“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
28.12.2014, 10:23
1731

Mirzәcan bәy Mәdәdov (XIX əsrin 1-ci yarısı)

A- A+

Mirzәcan bәy Mәdәdov - XIX əsrin 1-ci yarısında yaşamış qarabağlı şair, tərcüməçi, hərbçi. Erməni əsilli olsa da, şeirlərini Azərbaycan (türk) və fars dilində yazıb. Çar Rusiyasının Qafqaz canişini general A.P.Yermolovun yanında tərcüməçi işləyib. Molla Pənah Vaqifin şeirlərini toplayaraq çap etdirib.

Onu da qeyd edək ki, sovet dövrü və indiki rus ədəbi-ensiklopedik mənbələrdə Mirzәcan bәy Mәdәdov məhz azərbaycanlı şair kimi təqdim olunur.

► Bax: http://www.pushkinskijdom.ru/Default.aspx?tabid=6940

* * *

Mirzәcan bәy Mәdәdov haqqında ədəbiyyatşünas alim Firudin bəy Köçərlinin məqaləsini təqdim edirik. 

 

Molla Pәnah Vaqif dövrünün şairlәrindәn birisi dә Mirzәcan bәy Mәdәdovdur ki, әslәn Qarabağ mahalında Çanaxçı qәryәsindәndir vә özü dә mәşhur general Valerian Qriqoryeviç Mәdәdovun ya әqrәbasındandır vә yaxud onun özüdür ki, ondoqquzuncu әsrin ibtidalarında Rus ilә Osmanlı arasında vüqua gәlәn bir çox müharibәlәrdә ziyadә rәşadәt göstәribdir vә Qafqaziyanın bir çox yerlәrini tәsxir elәyibdir.

Mirzәcan bәy әgәrçi milliyyәt cәhәtincә ermәni idi, vәli әxlaqü adatca müsәlmanlardan seçilmәzdi. Müsәlmanlara çox yavuq olduğu üçün, onun әfkarü hissiyyatı müsәlman әfkarü hissiyyatı idi, nişәst-bәrxastı onlar ilә idi. Öz qövmündәn artıq müsәlmanları dost tutardı.

Bilmәk gәrәkdir ki, knyaz Valerian Qriqoryeviç dәxi müsәlmanpәrәst bir vücud olub, türk dilini yaxşı bilirdi vә çox ittifaq vә mәqamlarda müsәlmanları şirin dil vә hüsni-süluku ilә özünә ramü rağib edirdi.

Mirzәcan bәy türk dilindәn әlavә fars dilini dә kamalınca bilirdi vә şerü әdәbiyyata meylü hәvәsi artıq idi. Mirzә Yusif Qarabaği,--necә ki, onun barәsindә zikr olundu,--Mirzәcan bәyin tәklif vә iltiması ilә Molla Pәnahın vә onun müasirlәrinin әşarından bir mәcmuә tәrtib qılıb Teymurxanşurada çapa vermişdir.

Mirzәcan bәy әhli zövq olduğu üçün Vaqifin kәlamını ziyadә dost tutarmış vә özünün tәbi-şeriyyәsi var imiş. Müasirlәrindәn Qazax şairi Kazım ağa Salik ilә vә Maralyanlı Aşıq Pәri ilә irsal-mәrsulları var imiş. Hәr qisim әşarı mövcuddur. Amma Mirzәcanın sevdiyi әşarın mürәbbeat növüdür ki, әksәrini Vaqif yazdığı sәbkdә yazmışdır. Bu mürәbbeatın birisindәn belә görünür ki, şair bir vaxtı zindana düşüb, haman şerlәri zindanda olan zamanı yazıbdır:  

 

Bir belә әyyamda, böylә zamanda

Qәmgin könlüm necә munda şad olsun?

Munca zülmü sitәm, munca siyasәt

Bәs deyilmi, yar da mәndәn yad olsun?!

Nә bir qәmxar, nә bir dosti-yeganә

Tәmami-aşina oldu biganә,

Saldın axır, fәlәk, mәni zindanә,

Qoymadın qüssәdәn can azad olsun.

 

Olmasın o, qәmgin, mәn çәkim cәfa,

Unutmaq aşiqi görmәsin rәva,

Gәlmәsә, deyәrlәr ona bivәfa,

İstәrәm özünә yaxşı ad olsun.

 

Külli-alәm düşmәn olub canıma,

Tapıb fürsәt düşmәn batıb qanıma,

Deyin, dostlar, yarım gәlsin yanıma,

Bәlkә görmәk ilә bir imdad olsun!

 

Fәlәyin әdli yox, dünyada divan,

Dәxi gәlmәz hәyatıma bir güman,

Bәndә düşüb nahaq yerә Mirzәcan,

Sәbәbkarın evi qoy abad olsun!

