“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
29.12.2014, 15:55
1992

Əhməd bəy Ağaoğlu (1869-1939) - YENİ

A- A+

Əhməd bəy Mirzə Həsən oğlu Ağayev (Ağaoğlu; 1869-1939) - jurnalist, yazıçı, publisist, alim.

Şuşada zadəgan ailəsində doğulmuş, İstanbulda vəfat etmişdir. Gənc yaşlarından ərəb, fars, rus, yunan, latın, ingilis, alman, fransız dillərini, ədəbiyyatı və mədəniyyətlərini mükəmməl öyrənmişdir.

Birinci Tiflis gimnaziyasını (1885), "Kollec de Frans" və Siyasi Biliklər Məktəbini (1885-94) bitirmiş, sonralar Sorbonna (Sorbon) universitetində təhsilini təkmilləşdirmişdir. Avropada islamşünas alim kimi tanınmış, London konqresində "Şiə məzhəbinin mənbələri" adlı məruzə ilə çıxış etmişdir. XIX əsrin 90-cı illərində Parisin "Nouvel revyu" ("Yeni xəbərlər") mətbu orqanı Əhməd bəy Ağaoğlunun in məqalələrini dərc etmişdir.

1894-cü ildə İstanbulda Əli bəy Hüseynzadə ilə görüşmüş və dostlaşmışdır. Bakı qubernatorunun dəftərxanasında məmur işləmiş, Tiflisdə rusca nəşr olunan "Kavkaz" qəzetində yazılarını çap etdirmişdir.

1898-ci ildə xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin puluna "Kaspi" mətbəəsinin və eyni adlı qəzetin (Əlimərdan bəy Topçubaşovla birlikdə), 1905-ci ildə "Həyat" qəzetinin (Əli bəy Hüseynzadə ilə birlikdə), sonralar (1908-ci ilədək) "İrşad", 1908-ci ilin iyulundan milyonçu Murtuza Muxtarovun vəsaiti ilə çıxmağa başlayan "Tərəqqi" qəzetinin redaktoru olmuşdur. ("Tərəqqi" 1909-cu ilin oktyabrında bağlanmışdır).

Rus çarizmi üsuli idarəsinin təzyiqlərinə dözməyərək 1909-cu ilin sonlarında İstambula getmiş, orada 1911-ci ildən "Türk yurdu" jurnalının əsasını qoymuş (başqaları ilə birlikdə), "Gənc türk" qəzetini redaktə etmişdir. Jurnalistlik fəaliyyəti ilə yanaşı, İstanbul universitetinin professoru kimi mühazirələr oxumuşdur. 1914-cü ildə Türkiyə Millət Məclisinin üzvü seçilmişdir.

Əhməd bəy Ağaoğlu Türkiyədə həmin dövrdə "Axın" qəzetini təsis etmiş və qəzetin baş redaktoru olmuşdur. Türkiyə milli hökumətinin çap-təbliğat siyasətinin başçısı kimi Mətbuat baş müdiri vəzifəsində çalışmış, Atatürkün tapşırığı ilə Anadolu Agentliyini yaratmış və agentliyin baş direktoru işləmişdir.

Əhməd bəy Ağaoğlu 1918-ci ilin sonlarında Azərbaycan parlamentinə üzv seçilmiş, parlament sədrinin müavini təyin olunmuş, 1919-cu ildə Versal sülh konfransında iştirak etmək üçün Parisə getmiş, lakin "gənc türklər" təşkilatının üzvü kimi yolda həbs olunub Malta adasına sürgün olunmuşdur.

Sürgündən qayıdan Əhməd bəy Ağaoğlunun Türkiyədə rəsmi vəzifələrdə çalışmış, Türkiyə Respublikasının parlamentinə üzv seçilmiş, "Hakimiyyəti-milliyyə", "Cümhuriyyət", "Millət" qəzetlərinin redaktoru olmuşdur.

Əhməd bəy Ağaoğlu 1939-cu ilədək eyni zamanda Ankara universitetinin professoru idi. Elmi-siyasi, ədəbi-bədii və tarixi əsərlərin müəllifidir.

Mənbə:

Şahverdiyev A.B. Azərbaycan mətbuatı tarixi. "Təhsil" nəşriyyatı, 2006, 248 səh.

* * *

Əhməd Ağaoğlu (Əhməd bəy Ağayev) 1869-cu ildə Azərbaycanın Şuşa şəhərində dünyaya gəlib. Atası Mirzə Həsən varlı pambıqçı fermer, anası Tazə xanım Şuşanın Sarıcı Əli nəslindən olub.

1888-ci ildə Parisə gedən Əhməd bəy burada məşhur fransız şərqşünasları Ernest Renan və professor Ceyms Darmestete ilə tanış olur. Əhməd bəy bu illərdə Sankt-Peterburq və Parisin məşhur Sorbonna universitetlərində təhsil alır. Beş dilə mükəmməl şəkildə yiyələnən Əhməd bəy o zaman həm yerli, həm də əcnəbi mətbuatda maraqlı məqalələrlə çıxış etməyə başlayır.

1894-cü ildə Qafqaza, fransız dilini tədris etmək məqsədilə qayıdan ədib tezliklə Bakıya köçür. Fransada təhsil aldığı dövrdə Avropa demokratik ideyalarından və fransız şərqşünas-alimlərinin əsərlərindən təsirlənən Əhməd bəy tezliklə Azərbaycan xalqının milli özünüdərketmə və türkçülük ideyalarının yayılması işinə başlayır.

