“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
19.03.2010, 19:59
460

Yenə fəsli-bahar gəldi...

A- A+

Novruz bayramınız mübarək!

Bahar fəsli Azərbaycana martın 20-də saat 21.32 dəqiqədə daxil olacaq.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, martın 20-si axşam bayram axşamı, martın 21-i isə bayram günü hesab olunur.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru Əyyub Quliyev də
APA-ya ölkə ərazisinə baharın gəlişinin martın 20-də Bakı vaxtı ilə təxminən saat 21:32 radələrində baş verəcəyini bildirib.

Onun sözlərinə görə, martın 20-də Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edəcək. Həmin an Günəş Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olacaq. Bu nöqtəyə astronomiyada “yaz bərabərliyi nöqtəsi” deyilir.

 * * *

Qeyd edək ki, Azərbaycan Respublikasında Baharın gəlişi – Novruz bayramı - martın 20-dən 24-dək, beş gün ərzində rəsmi bayram və istirahət günləri olaraq qeyd olunur.

Biz də bütün dünya azərbaycanlılarını, qardaş türk xalqlarını, eləcə də Novruzu bayram edən bütün millətləri bu münasibətlə təbrik edirik!

Novruz bayramınız mübarək!

www.azerbaycanli.org

 * * *

Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbriki 

Əziz həmvətənlər!

Sizi hamımızın sevimli Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə cansağlığı, səadət və uğurlar arzulayıram.

Xalqımız min illər ərzində təşəkkül tapmış ənənələrə sadiq qalaraq hər il Novruz gününü təntənə ilə bayram edir. Təbiətlə insanın sarsılmaz vəhdətinə dair qədim təsəvvürləri əks etdirən Novruz bayramı insanlarımızın yaddaşına əbədi həkk olunmuşdur. Ulu əcdadlarımızın indiki nəsillərə misilsiz ərməğanı olan Novruz adət-ənənələrinin günümüzədək layiqincə yaşadılması Azərbaycan xalqının çoxəsrlik tariximiz qarşısında müstəsna xidmətidir.

Yüksək mənəviyyat xəzinəsi sayılan Bahar bayramı milli-mədəni sərvətlərimizin zənginliyini dolğun ifadə edir. O, böyük mənəvi gücə malik olub, insanlar arasında qarşılıqlı dostluq, səmimiyyət, qayğıkeşlik və qardaşlıq duyğularını gücləndirir, cəmiyyətdə əmin-amanlığın və xoş münasibətlərin bərqərar olmasına zəmin yaradır.

Sürətlə dəyişən dünyamızda qloballaşma proseslərinin geniş vüsət aldığı bir zamanda Novruz bayramı daşıdığı bütün məna və rəmzləri ilə xalqımızın tarixi-mədəni irsə son dərəcə bağlı olduğunu parlaq nümayiş etdirir. Ən ali keyfiyyətləri özündə cəmləşdirən bayram kimi Novruzun UNESCO tərəfindən bəşəriyyətin mədəni irs nümunələri siyahısına daxil edilməsi təqdirəlayiq haldır.

Bahar bayramının kütləvi el şənlikləri və mərasimlərlə dövlət səviyyəsində keçirilməsi və yurdumuzun hər bir guşəsində sonsuz sevinclə qarşılanması milli müstəqilliyimizin bizə bəxş etdiyi nailiyyətlərdəndir. Ölkəmizin hüdudlarından uzaqlarda yaşayan və qəlbləri Azərbaycanla birgə döyünən soydaşlarımız bu əziz günü bizimlə bərabər qeyd edirlər. Ümidvaram ki, milli dəyərlərə sadiqlik və həmrəylik duyğusu bütün azərbaycanlıları doğma Vətənimizin inkişafı naminə daha sıx birləşdirəcəkdir.

Hamınıza bahar təravətli bayram əhval-ruhiyyəsi arzu edirəm.

Novruz bayramınız mübarək olsun!

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 mart 2010-cu il.

* * *

Mövzuya dair:

Yenə fəsli-bahar oldu 

Zimistanın ömrü sona yetdi. Üzümüzə müqəddəs Novruzun nəfəsi dəyməkdədir. Yenə ruhumuzun dirçəldiyi, əhvalımızın yüksəldiyi məqamdır. Novruzun son çərşənbəsini qarşılayırıq.

Fevralın 23-dən başlanan çərşənbə axşamlarında xalqımız sudan içərək, oddan keçərək, yeldə sərinlənərək, nəhayət, gəlib torpağa baş əydi. İlaxır çərşənbələrinin bu ardıcıllığı bayatı formasında yaranmış tapmacalarda görün necə qəribə mənalandırılıb:

Qabaqda seli gözəl,
Dalınca yeli gözəl.
Yaxasında sünbülü,
Başında teli gözəl!
(Su, Yel, Torpaq və Günəş)

İlaxır çərşənbəsinin el arasında müxtəlif adları var: Axırçərşənbə, Yel çərşənbəsi, Çərşənbə Suri və nəhayət, Torpaq çərşənbəsi. Bu adların təbiət ünsürləri ilə bağlı sıralanmasının mühüm mənası var. Müşahidələr təsdiqləyib ki, Su, Od, Hava (Külək) birləşərək torpağa oyanış gətirir, onun canını qızdırır, hərarətini artırır. Beləliklə də təbiət oyanır. Torpağın qara bağrı yarılaraq zümrüd rəngli zərif gözəlliklər üzümüzə boylanır. Hətta qar əriməmiş yerlərdə, buz bağlamış kol diblərində belə bənövşələr qışa meydan oxuyur. Çiynini onun sərt ağırlığına verərək üzə çıxır.

