“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
26.12.2014, 16:32
437

Siraci (Mövlanazadə) (1858-1877)

A- A+

Füzuli davamçısı Siraci  

XIX yüzillikdə yaşayıb-yaratmış Azərbaycan klassik şerinin bu maraqlı siması haqqında, təəssüf ki, indiyəcən bizdə, demək olar ki, danışılmamışdır, tanınmamışdır, yox əgər bir söz deyilmişsə, o da nəzəri cəlb etməmişdir. Halbuki dövründə Seyid Əzim Şirvani, Sədi Sani Qarabaği, Firudin bəy Köçərli və başqa ziyalılar onu tanımışlar. Siracinin Füzuli məktəbinə mənsub bir şair kimi qəzəlləri, müxəmməsləri vardır. Əlimizdə olanlar şairin yaradıcılığını bütünlüklə əhatə etməsə də, Füzuli aşiq məktəbinin qüvvətli nümayəndələrindən olduğunu göstərir.

İndiyəcən mütəxəssislərə belə o qədər də tanış olmayan şair Siraci haqqında ilk dəfə İstanbul universitetinin professoru, ədəbiyyat tariximizin, folklorumuzun yorulmaz tədqiqatçısı, soydaşımız Əhməd Cəfəroğlu danışır; göstərir ki, azəri türklərindən Amasyada məskunlaşan möhtərəm Hacı Mahmud Əfəndizadə, İbrahim Veysi bəy Əfəndiyə aid Qarabağ şairlərindən Sədi divanının son 8 vərəqində bulunan Siraci şerlərini həmin əlyazmasıyla birlikdə ona - Əhməd Cəfəroğluna bağışlamışdır.

XIX əsrdə Azərbaycan ədəbiyyatı tarixində "Riyazül-aşiqin" müəllifi Məhəmməd ağa Müctəhidzadə və Firudin bəy Köçərlinin kitabından Sədiyi Qarabaği kimi tanıdığımız şair haqqında az-çox məlumatımız vardır. Lakin Sədi Qarabaği və bəlkə Seyid Əzim Şirvani kimi şairlərin də təxmis etdiyi, nəzirə yazdığı Siraci kimdir? Bu ada yuxarıda deyilən divanın son vərəqlərindən başqa bir yerdə təsadüf etmirik. Kimdir Siraci?

Ey Siraci, söylədin bir şeri-şirin zövqilən

Eyləsin tənzir, pişi-şairi Şirvana çək!

Professor Əhməd Cəfəroğlu imkanlarında olan mənbələrə əsasən, "Seyid Həmzə Nigarinin oğlu olan Mövlanazadə Siracəddin əfəndi həzrətləri qarabağlıdır". Amasya tarixçisi Hüsaməddin bəyə görə isə o, 1278-ci ildə (1858) Qarabağda dünyaya gəlib, 1292-ci ildə (1877), Qarabağda vəfat etmişdir".

Dünyada cəmi 18-19 il ömür sürmüş şairin şeirləri göstərir ki, Siraci güclü təbə malikmiş, dil və poeziyamızın qanunlarını dərindən bilmişdir. Belə ki, Sədi Qarabaği onun şerlərini təkcə təxmis etməklə qalmamış, dostuyla birlikdə qəzəl yazmaqla da kifayətlənməmiş, onun 13 qəzəlini, 2 müxəmməsini və bir natamam tərkibbəndini öz divanının sonuna yazmışdır; əks halda bəlkə də bu heç ələ keçməzmiş. Digər tərəfdən professor Ə.H.Cəfəroğlu həmin araşdırmalarını 1932-ci ildə İstanbulda latın əlifbasıyla, kiçik bir kitabçada topladığı şerlərlə birlikdə nəşr etdirmişdir. Kitabın titul vərəqində belə bir həzin qeyd vardır: "Azəri ədəbiyyatının materiallarını ilk dəfə toplayan mərhum Firudin Köçərlinin əziz ruhuna ithaf edirəm".

