Nəcəfqulu bəy Şeyda (1858-1936)
Nəcəfqulu bəy Mirzə Məhəmmədhəsən bəy oğlu Vəliyev (Nəcəfqulu bəy Şeyda) 1858-ci ildə Şuşa şəhərində doğulmuşdu.
İbtidai təhsilini molla yanında almışdı. Sonra Bakıda Hacı Zeynalabdin Tağıyevin açdığı gеcə kursunda oxumuşdu. Qubеrniya idarəsində iyirmi bеş ilə yaxın tərcüməçi işləmişdi. Balaxanı kəndində nеft quyuları almışdı. Nəcəfqulu bəyin Məhəmmədhəsən bəy adlı oğlu, Səltənət xanım adlı qızı vardı.
Nəcəfqulu bəy şair idi. Şеyda təxəllüsü ilə şеir yazırdı. Nəcəfqulu bəy Şеyda haqqında yazılı mənbə o qədər də çox dеyil.
Təzkirəçi Mir Möhsün Nəvvab özünün "Təzkirеyi-Nəvvab" əsərində, dеmək olar ki, bütün Qarabağ şairlərinin həyat və yaradıcılığından xеyli danışsa da, onun barəsində çox cuzi məlumat vеrir: "Nəcəfqulu bəy Mirzə Məhəmmədhəsən bəy oğlu Baharlı Qarabağ vilayəti əhalisindəndir. Baharlı Şuşaya tabе olan kəndin adıdır. Otuz üç yaşlı, düz əxlaqlı bir cavandır. Mirzə Vəli Vidadinin (?) övladlarındandır. Bəzən şеir də yazır. Təxəllüsü Şеydadır. Baharlı oymağının tanınmış şəxsiyyətlərindən Mirzə Məmmədhəsən bəy Vəliyevin oğlu, Əbülfət Vəlinin qardaşıdır”.
* * *
Mənbə:
Vasif Quliyеv. Biz gеdəsiyik, dünya qalası. Bakı: Şuşa, 2001, səh.44.
Ənvər Çingizoğlu. Baharlı oymağı. Bakı: "Soy" dərgisi, 2008, səh.22-79.
* * *
►Mövzuya dair:
Nəcəfqulu və Əbülfət Vəli qardaşları
XIX əsrin sonu - XX əsrin əvvəllərində milli teatr sənətimizin inkişafı yolunda xidmətləri olan bir sıra sənətkarlar yaşayıb ki, onların həyat və fəaliyyəti hələ yetərincə işıqlandırılmayıb. Nəcəfqulu və Əbülfət Vəliyev qardaşları belə sənətkarlardandır.
Nəcəfqulu bəy Vəli 1858-ci ildə Şuşa şəhərində dünyaya gəlib. Atası Mirzə Məmmədhəsən bəy oğlu quberniya idarəsində kiçik məmur işləyib. Nəcəfqulu ibtidai təhsilini Şuşada, molla məktəbində aldıqdan sonra Bakıda Hacı Zeynalabdin Tağıyevin açdığı gecə kursunda oxuyur. Quberniya idarəsində 25 ilə yaxın tərcüməçi işləyir. Balaxanı kəndində neft quyuları alır, sərvət sahibi olur. Xalqın mədəni inkişafına təmənnasız yardım göstərir.
Nəcəfqulu bəy həm də teatr həvəskarı olub, aktyor kimi bir sıra tamaşalarda çıxış edib. 1923-cü ildə Bakıda nəşr olunan "Azərbaycan türk teatrının müxtəsər tarixçəsi" kitabında yazılıb: “1887-ci ildən sonra türk teatrı Bakıda getdikcə tərəqqi etdi. O vaxtın cavanlarından Sultanməcid Qənizadə, Həbib bəy Mahmudbəyov və Nəcəfqulu bəy Vəliyev başlarına teatr həvəskarlarını cəm edib tamaşa göstərməyə başladılar. Bu şəxslərin teatr yolunda çəkdikləri əzab, üzləşdikləri çətinliklər heç biri vəsfə gələsi deyildir".
Nəcəfqulu bəy həm də şair olub, “Şeyda” təxəllüsü ilə şeirlər yazıb. Lakin Nəcəfqulu bəyin həyatı və yaradıcılığı barədə mənbələrdə elə də səhih məlumat yoxdur. Mir Möhsün Nəvvab özünün «Təzkireyi-Nəvvab» kitabında Qarabağ şairləri sırasında onun haqqında qısa məlumat verir.
