Xurşudbanu Natəvan (15.8.1832 – 1.10.1897)
Azərbaycan ədəbiyyatı tarixində lirik şair kimi məşhur olan Xurşudbanu Natəvan 1832-ci il avqust ayının 15-də Şuşada, Qarabağın son hakimi Mehdiqulu xan Cavanşirin ailəsində dünyaya gəlmişdir.
Xalq arasında "Xan qızı" ləqəbi ilə çağırılan Xurşudbanu saray tərbiyəsi görmüş, dövrün tanınmış alim və sənətkarlarından dərs almışdır. Lakin onun şəxsi həyatı fərəhsiz keçmişdir. On üç yaşında olarkən atası ölmüş, ailə başsız qalmışdır. O, dağıstanlı knyaz Xasay xan Usmiyevlə ailə qurmuş, ancaq bu ailənin taleyi uğursuz olmuşdur.
Natəvan ikinci dəfə 1869-cu ildə rəiyyət içərisindən çıxmış Seyid Hüseyn adlı bir şuşalıya ərə getmiş, bu hərəkəti ilə bəy və mülkədarları qəzəbləndirmişdir. Onlar Natəvanın ailə üzvləri arasına təfriqə salaraq, oğlu Mehdiqulu xanın evdən baş götürüb getməsinə müvəffəq olmuşlar. Şairə ömru boyu qınaq və töhmətlərdən yaxa qurtara bilməmişdir.
1885-ci ildə oğlu Mirabbasın xəstələnib ölməsi şairənin iztirablarını daha da artırmış, səhhəti tamam pozulmuşdur. Natəvan ömrünün axırına qədər ruhi sarsıntılar və üzüntülər içərisində yaşamış və 1897-ci il oktyabr ayının 1-də Şuşada dünyasını dəyişmişdir. Onu böyük təntənə ilə Ağdama gətirib, "İmarət" deyilən ailə qəbristanlığında dəfn etmişlər.
Mənbə:
XIX əsr Azərbaycan şeiri antologiyası, Bakı, "Şərq-Qərb", 2005, səh. 222
* * *
Xurşudbanu Natəvan – parlaq istedada və qabaqcıl ideallara malik olan şəxsiyyət olmuşdur. Onun Azərbaycan mədəniyyətində və ictimai həyatında qoyduğu izlər böyük və əhəmiyyətli olmuşdur. Bu fenomenin meydana gəlməsinin, zənnimcə, bir neçə əsas səbəbi vardır. Bunlardan birisi şairənin soy köküdür.
Natəvanda iki böyük nəslin – Cavanşirlərin və Ziyad-oğlu Qacarların qanı vardır. Ad çəkdiyimiz bu iki böyük və şərəfli nəslin hər birisi dünyaya bir sıra şair gətirmişdir (məsələn, Cavanşir nəslindən Əbülfət-xan Tutinin, Qasım-bəy Zakirin, Ziyad-oğlu Qacar nəslindən isə Ziyadi Qarabaği, Müsahib Gəncəvi və bir sıra başqa şairlərin adlarını çəkmək olar) maraqlıdır, ki, Ziyadi Qarabaği və Musahib Gənçəvi vaxtilə Qarabağ bəylərbəyisi olmuşdurlar).
Natəvan yaradıcılığının böyük tədqiqatçısı, mən deyərdim, əsl mənada "Natəvanşünas" olan mərhum Bəylər Məmmədov Natəvanın şair qohumları" kitabında (B., 1989) bu məsələni geniş açıqlayır. Eyni zamanda, Ziyad-oğlu Qacar nəslindən çıxan şairlərdən başqa kitablarda da söz açılır (məsələn, Məhəmmədəli Tərbiyyətin "Danişmədani – Azərbaycan", B., 1987; Çingiz Qacarın "Qədim və orta əsrlər Azərbaycanın görkəmli şəxsiyyətləri", B., 1997 və s.).
Onu da qeyd edək ki, hal-hazırda Füzuli adına Respublika əlyazmalar institutunun fondunda Müsahib Gəncəvinin şer divanı saxlanılır və bu əsərin üzərində institutun əməkdaşları elmi tədqiqatlar aparırlar.