Fəaliyyəti

Əhməd bəy əsərlərində milli qurtuluşa gedən yolun cəmiyyətin mədəni və təhsili inkişafından keçdiyini bildirirdi. Qadın azadlığı ideyalarını yayan və bunu azadlıq mücadilsənin əsas faktoru kimi göstərən Ağaoğlu Azərbaycan ziyalıları arasında qadına bərabər hüquqların verilməsinə çağıran ilk ziyalılardan idi.1901-ci ildı çapdan çıxan " İslam dünyasında qadın" adlı kitabında "azad qadınsız milli inkişaf ola bilməz" fikrini sübuta yetirir. Əhməd bəy Ağaoğlunun bu arzu və ideyaları tezliklə reallığa çevriləcəkdir (1918-ci ildə qurulmuş Şərqdə ilk demokratik cümhuriyyət Azərbaycan Demokratik Cümhuriyyəti'ndə o dövr nəinki şərqin, hətta qərbin ABŞ və Böyük Britaniya kimi qabaqcıl dövlətlərinə nümunə olacaq bir hadisə-Azərbaycan qadınına seçkilərdə səsvermə hüquqlarının verilməsi ilə Əhməd bəyin ideyaları gerçəkləşir).

Ağaoğlu Transqafqaziya seyminə keçirilən seçkilərdə müsəlman fraksiyasından üzv seçilir və bu müddətdəki fəaliyyəti ilə 1905-ci ildə etnik erməni-müsəlman qarşıdurmalarının qarşısının alınmasında böyük rol oynamışdır. Bir qədər sonra onun millətçi fikirlərindən və sosial inqilabi düşüncələrindən təşvişə düşən erməni daşnaklarının təhdidlərinə cavab olaraq "Divahi" adlı özünümüdafiə təşkilatı yaradır.

1904-cü ildə «Bir xanım» imzası ilə «Şərqi-Rus»a göndərilən məktubda müəllif Qurandakı «ən-Nisa» surəsinin 31-ci ayəsinin məzmununu «nəfsi haramdan pak saxlayıb pis niyyətlərdən və murdar fikirlərdən uzaq və təmiz olmaq» kimi mülahizə edib, yazırdı: «Zahiri baxmaq, ya baxmamaq şərt deyil. Şərt batili təmiz saxlamaqdır… Allah taala dünyanı yaradıb, onu özünün gözəl və xoş məxluqatilə bəzəyib və zinətləndiribdir. Gözəl səhralar və çəmənlər, könül xoşlandıran güllər və çiçəklər, qəlbi şad edən mənzərələr, böyük meşələr, uca dağlar, əqli heyran edən dənizlər və sular, qisim-qisim heyvanlar və quşlar, göyün üzündə həddən ziyadə yıldızlar yaradıb. Heç bir məxluqatın üzərinə pərdə çəkməyibdir… həmçinin Adəm övladına Allah taala əmr etməyibdir ki, onun gözəl məxluquna baxmaqdan gözlərini yumsunlar...»

Müəllif, «Məsəla, yaxşı meyvə ağacı ola. Hər kəs onu görsə bitəbii mail olar. O meyvəyə tamaşa etməyə mümkün qədər səy edər. Əgər o bağın möhkəm hasarı olsa, heç kəs o meyvəni görməz, onu ələ keçirmək fikrində olmaz» - deyə hicabla bağlı belə bir müqayisə aparan Tiflisin şiəməzhəb qazısı Mövlazadə Məhəmmədhəsəni tənqid edərək, soruşurdu: «Bizim hasar və divar içində qalıb çürüməyimizdən kimə nə fayda ola bilər? Gözəl meyvə ağacını hasarda saxlamaq lazımdır, yoxsa vətən övladına tərbiyə verib halal ilə haramın fərqini bildirməkmi lazımdır?»

Osmanlı imperiyasında geniş vüs`ət almiş "Gənc Türk" inqilabi hərəkatından təşvişə düşmüş çar qüvvələri Ağaoğlunu təqib etməyə başlayırlar. Təqib və mümkün həbslər səbəbindən 1908-ci ilin sonlarında İstanbula köçməli olur. Qardaş Türkiyədə gedən sosial-ictimai proseslərə biganə qalmayan Əhməd bəy tezliklə bu proseslərə aktiv şəkildə qatılır. Türk Ocağı türk milli hərəkatının aparıcı siması olan Ağaoğlu bu hərəkatın keçirilmiş kongresinə prezident seçilir. 1909 cu ilin Oktyabrında Istanbul Darülfünununda müəllimliyə başlayır. Bu dövrdə Əhməd bəyin türkçülük ideyaları onun fəaliyyətinin əsas istiqamətinə çevrilir.

1915-ci ildə Osmanlı Məclisi Məbusanına (Millət Məclisi) Afyon nümayəndəsi olaraq daxil olan Əhməd bəy eyni zamanda İttihad ve Tərəqqi təşkilatının "Mərkəzi Ümumisinin" üzvü olmuşdur.

1918-ci il Azərbaycanda ilk müstəqil, demokratik cümhuriyyətin qurulması xəbərini sonsuz sevinclə qarşılayan Əhməd bəy elə həmin il vətənə qayıdır və yenicə qurulmuş, Şərqin ilk müsəlman demokratik dövlətinin möhkəmlənməsi naminə geniş fəaliyyətə başlayır. Milli Məclisə üzv seçilən Əhməd bəy Ağaoğlu 1919-cu ildə Paris Sülh Konfrasında Azərbaycan nümayəndə heyətinin tərkibində iştirak edir.

Azərbaycanda Şura hökuməti qurulduqdan sonra Əhməd bəy yenidən Türkiyəyə, bu dəfə Ankaraya köçməli olur. Türkiyədə jurnalist və siyasi fəaliyyətini davam etdirən Əhməd bəy mətbuat bürosunun direktoru, Türkiyənin "Hakimiyyəti-Milliyə" qəzetinin baş redaktoru və müasir Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün yaxın məsləhətçisi kimi geniş fəaliyyət dairəsində calişmişdır.