 

Bu şeirlәrdәn mütәvәffa Mirzәcanın alitәb olmağı vә mәrdanәliyi zahir olunur ki, onu nahaq yerә müttәhim edib zindana salan adama--"sәbәbkar"a Mirzә nalayiq sözlәr demir vә nifrin oxumur, bәlkә onun haqqında gözәl dilәk elәyir: "Sәbәbkarın evi qoy abad olsun!" Vә habelә şair yarının onu ziyarәt etmәyinә artıq şövqmәnddir, onun üçün ki, ona bivәfa demәsinlәr:

Gәlmәsә, deyәrlәr ona bivәfa,

İstәrәm özünә yaxşı ad olsun!

 

Mürәbbeatından mәşhuru bunlardır:

Bәnәfşәyә xitab

 

Boynu buruq varıb yarın kuyinә,

Dәrdi-dilim söylә yarә, bәnәfşә!

Üzümә bax, rәngi-ruyim hәr nә var

Әrz etgilәn o xunxarә, bәnәfşә!

 

Aparsalar sәni yar otağına,

Qafil olma, bax soluna, sağına,

Üz sürtüb zülfünә, de qulağına,

Salmasın aşiqin narә, bәnәfşә!

 

Sirr ilә üzündә baxgilәn hәr su,

Mәskәn sal telindә, söylә mubәmu,

Görsün ki, cananım olmayıb bәdxu,

Bir xәlәl qat o әğyarә, bәnәfşә!

 

Neylәsin mәn kimi fәqir әndәlib,

Sәn bәnәfşә olsan o gülә hәbib?

Әgәr sәn dә mәnә olasan rәqib,

Görüm günün keçsin qarә, bәnәfşә!

 

Bundan artıq yoxdur sәnә bir cavab,

Layiq deyil etmәk aşiqә әzab.

İstәrsәn edәsәn dünyada sәvab,

Eylә Mirzәcana çarә, bәnәfşә!

 

Әyzәn kәlami-Mirzәcan:

 

Çәkdiyim cәfadәn, cövrü bәladәn

Xәbәr verәn o dildarә tapılmaz.

Pәrişan halımı, ahü zarımı

Bir söylәyәn o qәmxarә tapılmaz.

 

Nә canda taqәt var, nә tәndә rahәt,

Qoymayır bu fәlәk olum fәraqәt.

Dәrd öldürür mәni saәtbәsaәt,

Bu dәrdlәrә mәgәr çarә tapılmaz?!

 

Yar orda ah çәkәr, mәn burda fәryad,

Kim var ki, eylәyә bizlәrә imdad,

Ya rәb, bu mәmlәkәt olaydı bәrbad,

Gәlәn ondan bu diyarә tapılmaz.

 

Yarın dәrdi çoxdur Mirzә canında,

Bir kimsә yox onun bәndüvanında,

Hәr kәsin sevgisi, yarı yanında,

Mәnim kimi heç avarә tapılmaz.

 

Әyzәn kәlami-Mirzәcan:

 

Girdabi-möhnәtdә qәrq olan canım,

Ya rәb, ola bir kәnarә yetәrmi?

Bu seyli-bәladәn, tufan qәmindәn

Xilas olub, o dildarә yetәrmi?

 

Qәm lәşkәri mәnә olub hәvalә,

İstәyir qürbәtdә canımı alә,

Çәkdiyim әfğanlar, etdiyim nalә

Bu diyardan o diyarә yetәrmi?

 

Çünki belә hicran düşmüş arayә,

Kim var ki, yetişsin bunda harayә

Ümid yox qasidә, badi-sәbayә,

Bir ah çәksәm, onda yarә yetәrmi?

 

Necә dözsün canım bu sitәmlәrә,

Munca möhnәtlәrә, munca qәmlәrә?

Yarımın kuyindә siz hәmdәmlәrә

Bir dә görüm bu biçarә yetәrmi?

 

Fәlәk mәni böylә salmış avarә,

Könül müştaq, göz müntәzir didarә,

Mirzәcani, mәgәr o gülüzarә

Sәnin kimi bәxtiqarә yetәrmi?

 

Әyzәn kәlami-Mirzәcan:

 

Dağıdır huşumu, alır canımı,

Hәr baxanda o mәstanә gözlәrin.

Çәkibdir üstümә xәncәri-xunriz,

Batacaqdır mәgәr qanә gözlәrin?

 

Bilirәm, bilibdir qәmii izzәtin,

Qoy çәkmәsin heç şadlığın minnәtin,

Çünki bilmiş ağlamağın lәzzәtin,

Qoy ağlasın yanә-yanә gözlәrin!

 

Bulunmaz mәnimçün bir yaxşı hәmdәm,

Әrzimi yetirә yarә dәmadәm,

Bircә baxa mәnә, gözdәn yaş tökәm,

Bәlkә ola dәrdim qanә gözlәrin.

