Ocağınız odlu, eviniz nurlu olsun
Od çərşənbəsi – Novruz çərşənbələrindən ikincisi...
Yazın, baharın zümrüd libasına bürünmüş Novruzun gəlişini xalqımız həmişə xüsusi hazırlıqla qeyd edib. Novruza hələ bir ay qalmış, yəni, Kiçik Çillənin çıxması ilə el-obada hazırlıq görülər, bağ-bağçada təmizlik aparılar, həyət-baca səliqəyə salınar, xüsusilə də, kənd yerlərində xalça, palaz yuyular, ev-eşik ağardılar. Bir sözlə, insanlar Novruzu xüsusi təmtəraqla qarşılamağa çalışardılar.
Ötən yazımızda (bax: https://azerbaycanli.org/az/news-542.html) bildirdiyimiz kimi, Novruz bayramına qədər Boz ayın dörd çərşənbəsi xüsusi təmtəraqla qeyd edilir. Birinci çərşənbədən bir həftə keçib.
İlaxır çərşənbəsinin ikincisinə (2 mart – red.) el arasında ona "Od çərşənbəsi" desələr də, Boz ayın müqəddəs günlərindən sayılan bu mübarək axşamı hələ qədimlərdən müxtəlif adlarla əzizləyiblər: "Üsgü gecəsi", "Üsgü çərşənbə", "İkinci çərşənbə", "Addı çərşənbə"...
Hələ qədimdən xalqımızın Günəşə, Oda böyük inamı olub. Bu səbəbdən də odu qoruyub saxlamaq adətə çevrilib. Ümumiyyətlə, türkdilli xalqlarda Günəşə, Oda, Atəşə böyük inam olub. Bu səbəbdən də insanlarda belə bir etiqad yaranıb ki, Günəşə, Oda həmişə inam gətirmək gərəkdir.
Bəzi insanlar bu Odu zərdüştlükdən gələn sitayişlə, etiqadla qarışdırırlar. Halbuki Novruz bayramının tarixi zərdüştlükdən də, islamdan da çox qədimdir. Bayram çərşənbələrində yandırılan tonqalın atəşpərəstliklə heç bir əlaqəsi yoxdur. Bunların arasındakı fərqi sadəcə olaraq bilmək lazımdır.
Atəşpərəstlikdə odun üstündən tullanmaq, hətta ona nəfəs vermək belə, günah sayılıb. Atəşpərəstlər odun ətrafına fırlanarkən üzlərinə niqab bağlayıblar ki, nəfəsləri oda toxunmasın. Novruzda isə odun üstündən tullanaraq "Ağrım, uğrum oda tökülsün, yansın, canım dərddən, qəmdən, ağrı-acıdan qurtulsun" - deyirlər. Od çərşənbəsinin səhəri insanlar sübh tezdən durar, Günəşin doğmasını səbirsizliklə gözləyərdilər.
Tədqiqatçılar yazırlar ki, qədim dövrlərdə hətta Günəşi salamlamaq üçün xüsusi nəğmələr oxuyar, tonqallar yandırıb ətrafında dövrə vurar, sonra da o tonqaldan hərə bir məşəl götürüb öz ocaqlarını alışdırmaq üçün evlərinə tələsərdi. Günəşin şəninə qoşulan el nəğmələrində dərin bir inam əks olunardı:
Göydə uçar bir maya,
İşıq salar dünyaya.
Göydə durar qızıl daş,
Dünya əyər ona baş.
Bu bayatının baş qəhrəmanı Günəşdir. Nənələr Günəşi "Qızıl yaylıq" adlandırırdılar. Bu yaylığın sahibi isə dünyadır. Bu deyimlərdən gələn mənanı araşdırdıqca xalqımızın hələ qədimdən sülhsevər, bəşəri hisslərlə çırpınan böyük ürəyə malik olduğu duyulur.
Hələ əski zamanlardan Oda bəslənən inamın nəticəsidir ki, folklorumuzda Odla bağlı müxtəlif janrlı nümunələr var. Bu mövzuda yüzlərlə atalar sözü yaranıb: "Odsuz ocaq olmaz", "Oda pənah aparanın ocağı sönməz", "Od imanadır", "Od yanan yerdən tüstü çıxar", "Odu, çırağı yandıran xeyir aparar", "Od küllə gizlənər", "Odla oynayan odsuz qalar", "Ocaq sönməyən yerdə məskən salarlar".