Nəcəfqulu bəyin qardaşı Əbülfət bəy Vəli 1871-ci (bəzi mənbələrdə 1867) ildə Şuşada doğulub. Şuşa realnı məktəbini bitirir. Erkən yaşlarından elmə, mədəniyyətə maraq göstərir. Gənclik çağlarından el şənliklərində yaxından iştirak edir, teatr sənətinə böyük marağı olur. Sonralar istedadlı, mütərəqqi fikirli aktyor, rejissor və bacarıqlı teatr təşkilatçısı olur.
XIX əsrin sonlarından 1918-ci ilə qədər bir çox teatr tamaşalarında çıxış edir. Həmin illərin dövri mətbuat səhifələrində göstərilir ki, o, səhnə əsərlərində müxtəlif xarakterli obrazlar yaradıb.
Həbib bəy Mahmudbəyovun və Sultanməcid Qənizadənin hazırladıqları həvəskar tamaşalarında kiçik, epizodik, həm də əsas rollarda çıxışlar edib. “Müsəlman Artistləri Cəmiyyəti“, “Nicat , “Səfa” teatr truppalarında aktyorluq və rejissorluq edir. Onun təşkilatçılığı sayəsində bir qrup aktyor İrəvan, Tiflis, Batum, Suxumi, İstanbul, Sevastopol, Yalta şəhərlərində qastrolda olur. Bir neçə dəfə Üzeyir bəy Hacıbəyli, Süleyman Sani Axundov və Mehdi bəy Hacınski ilə "Nicat" cəmiyyətində ədəbiyyat və teatr komissiyasının üzvü seçilir.
O, Mirzə Fətəli Axundzadənin "Hacı Qara" komediyasında Xəlil yüzbaşı, Nəcəf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin" faciəsində Cahangir bəy və Fəxrəddin, Əbdürrəhim bəy Haqverdiyevin "Bəxtsiz cavan"ında həkim, "Dağılan tifaq"da Əbdül rollarında dəfələrlə səhnəyə çıxıb. O, ictimaiyyət arasında Qafqazın ən müqtədir aktyorlarından biri kimi qəbul olunub. Müxtəlif mətbuat səhifələrində "bacarıqlı oyunu", "istedadlı ifası", "qüvvətli çıxışı" haqqında yazılar dərc olunub.
Əbülfət bəy rejissor kimi də fəaliyyət göstərib. Mirzə Fətəli Axundzadənin "Hacı Qara", Nəriman Nərimanovun "Nadir şah", Nəcəf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin", Əbdürrəhim bəy Haqverdiyevin "Dağılan tifaq", Üzeyir bəy Hacıbəylinin "Məşədi İbad" əsərlərinə səhnə quruluşu verib. Gənc və həvəskar aktyorların yetişməsinə öz töhfəsini verib. Məşhur aktyor Hüseyn Ərəblinskinin istedadının üzə çıxmasında onun böyük zəhməti olub.
1911-ci ildə göstərilən "Nadir şah" tamaşası (Nadir şahı Hüseyn Ərəblinski, Cavadı isə Cahangir Zeynalov oynayıb) Əbülfət Vəlinin ən yaxşı quruluşlarından sayılıb. Orada onun aktyor sənətkarlığı, bacarığı daha qabarıq görsənib. O, 1911-ci ildə müvəqqəti olaraq "Nicat" cəmiyyətinin teatr truppasından ayrılır. "Mirat" (“Güzgü”) adlı dram dərnəyi yaradır. Əsasən kiçik həcmli pyeslər tamaşaya hazırlayır. Həmin il güzəranının çətinliyindən səhnəni atır. Daşkəndə getmək istəsə də, bu səfəri baş tutmur. Qafqazın müsəlmanlar yaşayan bölgələrinə qastrola çıxır.
Həyatını başdan-başa teatr mədəniyyətinin inkişafına həsr edən Əbülfət Vəli 1918-ci il dekabrın 3-də Göyçayda vəfat edir.
