“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
30.12.2014, 15:00
1762

Həsənəli xan Qaradaği (1850-1929)

A- A+

Görkəmli Azərbaycan maarifpərvəri, şair, pedaqoq, ədəbiyyatşünas, tərcüməçi, tarixçi Həsənəliağa xan Qaradağinin (Qaradağskinin) nəsli hələ Şah İsmayıl dövründə görkəmli yer tutmuş Ustaclı elinin Toxmaqlı oymağına bağlıdır. Onun ulu babalarından biri olan I İlyas xəlifə Ustaclı elinin tarixi vətəni sayılan Türkiyənin Sivas vilayətində anadan olub. Mir Möhsün Nəvvab yazır: "Onların əsli İran vilayəti Qaradağ mahalının nəciblərindəndir. 1804-cü ildə Qaradağdan gəlib Qarabağı özlərinə vətən ediblər. Əcdadı Səfəvi padşahlarının hüzurunda xəlifələr xəlifəsi mənsəbində olub".

Məlumdur ki, 1500-cü ildə I İlyas xəlifə başçılıq etdiyi Toxmaqlı oymağı ilə hələ şahlıq taxtına əyləşməmiş İsmayıla qoşulmuş və elliklə Cənubi Azərbaycana, Qaradağa köçmüşdür. I İlyas xəlifə Səfəvilər dövlətinin qurucularından biri hesab olunur. O, I Şah İsmayılın vəfatından (1524) sonra I Şah Təhmasibə (1524-1576) xidmət etmişdi. Oğlu I Şəmsəddin xəlifə, nəvəsi Əhməd xəlifə Qaradağ (Dizmar) mahalının hakimi olmuşlar, öz növbəsində Əhməd xəlifənin oğlu Mahmud sultan (1691-ci ildən), nəvəsi Bayandur sultan da (1701-ci ildən) həmçinin Qaradağ (Dizmar) mahalına hakimlik etmişlər. Bayandur sultanın oğlu Məhəmmədqasım xan (1716-cı ildən), nəvəsi Məhəmmədkazım xan (1730-cu ildən), Məhəmmədkazım xanın oğlu Mustafaqulu xan (1763-cü ildən) və nəvəsi Məhəmmədqulu xan (1801-ci ildən) Qaradağ xanlığının xanı olmuşlar.

1804-cü ildə Məhəmmədqulu xan rəiyyəti ilə birgə Şimali Azərbaycana köçüb Şuşada məskunlaşır. Rus ordusunun polkovniki idi. Oğlu Həsənəliağa xan Qaradağski (ata) rus ordusunda poruçik rütbəsində xidmət edirdi. Həsənəliağa erkən vəfat etdiyindən və oğlunun dünyaya gəlməsini görmədiyindən onun oğluna da Həsənəliağa adı verilir.

Həsənəliağa 1850-ci il sentyabrın 21-də Şuşada anadan olmuşdur. Kiçik yaşlarında onu Balacaağa deyə çağırıblar. Anası Xatın xanım ərə getdiyinə görə Balacaağa ilk əvvəl dayısının, sonradan Tiflisdə yaşayan əmisi Məhəmmədhüseynağa xan Qaradağskinın himayəsində boy atır.

8-9 yaşa çatdıqda Şuşaya gəlmiş əmisi Məhəmmədhüseynağa xan Qaradağski Balacaağanı Şuşada fəaliyyət göstərən rus Qəza məktəbinə qoyub Tiflisə qayıdır. Şuşada oxuyarkən maddi yardımı anası Xatın xanımdan alır, lakin anası göndərdiyi pul və ərzağı qohumları özlərinə sərf etdiklərindən uşaq çox ehtiyac və əziyyətə dözməli olur. O, anasının yanında olmaq fikrinə düşür, lakin məktəbi buraxmaq istəməyib Şuşada oxumaqda davam edir.

Həsənəliağa dayısının himayəsi altında yaşadığı illər ərzində keçirtdiyi acı günlər haqqında yazır: "Məktəbdən evə gəldikdə dayımın arvadı sacda bişirilmiş "xamralı" deyilən çörəyin birini əlində iki qatlayıb, sonra bir də qatlayıb dörd hissə etdikdən sonra hissənin birini mənim üçün verirdi. Bu mənim naharım olurdu. Bu nahardan sonra mən dərhal dərs hazırlamağa başlardım. Dərsi hazırlarkən dayımın uşaqları mənə çox vaxt mane olurdular - istehza edib gülürdülər, çünki çox az vaxtlarda mən onlarla oynamağa gedirdim. Onların hərəkətləri bəzən təhqirə qədər çatırdı. Lakin mən davam edib dərslərimi hazırlamaq üçün sakit və əlverişli yer tapırdım. Mən özümə pilləkənin altında xəlvət yer düzəltmişdim. Qaranlıq olduğu üçün şam yandırıb burada dərs hazırlayırdım. Bir neçə gündən sonra, uşaqlar yerimi tapdılar, məni yenə də dinc buraxmadılar. Onlar yuxarıdan başıma su tökməkdən və yaxud yanıma gəlib mane olmaqdan əl çəkmirdilər. Bir dəfə iki əlimlə kitabı tutub oxuduğum zaman, çöpü şama tutaraq yandırdıqdan sonra əllərimə yapışdırdılar, kitab əlimdən düşdü, mən bərk diksindim, onlar bundan şadlanıb güldülər. Əlimdən ağlayıb, kiriməkdən başqa heç zad gəlmirdi... Rusca oxuyanları müsəlmanların çox hissəsi sevmirdi, dindarlar belə adamı kafir adlandırırdılar. Hətta mən qoca nənəm Hürzad xanımın evinə gedən zaman, o məni xoş dil ilə qarşılayıb yemək təklif edirdisə də, lakin yeməkdən qabaq özü su ilə mənim ağzımı suya çəkirdi ki, sən məktəbdə "urusca" danışmısan ağzın murdar olub".

