“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
28.12.2014, 12:54
2052

XIX əsr Qarabağ ədəbiyyatı

A- A+

XIX əsrin ilk çərəyində Azərbaycan xalqının tarixi taleyində baş verən mühüm hadisə - Azərbaycanın Rusiya imperiyasının tərkibinə daxil edilməsi ilə bütövlükdə Qarabağ mədəniyyətində olduğu kimi, Qarabağ ədəbiyyatında da Qərbyönümlü meyllər olduqca güclənir. Bunun təsiri altında ədəbiyyatda milli və realist-dünyəvi motivlər aparıcı mövqeyə çıxır.

Molla Pənah Vaqif yaradıcılığının bilavasitə təsiri altında Qarabağ ədəbi mühitində tənqidi-realist satiranın Qasım bəy Zakir (1784-1857) kimi nümayəndəsi yetişərək uzun müddət poetik inkişafın istiqamətini müəyyənləşdirir. Lakin həm Zakirin öz yaradıcılığında, həm də onunla çağdaş olan şairlərin əsərlərində Füzuli ənənələrinin də yeni səviyyədə davam etdirildiyini görürük ki, bunun da ən böyük nümayəndələrindən biri Xurşud Banu Natəvandır (1830-1897).

Şuşada fəaliyyət göstərən "Məclisi-üns" poetik məclisinə Xurşud Banu Natəvan, "Məclisi-fəramuşan"a ("Unudulmuşlar məclisi") isə Mirzə Möhsün Nəvvab başçılıq edirdi. Poetik məclislər arasında sıx əlaqə mövcud idi və şairlər bir-biri ilə yazışırdılar. Bütövlükdə XIX yüzilliyin ədəbiyyatı Qarabağ ədəbi məktəbinin yeni mərhələyə (XX əsr ədəbiyyatına) keçid üçün möhkəm zəmin hazırlamışdır.

M.F.Axundzadə ənənələrinin davamı ilə inkişaf edən maarifçi dramaturgiya Nəcəf bəy Vəzirovun (1854-1926) hələ XIX əsrin sonlarında qələmə aldığı komediyalar və "Müsibəti-Fəxrəddin" (1894) faciəsi, Əbdürrəhimbəy Haqverdiyevin (1870-1933) komediyaları və "Dağılan tifaq", "Bəxtsiz cavan" (1900), "Ağa Məhəmməd şah Qacar" (1907) faciələri ilə Azərbaycan ədəbiyyatı daha da zənginləşdi.

İlk Azərbaycan professional qadın aşığını da Qarabağ yetişdirmişdir və Aşıq Pəri şəxsiyyəti (XIX əsr) buna əyani bir sübutdur. Lakin artıq bu yazılı ədəbiyyatla folklorun qovuşuğunun kamil bir mərhələsində baş vermişdİr.

Qarabağ ədəbi mühitini o dövrdə bütün regiona yayılmış xalq ozan və nağılçıları, şair və aşıqları, musiqi və şeir məclisləri hər bir yerdə yaradırdılar. "Məclisi-üns" və "Məclisi-fəramuşan" ədəbi məclislərinə Şuşada xan qızı Xurşidbanu Natəvan və Mir Möhsün Nəvvab başçılıq edirdilər. Bu məclislərdə 40-dək şair fəaliyyət göstərirdi. Onlar Gəncədə, Şamaxıda, Bakıda, Şəkidə olan ədəbi məclislərlə şeirləşirdilər.

