Mir Möhsün Nəvvab (1833-1918)
Azərbaycan mədəniyyəti tarixində gorkəmli musiqişunas, rəssam, xəttat, nəqqaş, tarixci, ədəbiyyatşunas və şair kimi tanınan Mir Möhsün Nəvvab Qarabaği 1833-cu ildə Şuşa şəhərində, Hacı Seyid Əhmədin ailəsində anadan olmuş, butun ömrünü orada yaşamışdır. Mədrəsə təhsili almış, ərəb, fars dillərini oyrənmiş, fitri istedadı sahəsində riyaziyyat, kimya, nucum, coğrafiya, tarix, musiqi və s. elmlərə yiyələnmişdir.
İlk təhsilini ruhani məktəbində alan Nəvvab ərəb, fars, türk dillərini mükəmməl mənimsəmiş, sonra isə Abbas Sarıcalı mədrəsəsində astronomiya, kimya, riyaziyyat və digər elmlərin əsaslarına yiyələnmişdir.
Şuşa şəhəri həmişə Azərbaycanın mədəniyyət mərkəzlərindən olub. Məşhur alim, musiqişünas Firidun Şuşinskinin sözlərinə görə, XIX əsrdə bu kiçik şəhərdə 95 şair, 22 musiqişünas, 38 peşəkar müğənni, 16 rəssam, 5 astronom, 18 me'mar, 16 həkim yaşamışdır. Şəhərdə ona yaxın ədəbi, musiqi və digər cəmiyyətlər, ondan artıq mədrəsə və müxtəlif tipli məktəb fəaliyyət göstərirdi, Dağlar qoynu Şuşada orta əsrlər elm, incəsənət və mədəniyyət ən'ənələri Azərbaycanın hər yerindən daha artıq dərəcədə özünə qərar tuta bilib. Zəngin kitabxanalarda xəttatlar kitabların üzünü köçürür, rəssamlar şəhər binalarının divarlarına nəqşlər vurur, kitablara miniatürlər çəkirdilər. Xalça emalatxanalarında sonralar dünyanın ən böyük muzeylərinin bəzəyi olacaq xalçalar toxunurdu. Musiqiçilər Qarabaq muğam məktəbinin adını daim uca tuturdular.
Bəlkə də məhz buna görə XIX əsrin ortalarında Azərbaycanın hər yerində kapitalist münasibətləri cücərən və yeni təfəkkür yaranan bir zamanda orta əsrlərə məxsus elmi biliklər sisteminə sahib ensiklopediyaçı alim Mir Möhsün Nəvvab bu şəhərdə yaşayıb-yaradır. Görkəmli musiqiçi, şair, rəssam, xəttat, münəccim, kimyaçı və riyaziyyatçı olan Mir Möhsünü əsərlərinin məzmunu, səviyyəsi və həcmi e'tibarilə həqiqətən də orta əsrlərin sonuncu ensiklopedist alimləri dəstəsindən hesab etmək mümkündür. Hərçənd ki, o, Şuşanın ictimai həyatında həmişə qabaqcıl, o dövr üçün mütərəqqi mövqelərdə durmuşdur.
İndi Mir Möhsün Nəvvabı ilk öncə musiqişünas, Azərbaycan dilində yazılmış "Vüzuhül-ərqam" ("Rəqəmlərin izahı") risaləsinin müəllifi kimi tanıyırlar. Ən yaxşı klassik ən'ənələr ruhunda qələmə alınmış həmin əsər Şərqdə bu qəbildən yaradılmış son risalələrdən biridir. Azərbaycanda isə, Nəvvab sonuncu kimyagərlərdən, münəccimlərdən və köhnə məktəbə mənsub rəssamlardandır.
Uzun ömrü boyunca Nəvvab Şuşanın mədəni və ictimai həyatında fəal iştirak edib. Şe'rlər yazmış, özünün açdığı mətbəədə kitablar nəşr etmiş, məktəblərdə dərs demiş, elm və incəsənətin müxtəlif sahələrinə həsr olunmuş iyirmidən artıq kitab yazmış, "Məclisi-fəramuşan" adlı ədəbi, "Məclisi-xanəndə" adlı musiqi məclisləri qurmuşdur. Şairlərdən Abdulla bəy Asi, Fatma xanım Kəminə, Məşədi Eyyub Baqi, Xan Qarabaği, Abdulla Həsən Şahid, ifaçı və müğənnilərdən Hacı Hüsü, Məşədi Cəmil Əmirov, İslam Abdullayev, Seyid Şuşinski və başqaları həmin məclislərin üzvləri idilər. Bu cəmiyyətlər Azərbaycandakı digər eyni məqsədli məclislər - Şuşadakı "Məclisi-üns", Şamaxıdakı "Beytüs-Səfa", Bakıdakı "Məcməüş-şüəra" ilə sıx əlaqələr saxlayırdı.