İlaxır çərşənbələrinin özünəməxsusluğu illərin sınağından çıxmışdı. Hər bir çərşənbə axşamı xoş ovqatla, sevinclə qeyd edilir. Amma ilaxır çərşənbəsi bunlardan bir qədər fərqlənir. Bu çərşənbədə tonqalın üstündən atılır, fala baxılır, eləcə də qulaq falına çıxılır.

O, ilin ən əziz, müqəddəs günü sayılır, əsl bayram səviyyəsində keçirilir. İlaxır çərşənbələrinin mərasim və ayinləri həmişə zəngin olur. Əvvəlki çərşənbələrin hamısı - suların daşması da, küləyin əsməsi də, ocaqda odların qalanması da torpağın üzərində, onun qoynunda baş verir. Ona görə də Torpaq bu çərşənbələrin "komandanıdır". Novruzun simvolu olan səmənini hazırlamaq üçün məhz birinci çərşənbədə buğdanı islağa qoyurlar.

Torpaqla bağlı yaranan el sözləri də məna dərinliyinə görə seçilir: "Torpağa göz ağardanda üz ağardar", "Torpaqdan pay olmaz", "Torpaq ovuclayan qızıl ovuclar", "Torpaq deyər: sən mənə tər ver, mən sənə bar verim", "Yel qulaqlı olar", "Torpağın qarası üz ağardar", "Torpaqla oynayan ac qalmaz", "Torpağa xor baxsan, o sənə kor baxar", "Torpaq deyər: öldür məni, dirildim səni", "Torpağı bir yerdən götürülüb".

Andlar və alqışlarda da torpağın böyüklüyü, müdrikliyi, müqəddəsliyi barədə qiymətli fikirlər var. Hələ əski dövrlərdən üzü bəri insanın ən böyük andı torpağa ünvanlanıb: "Torpaq haqqı", "Yer haqqı", "Torpağında qara yellər əsməsin", "Torpağın yada qismət olmasın", "Torpağına dolu düşsün", "Torpağın həmişə gül bitirsin", "Torpağı sanı yaşayasan", "Torpağını torba ilə daşısınlar", "Torpağa tapşırıldı", "Torpaq başına tökülsün", "Üstünü örtməyə torpaq tapılmasın".

Torpaqla bağlı bilməcələrin də kəsb etdiyi mənalar diqqət çəkir: "Yer üzünün qarası, ağacların anası" (Torpaq) və yaxud da:

Mal etsən, malın olar,
Şanında balın olar,
Yazda, yayda çullanar,
Qış fəsli yalın olar (Torpaq).

İlaxır çərşənbəsi və onun nemətləri ilə bağlı müxtəlif bilməcələr mövcuddur. Məsələn:

Altı daş, üstü daş - arasında çəməni
Qazanda bişən duzsuz aşımdır mənim (səməni halvası).

* * *

Sac üstündə çatlayar,
Ovucdan-ovuca addayar (qovurğa).
Dolu olar yelini,
Bəzəyərlər gəlini (Novruz xonçası).
Qırmızı xatun xonçanı bəzər (boyanmış yumurta).
El-obada addanar,
Şirin olar daddanar,
Gah attanar, yellənər,
Gah alışar, oddanar (Axırçərşənbə).
Say istəsən say verər,
Pay istəsən pay verər,
Əyilib gülün dərsən,
Xoşbəxt ömür, ay verər
(Novruz bayramı).

Torpaq çərşənbəsinin gözəl məziyyətlərindən biri də odur ki, ilaxır gecəsi bütün küsülülər barışmalıdır. Hamı təzə paltar geyməli, xoş sözlər danışmalı, qəlbə toxunan ifadələr, ovqatı korlayan kəlmələr işlətməməlidir. Çünki ilaxır çərşənbəsində adətən, qapıya qulaq falına gələrlər.

Deyirlər ki, ilkin olaraq hansı sözü eşitsən, ilin o cür başa çatacaq. Ona görə də Axırçərşənbədə nəhs danışmaq, kefsizləşmək, nalayiq işlərə yol vermək, qeybət etmək olduqca günahdır. İnanclara görə, çərşənbə axşamı qulağı cingildəyənə mütləq xəbər gələr.