Savalan Fərəcov, Ənvər Çingizoğlu,
“Mədəniyyət” qəzeti, 01.06.2011
* * *
Nəcəfqulu bəy Şeydanın şeirləri
XIX əsrin ikinci yarısı, XX əsrin əvvəllərində yaşayıb-yaradan Nəcəfqulu bəy Şeyda barədə bildiklərimiz azdır. Məlumdur ki, o, 1858-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Atasının adı Mirzə Məhəmmədhəsən olub. Nəcəfqulu bəy Mirzə Vəli Baharlının nəvəsidir. N.Şeyda təhsilini Şuşada almış, “Məclisi-üns” və “Məclisi-fəramuşan” ədəbi məclislərinin fəal üzvü olmuşdur. O, “Şeyda” təxəllüsü ilə klassik üslubda yazılan şeirlər müəllifidir.
Nəcəfqulu bəy Şeydanın həyat və yaradıcılığı barədə daha geniş məlumat əldə etmək üçün onun ədəbi irsinə müraciət etdik. Şairin əsərlərinin əlyazmalarından ibarət olan dəftər Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılır. Bu dəftərin 62 vərəqində 114 qəzəl, 2 müsəddəs, 3 qitə, 6 müxəmməs, 2 müstəzad, 86 rübai və müxtəlif məzmunlu digər şeirlər toplanmışdır.
Dəftərdə həmçinin nəzmə çəkilmiş müxtəlif hekayə və rəvayətlərə, geriliyi tənqid edən şeirlərə, “Tövbənamə”yə, Mövlana Cəlaləddin Rumi, Şeyx Sədi, Hafiz, Vəhşi kimi Yaxın Şərq şairlərinin əsərlərindən tərcümələrə, farsca bir neçə qəzələ və s. əsərlərə də rast gəlirik. Şeirlərin qeyd edilən ən əski tarixi 1886-cı il, ən son tarix 1936-cı ildir. Buradan belə nəticəyə gəlmək olar ki, Nəcəfqulu bəy ən azı 78 il yaşamışdır.
N.Şeydanın əksər şeirləri, xüsusilə də qəzəlləri XIX əsrin sonlarında, XX əsrin əvvəllərində bütövlükdə Azərbaycanda, o cümlədən Şuşanın ədəbi məclislərində yazılan lirik-aşiqanə,
didaktik şeirlərdən çox da fərqlənmir. Lakin onun zəmanəsinə, mövcud vəziyyətə, quruluşa qarşı etiraz ruhu ilə aşılanmış elə şeirləri də vardır ki, bunların üzərində xüsusi dayanmağa ehtiyac duyuruq.
Şairin 1914-cü ilin may ayında yazdığı bir şeirində o xalqını çar Rusiyası istilasından azad görmək istəyən, millətinə azadlığı bəxş edəcək xilaskarı səbrsizliklə gözləyən alovlu bir vətənpərvər kimi çıxış edir:
Övladi-vətəndir qəlbi möhkəm,
Təzyiqə dəvam edir əsirkən.
Namüd degil, gələr o gün həm,
Naci yetişər olarə erkən.
Ol vəqt olu qəlbləri ələmdən,
Xali ki, rəha olarlar qəmdən.
Bu şeir N.Şeydanın Azərbaycanın sovetləşməsinə qədərki düşüncələrini əks etdirir, onun həmin dövrün ən qabaqçıl ziyalıları ilə həmfikir olduğunu göstərir. Nəcəfqulu bəyin elə şeirləri də var ki, Azərbaycanda yeni qurulan Sovet hakimiyyətini zalım adlandırır, haqqı boğan amansız bir rejim kimi onu damğalayır. N.Şeydaya görə yeni rejim əslində, çar Rusiyasının başqa bir formasıdır.
Şairin 1924-cü ildə yazdığı şeirlərindən birində oxuyuruq:
Zülm, əyyam dolanıb sanma ki, yüngülləşəcək,
Get-gedə vəz’i-cahan bil yəqin müşkülləşəcək…
Batil ehkamı məsəbbət eləyir əhli-zəlan,
Nə zəman salikə həqq söyləmək mümkünləşəcək?
Həmin dövrdə belə tənqidi şeirlər yazan şairin cəsarətinə təəccüb etməmək olmur. İnanmaq olmur ki, XX əsrin 20-30-cu illərində belə şeirlər yazan, sonradan onları çırıb atmayan,
evində saxlayan adamlar da varmış. Axı hamı bilir ki, həmin illərdə belə şeirlərin müəllifini nə gözləyirdi.
