“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
07.12.2009, 22:03
469

Dağlıq Qarabağ öz müqəddəratını Azərbaycanın tərkibində təyin edə bilər

A- A+

Azərbaycan XİN rəhbəri bildirib ki, erməni tərəf buna razılıq versə, regionda geniş əməkdaşlıq imkanları yaranacaq

«Ermənistan Silahlı Qüvvələrinin məhdud zaman çərçivəsində Azərbaycanın işğal olunmuş ərazilərindən çıxması regionun geniş inkişaf etməsinə imkan verəcək və bu, Dağlıq Qarabağ probleminin tezliklə həll olunması üçün açar ola bilər». 

Bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov dekabrın 2-də Afinada ATƏT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edərkən deyib.

Azərbaycan XİN başçısı vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi regionun qeyri-sabit inkişafının və Avropaya inteqrasiyasına maneənin əsas mənbəyi olaraq qalır. Məmmədyarov münaqişə nəticəsində Azərbaycan ərazisinin 20 faizinin erməni qüvvələrinin işğalı altında olmasını, həmin bölgələrdəki tarixi-mədəni dəyərlərin məhv edilməsi və 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünlərin taleyini bir daha avropalı həmkarlarının diqqətinə çatdırıb.

Azərbaycanın bu münaqişəni dinc vasitələrlə həll etmək niyyətini qeyd edən nazirin sözlərinə görə, Qarabağ sülh prosesi bu il həm prezidentlər, həm də xarici işlər nazirləri, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri səviyyəsində intensivləşib. Məmmədyarov qeyd edib ki, danışıqlardakı intensivlik sülh prosesində razılaşdırılmamış məsələlərin müzakirəsini daha da dərinləşdirməyə imkan verir. 

«Son danışıqlarda müsbət dinamikanı qeyd etmək istərdim. Tərəflərlə yanaşı, həmsədrlər də intensivlik nümayiş etdirirlər. Rəsmi Bakı Azərbaycanın Dağlıq Qarabağ regionunun azərbaycanlı və erməni icmaları arasında normal münasibətlərinin yaranmasına hesablanmış konstruktiv siyasət aparır. İcmalar arasında qurulacaq bu münasibətlər Azərbaycan və Ermənistan arasında əlaqələrin də normallaşmasına əsas yaradardı», - deyə Məmmədyarov bildirib.

XİN başçısı Azərbaycanın Dağlıq Qarabağa yüksək özünüidarə imkanları yaratmağa hazır olduğunu da bir daha diqqətə çatdırıb: «Dağlıq Qarabağın öz müqəddəratını Azərbaycanın tərkibində təyin etməsi münaqişənin tezliklə həllinə imkan verərdi».

Nazir vurğulayıb ki, bu imkanlara nail olmaq üçün, ilk növbədə, erməni silahlı qüvvələrinin müəyyən olunmuş bir vaxtda və müəyyən çərçivədə Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması zəruridir.

Azərbaycanın XİN rəhbəri öz çıxışında ATƏT-in Avropada təhlükəsizlik sistemində daha fəal rol almasının, təşkilatın dövlət başçıları səviyyəsində toplantılarının əhəmiyyətini qeyd edib. Nazir bildirib ki, Azərbaycan 2010-cu ildə ATƏT-in zirvə toplantısının keçirilməsi ilə bağlı Qazaxıstanın təklifini dəstəkləyir: «Bu sammit təşkilatın effektivliyinin daha da artırılmasına şərait yaradacaq».

Xatırladaq ki, 2010-cu ildə ATƏT-ə sədrliyi Qazaxıstan həyata keçirəcək. Qazaxıstan prezidenti Nursultan Nazarbayev 2010-cu ildə ATƏT-in təməl sənədi olan Helsinki Yekun Aktının (1975) qəbulunun 35, İkinci Dünya Müharibəsinin başa çatmasının 65 və yeni Avropa üçün Paris Xartiyasının (1990) qəbulunun 20 illiyi münasibətilə ATƏT sammitinin keçirilməsi təklifini irəli sürüb.

Qeyd edək ki, ATƏT Xarici İşlər Nazirləri Şurasının Afinada keçirilən 17-ci illik iclası dünən işini başa vurub. Toplantının yekun bəyannaməsində ATƏT məkanındakı regional münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair müddəa da yer alıb.

Xatırladaq ki, ATƏT toplatısının birinci günü Qarabağ məsəlsinə xüsusilə geniş yer ayrılmış, Afinada Azərbaycan, Ermənistan və ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin iştirakı ilə 3+2 formatında görüş keçirilmişdi. Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov, Edvard Nalbandyan, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Fransanın xarici işlər naziri Bernar Kuşner, ABŞ dövlət katibinin müavini Ceyms Steynberq, habelə vasitəçilər Robert Bradtke (ABŞ), Bernar Fasie (Fransa), Yuri Merzlyakov və digər şəxslər iştirak ediblər.