Maraqlıdır ki, yuxarıda adı çəkilən Bəylər Məmmədovun kitabında Natəvanın uşaqların da adı vardır*. Bununla əlaqədar qeyd edək ki, bu gün məşhur sənətkarımız Xalq artisti professor Arif Babayev Natəvanın qızı Xan-bikə xanımın yaratdığı qəzəli "Segah" muğamı üstündə ifa edəcək. Qeyd edək ki, şairənin bu qəzəli Vasif Quliyevin "Dünənə uzanan cığır" (B., 2000) kitabında çap olunmuşdur. Bu kitabda göstərilir ki, Xan-bikə xanım "Məclisi-üns"ün iştirakçılardan biri idi.
Natəvanın fitri istedadının üzə çıxması və çiçəklənməsinin başqa bir səbəbi, şübhəsiz, Şuşanın təkraredilməz yaradıcı abı-havası və mühiti də olmuşdur. Natəvanın yaradıcılıq fəaliyyəti təkcə şeirlə bitmir. O rəssamlıqla da məşğul olurdu, həmçinin, onun nəfis əl işləri, müxtəlif janrda tikmələr bacarığı da olmuşdur.
Yaradıcılıqla bərabər Xan qızının ictimai və idarəetmə fəaliyyətini qeyd etmək olar (təsadüfi deyil ki, qohumlar arasında Xurşidbanuya "Dürrü yekta", yəni, tək inci-xanlıqın yəganə varisi deyərmişlər).
Nəhayət, Natəvanın xeyirxahlıqı və xeyriyyəçiliyi də gözə çarpır. Buna aşağıdaki misal zənnimcə, əyani sübut ola bilər. Bəylər Məmmədov "Xurşudbanu Natəvan" əsərində göstərir ki, Şuşanın bir qrup şairləri bədii məclisi təşkil edilməsinin zəruriyyətini dərk edirdilər. Lakin məclis düzəltmək üçün şərait və imkan yox idi. Ziyalılar yalnız Xan qızının köməyinə ümid edirdilər. Xan qızı bu şairlərin təklifini məmnuniyyətlə qəbul etmiş və nəticədə qısa bir müddətdə Şuşada "Məclisi-üns" (yəni, dostluq, ülfət məclisi) yarandı. Bu məclisə rəhbərliyi və onun bütün xərclərini Xan qızı öz üzərinə götürmüşdür. Təsadüfi deyil ki, Bəylər Məmmədov öz əsərlərin birində Natəvanı "Məclisi-üns"ün ürəyi adlandırırdı.
Məhz bu zaman Xurşidbanu (şairə öz nənəsinin adını daşıyırdı, o da Gəncəli Cavad-xan Ziyad oğlu Qacarın doğma bacısı idi) "Natəvan", yəni, "kimsəsiz", "köməksiz" təxəllüsünü özünə gotürmüşdür. "Məclisi-üns"də tanınmış Qarabağ şairləri ilə yanaşı məşhur xanəndə və sazandələr də iştirak etmişlər Bunlardan Hacı Hüsü, Meşədi Isi, Molla Vəli, Molla Abbasqulu, Meşədi Dadaş, Əbdülqəni və Sadıqcanın (Sadıq Əsəd oğlunun) adlarını çəkə bilərik.
Məşhur tarzən Qurban Pirimov yazırdı: "Xurşidbanu nəinki şer, eləcə də musiqini çox sevirdi. Xanəndələrdən Hacı Hüsü və Meşədi Isi onun məclisində oxuyardılar. Bu xanəndə oxuyarkən Natəvanın qəzəllərindən tez-tez istifadə edərdilər. Son vaxtlara qədər Cabbar onun qəzəllərini öz repertuarında saxlardı" (Natəvan haqqında xatirələr. Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyinin fondu, inv. 874).