Birinci dünya müharibəsinin axırında ingilislər tərəfindən Maltaya sürgün edilmişdir. 1923-cü ildə Qars Vilayəti millətvəkili olaraq 2. dönəm TBMM-də (1923-1927) millət vəkili olur.

Azərbaycan xalqının böyük vətənpərvər oğlu Əhməd bəy Ağaoğlu 1939-cu ildə Türkiyədə vəfat etmişdir.

* * *

Əsərləri:

"İslam dinində və islam aləmində qadın" 1901-ci ildə « Kavkazski vestnik» jurnalının 3-cü sayında dərc olunmuşdur.

Üç mədəniyyət, 1920.

Hindistan və İngiltərə, 1927.

Sərbəst insanlar ölkəsində, 1931.

Dövlət və Fərd, 1933.

Mən nəyəm, 1939.

Türk Hüquq Tarixi, 1941.

Könülsüz olmaz, İhtilal mı, İnqılab mı, 1942.

Sərbəst Fırka Xatirələri, 1950.

Mənbə:

http://az.wikipedia.org/wiki/Əhməd_bəy_Ağaoğlu

* * *

Əhməd bəy Ağayevin türkçülük məfkurəsi və “Sərbəst insanlar ölkəsi” haqqında düşüncələri

1908-ci ilin ikinci yarısında Əhmədbəy Ağayev Azərbaycanı tərk edib, Türkiyəyə üz tutdu. O, Rus hökümətinin qərarı ilə yalnız Zaqafqaziyada yaşamaq hüquqdan məhrum olmuşdu və Rusiyanın digər iri şəhərlərinə, gənclik illərində yaşadığı Fransaya və Şərqin istənilən ölkəsinə gedə bilərdi, oralarda o, artıq kifayət qədər tanınmış adam idi. Lakin Əhmədbəy Ağayev Türkiyəni seçdi. Fikrimizcə, bu təsadüfi deyildi.

Türkiyədə Sultan ikinci Əbdülhəmidə qarşı inqilabi hərəkat baş qaldırmışdı. İnqilabi hərəkata gənc türklər rəhbərlik edirdi. İnqilab nəticəsində Sultan 1876-cı il Konstitusiyasını bərpa etmək və Məclis çağırmaq barəsində fərman imzalamağa məcbur olmuşdu. İnqilabçıların siyasi təşkilatı olan “İttihad və Tərəqqi” həkimiyyətə gəlmiş, bu təşkilatın rəhbərləri arasında hələ Fransada yaşadığı illərdə tanış olduğu və dostlaşdığı Əhməd Riza bəy və başqa dostları var idi və həmin “bu doktor dostunun səyasində o “İttihad və Tərəqqi” partiyasında dərhal öz yerini tutdu Bu inqilab türklər yolunda çalışmaq istəyənlərin hamısını dünyanın müxtəlif yerlərindən Türkiyəyə gətirirdi və təbii ki, belə bir zamanda türkçülük hərəkatının ideoloqlarından olan Əhmədbəy Ağayev həmin mübarizədən kanarda qala bilməzdi.

Bəzi mənbələrdə Əhmədbəyin 1909-cu ildə Türkiyəyə getdiyi il kimi göstərilir. Məsələn, professor Vilayət Quliyev Əhmədbəy Ağayevin hətta özünün tərcümeyi halında yanlışlığa yol verdiyini göstərir. “O İstanbula 1908-ci ilin sonlarında deyil, 1909-cu ilin ortalarında gəlmişdi. Bunu əvvəllər redaktoru olduğu “Tərəqqi” qəzetə guman etdiyimiz kimi İstanbuodan 28 iyun 1909-cu il tarixli məktub da təstiq edir: “Bu gün İstanbula azim oldum. Səfərimin nə qədər çəkəcəyini indidən təyin edə bilmərəm. Fəqət qarelərdən və ümum o kəslərdən ki, idarə ilə əlaqədar bulunurlar və yəinki bulunmaq istəyirlər, təvəqqe edirəm ki, bəndə övdət edincəyə qədər əvəzimə müvəqqəti olaraq müdir təyin olunan Üzeyir bəy Hacıbəyov cənablarına müraciət etsinlər”.

Əhmədbəyin 1909-cu ildə deyil, məhz 1908-ci ildə Türkiyəyə getməsini, əvvəlla onun artıq 1908-ci ilin noyabr ayında Türkiyədən yazılarının “Vestnik Baku” qəzetində nəşr olunması, fikrimizcə, bir başa təstiq edir. Digər tərəfdən isə özünün də qeyd etdiyi kimi, “Vorontsov-Daşkov necə olursa-olsun, həbs etdirib sürgünə göndərməyi qərar” vermişdi və bu xəbəri alan kimi, o gizli, “dərhal qaçmağa qərar” verdi.

Bakıda nəşr olunan rusdilli “Vestnik Baku” və “Kaspi” qəzetlərinin səhifələrində “Türkiyədən məktublar” sərlöhvəsi altında geniş məqalələri, Türkiyənin dövlət adamları ilə müsahibələri və şərhləri arasında “Türkiyə parlamenti və Əhməd Riza bəy” məqaləsi xüsusi maraq doğurur. Həmin məqaləsində türk qəzetlərinə istinadən o bəzi maraqlı statistik məlumatlar göstərir, belə ki, məlum olur ki o illər Türk İmperiyasında 30 mln əhali var idi . Bunlardan 2 mln yunanlar, 1 mln- ermənilər, 1,5 mln slavyan millətlərinin nümayəndələri, qalanını isə müsəlman xalqları təşkil edirdi: türklər, ərəblər, kürdlər və s. Parlament seçkilərinə prinsip ondan ibarət idi ki, hər millətin 100 min nəfərindən birinə deputat seçilmək hüququ verilirdi. Beləliklə də, ermənilər parlamentdə 12 yer, yunanlar 20, slavyan millətləri 15, qalanlrı isə parlamentin 203 yerinə sahib çıxmışdılar. Seçkilərə “İttihad və Tərəqqi” komitəsi rəhbərlik edirdi. Parlamentə seçilmiş 250 deputatdan 120 nəfəri ali təhsilli, 60 - orta təhsilli, 70 nəfərin isə sadəcə az-çox savadı var idi.