Görüşün yekunu olaraq qəbul edilən bəyanatda Azərbaycan və Ermənistan prezidentlərinin apardığı danışıqlarda pozitiv dinamikanın olduğu vurğulanıb: «Tərəflər arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında dair Madrid təklifləri üzrə baza prinsiplərinin razılaşdırılması istiqamətində danışıqların daha da intensivləşdirilməsi vacibdir».

Onu da qeyd edək ki, bu ay Minsk Qrupu həmsədrləri bölgəyə növbəti səfər edəcəklər. Azərbaycan XİN rəbhəri Məmmədyarovun sözlərinə görə, səfərdə prezidentlərin növbəti görüşünün təşkili müzakirə olunacaq.

Qarabağ mövzusu isə ATƏT toplantısının ikinci günündə də bir sıra çıxışlarda diqqətə alınıb. Xatırladaq ki, toplantının birinci günü ATƏT-in sədri, Yunanıstanın baş naziri və XİN rəhbəri Yorqo Papandreu, ATƏT-in Minsk Qrupunun həmsədrləri olan Fransa, Rusiya və ABŞ-ın nümayəndələri, İsveçrə XİN başçısı Qarabağ probleminə toxunmuşdu.

Dünən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu çıxışında bu məsələyə xüsusi yer ayırıb. «Azərbaycan və Gürcüstan ərazisindəki həll olunmamış münaqişələr bütün Avropa qitəsinin təhlükəsizliyinə təhdiddir», - deyə türkiyəli nazir bildirib.

Münaqişələrin müxtəlif səbəblərdən yarandığını qeyd edən Davudoğlu hər münaqişənin parametrinə xüsusi diqqətlə yanaşmağın vacibliyini söyləyib: «Lakin, eyni zamanda, münaqişənin həlli prosesində ümumi beynəlxalq prinsiplərə də əsaslanmaq lazımdır. Ölkələrin ərazi bütövlüyünə riayət olunması bütün nizamlanmaların əsasını təşkil edir. Bu planda Türkiyənin Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk Qrupuna dəstəyini ifadə etmək istərdim. Biz hər iki tərəfdən xahiş edirik ki, təcili nəticəyə nail olsunlar».

Davudoğlu münaqişənin nizamlanması prosesinə təcrid olunmuş şəkildə yanaşmanın düzgün olmadığını da diqqətə çatdırıb: «2008-ci ildə Gürcüstanda baş verən müharibə göstərdi ki, «dondurulmuş» adlanan münaqişələr heç «dondurulmuş» deyil. Türkiyə hesab edir ki, münaqişənin həlli istiqamətində səylərin artırılması regionda möhkəm sülh və sabitliyə gətirib çıxaracaq, bu isə, öz növbəsində, ölkələr arasında qarşılıqlı yaxınlaşmanı gücləndirəcək».

Ukraynanın xarici işlər naziri Petr Poroşenko da ATƏT XİN Şurasının iclasındakı çıxışında postsovet məkanındakı konfliktlərə, o cümləədn Qarabağ münaqişəsinə toxunub. Ukrayna xarici siyasət idarəsinin rəhbəri bu münaqişələrin dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllinin zəruriliyini vurğulayıb: «Gürcüstandakı münaqişələrin, Dnestryanı və Dağlıq Qarabağ münaqişələri beynəlxalq hüququn normaları əsasında, dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı prinsipləri çərçivəsində həll edilməlidir».

Yeri gəlmişkən, GUAM təşkilatında Azərbaycanın yaxın tərəfdaşı olan Ukrayna 2013-cü ildə ATƏT-ə sədrlik etmək niyyətindədir. Bu barədə Ukraynanın xarici işlər naziri Petr Poroşenko ATƏT XİN Şurasının iclasında çıxışında deyib.

Regional münaqişələr Afinada baş tutan GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) Xarici İşlər Nazirləri Şurasının 11-ci iclasında da müzakirə olunub. İclasda Azərbaycan XİN rəhbəri Məmmədyarov iştirak edib.
Qeyd edək ki, Afinadakı ATƏT sammitinin ardınca (5 dekabr) Brüsseldə NATO-nun illik toplantısı keçiriləcək. Alyansın yüksək toplantısında da Avropadakı təhlükəsizlik və regional münaqişələrin həlli əsas müzakirə mövzularından olacaq.

Bu arada NATO-nun baş katibi Anders Foq Rasmussen ərazisində iki separatçı bölgə olan və Rusiya tərəfindən bu bölgələrin faktiki işğalına məruz qalmış Gürcüstanın müdafiəsinə qalxıb. «Gürcüstanın ərazi bütövlüynə yenidən baxılması yolverilməzdir. Bu məsələ bizim üçün müzakirə mövzusu ola bilməz», - deyə Rasmussen vurğulayıb.

Vüqar Orxan, “525-ci qəzet”, 03.12.2009.

Xəbərlər
Redaktorun seçimi