Sovet dövründə yazdığı şeirlərindən birində Nəcəfqulu bəy açıqdan-açığa inqilabı insan hüquqlarını “paymal” etməkdə günahlandırır, xalqın bu bəladan bir zaman qurtaracağına
inandığını söyləyir.
Key olan inqilabda həqqi, hüququ paymal,
Səbr elə, bir zaman gəlir, Şeyda oxur bəşarəti.
Şair 1924-cü ildə yazdığı başqa bir şeirində Sovet rejimi tərəfindən söz azadlığının tamamilə aradan götürülməsini, zorakılığın, repressiyaların baş alıb getdiyini amansız tənqid atəşinə tutur. Azərbaycanda XX əsrin 20-ci illərində yazılmış belə cəsarətli şerlərdən xəbərsiz olduğumuza
təəssüflənməmək olmur.
Şair “Mətbuat bülbülünə” xitabən nə üçün onun səsinin gəlmədiyini soruşur və bülbülün adından cavab verir ki, indi sözün düzünü demək mümkün deyil, çünki haqq söyləyənləri cəzalandırır, həbsxanaya salırlar:
İndi hürriyyəti-kəlam yedəklənibdir,
Həq söyləyən təhdid ilən qorxunur,
Cəbrən, zorən ağzıbirə soxulur,
Doğru gedir, əgri güllər toxunur,
Çirkin əğyar gör nə qəşənglənibdir.
1936-cı ildə yazılmış şeirlərindən birində N.Şeyda ölkədə hakim olan bolşevik partiyasını “firqeyi-əhli-zəlalət” adlandırır, islam dinini sıxışdıran Sovet rejimini ifşa edir. Müəllif əminliklə
bildirir ki, “əhli-fəsad” nə qədər güclü olsa da, haqq batil olmayacaq, bir gün qələbə çalacaq:
Firqeyi-əhil-zəlalət eyləyir rəhbərlik,
Əhli-islamə, xudaya, nə zəlalət, nə sitəm…
Qüvveyi-cəbr ilə, Şeyda, olamaz həq batil,
Nə qədər əhli-fəsad yağdıra xəlq içrə zələm.
Şeirlərindən görünür ki, Nəcəfqulu bəy dindar bir adam olub:
Bir Hüseyn ibn Əlidir fəxr ilə ibrətnüma,
Oldu rahi-eşqdə, bəhri-həqayiqdə qəriq.
Onun fikrincə, xalqın başına gələn müsibətlərin bir səbəbi də onun öz dinindən, haqq yolundan zorla uzaqlaşdırılmasıdır. Bu fikirdə olan şairin bəzən ümidsizliyə qapıldığını da görürük:
Məsləki-millət pozuldu, münhədim oldu təriq,
Yox fərəhbəxşa əlamət, yox ümid dilşad edən.
Belə bədbin fikirlər Nəcəfqulu bəyin şerlərində yerini, şairin öz mənəvi gücünə, gələcəyə inam aşılayan nikbin əhvali-ruhiyyəli misralara verir:
Qoy nə qədər əhli-dəğa istəyir etsin zülmün,
Azmayıb həqdə Şeyda, yenə ötkünləşəcək.
Qeyd etdiyimiz kimi N.Şeydanın şeirlərinin əsas hissəsi klassik poeziya üslubunda yazılmış aşiqanə qəzəllərdən, nəzmlə yazılmış didaktik məzmunlu hekayə və rəvayətlərdən ibarətdir. İnanırıq ki, bu kitab çapdan çıxandan sonra XIX əsrin sonu, XX əsrin əvvəllərində yazıb-yaradan, lakin sağlığında bir o qədər də məşhur olmayan Nəcəfqulu bəy Şeydanın ədəbi irsiistər ədəbiyyat mütəxəssislərinin, istərsə də, şeir həvəskarlarının diqqətini cəlb edəcəkdir.
Paşa Kərimov,
filologiya elmləri namizədi
* * *
Yaradıcılığı
Qəzəllər
Yoxdur aləmdə bir aşiq kim, ola kami rəva,
Gər olub, aşiq degil, aşiqdir kami narəva.