“Türkiyə parlamenti və Əhməd Riza bəy” məqaləsində müəllif Bakıda olduğunda son məktubunu Əhməd Rizabəydən həmin ilin may ayında aldığını söyləyir və deyir ki, Əhməd Rza bəy məktubunda “İrşad” qəzetində dərc olunan və təsadüfən onun nəzərətindən yayınan Misirdəki gənc türklərin həyat tərzi və davranışından bəhs edilən bir felyetona münasibətini bildirirdi. Əlbəttə “meşə çaqqalsız olmaz” məsəlini gətirərək, o, “baxarsan” dedi, “yaxın zamanlarda biz hamını təəcübləndirəcəyik və hamıya bəlli olacaq ki, biz boş boşuna oturmamışıq”. Onun bu sözləri üzərində mən çox düşündüm və yalnız 11 iyul türk çevrilişindən sonra onun nə demək istədiyini anladım”.

Bu yazısında Ə.Ağayev Əhməd Riza bəyi Azərbaycan cəmiyyətinə daha yaxşı tanıtmaq üçün onun haqqında maraqlı faktlar aşkarlayır. O qeyd edir ki, Əhməd Riza bəy “ingilis” ləqəbi ilə tanınan məşhur Əli Paşanın oğludur. Onun anası milliyətcə ingilisdir, yüksək savada və hərtərəfli biliklərə malik olan bir xanımdır, 18-ci əsr Fransa tarixinin mahir bilicisidir, Can Cak Russonun pərəstişkarıdır. Bu mütəfəkkirin ideyaları əsasında övladlarını böyüdüb. Daha sonra Ə.Ağayev Əhməd Riza bəyin siyasi fəaliyyətindən söz açır, birdirir ki, o, Sultan Əbdülhəmidin recimini daim tənqid etdiyinə görə, 1881-ci ildə Türkiyədən Fransaya qaçmalı olmuşdu. Lakin Əbdülhəmid istibdadına qarşı mübarizəsini dayandırmamış, əksinə artırmışdı. Bunlardan ehtiyatlanan Sultan Əbdülhəmid onu müxtəlif yüksək fəzifələrlə Türkiyəyə dəfələrlə çağırıb, şirnikdirməyə cəhd göstərmişdi. Lakin butun cəhdlər puça çıxmışdı. O sultanın heç bir təklifini qəbul etməmişdi (5). Məhz, Əhməd Riza bəylə uzun illərdən bəri yaxın dostluğu Əhmədbəy Ağayevə Türkiyədə geniş fəaliyyət göstərməyə imkan yaratdı.

Az sonra Əhmədbəy Ağayev Türkiyədə həmişəlik qalmaq, buranın vətəndaşı olmaq qərarında qətiləşir. Ədibin qızı Sürəyyə xanım atasının bu qərarının Bakıda qalan anası tərəfindən necə qarşılandığını belə xatırlayır: “Sonra anama Türkiyədə qalmağa qərar verdiyini, məmləkətindən və ailəsindən ayrılmaq istəməzsə Azərbaycanda qala biləcəyini, amma Humay xalamla bizlərin əmimlə birlikdə İstanbula gəlməyimizi istədiyini yazmışdı. İllər keçdikdən sonra atamın yazılarına baxarkən anamın onun həmin məktubuna cavabını tapdım. Anam çox gözəl və qəti ifadə ilə “Sən harada olsan, mən də oradayam, uşaqları gətirirəm”,-yazmışdı”.

1910-cu ildə uzun sürən ayrılıqdan sonra Əhmədbəy ailəsinə qovuşdu və bu ildən onun və ailəsinin “Ağaoğlular” dövrü başladı. Hərçənd, vətənində türkçülük siyasətinə görə Rus höküməti tərəfindən təqib olunan, dünyanın harasında olursa olsun türklüyə xidmət edən Əhmədbəyə, vaxtaşırı, Türkiyənin özündə də, ayrı-ayrı adamların qəzəbinə gələndə, “Ağayov” olduğunu xatırlayacaqlar və hətta: “Sən unudursan ki, burada bizə boğaz ortağısan” deyəcəklər.

Əhmədbəy vaxtılə Fransada tanış olub dostlaşdığı inqilabçılarla və köhnə dostları Əlibəy Hüseynzadə, Ziya Göyalp, Yusif Akçura, Mehmet Əmin Yurdaqul və başqaları ilə Bakıda başladığı curnalistlik işini və ictimai-siyasi fəaliyyətini İstanbulda daha geniş vüsətdə davam etdirmək əzmindəydi.

Qızğın ictimai-siyasi fəaliyyətinin nəticəsi olaraq o, Azərbaycan əsilli türklərin yaşadığı Afyon-Qarahisardan Osmanlı parlamentinə deputat seçilir. Bu illər o eyni zamanda İstanbul universitetində rus dili və ədəbiyyatını tədris edir. Həmin illərin məhsulu olan, İstanbul Universitetində oxunmuş mühazirələrin əsasında 1917-ci ildə qələmə aldığı “Rus ədəbiyyatının ümumi səciyyələri” tədqiqatı xüsusi yer tutur. “Çox yığcam, şəkildə rus ədəbiyyatının inkişaf yolunu izləyən müəllif ədəbiyyat tarixinə, ədəbi hadisə və şəxsiyyətlərə, canlı ədəbi prosesə dərin, obyektiv qiymət vermiş, tədricən zəngin dünya hadisəsinə çevrilmiş bir ədəbiyyatın mənzərəsini yaratmışdır.

