“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
04.05.2009, 13:09
481

Azərbaycan-NATO tərəfdaşlığının 15 ili tamam olmuşdur

A- A+

Bu gün Azərbaycan alyansla “Fərdi tərəfdaşlığın əməliyyat planı” çərçivəsində ən fəal əmakdaşlıq edən ölkələr sırasındadır

Azərbaycan ilə NATO arasında əməkdaşlığın 15 illiyi tamam olmuşdur. Bu tərəfdaşlıq münasibətlərinin əsası 1994-cü il mayın 4-də Azərbaycan prezidenti Heydər Əliyev tərəfindən Şimali Atlantika blokunun mənzil qərargahında “Sülh naminə tərəfdaşlıq” Proqramının çərçivə sənədinin imzalanması ilə qoyulmuşdur. Həmin vaxtdan Azərbaycan ilə NATO arasında tərəfdaşlıq münasibətləri yüksələn xətlə inkişaf edir. 

NATO ilə əməkdaşlığın sonrakı mərhələsi “Fərdi tərəfdaşlığın əməliyyat planı”nın (FTƏP) icrası olmuşdur. Ölkəmizin “Sülh naminə tərəfdaşlıq” Proqramına qoşulmasından 10 il sonra - 2004-cü ilin mayında Prezident İlham Əliyev Azərbaycanın FTƏP Təqdimat Sənədini NATO-nun baş katibinə təqdim etmişdir. Bununla da, Azərbaycan ilə NATO münasibətlərində yeni mərhələ başlamışdır.

Bu gün Azərbaycan FTƏP çərçivəsində NATO ilə siyasi dialoq və məsləhətləşmələri genişləndirir, bu qurumla siyasi, hərbi, iqtisadi, ictimai məlumatlandırma, elm, ətraf mühit və digər sahələrdə əməkdaşlıq münasibətlərini inkişaf etdirir.

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının təsdiq edilməsi barədə” imzaladığı Sərəncam isə bu əlaqələrin inkişafına böyük töhfələr vermişdir. Azərbaycan NATO ilə qurumun İraq və Kosovoda sülhməramlı missiyası çərçivəsində əməkdaşlıq etmiş, hazırda bu əməkdaşlıq Əfqanıstanda davam etdirilir.
NATO-nun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi birmənalı olaraq təşkilatın 1994-cü il Brüssel Zirvə Toplantısının bəyannaməsində əks olunmuşdur.

NATO Cənubi Qafqaz dövlətlərinin ərazi bütövlüyünü və suverenliyini tanıyır, bölgədəki bütün münaqişələrin, o cümlədən Dağlıq Qarabağ probleminin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllini, bu sahədə ATƏT-in Minsk qrupunun göstərdiyi bütün səyləri dəstəkləyir.

Mövzuya dair:

Azərbaycan hərbçilər NATO tədbirlərində iştirak edəcəklər

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, Azərbaycan hərbçiləri NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramı çərçivəsində mayın 4-dən 6-dək İtaliyanın Neapol şəhərində “Əməliyyat hüququ” mövzusunda seminarda, mayın 4-dən 15-dək Ankarada (Türkiyə) SNT Qərargah zabitləri üçün MTT ilə tanışlıq kursu, Budapeşt şəhərində (Macarıstan) Qərargah zabitləri üçün hərbi terminologiya kursu, mayın 6-da Belçikanın Brüssel şəhərində NATO və tərəfdaş ölkələr arasında baş qərargah rəisləri səviyyəsində görüş, mayın 18-də planlaşdırma və analiz prosesi (PAP) üzrə işçi görüşü, mayın 8-dən 20-dək Tbilisi şəhərində (Gürcüstan) “Cooperative Longbov 2009” təlimlərində iştirak edəcəklər.

Bundan əlavə, hərbçilərimiz mayın 11-dən 15-dək Almaniyanın Oberammerqau şəhərində NATO-nun Qərargah zabitləri üçün tanışlıq kursunda, Ukraynanın paytaxtı Kiyevdə birgə qüvvələr təlimi, mayın 18-dən 22-dək NATO-nun İzmirdəki Hərbi Hava Qüvvələri Komponent Komandanlığının Bakıda mobil təlim kursu, mayın 19-20-də isə Bolqarıstanın Sofiya şəhərində NATO-nun təlim siyasətində nəticələrin icmalı və əldə edilmiş təcrübələrin öyrənilməsi təlimlərində də iştirak edəcəklər.

AzərTAc, 04.05.2009.

Bax həmçinin:

Xəbərlər
Redaktorun seçimi