Mir Möhsünün əsərləri içərisində "Təzkireyi-Nəvvab" toplusu daha artıq maraq doğurur. Burada XIX osrdə Qarabağdan çıxmış 100-dən artıq şairin həyatı və yaradıcılığı haqqında mə'lumatlar toplanmışdır. Təzkirə 1913-cü ildə Bakıda kitab şəklində nəşr olunmuşdur.
Nəvvab riyaziyyat, kimya və astronomiya ilə maraqlanırdı. O öz evində iki teleskop qoyaraq, kiçik bir rəsədxana və kimya laboratoriyası yaratmışdı. 1899-cu ildə dərslik kimi qələmə aldığı "Kifayətül-ətfal" kitabında o, göy cisimlərinin yerləşməsi və günəş tutulmaları haqda cədvəllər tərtib etmişdir. Alim kimya laboratoriyasında şagirdləri ilə sınaqlar keçirir və orta əsrlərdə yaşamış kimyagərlər tərəfindən verilən nüsxələri yoxlayırdı. "Nəsihətnamə" kitabında cavanlara verdiyi nəsihətlərin sayı 500-dən artıq idi.
Tanınmış pedoqoq və alimin etik görüşləri müəyyən mə'nada onun "Kifayətül-ətfal", "Nurül-Ənvar" və "Pəndnamə" kimi kitablarında da öz əksini tapmışdı. Qarabağ və bütün Azərbaycan incəsənətinə ən böyük töhfəsini isə Nəvvab heç şübhəsiz, öz bədii yaradıcılığı ilə vermişdi. Bir çox akvarel rəsmləri, kitab miniatürləri və bir neçə bina və məscidə vurduğu naxışlər bizə yadigar qalmışdır.
Mir Möhsün Nəvvabın məşhur musiqi traktatı "Vüzuhül-ərqam" ilk dəfə 1913-cü ildə Bakıda nəşr olunmuşdur (Onun musiqiyə həsr etdiyi "Kəşfül-həqiqəti-məsnəvi" əsəri də mə'lumdur). Həmin risaləsində Mir Möhsün ayrı-ayrı muğamların, bə'zi dəstgahların mənşəyi və onların adlarının kökü haqqında məsələləri araşdırır, muğamların şe'r mətnləri ilə əlaqəliliyi, ifaçı ilə dinləyicinin qarşılıqlı münasibətləri, akustika baxımından onların optimal yerləşməsi problemlərinə toxunur.
Nəvvab ilk dəfə olaraq, dəstgah terminindən istifadə edir, o vaxt Qarabağda mə'lum olan altı dəstgahın adını çəkir: Rast, Mahur, Şahnaz, Rahavi, yaxud Rahab, Çahargah və Nəva. Nəvvabın sözlərinə əsasən, ifa olunan dəstgahın tərkibi bir çox hallarda ifaçının zövqündən və qabiliyyətindən asılı olur. Alim həmin əsərində Qarabağ musiqiçiləri tərəfindən ifa olunan 82 mahnı nə muğamın adını çəkir.
Mir Möhsün bir neçə muğamın mənşəyini və onların adının etimologiyasını araşdırır. Belə ki, Azərbaycan, Nişabur, Zabuli, Bağdadi, Şirvani, Qacarı, Şah Xətai və başqa muğamların adlarını onların yaranmasında rol oynamış şəxslərlə və yer adları ilə əlaqələndirir. "Rast" muğamını bahar mehi, "Rəhavi"ni yağış damlaları, "Çahargah"ı ildırım çaxışı, "Dügah"ı fantan vuran bulaqlarla, "Humayun"u quşların uçuşu, "Nəva"nı bədbəxt sevgililərin ah-naləsi, "Mahur"u suların şırıltısı, "Şahnaz"ı bülbüllərin cəh-cəhi, "Üşşaq"ı quşların havada süz-məsi, "Üzzal"ı meteoritlərin hərəkəti ilə əlaqələndirir.
Muğamların emosional tə'siri haqqında Nəvvab yazır ki, "Üşşaq", "Busəlik" və "Nəva" şücaət və hünər göstərməyə ruhlandırır, "Bozarq", "Rahavi", "Zəngulə', "Zirəfkəndi", "Hüseyni" kədərli duyğular oyadır. Nəvvab musiqinin müalicəvi əhəmiyyəti barədə də bir sıra maraqlı fikirlər söyləyir. Əsər bu sözlərlə bitir: "Bu risalə Vətən elminin qüdrətini artırmaq məqsədilə yazılmışdır."