Bu tədqiqatında Əhmədbəy Ağayev rus ədəbiyyatı tarixini “Rus ədəbiyyatının ilk dövrləri”, “Karamzin dövrü”, “Puşkin dövrünün müqəddiməsi”, “Puşkin dövrü” və s. bu kimi mərhələlərə bölür, hər bir mərhələni rus ədəbiyyathünaslığı və tənqidinə məxsus mülahizələrlə yanaşı özünün oricinal, subyektiv görüşlərini də irəli sürür. Maraqlıdır ki, Rusiyanın özündə bu dövrdə ədəbiyatda belə bir bölgü demək olar ki, mövcud deyildi.

Bu arada Rusiyada baş verən 1917-ci ilin Oktyabr inqilabından sonra Azərbaycanda erməni-bolşevik qüvəlləri hücuma keçmişdi. Milli Ordusu qurulmayan gənc Azərbaycan höküməti xalqı fiziki məhvdən qurtarmaq üçün qardaş Türkiyəyə üz tutmuşdu. 1918-ci ildə Azərbaycana gəlmiş Türkiyə Qafqaz Ordusunun komandanı Nuri Paşanın müşaviri kimi məhz Əhmədbəy Ağayev idi. O, türk komandanlığı ilə Azərbaycan höküməti arasında meydana çıxan anlaşılmazlıqların aradan qaldırılmasında mühüm rol oynayırdı.

Nuri Paşa Azərbaycan hökümətiylə aparılan siyasi danışıqları Əhməd Ağaoğluya həvalə etmişdi (9, s.56). Əhmədbəyin Bakıya gayıdışı ilə əlaqədar qəzetlər yazırdı: “İki aydan çoxdur ki, Əhmədbəy türk komandanlığı ilə Gəncədir. O gecə-gündüz çalışır. Türk vətəndaşı olsada, o doğma Azərbaycanını unutmayıb, vətənin ağır günündə bizlərlədir və bizim xilaskarlarımız - türklərlədir. İndi də Bakıya gəlir. Biz onu səbirsizliklə gözləyirik”. Ertəsi gün isə qəzetlər artıq Əhmədbəylə Türkiyədə ki vəziyyət, Azərbaycan-Türkiyə münasibətləri, Qafqazın gələcəyi, Azərbaycan və Rusiya mövzularında geniş söhbətləri dərc edirlər. Curnalistin “burada qalmaq niyyətindədirmi?” verdiyi son suala Əhmədbəy Azərbaycanın harayına hər an hazır olduğunu bəyan etdi: “ siz bilirsiz ki, keçmiş recim məni Qafqazı tərk etməyə vadar etmişdi, mən Türkiyəyə köçdüm, orada curnalistika və pedaqoci fəaliyyətlə məşğul oldum. İki curnalda iştirak edirdim və öz qəzetimi nəşr etdirirdim. Türk xalqını Rusiya və rus ədəbiyyatı ilə tanış etməyə çalışırdım. 19-cu əsr rus ədəbbiyyatına dair bir sıra oçerklərim türk cəmiyyətində, xüsusəndə gənclər arasında böyük marağla qarşılanıb, artıq burada gənc yazıçılar arasında Dostoyevskiyə və Qorkiyə özünü bənzədənlər var. Artıq rus dili başqa xarici dillərlə yanaşı İstanbul universitetində tədris olunur. İndi isə vətənimiz Azərbaycanın oğullarının köməyinə ehtiyacı var . Ona görə də mən buradayam və bütün səy və bacarığımı doğma vətənimə verməyə hazıram”.

1918-ci ildə Əhmədbəy Ağaoğlu Azərbaycan Parlamentinə bitərəf deputat kimi üzv seçilir və konstruktiv təkliflərlə çıxış edir: “ Dünya miqyasında tanınmaqdan ötrü, birinci növbədə ölkə daxilində tanınmağa nail olmaq gərəkdir. Xalqa ölkənin möhkəm əllərdə olduğunu hiss etdirmək üçün, hökümət öz qüdrətini nümayiş etdirməlidir. Təəsüf ki, hələ belə deyil. Ölkə idarəçiliyinə ən istedadlı, ən sayıb-seçilmiş insanlar cəlb olunmalıdır. Müxtəlif sui-istifadələrə son qoyulmalıdır, əyalətdə hakimiyyət möhkəmləndirilməlidir”.

Əhmədbəy Ağayevin parlamentdəki çıxışları məhiyyət və məzmun baxımından bu gündə çox aktual səslənir: “Azərbaycanın daxili və xarici təhlükəsizliyini təmin edə biləçək güclü ordu təşkil olunmalıdır. Orduya cəmiyyətdə tutduğu sosial statusundan asılı olmayaraq, hamı cəlb olunmalıdır. Fərrariliyə qarşı ən sərt , hətta güllənmə kimi, tədbirlər görülməlidir”.

Ə.Ağayev suverenliyini əldə etmiş Azərbaycanın xarici siyasətinə dair mülahizələri irəli sürür: “müstəqilliyimizin tanınmasına nail olmaq üçün, özümüzü əvvəl tanıtmalıyıq. Çox təəsüf ki, biz indiyə qədər Avropaya bu missiyanı yerinə yetirəcək nümayəndə heyyətləri göndərməmişik. Bu bizim bir nömrəli vəzifəmiz olmalıdır”.