Füzuli adına Respublika Əlyazmalar Instiututun fondunda saxlanılan Mir-Həsən Ağamirovun "Natəvan haqqında xatirələrdə" (inv. 1788) qeyd olunur ki, Natəvanın hər bir məclisində musiqiçilər iştirak edirdilər, Natəvanın bəzi məclisləri isə sırf musiqi məclisi hesab olunurdu və burada Natəvanın qəzəlləri də oxunurdu.
Bu yazıda mövzu ilə əlaqədar qəribə bir məsələyə toxunmaq istərdik. Bəylər Məmmədov yuxarıda ad çəkdiyimiz "Xurşidbanu Natəvan" kitabında yazır: "Hətta xatirələrdə Natəvanın "Xanlıq Şükür" adı ilə tanınan xidmətçisinə musiqi təlimi verməklə onu məşhur xanəndə etməsindən də danışılır" (səh. 60). Özü də müəllif qeyd edir ki, bu haqda material Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyinin fondunda saxlanılır (inv. 481, səh. 7).
Bununla əlaqədar qeyd edək ki, hal-hazırda bu Muzeyin qeydiyyət kitablarına əsasən, göstərilən inventar nömrə Füzuli adına Respublika Əlyazmalar institutuna verilib. Təəssuf ki, biz həmin materialları bu Institutun fondunda hələlik aşkar edə bilmədik. Buna baxmayaraq, ciddi tədqiqatçı olan Bəydər Məmmədovun əsərində verilən bu fakt, sözsüz, diqqətə layiqdir. Lakin, yuxarıda göstərilən qeyri-muəyyən vəziyyəti nəzərə alaraq, gələcəkdə bu vacib mənbənin saxlanılan yeri mütləq müəyyən olmal ıdır.
Natəvanın poeziyası azərbaycan xanəndələrini də ruhlandırır. Böyük sənətkarımız Seyid Şuşinskinin Natəvan haqqında xatirəsində qeyd olunur ki, o şairənin qəzəllərini "Segah" üstündə oxuyarmış (Nizami adına Azərbaycan ədəbiyyatı Muzeyinin fondu, inv. 874). Və ondan bəri, demək olar ki, bu günə kimi tanınmış Azərbaycan xanəndələri şairənin qəzəllərini oxuyub, ilham alırlar.
Natəvan poeziyası professional Azərbaycan bəstəkarların əsərlərində də öz əksini tapır. Bunun parlaq misalı tanınmış bəstəkar Xalq artisti, professor Vasif Adıgözəlovun Natəvanın sözlərinə yazılmış məşhur "Qərənfil" mahnı-romansı ola bilər. Onu da deyək ki, son vaxtlarda bəstəkar "Xan qızı Natəvan" operasını artıq yazıb bitirmişdir. Xurşidbanu Natəvanın surəti Azərbaycan xalqının tarix yaddaşına həkk olub əbəbi yaşayacaqdır.
Mənbə:
http://www.musigi-dunya.az/new/read_magazine.asp?id=13
* * *
XX əsrdə şairənin əsərləri toplanaraq bir neçə dəfə çap olunmuşdur. Bu kitabda verilən nümunələr onun "Əsərləri "ndən (1984) və "Yazıçı" nəşriyyatında nəşr edilmiş "Dahilərin göz yaşı. Mərsiyələr" (1990) kitabından götürülmüşdür.
Qəzəllər
Yenə ya rəb, nə qəmgindir mənim bu şad olan könlüm,
Rumuzi-eşqdən agah olub, ustad olan könlüm.
Görübdür yari əğyarə olubdur məhvi-nəzzarə,
Edibdir sinəsin parə, mənim abad olan könlüm.
Niyə peymanədən kecdin, niyə zəncirdən qacdın?
Nədəndir collərə duşdun, mənim bərbad olan könlüm?
Fəraqin ruzi-məhşərdir, sərasər möhnətü-qəmdir.
O zülfün kimi dərhəmdir, mənim azad olan könlüm.
Baxın bu Natəvan zarə, gunu bəxtim kimi qarə,
Gəzər Məcnun tək avarə, mənim naşad olan könlüm.