Ömrünün bir neçə onilliyini Nəvvab yaradıcılığının tədqiqinə həsr etmiş musiqişünas Zemfira Səfərova yazır: "Vizuhül-ərqam" keçən əsrdə yalnız Azərbaycanda deyil, bütün Şərq ölkələrində muğam ifaçılığının və musiqi incəsənətinin vacib məsələlərindən bəhs edən qiymətli bir musiqi əsəridir. "
Nəvvab 1918-ci ildə Şuşa şəhərində dünyasını dəyişəndə artıq Azərbaycanda və onun hüdudlarından qıraqlarda yaxşı tanınırdı.
Mənbə:
http://az.wikipedia.org/wiki/Mir_Möhsün_Nəvvab
* * *
Mir Möhsün Nəvvabın zəngin irsinin bir qismi onun şeirləridir. XlXəsrin 70-ci illərində Şuşada "Məclisi-fəramuşan" ("Unudulmuşlar məclisi") ədəbi məclisini təşkil edən Nəvvab ozu də klassik uslubda lirik şeirlər yazmış, divan yaratmışdır. Bu divan 1999-cu ildə Bakıda, "Şuşa" nəşriyyatında cap olunmuşdur. Buradakı şeirlər həmin nəşrdən götürülmüşdür.
* * *
Qəzəllər
Hicrani-yar eylədi halu dilim xərab,
Suzi-dərunim etdi cahan əhlini kəbab.
Könlüm quşunu gör, necə puriztirabdır,
Ol dami-zulfi-ənbərə düşmüş məgər uqab?
Dərdi-fəraqinlə tökər əşk gözlərim,
Mirab nə etdi boylə ki, təqdir edər gulab?
Zahid məni o mahivəş eşqində mən edər,
Pabənd olur o xalu xətti görsə şeyxu şəab.
Et bərkənar zülfünü ol ruyi-mahdan,
Ta infəal eyləyə bir goydə afitab.
Bir qəmzə ilə cilvəgər ol mahvəşlərə,
Ta munfəil olub - deyə, ya "ləyutə"ni turab.
Nəvvabi-zarə eşq yolu munhərif olub,
Nuri-ruxunlə gostər ona bir rahi-səvab.
* * *
Qərqi-dəryayi-qəm oldum, ey xudaya, dadə yet,
Qussədən gul tək saraldım, ey xuda, fəryadə yet.
Qoncə tək qan oldu bağrım gülüstani-dəhridə,
Gül kimi pəjmurdə oldum, ey xudaya, dadə yet.
Bülbüli-şeyda kimi naləm cahanı culğadı,
Gül səfasın gorməmiş oldum, ey xuda, fəryadə yet.
Badə vəslilə sərşar olmadım sağər kimi,
Əşki-xunin ilə doldum, ey xuda dadə yet.
Bir guluzlu yar vəslin görmədim Nəvvab tək,
Covri-əğyar ilə soldum, ey xuda, fəryadə yet.
* * *
Qəmi-hicrində bimarəm mən, ey dost!
Zəlilu acizu zarəm mən, ey dost!
Gecə-gündüz cəkıb rəncilə zəhmət,
Gözümdə uyqu yox, bidarəm, ey dost!
Cəhanın əhlinə cox-cox əzizəm,
Hüzurunda necun bəs xarəm, ey dost!
Sənin eşqində, ey şuxi-dilaram,
Fəğanu ahilə xunbarəm, ey dost!
Qalıb Mənsur tək dari-sitəmdə,
Həyatımdan belə bizarəm, ey dost!
Olubdur bülbüli-şuridə Nəvvab,
Giriftari-qəmi-didarəm, ey dost!
Hər zaman gul yuzunu murği-ravan eylər yad,
Bülbülü bismilu şuridə kimi eylər dad.
Sənin eşqində mən, ey şəkkəru şirin hərəkat,
Caparam dağı, daşı necə capıbdır Fərhad.
Gecələr əşki-qəmə qərq oluram subhə kimi,
Subhlər şamə təki eylərəm ahu fəryad.
Mən necə şad olub meyli-gulustan edim,
Xaneyi-səbrimi hicranın edibdir bərbad.
Eşq oduna o zamandan ki, düşübdür Nəvvab,
Olmayıb bircə zaman möhnəti-qəmdən azad.
* * *
Zindani-qəmdə oldu gunum qarət ağlaram,
Sövdayi eşqində cəkib zillət ağlaram.
Zülfün havası ilə olub tirətər gunum,
Qalu bəlada hicrin olub qismət, ağlaram.
Ahimlə dovri-şəmsu qəmər halə bağlayıb,
Bir dəm sənlə eyləmədim söhbət, ağlaram.
