Mirzə Camal bəy Cavanşir Qarabaği (1773-1853)
Tarixçi-yazar, “Qarabağnamələr”in müəlliflərindən biri Mirzə Camal bəy Məhəmmədxan bəy oğlu Cavanşir 1773-cü ildə Hacılı icmasında, Gecəgözlü obasında anadan olmuşdu. Atası Məhəmmədxan bəy Şuşaya qalabəyi təyin olunduqdan sonra paytaxta köçmüşdülər. Burada mədrəsə bitirmişdi.
Bir neçə dilə bələdçiliyi vardı. Ədəbiyyatçı Adolf Berje yazır: “Mirzə Camal fars, ərəb və osmanlı dillərindən başqa avar və ləzgi dillərini də bilirdi. Tarix, coğrafiya və astronomiya haqqında yaxşi məlumatı vardı.”
Aydın və savadlı adam olan Camal bəy Mirzə ünvanını daşıyırdı. Mirzə Camal bəy divanda katib işləyirdi. Xalq arasında mirzə deyilən katiblər xanın əsasən daxili yazışmalarını aparırdılar.
1797-cı ildə baş vəzir Molla Pənah Vaqif xanlığı ələ almış Məhəmməd bəy Sarıcalı-Cavanşir tərəfindən öldürüldü. İbrahimxəlil xan qaçqınlıqdan dönüb, xanlığa yenidən yiyələnəndən sonra baş vəzir vəzifəsinə divanxana katibi Mirzə Camal bəy Hacılı-Cavanşiri təyin etdi.
Qarabağın Rusiyaya birləşdirilməsindən (1805) sonra, 1822-cı ildə xanlıq ləğv edildi. Mirzə Camal bəy rus hərbi idarəsi tərəfindən yaradılan məhkəməyə işə keçirildi. On səkkiz il məhkəmə sistemində çalışdıqdan sonra qocalığı ilə bağlı, 1840-cı ildə istefaya çıxdı. Mirzə Camal bəy tibb elmini gözəl bildiyindən həkimliklə məşğul olmağa başladı. Ömrünün sonuna qədər adamları pulsuz müalicə etdi.
Mirzə Camal bəy böyük mülkədər idi. Qarabağın əksər mahallarında mülkü vardı. 1842-ci ildə Qarabağdan deputatlığa namizəd veriləndə Şuşanın Cavanşir bəyləri Mirzə Camal bəyi, Kəbirli bəyləri Rəhim bəyi seçmək istəmişdilər. Bu seçki böyüyüb qovğaya çevrilmişdi. O dövrün ziyalıları bu olaya öz münasibətlərini bildirmişdilər. Baba bəy Şakir qohumu Qasim bəy Zakirə yazırdı:
Bir parası mümtaz edib Camali,
Qədimi adamdır, hər işdən hali,
Bir parası deyib yoxdu kamali,
Rəhim bəydir edən həlli-müşkülat.
Biri deyib var Camalın tədbiri,
Rəhim bəyi görüb şayəsyə biri,
Göndəriblər Rəhim bəyi, Nəsiri,
Get de naçalnikə, etmə ehtiyat...
Qasım bəy Zakir də Şuşa şəhərində deputatlıq üstündə gedən dava-dalaş haqqında fikir söyləmişdi:
Sərasər əsbabi-cəngə dolublar,
Bir-birinin balü pərin yolublar;
Mən yox idim, eşitdim ki, olublar,
Cavanşir bir dəstə, Kəbirli bir part.
...Naxçıvan sağında, Şirvan solunda,
Hər vilayıt tıriqində, yolunda,
Mın bilirəm Xındırıstan kolunda,
Bir ölkədən olmaz iki deputat...
Mirzə Camal bəy Cavanşir 1853-cü ildə vəfat edib.
Mirzə Camal bəy Balaxanım xanımla yaşam qurmuşdu. Rzaqulu bəy, Mehdi bəy adlı oğulları, Hürzad xanım, Qönçə xanım və Çimnaz xanım adlı qızları vardı.
* * *
Yaradıcılığı
Mirzə Camal bəy Cavanşir Qarabaği tarixçi idi. 1815-ci ildə “İran tarixi haqqında qısa icmal” adlı tarixi əsər qələmə almışdı. Mirzə Camal bəyin zəngin kitabxanası olub. 1847-ci ildə isə Qarabağın siyasi olaylarından bəhs edən “Qarabağ tarixi” adlı tarixi əsər yazmışdı.
Tarixçi Mir Mehdi Xəzani bu barədə yazırdı: “Çün mərhum Mirzə Camal qalabəyi Məhəmmədxan bəy oğlu Cavanşir-Dizaği əlli il qədri mərhumeyi-İbrahim xan və Mehdiqulu xan xidmətlərində mirzəlik edib və Qarabağ vilayətində dəxi vəzarət əmrində olub və xanların hökümət əyyamı münqəzi olandan sonra müddəti-mütamadi yenə Rusiya dövlətində xidmətkar və kargüzar olub qocalmışdı və özü dəxi ülumi-ərəbiyyə və farsiyyə və türkiyyədən xəbərdar və tarix kitablarında və müsini və kardan kəslərdən təfəhhüs qılmaqda və hər günə işlərdə kamil və hüşyar idi və Qarabağın cəmi əhvalatına və hər növ nağıl vəhekayətinə dürüst müttəle vı xıbardar idi. 1847 tarixi-məsihiyyədə ondan sərdari-sabiqi-məmaliki-sənayi-Qafqaziyyə general-adyunfanter sahibi-ənvayi-həmayilat knyaz qraf Mixail Semyanoviç Voronsov əhvalati-xəvaninin-sabiqəni xahiş buyurmuşdu.
* * *
Mənbə:
1. Ənvər Çingizoğlu, Hacılılar, Bakı, “Soy” dərgisinin özəl nəşri, 2004, 238 səh.
2. Mirzə Camal Cavanşir, “Qarabağ tarixi, Bakı, 1959, A. Berjenin qeyd və şərhləri ilə
3. Qarabağnamələr. İkinci kitab / tərt. N. Axundov; elmi red. A. Fərzəliyev. - Bakı: Şərq-Qərb, 2006.- 288 s.