M.P.Vaqif - ilk realist şeirin banisi; Qasım bəy Zakir - Azərbaycan satirasının bünövrə daşını qoyan bir sənətkar, Azərbaycanda maarifçi realizmin banilərindən biri; Aşıq Pəri -Azərbaycanın ilk professional klassik qadın aşığı; Xurşidbanu Natəvan - Məhsəti Gəncəvidən sonra Azərbaycanın qüdrətli qadın şairi;, Ə.Haqverdiyev - ədəbiyyatımızda tarixi dram janrının banisi, ilk opera rejissoru vo dirijoru; Ü.Hacıbəyli - dahi bəstəkar, Şərqdə ilk operanın banisi, böyük dramaturq, ilk liberetto müəliifı, musiqili komediya janrının yaradıcısı, qəzetçi, qüdrətli publisist, Azərbaycan himninin müəllifi; Y.V.Çəmənzəminli - ilk tarixi romanlar müəllifi, yazıçı-etnoqraf, folklorşünas, diplomat; Ceyhun bəy Hacıbəyli - yazıçı, publisist diplomat, folkorşünas (Parisdə ilk dəfə "Qarabağ folkloru" kitabını fransızca və orijinal mətnlərlə çap etdiribdir); Əhməd bəy Ağayev - Azərbaycan dövlətçiliyinin ilk nəhəng, mogikan ideoloqlarından biri, yazıçı-publisist alim, qəzetçi, erməni terrorizminə qarşı döyüşən ilk türk "Difai" milli təşkilatının yaradıcısı; Firudin bəy Köçərli - ilk ədəbiyyat tarixçisi, maarifçisi, Qori və Qazax müəllimlər seminariyasınm müdiri; Süleyman Sani Axundov - ilk uşaq ədəbiyyatmm yaradıcılarından biri, "Laçın yuvası" dramında azəri mentalitetini bütövlüklə özündə cəmləyən ilk bəy obrazının yaradıcısı, yazıçı-pedaqoq; N.Vəzirov - görkəmli yazıçı-publisist, mühərrir, Şekspirin ("Otello") ilk tərcüməçisi, M.F.Axundov ənənəsinin layiqli davamçısı, ədəbiyyatımızda ilk faciə janrının, Azərbaycan teatrının (H.Zərdabi ilə birlikdə) banisi, ilk müəllim-aktyor.

Bütün bu görkəmli söz sahibləri Qarabağ ədəbi mühitinin yetirmələridir.

Qarabağ övladı kimi dünyaya göz açan bu sənət xadimləri sonradan Azərbaycan mədəniyyətinin və ədəbiyyatının ədəbi fikir korifeylərinə çevrildilər və bütün türk xalqının övladlan kimi dəyərləndirildilər.

Mənbə:

Karabakh.az

 * * *

►Mövzuya dair:

XIX əsr Qarabağ ədəbi mühitində təzkirə və topluların yaranması  

XIX əsr Qarabağ ədəbi-mədəni həyatının mühüm özəlliklərindən biri də burada təzkirə, müxtəlif səpkili şeir toplularının və salnamələrin yaranmasıdır. Belə ki, Mirzə Yusif Qarabağinin «Məcmueyi Vaqif və müasirini-digər», Mir Mehdi Xəzaninin «Xəzani təxəllüslü Seyid Mir Mehdi ağanın və sair Qarabağ şairlərinin şeirlər - Xəyalat məcmuəsi», Həsənəli Xan Qaradağinin «Xan Qaradaği təzkirəsi», Mir Möhsün Nəvvabın «Təzkireyi-Nəvvab» və digər əsərlərin meydana gəlməsi poeziyanın öyrənilməsinə, tədqiqinə müəyyən imkanlar yaratmışdır.

Bunların içərisində Mirzə Yusif Qarabağinin (1798-1864) yazdığı «Məcmueyi Vaqif və müasirini-digər» adlı şeir toplusu tərtib orijinallığına görə diqqəti çəkir. 1856-cı ildə Teymurxanşurada (indiki Buynaksk) ərəb əlifbası, 1999-cu ildə Bakıda kiril əlifbası ilə nəşr olunan bu əsəri bəzi tədqiqatiarda təzkirə kimi də qiymətləndirmişlər. Lakin bu toplunu təzkirədən ciddi şəkildə fərqləndirən məqamlar mövcuddur. «Əsəri təzkirə də adlandırmaq olmaz. Çünki təzkirələr müəlliflərin tərcümeyi-halını, həm də zaman etibarilə daha geniş dövrü əhatə edən bir ədəbi əsərdir.

«Məc­mueyi-Vaqif...»də isə yalnız Vaqifin həyat və fəaliyyəti haqqında qısaca məlumat və müasirlərinin də ancaq adı və şeirlərindən bir neçə nümunələr verilmişdir» (2, s.5). Məlum olduğu kimi, təzkirəyə daxil edilən hər bir müəllif haqqında ayrıca məlumat verilməli, onun həyat və yaradıcılığının səciyyəvi cəhətlərinə diqqət yetirilməlidir. Mirzə Yusif Qarabağinin yazdığı «Məcmueyi Vaqif və müasirini-dgər» adlı əsərində isə Molla Pənah Vaqifin yaradıcılığı istisna olmaqla digər şairlərin əsərləri təqdimatsız verilmişdir ki, bu da təzkirə janrının prinsiplərinə uyğun deyildir. Lakin bununla belə, bəhs olunan əsər dövrün poeziyası haqqında canlı, dolğun, xronoloji səpkidə məlumat verən bir toplu kimi mənbəşünaslıq baxımından mühüm dəyər daşımaqdadır.