Əhmədbəy Ağayevin Türkiyəyə dönməsi orada hakimiyyətin “İhtilaf və Hürriyyət” partiyasının əlinə keçməsiylə üst-üstə düşdü və bu partiya keçmiş “İttihad və Tərəqqi”çilərə qarşı şiddətli təqiblərə başlamışdı. Siyasi rəqiblərinin hamısı, xüsusəndə bütün Türkiyə ziyalıları məhbəslərə salınıb. Belə getsə, bir amerikalı dövlət xadiminin dediyi kimi, əgər bu məhbəslərdə yanğın baş versə, Türkiyə gələcəkdə rəhbərlərsiz və liderlərsiz qalacaq”.

Bir neçə gündən sonra həbs olunan Əhmədbəy Parisə sülh konfransına yollanmaq əvəzi Maltaya keçmiş ittihadçılarla birlikdə sürğün olundu. Türkiyədə çıxan “İstanbul” qəzeti Əhmədbəyin həbsini şərh edərək, onu qatil adlandırırdı və Bakıda və Şuşada erməni qırğınlarında yaxından iştirak etməkdə günahlandırırdı. Bu barədə Bakıda çıxan “Azərbaycan” qəzeti də ətraflı yazırdı (Bax: 13, 19). Əhmədbəy mənfur yazarlara məhbəsdən göndərdiyi məktubla cavab verdi. “Əvəlla özünə hörmət eləyən qəzet söyüş söyməz. O ki qaldı mənim Bakıda erməni qırğınlarında iştirakıma, mən Nuri Paşadan iki ay sonra Bakıya gəldim və bu zaman artıq gərginlik sovuşmuşdu, Azərbaycan hökümətiylə danışıqlar aparılırdı. Şuşaya gəlincə, mən son 14 ildə Şuşada ümumiyyətlə olmamışam. Şuşada qırğın olubsada, bunlar ancaq general Andronik tərəfindən törədilib. Onu hətta rəsmi erməni höküməti vəhşi anlandırıb”.

Sürgün həyatın mənəvi əzabları, ailəsinə yardım əli uzada bilməməsindən doğan iztirabları, üstəlik “ingislərin verdiyi illərdən bəri iylənmiş konservləri” onu həm mənəvi , həm fiziki cəhətdən əzirdi. Lakin burada da Əhmədbəy özünə iş tapır, gənclik illərində az-çox bildiyi ingilis dilini mükəmməl öyrənir və Qərb fəlsəfəsi, Qərb mədəniyyəti haqqında fundamental əsərlər oxuyur. İki il yarım davam edən sürgün həyatı bir gün başa çatır. “Doğrusunu söyləsəm, bən indi də bilmiyorum ki, bəni niçin həbs etmişlərdi və indi nə səbəbə azad ediyorlar?” ,- Romadan Nəriman Nərimanova yazdığı məktubda Əhmədbəy etiraf edəcək. 1921-ci ilin mayında yazılan bu məktubda sürgündə olduğu illərdə hər şeyi götür-qoy edib, dünyanın fani olduğu, “istər Qərbdə, istər Şərqdə bütün ictimai üsul və ictimai quruluş yalan, qaba arzu, güclülərin gücsüzləri əzməkləri üzərində durmaqdadır; o şeyə ki, mədəniyyət, hürriyyət, musavat deniliyor, zəhərli bir yalan, alçaq bir riyakarlıqdır ki, onların səyasində yalnız qaba zülm və haqsızlıq səltənəti qurula bilər” qənaətinə gəlir.

Əhmədbəyin belə bir qənaətə gəldiyinin səbəblərini araşdıran Vilayət Quliyev haqlı olaraq qeyd edir ki,“ingilislərin əli ilə göndərildiyi məhrumiyyətli və ədalətsiz sürgün, Türkiyə və Azərbaycanda Avropa imperialistlərinin törətdikləri özbaşnalıqdan doğan sarsıntı bir zamanlar Qərbi tərəqqinin, mədəniyyətinin beşiyi sayan, Qərbdən öyrənməyə çağıran Əhməd Ağaoğlunun dünyagörüşündə ciddi təbəddulat yaratdı”. Lakin alimin fikrincə, bu müvəqqəti, “iki ildən çox sürgün həyatından sonra, kifayət qədər götür-qoy edilmədən və təhlil aparılmadan”, həmçinin “bolşevik şüarlarının zahiri cəlbediciliyinə aldanmış” bir fikirdir. Təsadüfi deyil ki, Malta sürgünündən sonra o, yaşamaq yeri vətəni Azərbaycanı deyil, çünki artıq bu Sovet Azərbaycanı idi, Türkiyəni seçir.

Əhmədbəy Ağayev başa düşürdü ki, “insanlıq üçün nicat yolunu” “təyini-müqəddərati-milli, millətlərin federasyonu və daxili işlərdə millətlərin ixtiyaratı prinsiplərini” bəyan edərək, bolşeviklər əməllərində deyil, sadəcə sözdə bu ideyalardan bəhrənəcəklər. Ağlı və zəkası ilə bunları dərk edən Əhmədbəy yol ayrıcında - Azərbaycan ya Türkiyə - düzgün qərar qəbul edərək, özünü və ailəsini bolşevik reciminin qurbanı olmaqdan xilas etdi. Lakin yüksək dərəcədə savadlı olmasına baxmayaraq, saf və sadəlövhliyi onu artıq Türkiyədə siyasi avantyuralardan qoruya bilmədi.