Aşiqi-sevdazədə vəchi-nigarın axtarar,
Nə gözəl olsa, onu sevməz nigarından səva.
Mənzərimdə dövr edən bu taqi siminzər nigar,
Pərtövi-zati-xudadır xaliqi nə bu həva.
Hər səhər gülşənara cəmiyyəti-üşşaqdən,
Naləşü suzdur səm’ə yetən hər bir nəva.
İstədim mən bir müalicədən dəvayi dərdi-eşq,
Söylədi bu dərdə yox heç yerdə dərmanü dəva.
Etmədi dərman müalic dərdi dərmanına,
Ey könül, bil binəvasən, binəvasən binəva.
Səbr ilə, Şeyda, olur dərman dərdi firqətə,
Məqsədi rahə məhaziddir əgər xətti üstüva.
5 yanvar, 1927
* * *
Etiqadın ilə möhkəm bil yəqin ey pürxirəd,
Ciddü cəhd verməz səmər ta olmasa həqdən mədəd.
Bəxşişi əhli səxanın bəzminə mümsək nədən,
Büxli-xübsindən edir hər yerdə hər dəmdə həsəd.
Hümməti-hali-xəsayildən doğar əf’ali xeyr,
Xeyirdən tolid xeyr eylə, xəbaisdən də bəd.
Kuşeşin sanma əbəs kim canfəşanlıq eyləyir,
Məsləki-həqdə durub qayim-qiyam eylər əbəd.
Səy qıl əhli-təriqət məsləki tapsın səbat,
Firqeyi-bütlan olub məhv qalmasın heç bir əhəd.
Bavər etmə ədli üzrə eyləsin divan o şəxs,
Gər olursa hökmranlıqda əsasən müstəbəd.
Firqə-firqə oldu millət, məsləki pozğunlaşıb,
Qalmadı, Şeyda, məgər həq yolda bir əqəll ədəd.
1924, 25 dekabr
* * *
Sənəma! Talibdir üzünü görməgə ürək,
Aç üzün ta ki gözəl üzünü bir an görək.
Şanə vurduqca pərişan olur o zülfdə mu,
Xatirim cəmliginə qoy o pərişani hörək.
Məqdəmin səcdəgəh olmuşdu pərəstişlərinə,
Qoyaram səcdə üçün başım ayağın öpərək.
Hər görən hüsni-cəmalın sənin heyranın olur,
Əql daşından uçur görcək üzarın ötərək.
Möhnəti-qəmzədənin illəti dərdin bildin,
Bu nəhan sirrdir, etmək bunu əfşanə gərək.
Cilvəgahindan ötən cazibeyi hüsnin olur,
Neçə pərvanə yanır dövreyi şəmdə uçaraq.
Nəql məhfillər olub nəqli-kəlamın, Şeyda,
Xassə mənası vəli a’mə də əfsanə gərək.
1927, 2 yanvar
* * *
Söhbəti hal əhlinin ruhə təravət verir,
Ruh təravətli, həm cismə zərafət verir.
Hər nəfəsi ki alır cism, səfadar olur,
Cismə həman dəm səfa qüvvət, taqət verir.
Cismi- qəvi bil-ümum hali səlamət edər,
Salim olan hal həm feli- səlamət verir.
Salim fel failin əhli-səadət qılar,
Kim ki tapar məs’ədət xəlqə səadət verər.
Feyzi səadət tapan vəh nə səadətlidir,
Kim olub məs’ud özü, qeyrə səadət verir.
Seyri-siluki budur əhli-təriqin yəqin,
Zəhməti-nəfsi ilə qeyrə fəraqət verir.
Müstərihdir, şübhəsiz, Şeyda misal hər vücud,
Tərki-zünub ilə bir nəfsə ənabət verir.
3 dekabr, 1926.
* * *
Yoxdu mən tək sevgidə bir kəs ki püriqrar ola,
Sevilə həm də sevə zahirdə leyk biyar ola.
Hüsn bazarında yoxdur ruy dilbər tək məta’,
Çox cəfadır müştərisi gər onun əğyar ola.
Şaxi-gülbündə güli mədh eyləyən bülbül olur,
Nə rəva madam xar gülbində bir xurdar ola.
Möhnəti-hicranə vaqif aşiqi-məhcurdur,
Tuli-hicranə bədi xoşdur aşiqə didar ola.