«Məcmueyi Vaqif və müasirini-digər» əsərinə Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Aşıq Əli, Sabit Şəqaqi, Mehdi, Nişat, Mirzəcan bəy Mədətov, Cəfərqulu xan Nəva, Məhəmməd bəy, Əsəd bəy, Ağa Məsih Şirvani, Nabi Əfəndi, Ağa Bağır, Lütfi Şirvani, Sərşar, Mirzə Sadıq və Qasım bəy Zakirin şeirləri daxil edilmişdir.

Mir Mehdi Xəzaninin «Xəzani təxəllüslü Seyid Mir Mehdi ağanın və sair Qarabağ şairlərinin şeirlər - Xəyalat məcmuəsi» XIX əsrdə yaranmış poetik        məcmuələr içərisində özünəməxsusluğu ilə seçilir. XVIII-XIX əsr Qarabağ şairlərinin əsərləri toplanmış bu məcmuə mətnşünaslıq baxımından olduqca mühüm əhəmiyyətə malikdir. Məcmuədə Molla Pənah Vaqif, Qasım bəy Zakir, Mirzə Ələsgər Növrəs, Məhəmməd bəy Aşiq və digər şairlərin şeirlərindən seçmələr verilmişdir. Məcmuəyə Mir Mehdi Xəzani müxtəlif mövzularda qələmə aldığı qoşma, gəraylı, mənzum hekayə, məktub, həmçinin topladığı və özünün yazdığı bayatıların biri qismini daxil etmişdir (1, s.4). Məcmuə həmçinin Mir Mehdi Xəzaninin tərcümeyi-halının bəzi məqamlarına aydınlıq gətirməsi baxımından əhəmiyyətə malikdir.

Mir Möhsün Nəvvabin qələminə məxsus «Təzkireyi-Nəvvab» əsəri Azərbaycan ədəbiyyatı tarixinin ən mühüm qaynaqlarından biridir. Bu əsərdə Qarabağda     yaşayıb-yaratmış olan şairlər haqqında məlumat vəonların əsərlərindən nümunələr verilmişdir. Mir Möhsün Nəvvabın təzkirəsi iki hissədən ibarətdir. Təzkirənin birinci hissəsinə əsərin yazıldığı dövrdə dünyasını dəyişmiş Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Kərbəlayi Səfi Valeh, Qasım bəy Zakir, Cəfərqulu xan Nəva, Məhəmməd bəy Aşiq, Aşıq Pəri, Abdulla bəy Asi, Mirzə Məhəmməd Katib, Molla Sədi və başqaları kimi Qarabağda yaşayıb-yaratmış otuz beş şair haqqında qısa, yığcam məlumat və əsərlərindən nümunələr verilmişdir.

Təzkirənin ikinci hissəsində isə əsərin yarandığı dövrdə yaşayıb-yaradan Qarabağ şairlərindən bəhs olunmuşdur. Buraya əlli altı şairin yaradıcılıq irsindən nümunələr daxil edilmişdir ki, onların içərisində Xurşidbanu Natəvan, Mehdiqulu xa Vəfa, Fatma xanım Kəminə, Mirzə Növrəs, Mir Möhsün Nəvvab, Mir Mehdi Xəzani, Məşədi Cəfər Qarabaği, Mirzə Hüseyn Çakər, Məşədi Məhəmməd Bülbül, Bəxış bəy Səbur, Mirzə Əli Aşiq, Molla İbrahim, Həsən Lələ, Məmo bəy Məmai və başqa şairlərin yaradıcılıq irsi xüsusi yer tutur.

Mir Möhsün Nəvvabın təzkirəsinin mühüm özəlliklərindən biri burada hər bir müəllif haqqında dəqiq faktlara söykənərək məlumat verilməsidir. Müəllif bəhs etdiyi şairlərin biri qismi ilə görüşmüş, onlarla yaxın münasibətdə olmuş, əlaqə saxlamışdır. Bütün bunlar müəlliflər haqqında verilən məlumatlarda öz əksini tapmışdır. Məhz buna görə də Mir Möhsün Nəvvabın təzkirə janrına gətirmiş olduğu bu yenilik sonrakı ədəbiyyatşünaslar tərəfindən təqdir olunmuşdur.