Professorun araşdırmalarından məlum olur ki, Sədəddin Nüzhət bəyin dediyinə görə, Siracinin "Saqi" rədifli qəzəlinin Türkiyədə, "Üşşaq məqamı"nda iki bəstəsi olub. Bu bəstələr Ərzurumda, hətta İstanbulda belə indi də məşhurdur.

Daha sonra Ziyaəddin Fəxri bəy "Ərzurum şairləri" adlı kitabına (İstanbul, 1927) Siracini Osman Siracəddin adıyla Ərzurum şairi kimi daxil etmiş, bizim Siracinin əsərlərini onunkuyla qarışdırmışdır.

Yeri gəlmişkən, professor Ə.Cəfəroğlu arxivindən bir sıra ədəbiyyatımızla bağlı materialları, eyni zamanda həmin məlumatları əxz etdiyimiz kitabçanı bizə verdiyi üçün professorun qızı Nazan xanıma həmişə minnətdarlığımı bildirirəm. Professorun məqalələrini, haqqında olan materialları vaxtaşırı "Ədəbiyyat qəzeti"ndə, "Azərbaycan", "Ulduz" jurnallarında, dövrümüzün çoxsaylı qəzetlərində çap etdirir, televiziyada Ə.Cəfəroğluyla ilgili verilişlər aparıram. Və nəşr etdirdiyim mətbuatı Nazan xanıma, alimin arxivinə göndərirəm.

Siracinin haqqında şerlərin tədqiqinə gəldikdə deməliyəm ki, onlar yüksək ilhamlı bir gəncin qələmindən süzülmüş, orta əsr poeziyamızın məhəbbət mövzusunu özünəməxsus şəkildə təsvir və tərənnüm etmişdir. Dilimizin imkanları daxilində poeziyamızın məlum bədii ifadə vasitələrindən: təşbih, istiarə, bənzətmə, rəddül-əcüz-ələssədr, alliterasiya, mübaliğə, təsxir və sairəni, özünə qədərki ustadları təkrar etməməyə çalışaraq, məharətlə işlətmişdir.

Siraci poeziyamızı gözəlləşdirən bədii ifadə vasitələrindən məhəbbətlə, məharətlə, gənc ürəyin hisslər aləmiylə bağlı istifadə edən istedadlı şair olmuşdur. "Saqi" rədifli qəzəlində "aşina" ilə "yad" təzadlarından, "badə" (qədəh) və "badə" (külək, yel) cinaslarından, bir beytdə üç daxili qafiyədən (siraci, ilaci, naci) və s. bacarıqla istifadə etmişdir. Onun mübaliğələri xüsusilə təkrarsızdır, maraqlıdır, zərifdir, şair tapıntısıdır:

Müjən, qəmzən dəlib bağrım töküb qanım gülüstanə

Qızılgüllər yəqin ondan boyanıbdır qızıl qanə.

Yaxud:

Bir səhər gördüm ki, əflakə düşübdür zəlzələ

Ol məgər gülşəndə zari-bülbüli şeyda imiş.

Yaxud:

Çün dəri dildaridə tökdüm sirişkim qətrəsin

Dəhr içində indi hər bir qətrəsi dərya imiş.

Siraci qəzəllərində səslərin sıralaşmasıyla musiqi yarada bilmişdir. "Çəkməm" rədifli qəzəlində səsləri elə sıralamışdır ki, "h" səsi dönə-dönə təkrar olunsa da, şerin məzmununa, ahənginə zərər verməmiş, əksinə, gözəlliyini artırmışdır. Onun başqa qəzəllərində də "z-s" kimi səslər çoxluq təşkil edir, xışıltılı "ş-ç" səsləri azaldıqca musiqarlıq artır. Belə səslərin çoxluq təşkil etdiyi sözlərin işlənməsində, seçilməsində məharət müşahidə olunur.

