrlə təchiz edilib”.

S. Əbiyev Azərbaycan Silahlı Qüvvələrinin beynəlxalq əlaqələrinin gücləndirilməsi üçün konkret işlərin görüldüyünü də deyib: “Azərbaycanın dünyanın 27 ölkəsi ilə hərbi əlaqələrinin normativ hüquqi bazasını təşkil edən saziş və memorandumlar, o cümlədən 2009-cu ildə hərbi sahədə dörd əsas sənəd imzalanıb. Hazırda daha 27 ölkə ilə analoji saziş layihələrinin imzalanması müzakirə edilir”.

Nazir çıxışının sonunda Azərbaycanın yüksək döyüş qabiliyyətinə, nizam-intizama malik ordusunun olduğunu vurğulayıb: “Silahlı Qüvvələrimizin möhkəmləndirilməsində əsas məqsəd işğal olunmuş torpaqları düşmənlərdən təmizləmək, ölkəmizin ərazi bütövlüyünü bərpa etmək, qaçqın və məcburi köçkünləri öz doğma yurdlarına qaytarmaqdır”.

Xəbərlər
Redaktorun seçimi