Qeyd edək ki, istedadlı şair və ədəbiyyatşünas Məhəmmədağa Müctəhidzadənin (1867-1958) «Riyazül-aşiqin» təzkirəsi də XIX əsrin sonlarında Qarabağ ədəbi mühitində yaranmış, lakin əsər 1910-cu ildə İstanbulda nəşr olunmuşdur. XIX əsrdə yaranan bir sıra   digər   təzkirələr   kimi   bu   əsər   də   iki    hissədə nəzərdə tutulmuşdur. Birinci hissədə təzkirənin yarandığı dövrdə dünyasını dəyişmiş şairlərin yaradıcılığından bəhs olunmuşdur. İkinci hissədə isə əsərin yarandığı dövrdə həyatda olan şairlərin yaradıcılığının təqdimi nəzərdə tutulmuşdur.

Məhəmmədağa Müctəhidzadə 1867-ci ildə Şuşada anadan olmuş, ilk təhsilini də burada almışdır. Lakin onun tərcümeyi-halı ilə bağlı məlumatlar o qədər də zəngin deyildir. Tədqiqatçıların yazdığına görə, Məhəmmədağa gənc yaşlarından öyrənmək və bilik əldə etmək məqsədilə səfərə çıxmış, İran, İraq və Osmanlı dövlətlərini gəzib dolaşmışdır. Bu səyahətlər onun dünyagörüşünün formalaşmasında əhəmiyyətli rol oynamışdır. O, həmçinin Türkiyədə də təhsilini davam etdirmişdir (4, s. 52).

Azərbaycanda rus-sovet müstəmləkəçiliyi dövründə Məhəmmədağa Müctəhidzadə Bakıda və Ağdamda yaşamış, bədii və elmi yaradıcılığını davam etdirmiş, daha çox pedaqoji fəaüyyətlə məşğul olmuşdur. O, 1958-ci ildə Ağdamda vəfat etmişdir.

Lakin Məhəmmədağa Müctəhidzadənin yaradıcılığmın ən kamii örnəyi «Riyazül-aşiqin» təzkirəsidir. O, bu əsər üzərində işləməyə gənc yaşlarından başlamış, sevib-seçdiyi şeirləri toplayıb sistemləşdirmiş, müəlliflər haqqında məlumatları dəqiqləşdirmişdir. Əsərlə tanışlıqdan aydın olur ki, Məhəmmədağa Müctəhidzadə təzkirə üzərində işləyərkən Şərq və Azərbaycan ədəbiyyatında yaranmış analoji təd­qiqatlara dərindən bələd olmuş, onlardan yeri gəldikcə bəhrələnmişdir. Belə ki, ədib təzkirəyə daxil etdiyi ayrı-ayrı şairlər haqqında elmi qənaətlərini dəqiqləşdirərkən bəzən bir deyil, bir neçə mənbəyə müraciət edir. Bu isə təzkirənin elmi əhəmiyyətini və qaynaq kimi mötəbərliliyini şərtləndirən amillərdəndir.

Məhəmmədağa Müctəhidzadənin «Riyazül-aşiqin» təzkirəsinin İstanbulda nəşr olunan nüsxəsi Məhəmməd Füzuli adına Respublika Əlyazmaları İnstitutunda saxlanılan variantından müəyyən qədər fərqlənməkdədir. Təzkirənin əl-yazma nüsxəsində müəllifin «Riyazül-aşiqin» rədifli bir şeiri verilmişdir:

Babi-ləfz, aləmi-hikmətdir «Riyazül-aşiqin»,

Məzhəri-asari-qüdrətdir «Riyazül-aşiqin».

Seyr qılcaq dəf edər qəmgin könüllər qəmlərin,

Afitabi-ərşi-behcətdir «Riyazül-aşiqin».

Əndəlibani-vətən xoş nəğmələr inşad edir,

Gülsitani-baği-millətdir «Riyazül-aşiqin».

Müştəriyi-Müctəhidzadə müəllifdir ona,

Müştərilərçün səadətdir «Riyazül-aşiqin» (89, s.9).

«Riyazül-aşiqin» təzkirəsində Qarabağda yaşayıb-yaratmış yetmiş doqquz şairin qısa bioqrafiyası və əsərlərindən nümunələr verilmişdir. «Müctəhidzadə öz təzkirəsini tərtib edərkən Qarabağ şairlərinin yaradıcılığına üstünlük vermiş, əsas diqqətini Qarabağda doğulub böyümüş və yazıb yaratmış şairlərə yö-nəltmişdir. Bunların arasında başqa bölgələrdə doğulub sonradan Qarabağa köçən şairlər də vardır. Bu isə təzkirə müəllifinin əsas məqsədindən - regional ədəbi mühitdə yazıb-yaradan şairlərin əsərlərini itib-batmaqdan qorumaq və gələcək nəsillərə, eləcə də Azərbaycanın başqa regionlarında yaşayan oxuculara çatdırmaq amalından xəbər verir (4, s. 59-60).