Türkiyəyə dönən kimi ona Mətbuat Baş Müdiri vəzifəsi təklif olundu və o bu fəzifəni qəbul etdi. Türk dünyasının fəxarəti Mustafa Kamal Atatürkü Əhmədbəy özünə həm ən yaxın dost, həm də özünün və ailəsinin xilaskarı kimi qəbul edirdi. Ona son dərəcə sədaqətli və etibarlı idi. Atatürk də ona ehtiram və etimadını bildirirdi. Elə tutduğu yüksək vəzifələr bunun bariz nümunəsidir. Lakin özünün etiraf etdiyi kimi, müvəffəqiyyətlərini gözü götürməyənlər də kifayət qədər idi. Bunlardan biri Türk siyasi arenasının mühüm siması İsmət İnönü idi. Əhmədbəy Ağayev və İsmət İnönü münasibətlərinin “soyumasına” Əhmədbəyin səmimiliyindən və dürüstlüyündən irəli gələn kiçicik bir ehtiyatsızlığı olmuşdu. 1926-cı ildə Əhmədbəy Ağayev Ankarada Mətbuatın baş müdiri, eyni zamanda Qars millət vəkili, habelə “Hakimiyyəti-milliyyə” qəzetinin baş redaktoru idi. Bununla əlavə Əhmədbəy bu illərdə “Anadolu” agentliyini yaradıb, onun baş redaktoru oldu. Qızı Sürəyyə Ağaoğlu xatırlayır ki, o illər “yetişmiş kadrlar az olduğu üçün ziyalılar eyni zamanda bir neçə işlə məşğul olmaq məcburiyyəti qarşısında qalırdılar. Bir gün atama Şəkər Şirkəti İdarə heyyətinin üzvlüyü vəzifəsi təklif olunanda o:

- Mənim şəkərlə olan bütün əlaqələrim sadəcə onu yeməkdən ibarətdir. Mən bu işdən heç nə anlamıram, demişdi”.

Lakin Əhmədbəyə üstü örtülü bildirilmişdi ki, vəzifəni götürsün. Bunu İnönü də “hər kəsin məsuliyyətlərdə iştirak etməsini istəyirik” deməyi ilə, açıq bildirmişdi. Amma “məsləhətlərə” qulaq asmayan Əhmədbəy bu barədə Atatürkə şikayət edərək, “bu bir növ başqatmaq siyasətidir, paşam” narazılığını söyləmişdir. İnönü ilə arasının pozulmasına səbəb olan bu hadisədən sonra Əhmədbəy Ağaoğlu millət vəkili seçilmədi.

Amma Əhmədbəyin yol verəcəyi ən böyük səhf 1930-cu ildə “Sərbəst Cumhuriyyət Firqəsi” xülyası olacaq. Atatürkün yaratdığı və başçılıq etdiyi “Cumhuriyyət Xalq Firqəsi”ndən çox da fərqlənməyəcək bu ikinci firqənin yaranmasını Əhmədbəy Ağaoğlu öz dünyagörüşünə uyğun izah edirdi , ona görə, Atatürk “tək firqənin doğurduğu qarşılıqsılıqdan bezib və həm məclisdə bir-birinə qarşı çıxacaq iki firqənin mövcudluğunu, həm də məmləkətdə bir az hürriyyət havasının əsməsini istəyir”. Bunun siyasi oyun, avantyura olduğunu Əhmədbəy ağlına belə gətirmirdi. İsmət İnönünün cızdığı plana əsasən firqə 1930-cu ilin avqust ayının 8-də yarandı, həmin ilin noyabrın 17-də darmadağın edilərək, məhv olundu. Məqsəd isə hakim partiyaya alternativ firqə yaradıb, ən etibarlı adamları oraya cəlb etmək, hətta Atatürkün bacıları da bu partiyaya üzv olmuşlar, və həmin adamları Atatürkün və xalqın gözündə alçaldaraq, “mənfur” hərəkətlərini üzə çıxarmaq və onları siyasi arenadan sıxışdırmaq idi. Buna nail olundu. “Həmin hadisə səbəbindən biz gözdən düşdük. Bu Atatürk zamanında demokratiyanın ikinci süqutu idi. Daha əvvəl Tərəqqipərvər Firqəsini quran Atatürkün keçmiş silah yoldaşları da gözdən salınmış və demokratiya ilk zərbəni almışdı”.

Ə.Ağayevin “Sərbəst firqə” avantürasına İnönü tərəfindən cəlb olunmasına, fikrimizcə, Atatürkə qisqanclıqdan qaynaqlanırdı. Yuxarıda göstərdiyimiz şəkər fabriki ilə bağlı olay sadəcə bir bəhanə idi. Qısqanclığın və gələcək avantüranın nöqtəsini qoyan isə belə güman etmək olar ki, Ə.Ağayevin 1930 ildə kitab şəklində, ondan əvvəl isə hissə-hissə “Cümhuriyyət” qəzetində nəşr etdirdiyi “Sərbəst insanlar ölkəsində” əsəri olmuşdu. Əsərdə demokratik prinsiplərə söykənən ölkə təsvir olunur. Həmin ölkə kimi ədib o illər Respublika idarə üsulunu seçmiş Türkiyəni, onun rəhbəri kimi isə “Türk Cümhuriyyətini quran dahi” Atatürkü göstərir. Atatürkün adını açıq çəkməsə də, “dahini” xarakterizə etdiyi cəhətlərdən kimliyi dərhal bəlli olur: “…aramızdan sarı saçlı, mərd üzlü, aslan baxışlı biri çıxdı”.

Əsərə ön sözündə müəllif etiraf edir ki, millətin bir fərdi kimi, demokratik dövlətdə “azad və sərbəst vətəndaşların necə olmaları haqqında fikirlərini” göstərməyə çalışıb, bu yolla gedilərsə “məmləkətimizin Azadlıq və Ləyaqət sayəsində necə inkişaf edərək gələcəkdə nur və mədəniyyət mənbəyi olacağını” təsvir etmək istəyib. Ə.Ağaoğlu belə bir ideyanın utopik olduğunu anlayaraq əsərini “naciz”(yəni əhəmiyyətsiz), “umacaqsız” adlandırır.