Siraci klassik şerimizə xas olan, eləcə də, aşıq üslubunda yaradılan qoşmalarımızda ara-sıra işlənən "rəddül-əcz ələssədr" şəklindən də bacarıqla istifadə etmişdir. Bunun özü də şairin diqqətəlayiq bədii ustalığından xəbər verir. Belə əsərlərdə, məlum olduğu kimi, beyt və ya bənd hansı sözlə bitirsə, növbəti beyt və ya bənd həmin sözlə başlayır və bundan məzmun da, qulağa yatımlıq da xeyli qazanır. Siracidən misal:

     Zülfün siyahı saldı mənim başıma sevda

     Sevda səri-səhranı mənə göstərir eyva!!!

     Eyvah! Oluram Qeys məsəl sahibi-səhra.

     Səhranı tutub kim araram hər gecə Leyla,

     Leyla sənə derlər, sənə derlər, məhi əxtər...

XIX əsrdə bir sıra qəzəllərini, mürəbbe, müxəmməs, tərkibbənd və s. zaman üçün məqbul sayılan klassik ədəbi dildə, türklər demişkən, divan ədəbiyyatı dilində yazan bəzi qəzəlxanlardan fərqli olaraq, Siraci sadə danışıq dilində işlənən "tir-tir titrəmək", "tüklərim titrədi" (tərpəndi), "bağrım qan-yaş tökərək", "əl götür, kərəm elə", "başımı alıb gəldim" kimi sözlər, ifadələr, həmçinin əruzun ən oynaq, hecaya yaxın vəznlərini seçməklə aşıq şerinə, hecada yaranan XIX yüzillik poeziyasının xalq şeri üslubuna, eyni zamanda müasir şeir dilimizə daha yaxınlaşmışdır. Məsələn, onun "Saqi" rədifli qəzəlini misra bölgüsüylə düzüb yazanda, sətrlər elə bölünür ki, elə bil qəzəl hecanın yeddilik vəznində yazılmışdır; daxili qafiyələri də nəzərə alıb bölüb yazsaq, belə alınır:

     Ver mənə cami yari

     Ta ki, bulam qərarı

     Verməm bu ruzigarı

     Bihudə badə, saqi!

 

     Atəşlərə Siraci,

     Yandı, nədir əlacı?

     Gəl ol sən ona naci

     Sübhü məcadə, saqi!

Sədi Qarabaği və zamanının başqa tanınmış şairləri ilə yaxınlıq edən, Sədiylə müştərək "Arasında" rədifli qəzəl yazan, klassik poeziyamızı, ana dilimizi mükəmməl bilən Siracinin nə üçün bir müddət Ərzuruma mühacirət etməsi, həyatının müxtəlif anları, hətta Ərzurumdamı, Qarabağdamı vəfat etməsi sualları doğur. Professor Ə.Cəfəroğlunun ona bir təsadüf nəticəsində rast gəlməsi, tədqiq və nəşr etdirməsi müstəsna olunarsa, Siraci kimi xoş cavanın yaradıcılığı müəmmadır, tədqiqatçıya möhtacdır.

"Riyazül-aşiqin" müəllifi Müctəhidzadə, "Azərbaycan ədəbiyyatı tarixi materialları" kimi sanballı monumental əsərin müəllifi F.Köçərli belə, onun atası Nigari təxəllüslü şairdən bəhs etdikləri halda Siracinin adını da çəkmirlər. Professor Ə.Cəfəroğlu təəccüb edir ki, bütün Qarabağ şairləri haqqında məlumat verən təzkirə sahibi, eləcə də, F.Köçərli nə üçün Siracidən bir kəlmə də danışmır.

Nazan xanıma - Ə.Cəfəroğlu qızına bir daha təşəkkür etməklə tədqiqatçıların, xüsusilə, XIX yüzillik poeziyamızın araşdırıcılarının diqqətini mövzuya cəlb etmək istədim.

A.Rüstəmov,

http://meqale.lit.az/siraci.php

 

Xəbərlər
Redaktorun seçimi