Söhbəti nadandan yetməz nədamətdən səva,
Neyləsin arif ki, nadan söhbəti naçar ola.
Bəxt dönəndə xabi-qəflət nagahan eylər hücum,
Vay ola ol qafilə gər düşməni bidar ola.
Tərk qıl, Şeyda, dəxi sən söhbəti-nadanları,
Axtarıb həm söhbətin tap arifü hüşyar ola.
1927, 4 yanvar
* * *
Müxəmməslər
Ey qaşi kaman, kirpiyi ox, ləbləri mərcan,
Şəhd-i ləb-i ləlin mən-i biçarəyə dərman,
Yaqût ləbindən mənə sən əylə bir əhsan,
Ləbin ləbim üstünə qoy, ey nov-i gül-i xəndan,
Gülbərg tərin əyləgilən yər ilə yəksan.
Dərdü gəmi hicr içrə mənim çoxdu məlalim,
Hansı birini şərh qıhm, əy gül-i alım?
Aşüftə ədən zülf-i siyahındı xəyalım,
Çarə nə olur, dərdimə səndəndi sualim?
Əlhəqq bulunur şəhd-i ləbindən mənə dərman.
Övqat kəçərdi qəm ilə, ləyk vüsalm,
Röyada görürdüm gəcələr əks-i camalm,
Səd şükr Xudaya ki, dönüb fikrü xəyalm,
Tərf-i gülü büstana gəlir sərv-i nihaim,
Can məqdəminə imdi gərəkdir ola qurban.
Dün şərh ələdim dərd-i dilim pir-i muğanə,
Zülf-i siyahın qissəsi çün düşdü bəyana,
Aşüftə, pərişan ələdi halimi şanə,
Döndərdi üzarm həvəsi bağrımı qanə,
Nəy kimi nəvaya gəlib üşşaq ədər əfgan.
Əy məhr-i münəvvər, sənə övsaf nə hacət,
Hər yərdə camalm süxəni türfə həkayət,
Söz çoxdu, budur müxtəsər, əy kan-i lətafət,
İnsafa gəlib əylə özün bircə ədalət,
Vər indi icazə olalım ta sənə məhman.
Əsbab-i tərab məclis ara ta ola bir dəm,
Tarü nəy ü bərbət çalınıb, dəf urula həm,
Sərməst ola zahid Iəb-i məydən, ola xürrəm,
Saqi oluban məy vərəsən sən mənə hər dəm,
Ağuşuma mən onda çəkərdim səni çün can.
Buy-i sər-i zülfün yətirib bad dimağa,
Şövq-i gül-i rüyin məni qalxızdı bu tağə,
Şeyda kimi səbbar olurmu kimsə bu dağə,
Bülbül kimi qonsam, gözəlim, şaxə, budağə,
Görüb deyərlər: -Aşiq-i güldür bu pərişan
* * *
A gül şaxı, yaşıl yarpaq açmısan,
Nə xoş olur, qönçələrin olaydı.
Açılaydı qönçələrdən güllərin,
Sənə məddah bülbüllərin olaydı.
Ətrafına cəm olarlar gözəllər,
İyləyib gülünü, axır üzəllər.
Müəttər bərginlə köksün bəzəllər
Tamaşaçı hеyranların olaydı.
Şaxı gülbən olub sənə mənzilgah,
Məğrur olma yox bəqası onun, ah.
Nolar, olsun aşiq dərdindən agah,
Vəslin dilər müştaqların olaydı.
Ətri gülün bihuş еdər hər kimi,
İylər onu hər kimsə ənbər kimi.
Şəqayiq, nəstərən, süsənbər kimi,
Sən şah, bular gədaların olaydı.
Kеçər fəsli-bahar sənin də dövrün,
Yеtər xəzan, solar rənginə sorun.
Nayab olar aşiqlərdən hüzurun,
Nə sеvilib bu günlərin olaydı.
Diyari-qürbətdə gеdər bülbülün,
Solar ətrafında gülü sünbülün.
Tökülər yarpağın, qalmaz hеç gülün,
Sənə ağlar Şеydaların olaydı.
* * *
►Mənbə:
Nəcəfqulu bəy Şeyda. Şeirlər. Bakı: Nurlan, 2006, 158 s.