İnanclarda da Odla bağlı maraqlı fikirlər var. İllərin sınağından çıxmış bu inanclar çox düşündürücüdür. Məsələn, "Ocaq dağıdanın ocağı dağılar", "Ocaqda kül titrəyəndə od xeyirə oynayır", - deyərlər, "Od hisli olarsa, uzaqdan qonaq gələcək", "Ocaq yananda səs çıxırsa, kimsə sözünü danışır". Bəzən bu inanclar xalq təbabətində də öz əksini tapır. Yaraya ocaq külü bağlayarlar ki, tez sağalsın. Lap qədim zamanlarda yeni doğulmuş körpəni külün üstünə qoyardılar ki, xəstəlik tapmasın. Bayram ocağının tüstüsü kimin üzünə vursa sevgilisi göyçək olar. Günəş doğulanda dünyaya gələn körpə göyçək olar. Xalq təbabətinə görə, qədimlərdə yaranı odla dağlayardılar.
Oda sevgi, inam insanlarda o qədər güclü olub ki, hələ qədim dövrlərdən üzü bəri ona and içiblər. Andlar, alqışlar, qarğışlar bir istəyə bürünüb. İnandırmaq üçün "Od haqqı" deyiblər. Alqışlarda "Ocağın odlu, qazanın qaynar olsun" söyləyiblər. Qarğışların ahəngindən isə vahimə tökülüb: "Ocağın qazan görməsin", "İçinə od düşsün".
Əski etiqadlarda Odun ilk simvolu Günəş sayılıb. Çünki Günəş həyatın və varlığın yaradıcısıdır. Bu səbəbdən də törənən inanclarda, bilməcələrdə qətiyyətlə bildirilib ki, "Gün düşən yerdə xəstəlik olmaz", "Gün güzəranlıq gətirər", "Günəşə and olsun", "Günəş səni kəssin". Günəşlə bağlı bayatı və tapmacalar da maraqlıdır.
Qazdım, qazdım, qum çıxdı,
Qumdan miranə çıxdı.
Şər vaxtı ölən oğlan
Sübhdən bazara çıxdı.
(Günəş)
Odla bağlı oxunan nəğmələrin gözəlliyi də bir başqa aləmdir. Hətta elə xalq mahnılarımız var ki, sanki onun mayası da elə Od çərşənbəsində tutulub. Folklorşünaslar söyləyiblər ki, Novruz bayramında qızlar saçlarından üç tel ayırıb sinələrinə sıxaraq oxuyarmışlar:
Samovara od salmışam,
Stəkana qənd salmışam.
Yarım gedib tək qalmışam.
Yar bizə qonaq gələcək,
Bilmirəm nə vaxt gələcək?!
Novruzun şehli çəmənlərlə atılan sayalı qədəmlərindən biri də məhz bu mərasimlərdə bayram xonçaları ilə bərabər, nişan məclislərinin də qurulmasıdır. Deyilənə görə, çərşənbə axşamlarının qəribə qüdrəti var. Xüsusilə də, Od çərşənbəsində qızların yanağı alışıb yanar, çəmən çiçəklərinə bənzəyərlər. Oğlanların isə sinələrində odlu ürək döyünər. Bu çırpıntıların mənasını isə Novruz bayramlarında evdən-evə qırmızı örtüklü xonçalarda gedən sovqatlar açıqlayar.
Od çərşənbəsində açılan süfrə mütləq zəngin olmalıdır. Burada quru meyvələr, müxtəlif şirniyyatlar, su, süd mütləq qoyulmalıdır. Bütün çərşənbələrdə süfrənin şahı plovdur. Səmənini ancaq Axır çərşənbədə və Novruzda süfrəyə qoyarlar. Od çərşənbəsində də insanlar bir-birinə qonaq gedər, "Çərşənbən mübarək" deyər. "Ağrın, acın Odda yansın, Yel dərd-qəmini aparsın" söyləyərlər. Bu alqışlar həm də ona işarədir ki, qarşıdakı əziz gün Yel çərşənbəsi olacaq.
Əlbəttə, əsrlərin dizini qatlayıb bugünümüzə qədər çətin və şərəfli bir yol keçən Novruz bayramını layiqincə qarşılamaq və qeyd etmək üçün onunla bağlı olan çərşənbə axşamlarını da eyni dərəcədə, yüksək ovqatla keçirməliyik. Bu, həm də milli yaddaşımızdır. Bu yaşam o qədər qüdrətli və əbədidir ki, hətta sovet dönəmində ən sərt rejimin belə, gücü çatmadı ki, onu qəlbimizdən qoparıb silsin. Sudan içdik, Oddan keçdik, indi üzü Küləyə sarı gedirik.
Çərşənbə axşamlarınız mübarək olsun! Bu bayramın ahəngindən gələn bir niyyəti sizlərə deməyi borc bilirik ki, yaxınlarınızı, dost-tanışlarınızı, qohum-əqrəbanızı təbrik etməyi unutmayasınız:
- Ocağınız yanar, odunuz sönməz, eviniz işıqlı olsun!
Flora Xəlilzadə,“Azərbaycan", 02.03.2010.