Mehdiqulu xan Vəfa (1855-1900)
Mehdiqulu xan Vəfa (Mehdiqulu xan Xasay xan oğlu Usmiyev) 1855-ci ildə Şuşa şəhərində anadan olmuşdur.
Böyük şairə, Qarabağ xanının qızı Xurşidbanu Natəvanın qumuq knyazı, rus ordusunun general-mayoru Xasay xan Usmiyevlə (1808-1866) nikahdan doğulan oğludur.
Anası ona babasının (Mehdiqulu xan Cavanşir) adını vermişdir.
Mehdiqulu xan çar Rusiyası ordusunda xidmət etmişdir. Podpolkovnik rütbəsinədək yüksəlmişdir.
Mehdiqulu həm də “Vəfa” təxəllüsü ilə ana dilində lirik qəzəllər yazan şair kimi məşhurlaşmışdı.
Mehdiqulu xan 1900-cü ildə Tiflis şəhərində vəfat edib.
Mehdiqulu xan Səltənət bəyim Kərim ağa qızı Cavanşirlə ailə qurmuşdu.
Xasay xan adlı oğlu, Ağa bikə, Bilqeyis bikə və Əzizə bikə adlı qızları vardı.
* * *
Aşağıda təqdim olunan misralar anası Xurşudbanu Natəvanın oğlu Mehdiqulu xana həsr etdiyi şeirdən bir parçadır:
Varımdı sinədə dərdü qəmi-nəhan, ölürəm,
Fəda olum sənə, gəl eylə imtəhan, ölürəm.
Fəraqdan gecələr yatmaram səbahə kimi,
Xəyali — zülfünə bağlı gedibdir can, ölürəm.
Çəkirdim həsrətini, görmədim, xudahafiz!
Olubdur indi işim naləvü fəğan, ölürəm.
* * *
►Mövzuya dair:
Şair əgər qədrin kəlamın bilməyə...
Mehdiqulu xan gənclik illərini vətənindən uzaqlarda keçirmiş, Tiflis və Peterburqda oxumyş, orta hərbi təhsil alaraq dövlət qulluğunda çalışmışdı. Hərb sənətinə böyük marağı olan bu şuşalı balası 1874-cü ildə Peterburqda zadəgan uşaqlarına məxsus hərbi məktəbə daxil olmuş, milis praporşikliyi rütbəsindən podpolkovnikliyə qədər yüksəlmişdi.
Knyaz Mehdiquluxan Rusiyanın dövləyt dairələrində böyük hörmət və nüfuz qazandığına görə 1877-ci ildə çar III Aleksandrın əmisi, Qafqaz canişini Mixail Nikolayeviç Romanovun şəxsi yavəri təyin olunmuşdu. Olduqca etibarlı olan Mehdiquluxan canişinin ən yaxın və səmimi dostlarından idi. Qafqaz canişini ən mühüm, ən vacib dövlət işlərini öz şəxsi yavərinə tapşırırdı. 1882-ci ildə Mixail Nikolayeviç Peterburqa gedəndə ona yüksək etimad göstərmiş və Qafqaz ordu qərargahı rəisinin yavəri təyin etmişdi. Bir az sonra isə diplomatik danışıqlar aparmaq üçün rus dövləti Mehdiquluxanı İrana, Nəsrəddin şahın yanına göndərmişdi.
Mehdiquluxan yüksək mədəniyyətli bir ziyalı kimi dövrünün mədəniyyət xadimlərinə, sənət adamlarına həmişə yaxın olmuş, şeri, sənəti yüksək qiymətləndirmiş, qızğın ədəbiyyat həvəskarı olmuşdur. Zəngin kitabxanasında Avropa, rus klassiklərinin əsərləri, Şərq ədəbiyyətı və tarixinə aid dəyərli kitablar toplanmışdı. O, gözəl biblioqraf kimi kitabı, kitabxananı elm xəzinəsi hesab edir, həmişə xalqın balalarını oxumağa, elm öyrənməyə çağırırdı. 1897-ci il fevral ayının 17-də onun təşəbbüsü və şəxsi yardımı ilə Şuşada azərbaycanlı oxucular üçün ilk müsəlman qiraətxanası açılmış və özünün şəxsi kitabxanasından yeni elm ocağına onlarca kitab bağışlamışdı.
Xalq musiqisini və poeziyasını dərindən sevən Mehdiquluxan Şuşanın ədəbi və mədəni həyatında yaxından iştirak edir, müxtəlif tədbirlərin təşkilatçısı olurdu.
1896-cı il sentyabrın 6-da Şuşada ikisinifli rus-tatar məktəbi fəaliyyətə başladı. Qarabağın bir çox xeyriyyəçi ziyalıları bu yeni tədris ocağının maddi bazasının möhkəmlənməsi üçün əllərindən gələn köməyi edirdilər. Xan qızı və şahzadə Fətəli Mirzə Qacar bina tikilənəcən öz şəxsi evlərini təmənnasız olaraq məktəbə verdilər. Mehdiquluxan da məktəbin açılmasına böyük maddi yardım göstərdi. O, fəxri müdir seçildi və ömrünün sonuna qədər məktəbin yaşamasına yardımını əsirgəmədi.
Mehdiquluxan klassik üslubda Azərbaycan və fars dillərində şerlər yazırdı. Şübhəsiz ki, şairlik istedadı ona irsən keçmişdi. Doğma dilində yazdığı şerlərə əsasən “Vəfa”, farsca yazdıqlarına isə “Knyaz” imzası qoyurdu. Onun şerlərindəki hisslərin səmimiliyi, incəliyi, axıcılığı, lirikliyi Hafizin, Sədinin, Xəyyamın üslubunu, lirikası isə anası Natəvanı xatırladır. Ədəbiyyatşünas alimimiz Firudin bəy Köçərli yazır ki, “insana məhəbbət, dostluq, mehribançılıq, mərhəmət, əfv və iztirab istedadlı Mehdiquluxan Usmiyev poeziyasının canını təşkil edir. Şair oxucusuna xitabən edir ki, “çəmənzarə yavaş gir ki, xırda böcəklər, yaşıl otlar, yeni gül şaxələri ayaqların altında qalıb əzilməsin.
Şair, ictimai xadim, hərbçi Mehdiquluxan Vəfa çox cavan ikən, 1900-cü il sentyabrın 5-də, 45 yaşında Tiflisdə qəflətən vəfat etmiş və öz vəsiyyətinə görə Ağdamda “İmarət” adlanan ailəvi qəbiristanlıqda dəfn olunmuşdur. Şairin vaxtsız vəfatı haqqında bəzi qəzetlər nekroloq-məqalələr vermiş, onu əsl bir vətənpərvər şəxs, istedadlı qələm sahibi kimi səciyyələndirmişlər.
Mehdiquluxanın divanı olmamışdır. Yaradıcılığından bəzi nümunələr müxtəlif təzkirələrə daxil edilmiş, bəzi şerləri isə Respublika Əlyazmalar İnstitutunda saxlanılır.
Vasif Quliyev,
yazıçı-jurnalist