“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
22.11.2010, 18:33
470

NATO Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir daha təsdiq edib

A- A+

Alyans Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dəstəyini də yeniləyib

Noyabrın 20-də NATO Lissabon (Portuqaliya) zirvə toplantısı çərçivəsində dövlət və hökumət başçıları Şimali Atlantika Şurasının işində iştirak ediblər. İclasın yekunlarına dair Lissabon Sammiti Bəyanatı qəbul edilib. 

Bəyanatın 35-ci maddəsində NATO Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyini tanıdığını bir daha təsdiq edib. 

Bəyanatda NATO Cənubi Qafqaz və Moldovadakı uzun müddət davam edən regional münaqişələrin hələ də davam etməsindən olduqca narahat olduğunu bildirir və bütün tərəfləri bu məsələlərdə konstruktivlik və siyasi iradə nümayiş etdirərək, bu münaqişələri sülh yolu ilə həll etməyə və hal hazırda gedən danışıqlara hörmətlə yanaşmağa və bütün tərəflərdən regional stabilliyi və təhlükəsizliyi poza biləcək addımlardan çəkinməyə çağırır.

Sənəddə eyni zamanda, alyans Gürcüstan, Azərbaycan və Moldovanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliklərini bir daha tanıdığını vurğulayaraq, hər bir münaqişənin prinsipini nəzərə almaqla, bu regional münaqişələrin sülh yolu ilə həlli istiqamətində səyləri dəstəkləyəcəyini bəyan edir.

Qeyd edək ki, bu bəyanatda Azərbaycanın da ərazi bütövlüyü tanındığı üçün Ermənistan ümumiyyətlə sənədin belə bir şəkildə tərtib edilməsini istəməyib.

Xatırladaq ki, NATO-nun bundan öncəki zirvə toplantılarında da Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunmuşdu. Təşkilatın sonuncu Strasburq-Kehl (2009) sammitindən sonra NATO ölkələri tərəfindən Azərbaycanın ərazi bütövlüyünə dəstəyin verilməməsi üçün Ermənistan ciddi diplomatik səylər göstərib və bu ilin may ayında Ermənistanın prezidenti Serj Sarkisyan bu məqsədlə Brüsselə - NATO-nun qərargahına səfər etmişdi. O, təşkilatın baş katibi Anders Foq Rasmussenlə birgə keçirdiyi mətbuat konfransında açıq şəkildə NATO-nun Azərbaycanın ərazi bütövlüyünə dəstək verməməsini istəmişdi.

Bundan əlavə, S. Sarkisyan Azərbaycan tərəfindən mümkün hərbi əməliyyatların başlayacağı təqdirdə, NATO-nu hərbi müdaxilə etməyə çağırmışdı. Lakin Ermənistanın bu istiqamətdə uzun müddət davam edən səylərinə baxmayaraq, NATO ölkələri Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiklərini bu gün bir daha bəyan edib.

Alyans ölkələri bu dəstəyi hələ 1994-cü ildə ifadə etmiş, həmin il qəbul olunan Sülh Naminə Tərəfdaşlıq çərçivə sənədinin prinsiplərinə uyğun olaraq, fəal tərəfdaşlardan hesab olunan Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və siyasi müstəqilliyinə dəstək vermişdilər.

Onu da qeyd edək ki, NATO-nun Lissabon zirvə toplantısında Azərbaycan prezidenti İlham Əliyev iştirak edib. Ermənistan prezidenti Serj Sarkisyan zirvə toplantısına qatılmayıb. Sammitdə bu ölkəni XİN başçısı Edvard Nalbandyan təmsil edib.

* * *

►Mövzuya dair:

NATO öz qapılarının yeni üzvlər üçün açıq olduğunu bəyan edib

NATO-nun Lissabon sammiti çərçivəsində dünən qəbul olunan yeni strateji konsepsiyada təşkilatın bundan sonra da genişlənə bilməsinin mümkünlüyü qeyd olunub. Lissabona ezam olunmuş APA-nın Avropa bürosunun əməkdaşının verdiyi məlumata görə, təşkilatın bu yeni sənədində genişlənməyə dair müddəaya əsasən alyansa üzv olmaq üçün ölkə ciddi problemləri olduğu halda belə NATO-ya üzv olmaq imkanını əldə edə biləcək.

Sənəddə Alyansın qapılarının bütün Avropa demokratik ölkələri üçün açıq olduğu bildirilir. Bundan başqa, Gürcüstan və Ukraynanın da Alyansa yaxın gələcəkdə üzv ola bilməsi istiqamətində xüsusi hazırlıq işlərinin aparılacağı bildirilir. Təşkilat bu iki ölkə ilə daha da sıx əməkdaşlıq etmək və bu əməkdaşlığı davam etdirmək niyyətindədir.

Yeni konsepsiyada bu prosesin Gürcüstan-NATO və Ukrayna-NATO komitələri formatında inkişaf etdiriləcəyi qeyd olunur. Təşkilat bu ölkələrlə arasındakı əməkdaşlığın NATO-nun 2008-ci ildə Buxarestdəki sammitində qəbul etdiyi qərarları əsasında həyata keçirilməsinin vacibliyi bir daha vurğulayır. Bu məsələləri müzakirə etmək üçün Gürcüstan prezidenti Mixail Saakaşvili də NATO-nun Lissabon sammitində iştirak edir. O dünən ABŞ prezidenti Barak Obama ilə də görüşüb.

APA.

Xəbərlər
Redaktorun seçimi