Axırçərşənbədə təkcə libası deyil, fikri, davranışı, insanlara münasibəti, bütövlükdə, yaxşılığa doğru mütləq dəyişmək gərəkdir. Təbiətin özündə belə, o axşam hər şey təzələnir, dəyişir. Bu axşam yandırılan bayram tonqalının ətrafında insanlar dövrə vuraraq üstündən tullanır, üzərlik yandırır, "ağırlığım, uğurluğum odlara tökülsün" deyirlər. Nişanlı qızları ocağın başına fırladırlar. Xoşbəxt olsun deyə, ona xeyir-dua verirlər. Ailə qurmaq istəyən gənclərlə bağlı Tanrıya üz tutub dualar edirlər ki, bəxtlərinə gün düşsün.

Axırçərşənbədə açılan bayram süfrələri də əvvəlkilərdən fərqlənir. Folklorşünas alimlərin araşdırmalarına görə, hələ qədim zamanlarda Novruz süfrəsinə bol nemətlərin düzülməsi yeni başlayacaq ilin barlı-bərəkətli, firavan olmasının simvoluna çevrilərdi. Süfrəyə yeddi cür nemətin qoyulması müqəddəs sayılan 7 rəqəmin uğur gətirəcəyinə işarədir.

Azərbaycanın bir sıra bölgələrində, xüsusilə də Naxçıvanda, Zəngəzurda ilaxır çərşənbəsi "Yeddi ləvin bayramı" adı ilə tanınır. İslamdan çox əvvəl süfrəyə "Ş" hərfi ilə başlanan yeddi cür nemət qoyularmış: şərbət, şəkər, şam, şərab, şabalıd, şor, şirni və sairə. Sonralar islamın dönəmində şərab yasaq olduğu üçün "Ş" hərfi "S" hərfi ilə əvəz edilib. Ona görə də ilaxır çərşənbəsində süfrəyə yeddi nemət düzülməlidir: su, süd, səməni, səbzə, sumaq, sarıkök, sünbül və s.

Hələ qədim zamanlardan bu gözəl axşama xüsusi hazırlıq görülərdi. Əvvəlcədən ev-eşik təmizlənər, xüsusi bayram tədarükü hazırlanardı. Yumurta boyanar, qovurğa qovrular, plov süzülər, şirniyyatlar bişirilər. Bu bayram kənd yerlərində daha gözəl keçirilir. Həmin axşam bütün həyətlərdən xoş ətirli rayihələr insanları bihuş edir. Hamı bu bayramda bir-birini təbrik etməyə tələsir, bayram axşamı ailənin sayı qədər süfrədə şam yandırılar, niyyət tutular. Həmin axşam uşaqlar qapı-qapı gəzib bayram payı alırlar. İnsanlar o gecə səhərədək şənlik edirlər. Nə xoş ki, bu ənənə davam edir.

İlaxır çərşənbəsi günü sübh tezdən bulağa gedər, evə su gətirər, əl-üzünü axar suda yuyarlar. Mütləq bulaqdan yeddi daş gətirib evdəki nemət dolu qabın içinə atarlar ki, bolluq olsun. İlaxır çərşənbəsində oxunan nəğmələrin, mahnıların öz coşqunluğu var:

Səməni, ay səməni,
Göyərdərəm mən səni.
Səməni, saxla məni,
İldə göyərdərəm səni.

Sinəsində sellər, sular şaqqıldadı, ocağında odlar qalandı, küləklər belədən-belə ərzi başına götürdü və nəhayət, bütün bunların müqabilində insan oğlunun ürəyinə yeni sevinclər gətirmək üçün saçaqlanmış sarı sünbülü ona hədiyyə etdi Torpaq. Bununla da ona baş əyən insanı ucaltdı, əməyini boş vermədi, süfrəsinə bar-bərəkət göndərdi. Ona görə də sinəsi sünbüllü torpağımızı ürəkdən sevir, onun hər qarışı uğrunda candan keçməyə hazırıq.

İllərin sınağından çıxıb ki, ilaxır çərşənbəsi üzünü ulu Tanrıya tutub ürəkdən nə alqış etsən, nə diləsən, yerinə yetər, Torpaq müqəddəsdir. Ondan pay olmaz. İllərdir ki, tarixi torpağımızın bir hissəsi param-parça olub yağı tapdağı altında inildəyir. Qoy soydaşlarımızın bu axşam əlləri ulu Tanrıya açılsın: Sən bu qədim və halal torpağımıza dinclik, sakitlik və bütövlük ərməğan et! Qoy yağıların murdar əl-ayağı torpaqlarımızdan çəkilsin. Onu təmizliyə çıxarmaq üçün yağan yaz yağışları məmləkətimizin yaralı torpaqlarına məlhəm qoysun. Qarşıdan ulu Novruz gəlir. Bayramınız mübarək!

Siz Allah, xoş danışın!
Yarım qulağa çıxıb.
Qızım bulağa çıxıb,
Enib bulağa çıxıb.

Flora Xəlilzadə, "Azərbaycan", 16.03.2010.

 * * *

Bax həmçinin:

► Novruz  təravət, ruzi və bərəkət rəmzidir

Xəbərlər
Redaktorun seçimi