Demokratiya, demokratik dövlət və bu dövlətdə insanları səciyyələndirən xüsusiyyətlər haqqında düşüncələrini anlaşıqlı və çatımlı şəkildə ifadə etmək üçün ədib əsərində hekayət üslubunu seçib: istibdabdan, şəxsi hakimiyyətdən qurtulmuş bir fərdin, əslində özünün, azad və sərbəst ölkəyə düşməsi, bu ölkənin yaşayışı, düşüncələri, qanunlarıyla tanış olması və bunlara alışmasını göstərməyə çalışıb.

“Mən bir əsir idim, azad olmaq istədim” deyərək, Ə.Ağaoğlu azadlıq məvhumunu açmağa çalışır: “Azadlıq dəyərli bir vergidir. Azad olmaq üçün çox dəyərli olmalısan. Fikir təmizliyi, söz təmizliyi və əməl təmizliyi azadlığın əsaslarıdır. Tamahlarına yiyə durmayanlar azad ola bilməzlər. Söz sadəliyi və yaşayış sadəliyi azadlığın şərtləridir”.

Ə.Ağaoğlunun qəhrəmanı Sərbəst insanlar ölkəsinin qayda-qanunları, adət - ənənələri ilə tanış olur, bunları mənimsəməyə çalışır və sonda həmin ölkənin vətəndaşı olmaq istədiyini Pirlərə - ölkənin rəhbərlərinə bildirir: “İndən belə Sərbəst İnsanlar Ölkəsinin vətəndaşı sayılacaqdım. Duyduğum sevinci söyləməyə açizəm. Bütün həyatım boyu bu qədər dərin bir razılıq yaşamamışdım. Özümdə o vaxtadək duymadığım bir təzəlik, bir güc püskürtüsü hiss edirdim. Mənim gözlərimdə yer, göy , hər şey rəngini və mahiyyətini dəyişdirmişdi. Hər şeydə yeni bir gözəllik görürdüm. Hər şey məni yaşamağa səsləyirdi. Anladım ki, bütün varlığımla Azadlıq mələyinə vurulmuşam!!!”

Bu sətirlər 4 iyun 1930-cu ildə yazılıb. Ə.Ağaoğlu həqiqətəndə bütün varlığıyla Atatürkün rəhbərliyi ilə həyata keçirilən quruculuq işlərinə qatılmaq və fəal iştirak etmək fikrində və əzmindəydi. Daxilən saf insan olduğuna görə əvəzində xüsusi bir təmənna gözləmirdi. O, Türkiyəni vətəni Azərbaycan qədər sevir və Türk dünyasına xidmət etməyi özünə borc bilirdi. Lakin parlaq və eyni zamanda çılğın şəxsiyyət olduğu üçün daha ehtiyatlı siyasətçilər tərəfindən asanlıqla Atatürkdən uzaqlaşdırıldı. Sərbəst firqə avantürasından sonra Əhmədbəy Ağayev bir-birin ardınca bütün vəzifələrindən məhrum edildi. “Dünyanın heç yerində misli görünməmiş bu avantyura çox dolğun, çox dalğalı, çox görüb götürmüş, çox zərbələr yemiş, fəqət bircə dəqiqə də ümidsizliyə qapılmamış mənəviyyatım üçün ən ağır və çəkilməz bir acı sarsıntı oldu. Acılıq firqənin dağılmasından gəlmirdi. Xeyr! Bu firqə ətrafında gördüyüm və təmasda olduğum əxlaq düşgünlüyündən irəli gəlirdi”. O, hətta İstanbul universitetinin professoru vəzifəsindən belə azad olundu. Universitetin professoru olmaqla yanaşı, Əhmədbəy son qəzeti - “Axın” qəzetini çıxarırdı. Qəzet bəzi hökümət nümayəndələri tərəfindən müxalifətin səsi kimi qəbul olunurdu. Atatürkün Ə.Ağaoğlunun iqtidara müxalif mövqeli qəzet nəşr etməsinə münasibəti özünü çox gözləməli olmadı: “Həm Darülfünunda professorluq, həm də müxalifətdə olmaq bir araya sığışmaz”,- deyərək məsələdə son nöqtəni qoydu.

Lakin Ə.Ağayevə görə acı məqam bunda deyildi, baxmayaraq ki, sərbəst firqə avantürasındakı fəlakət dostu Fəthi Okraya “mənim üçün ən ağır və ən çəkilməz dərd həyatın xaricinə atılaraq məəttəl və seyrçi durmaqdır” yazırdı. Onun üçün ən dəhşətlisi Atatürkün ona “həm də sən unudursan ki, burada bizə boğaz ortağısan” deməsi olmuşdu. Həyatı boyu türkçülüyü təbliğ edən, bu səbəbdən Rus imperiyası tərəfindən təqib olunan Ə.Ağaoğluna xalis türklüyünün şübhə altına alınması ağır zərbə idi. Halbuki əvvəllər də ətrafındakıların ara-sıra qəzəbinə tuş gələndə ona “Ağayev” deyə xitab etmələri, beləliklə də onun rus əsilli olduğuna eyham vurmaları olurdu. Lakin ideya, məslək dostu tərəfindən deyilən bu sözlər onu böyük türkçülük ideyasından bir an da soyutmadı. Həyatının son günlərinə qədər o türkçülüyə xidmət etdi.

Lalə Hacıyeva,

http://yazikiliteratura2.narod.ru/lit46.htm

 

Xəbərlər
Redaktorun seçimi