* * *
Nə yaxşı munis idi, heyf, nagəhan getdi,
Məni bu mohnət əra qoydu əlaman getdi.
O sərvi-nazdan ayrı baxarmı sərvə gözüm?
Hilal tək qədimi eylədi kəman, getdi.
Unutdu gullərini, qıldı xaniman tərkin,
Nə baxdı yarlərə, cəkdi olaman getdi.
Nə oldu ariz əya, bağiban, bu gülşəndə,
Acılmadı bu bahar gulləri, xəzan getdi?
Nə tapdı ləzzəti-işrət, nə gördü gülzarı,
Bahar fəslində, yaran, bu növcavan getdi.
Məni bu mohnət əra qoydu didəsi giryan,
Bəlayi-hicrə salıb, qoydu bağrı qan, getdi.
Məzarın üstə gəlib əylənim dəmadəm, oğul,
Deyərmisən ki, nə növ ilə Natəvan getdi.
* * *
Zəmanə saldi əcəb mohnətu məlalə məni,
O mahrudən iraq verdi qəm zəvalə məni.
Tukəndi tabu təvan, ey xudayi-ləmyəzəli!
Ya tez bu canımı al, ya yetir vüsalə məni!
Sənə nə qədri dedim, rəhm qıl mənə, getmə!
Gəl indi gör ki, fəraqın salıb nə halə məni!
Nə vaxtadək qəmi-hicrində ahu zar cəkim?
Tərəhhum eylə, gətir sən də bir xayalə məni!
Kəsildi səbru qərarım, fəraqə tabım yox,
Rəvadı təngə gətirsin bu ahu nalə məni?
Alıbdı əqlimi sərdən, qərarımı dildən,
Edib bəlayə fələk, gor necə həvalə məni.
Təəccubəm ki, necun rəhmə gəlmədin, zalım?!
Fəraq oduna yaxıb salmısan bu halə məni.
Nə yaxşı gunlər idi kim, səninlə munis idim,
Zəmanə indi edib sinə dağlı lalə məni.
Vusalə yetməyibən zaru Natəvan qaldım,
Edib fələk yenə həsrət o məhcəmalə məni.
* * *
Bahar əyyamıdır, acıldı güllər, ey cavan sənsiz!
Təəccübdür, nədən divanə olmaz Natəvan sənsiz?
Şamadət eyləyir duşmən mənə hər dəm və hər saət,
Mərəz artır dəmadəm, varə-varə, hər zaman sənsiz.
Nə umidim vusalə, nə fəraqə tabu taqət həm,
Gozumdə tirəvu tar oldu, billah, bu cahan sənsiz.
Sən əyləş hur ilə, eylə həmişə eyşu işrət kim,
Dəmadəm mən cəkim, dildən edim ahu fəğan sənsiz.
Yetişməz başə, Abbas, ömrüm axır bir tamam olsun,
Kecər hər bir dəqiqə ildən artıq, əlaman sənsiz.
Bu gün eydi-şərif oldu məgər sən bixəbərsənmi?
Güman etmə ki, işrət icrə əylənsin anan sənsiz.
Guli-ruyindən ayrı neylərəm mən gulsitan seyrin?
Edər bülbül kimi nalə bu zaru Natəvan sənsiz.
* * *
Nə mən olaydım, ilahi, nə də bu aləm olaydı!
Nə də bu aləm əra dil muqəyyədi-qəm olaydı!
Nə hicr atəşinə odlanıb yanaydı dilim ki,
Nə eşqin icrə konul boylə şadu xurrəm olaydı!
Nə sərv qəddin olaydı, nə bəsrətinlə gozum kur,
Nə rüzgari-fəraqində qamətim xəm olaydı!
Nə bəhr olaydı, nə umman, nə boylə goz yaşı cari,
Nə gül üzündə, ilahi, bu nov-şəbnəm olaydı!
Nə gül olaydı, nə gülzari-gulşənin dəxi seyri,
Nə xari-mohnəti-bülbül səninlə möhkəm olaydı!