Təzkirəyə daxil eilən şairlərin birinci qisminin adı, soyadı, təxəllüsü və s. Haqqında məlumatlar nisbətən əhatəli təqdim olunmuşdur. Təzkirə müəllifi bir sıra hallarda şairlərin təxəllüsünün ifadə etdiyi mənalarla onun yaradıcılığının məzmununu və bioqrafiyasının bəzi məqamlarını şərh etməyə çalışmışdır. Zakir, Mir Mehdi Xəzani, Nəva, Fəna, Səfa, Valeh, Salar, Şəhid, Aşiq, Zakiri-Sani, Natəvan haqında verilən məlumatlar məhz bu səpkidədir.

Məhəmmədağa Müctəhidzadə ayrı-ayrı şairlər haqqında məlumat verərkən bəzən onların əsərlərini janr baxımından səciyyələndirməyə çalışmışdır. Poetik istedadın şərh və yozumunda janr müxtəlifliyini mühüm poetik üstünlüklərdən biri kimi dəyərləndirən tədqiqatçı bu amilin aparıcı məcaqlarını da şərtləndirməyə üstünlük vermişdir. Tədqiqatçı əsərdə «Şərq poetik    janrlarından qəzəl, qəsidə, müxəmməs, rübai, qitə, tərcibənd, müstəzad, növhə və başqa janrların əks olunması diqqət mərkəzində saxlanılmışdır. Şübhəsiz ki, bütün bunlardan müəllifin məqsədi - çağdaş dövrün ədəbi janrları barədə gələcək oxucuda dolğun təsəvvür yaratmaq olmuşdur... Təzkirədə Azərbaycan poeziyasının o dövrü üçün xarakterik olan janrlarının işlədilməsi - bütövlükdə bu təzkirənin ədəbi irsi itirməmək məqsədini qarşıya qoyduğundan xəbər verir» (3, s. 79-80).

Məhəmmədağa Müctəhidzadənin «Riyazül-aşiqin» təzkirəsində ayrı-ayrı şairlərin yaradıcılıq irsi dəyərləndirilərkən demək olar ki, tənqidi mülahizələrə yer verilmir. Tədqiqatçı daha çox təqdim etdiyi sənətkarın ədəbi kimliyini ortaya qoymaq, həmçinin onun yaradıcılıq yolu haqqında təsəvvür yaratmaq mə-ramından çıxış edir.

XIX əsrdə Qarabağ ədəbi mühitində yaranmış təzkirələr içərisində Həsənəli xan Qaradağinin «Xan Qaradaği təzkirəsi» də diqqəti çəkir. Təəssüf ki, bu təzkirə haqqında indiyədək ciddi, sistemli tədqiqat aparılmadığı üçün əsər ədəbi-elmi ictimaiyyətə qaranlıq qalmışdır. «Xan Qaradaği təzkirəsi» müəllifin uzun illik yaradıcılıq axtarışlarının bəhrəsi kimi ortaya çıxmışdır. Müəllif təzkirəyə bir sıra Qarabağ şairlərinin və Sarı Aşığın şeirlərinin xeyli hisəsini daxil etmişdir. Təzkirəyə daxil edilən müəlliflər haqqında verilən məlumatlar da elmi tutumu ilə diqqəti cəlb edir.

Ədəbiyyat:

1. Xəzani Mir Mehdi. Əsərləri, Bakı, Azərnəşr, 1989, 128 səh.(s.4)

2. Qarabaği Mirzə Yusif «Məcmueyi-Vaqif və müasirini-digər», Bakı, «Şuşa» nəşriyyatı, 1992 152 səh. (s.5)

3. Müctəhidzadə Məhəmməd ağa. «Riyazül-aşiqin», Bakı, «Azərbaycan» nəşriyyatı, 1995, 248 səh.(s.7)

4. Topalova Aljira. Ədəbiyyat tarixinin öyrənilməsində təzkirələrin rolu və Məhəmməd ağa Müctəhidzadənin «Riyazül-aşiqin» təzkirəsi, Bakı, «Elm» nəşriyyatı, 2001, 100 səh.(s.57,52, 61)

 

Zemfira Aslan

Mənbə:

http://yazikiliteratura2.narod.ru/lit68.htm

Xəbərlər
Redaktorun seçimi