 

Eylәrsәn axırda sәn mәni Sәnan,

Dönәrәm dinimdәn verәsәn fәrman,

Bilmirsәn edәcәk canını qurban,

Baxsa әgәr Mirzәcanә gözlәrin.

 

Burada yazılanlardan başqa Mirzәcanın yenә çox yaxşı mürәbbeatı vardır ki, hamısını buraya salmağa ehtiyac yoxdur. Bir neçә müxәmmәslәri dә vardır ki, onlardan biri belә başlanır.

Ey bivәfa yar, sәni necә salım yadә mәn,

Qoymadın bir şad olam bu fәna dünyadә mәn,

Eyb deyildir sәnә gәlmişәm fәryadә mәn,

Sәndәn qeyri kimsә yox, kimә gedim dadә mәn?

Dadrәsim yox mәnim, qalmışam aradә mәn.

 

Bir müxәmmәsindә Mirzәcan könlünә xitab edib deyir:

 

İncinmә, könül kim, sәnә imdad ola bilmәz.

Yardan pozulan dil dәxi abad ola bilmәz.

 

Ol zülfә giriftar olan azad ola bilmәz.

Rәhm olmasa ondan, bu könül şad ola bilmәz.

Gizlin qәmimi açmağa sәrdar tapa bilmәm i.a.

 

Aşıq Pәri ilә bir-birinin müqabilindә münazirә tәriqi ilә yazdıqları müsәddәs vә mürәbbe:

Aşıq Pәri

Şairi-sәnsәn zәmanә, mәrdi-meydandan danış,

Әzbәr eylә dildә dәftәr, cövhәri-candan danış,

Yeddi yerdir, yeddi göydür, yeddi әzbәrdәn sual,

Yeddi mәna, yeddi qüslü yeddi gövhәr hәm kәmal,

Yeddi bürcdә yeddi ulduz, hәşt cәnnәt bimisal,

Yeddi rәkәt, yeddi imam, yeddi әrkandan danış!

Mirzәcan

Sevmә sәn әfsanәni, gәl, ey Pәri, yardan danış,

Neylәrәm üqba işin, sәn kimi dildardan danış,

Yeddi yerdәn, yeddi göydәn neylәrәm etmәk sual,

Tapmışam bir mürşidi, kәsb etmişәm ondan kәmal,

Çәkmәnәm rizvan qәmin bu dünyada versәn macal,

Aşiqә cövr eylәyәn yari-sitәmkardan danış!

 

Aşıq Pәri

 

Yetgilәn Qüdsi-Xәlilә miqdis ilә mahrasa

Әqlini tәğyir etdi, aldı sәrdәn kәlisa,

Әzbәr eylә hәr saәtdә zikri-Mәryәm hәm İsa,

Gah İncil, gah Cәm-cәm, gah әrkandan danış!

 

Mirzәcan

 

Tapmışam Qüdsi-Xәlili, mahrasanı neylәrәm?

Әldә tәsbih ilә zünnarü әsanı neylәrәm?

Bu Pәri şeyda qılıb, hәzrәt Musanı neylәrәm?

Sevmәrәm Tövrat, Zәburu, sәn çalan tardan danış!

 

Aşıq Pәri

 

Tapdığın tәrsa yoludur, eylәmә zövqü hәvәs,

Badeyi-gülguna tәhsin etmәsin nitqü nәfәs,       

Qaidә-qanun budur qalü bәladәn xaçpәrәs

Çağırar İsa, kәlisa göftügu candan danış!

 

Mirzәcan

 

Mәndә can yox, eylәmә sәyi-әbәs, bica hәvәs,

Mürği-can pәrvaz edib, cismim qalıb xali qәfәs,

Gәl mәnә zülm eylәmә, nalәm salır dünyaya sәs,

Alәmi qәrqә verәn bu çeşmi-xunbardan danış!

 

Aşıq Pәri         

 

Ey Pәri, oldu dili-şeyda rәdifi-әlbәәl,

Sәn tәriqәtdәn ötüb, ürfan yoluna qoy mәhәl,

Yәmdә mahi, göydә günbәd var Mәrrixü Zühәl,

Abi-heyvan, şaxi-tuba, baği-rizvandan danış!

 

Mirzәcan

 

Tapalı eşqin yolun bir böylә işi neylәriz?

Әqlimiz heyran olubdur, dinü kişi neylәriz?      

Gәl edәk zövqü sәfa, molla-keşişi neylәriz?

Mirzәcanı öldürәn bu ah ilә zardan danış!

* * *

Mənbə:

Firudin bəy Köçərli. Azərbaycan ədəbiyyatı : 2 cilddə. – Bakı : Elm. -21sm. 2-ci cild, 1981.- 460 s.

 

Xəbərlər
Redaktorun seçimi