Nə Misr olaydı, nə Kənan, nə həzrəti-Yəqub,
Nə xar olub qəmi-hicranda, qərqi-matəm olaydı!
Nə cah olaydı, nə zindan, nə karvan guzəri,
Nə Yusifi bu bəlada gorən bir adəm olaydı!
Nə bəzm olaydı, nə bazari-Yusif əhvalı,
Nə rəhguzərdə Züleyxa qəmlə həmdəm olaydı!
Nə ah olaydı, nə əfsus, nə parə-parə konul,
Nə Natəvanın, ilahi, həvəsi dəhrəm olaydı
* * *
Qoyubdur intizarında, necin gəlməz, necin gəlməz?
Həmişə ahu zarında, necin gəlməz, necin gəlməz?
Üzüldüm karivanımdan, el uzdum xanimanımdan,
Fələk incir fəğanımdan, necin gəlməz, necin gəlməz?
Gedibdir qafiləsalar, olubdur gozlərim xunbar,
Nə bir yaru nə bir qəmxar, necin gəlməz, necin gəlməz?
Könüldə ahu zarını var, nə səbru nə qərarım var,
Deməz bir dufikarım var, necin gəlməz, necin gəlməz?
O zulfi-nərgisi-məstə konul coxdandı pabəstə,
Məni hicran edib xəstə, necin gəlməz, necin gəlməz?
Səri-kuyin gəzər konlum, guli-ruyin sevər könlüm,
Vüsalın cün dilər könlüm, necin gəlməz, necin gəlməz?
Alıbdir canımı hicran, olubdur gozlərim giryan,
O məhvəş, nazənin canan, necin gəlməz, necin gəlməz?
Mənə hicran məşəqqətdir, fərağin dərdu möhnətdir,
Nigarım xeyli muddətdir, necin gəlməz, necin gəlməz?
Əzizim, goz yaşım qandır, işim fəryadu əfqandır,
O yarım harda mehmandır, necin gəlməz, necin gəlməz?
Yanar canım fərağından, tutar konlum sorağından
Ki, cıxsın yar otağından, necin gəlməz, necin gəlməz?
Əlimdə ixtiyarım yox, gedib-səbri-qərarım yox,
Yanımda gulzarım yox, necin gəlməz, necin gəlməz?
Səba, ol məhliqa dilbər, alıbdır canımı yeksər,
Könül ancaq onu istər, necin gəlməz, necin gəlməz?
Yetibdir ərş uzə dadım, tutub dunyanı fəryadım,
Mənim ol sərvi-azadım necin gəlməz, necin gəlməz?
Qalıbdır Natəvan nalan, gecə-gündüz olar giryan,
Onun yox dərdinə dərman, necin gəlməz, necin gəlməz?
* * *
Varımdı sinədə dərdü qəmi-nəhan, ölürəm,
Fəda olum sənə, gəl eylə imtəhan, ölürəm.
Fəraqdan gecələr yatmaram səbahə kimi,
Xəyali-zulfunə bağlı gedibdir can, ölürəm.
Bahari-husnun əra gör necə xəzanəm mən,
Bahar laləsi tək bağrım oldu qan, ölürəm.
Vərəq-vərəq dilu can hicrin icrə odlaşdı,
Misali-kəncəfə sədparə oldu can, ölürəm.
O xaki-payini mən aşiyanə etmiş idim,
Vətəndən ayrı düşüb indi laməkan, ölürəm.
Dedin ki, cək əlini damənimdən, əl cəkdim,
Tərəhhum eyləmədin axır, ey cavan, ölürəm.
Cəkirdim həsrətini, görmədim, xudahafiz!
Olubdur indi işim naləvu fəğan, ölürəm.
Fəda o qamətinə kim, qəza nə xoş cəkmiş,
Qədər bukub belimi, eyləyib kəman, ölürəm.
Fəraqdan tukənib tabu taqətim, billah,
Vüsalə yetməz əlim, zaru Natəvan ölürəm.
* * *
Mənbə:
XIX əsr Azərbaycan şeiri antologiyası, Bakı, "Şərq-Qərb", 2005, 424 səh.