Bülbül kimi nəvayə gəlib eylərəm fəğan,
Hicri-ruxundə oldu kəman qamət, ağlaram.
Ahu fəğanım ərşə cıxıb, dilbəra, nə edim?
Sənsiz məni əhatə edib mohnət, ağlaram.
Kuyində sərfəraz olubdur rəqiblər,
Edirlər hər zaman mənə min tohmət, ağlaram.
Əncumşümar olubdu fəraqində gozlərim,
Yadi-vusalınilə cəkib həsrət, ağlaram.
Nəvvab tək alıbdı əlimdən təvanımı,
Bitaqət eyləyibdi məni firqət, ağlaram.
* * *
Mürəbbələr
Bir nigarı istərəm aləmlərin əlasıdır,
Rüzgarın bağı icrə növguli-rənasıdır,
Can ona qiymət degil, qiymətlərin ədnasıdır,
Cünki bu sovdayi-kamili-gulruxan sövdasıdır.
Nazilə nazik baxanda dinu imanı alır,
Oəmzəsi ahənruba tək cismdən canı alır,
Qiyməti-ləli-ləbi İranu Turanı alır,
Cünki bu sövdayi-kamili-gülruxan sövdasıdır.
Xalu xəttu tələti firdovsi-əlaya dəgər,
Qaməti-şumşadi min-min sərvi-tubaya dəgər,
Zülfünün hər tarı yuz Leylavu Əzrayə dəgər,
Cünki bu sovdayi-kamili-gülruxan sövdasıdır.
Zahida, bu biz degil kim, əlli qat başa qoyub,
Şiydu salusi ilə bicarə əvamı tovlayub,
Ac qurd kimi cəmiən pul, malını soyub,
Bəlkə bu sovdeyi-kamili-gulruxan sövdasıdır.
Yox məlaməti-aşiqi-bicarə gər candan kecə.
Bir belə canan yolunda xanimandan kecə,
Bu degil halva ki, molla dinu imandan kecə,
Bəlkə bu sovdayi-kamili-gulruxan sövdasıdır.
Bu degil yaqutu almasu zəbərcəd zivəri,
Hər dənizadə alıb zinət, verə duşu bəri,
Bu gedil dinaru dirhəm kim, yığa hər sərsəri,
Bəlkə bu sovdayi-kamili-gulruxan sövdasıdır.
Yoxdur insaf sənə, Nəvvab bir etməz nigah,
Bülbüli-şeyda kimi gər edəsən əfqanu ah,
Kəbəyi-küyində omrun mayəsin etsin təbah,
Cünki bu sovdayi-kamili-gülruxan sövdasıdır.
* * *
Bir nigari-növbaharın gul camalın istərəm,
Loloyi-tər tək camalı üzrə xalın istərəm,
Cüybari-hüsn ara, şəkkər zülalın istərəm,
Mey icib məstan gəzən ceşmi-ğəzalin istərəm.
Aşiqin tərk eyləyib, amma özü məstan gəzər,
Naz edər hər dəm rəqibə bağ ara şadan gəzər,
Yadına bilmərrə duşməz, əhdilə peyman gəzər,
Bir belə insafsız yarın vüsalın istərəm.
Yarını həsrət qoyub aləm ara xar eyləyən,
Sındırıb iqrarını firqətdə bimar eyləyən,
Şad edən əğyarını hər ləhzə təkrar eyləyən,
Gərdəni-mina, qəddi-Tuba misalın istərəm.
Rövzeyi-husn icrə guya ahuyi-tatardır,
Xali-mişkini zənəxdanında ənbərbardır,
Ləbləri gul, dişləri həm loloyi-şəhvardır,
Bir belə rəna ğəzalin, xəttu xalın istərəm.
Bulbuli-şuridə tək cəh-cəh uran, dad eyləyən,
Məst olan, tavus tək məstan geyib, məstan gəzən,
Aşiqini gorcəgin tərlan kimi gərdən cəkən,
Naz edən nazikbədən tuti məqalın istərəm.
Baği-gulzar icrə ahu kimi hər yanə baxan,
Etinalar eyləyib əğyarə naz ilə axan,
Aşiqi-zarın dilini nari-hicranə yaxan,
Dərgahi-pakində əğyarın zəvalın istərəm.
Əl cəkib Nəvvabdan, yarəb, o yari-bivəfa,
Nazilən eylər ona hər ləhzə min covru cəfa.
Bir deməz bicarə məndən gormədi zövqü səfa,
Rəm yeyən, ram olmayan vəhşi ğəzalin istərəm.
Mənbə:
XIX əsr Azərbaycan şeiri antologiyası, Bakı, "Şərq-Qərb", 2005, 424 səh.