Həsənəliağa 1866-cı ildə Qəza məktəbini bitirir. Əmisinin göndərdiyi maddi vəsait hesabına o, Şuşanın Tazə məhəllə adlanan yerində ev tutur və tək yaşamağa başlayır. Rus təhsilli Balacaağa ərəb, fars dillərini, islamın əsaslarını öyrənmək üçün qonşuluğunda yaşayan Mirzə Bəşir Yusifzadənin atası Mirzə Ələkbər Yusifzadədən dərs almaq qərarına gəlir. Mirzə Ələkbər Yusifzadə ərəb, fars dillərini Həsənəliağaya öyrədir, Sədi, Firdovsi, Nizami, Xaqani, Füzuli və sair şairlərin əsərlərini orijinalda mənimsəməyə kömək edir. Şeiriyyata böyük həvəs göstərərək özü də qəzəl, müxəmməs yazmağa başlayır.

H.Xan Qaradağski 1888-ci ildə bir daha Tiflisə gedir. Səbəb əmisi Məhəmmədhüseynağanın xəstə olması idi. 1891-ci ildə Məhəmmədhüseynağa dünyasını dəyişir. Ölməzdən qabaq Məhəmmədhüseynağa yeganə qızı olan Balaxanım xanımla evlənməsini Həsənəliağaya vəsiyyət edir. 1891-ci ilədək Həsənəli ağa Tiflisdə köhnə tanışlarla təmasda olur, kitabxanalarda və əmisi ilə söhbətləşib vaxtını keçirirdi. Məhəmmədhüseynağanı dəfn edib təziyədən sonra Həsənəliağa əmisi qızı ilə birgə Şuşaya qayıdırlar. Həsənəliağa bütövlüklə özünü yaradıcılığa həsr edir. Bu dövr onun ən məhsuldar dövrü hesab oluna bilər. 1897-ci ildə övladları olmadığından Balaxanım xanımın razılığı ilə Həsənəliağa kasıb bir ailədən Teybə adlı qızla evlənir. Həsənəliağa ilə Teybə xanımın dörd övladı olur: Məhəmməd ağa, Çingiz ağa, Böyükxanım və Şəfqət ağa.

1922-ci ildə Həsənəliağa təqaüdə çıxır. 1924-ci ildə iflic olur, lakin 2-3 il ərzində müalicə olunub səhhət tapır. Əmək fəaliyyətinin çox hissəsini itirmiş Xan Qaradağski yenə də ədəbiyyat və mədəniyyət sahəsində çalışır. Azərbaycan Xalq Maarif Komissarlığı Şuşa maarif şöbəsi tərəfindən ona maaş təyin edilir və Qarabağ şairləri haqqında material toplayıb yazaraq Bakıya göndərməyi ona tapşırır. Xan Qaradağski bu vəzifəni yerinə yetirir, öncə topladığı və yeni toplamış materialları göndərilmiş nümayəndələrə təhvil verib yeni tapşırıqlar ilə məşğul olurdu.

1929-cu ildə Həsənəliağa Xan Qaradağski yenidən xəstələnir, dekabr ayının 2-də Şuşa şəhərində vəfat edir və hörmətlə şəhər qəbiristanlığında (Böyük qəbristanlığın şəhərə ən yaxın hissəsində) dəfn edilir.

* * *

Pedaqoji fəaliyyəti. Tiflis dövrü  

Xan Qaradağski şəhərdə artıq istedadlı bir şair kimi şöhrət tapmaqla yanaşı, 60-cı illərin sonundan müəllimlik fəaliyyətinə başlayır və bu fəaliyyəti ilə də özünə hörmət qazanır. Qohum-qonşular uşaqlarını savadlandırmaq üçün onun yanına göndərirlər. Balacaağa dedikləri Xan Qaradağski onların xahişini məmnuniyyətlə qəbul edir və 20 nəfərə qədər uşaq toplayıb evində dərs deməyə başlayır. Sxolastik üsulu ilə ərəbcə dərs keçməyin çətinliyini bilən Xan Qaradağski, şagirdlərinə dərsi özünun tərtib etdiyi sadə üsulla: təbaşir və yazı lövhəsi ilə, parta arxasında ana dilində keçir.

Dərslərində riyaziyyat, Ana dili, ədəbiyyat, coğrafiya və başqa dünyəvi fənlərlə yanaşı Qur’an ayələri və namaz dualarına da xüsusi önəm verirdi. Əzbərləmə metodunun üstün cəhətlərindən də faydalanmaq üçün o, öz şagirdləri üçün xüsusi olaraq müxtəlif səpkili didaktik xarakterli şeirlər yazırdı. Qeyd olunmalıdır ki, Azərbaycan məktəbləri arasında ilk yazı lövhəsi və partalardan istifadə edən məhz Həsənəliağa Xan Qaradağski olmuşdur.

Həsənəliağanın əmisi 1873-cü ildə əmişə olduğu kimi yayda Şuşaya gəlir və Həsənəliağa əmisinin görüşünə gedərək ondan Tiflisə getməsi üçün icazə alır. Əmisi Balacaağa ilə bir qədər söhbət edib onun rus, fars və ərəbcə olan savadını yoxlayır, şairliyini, fikirlərini də bəyənir və belə deyir: «Mən oğulsuz olmağım haqqında artıq kədərlənməyə bilərəm...» Tezliklə, Məhəmmədhüseynağa qardaşı oğlunu Tiflisə aparır və öz yanında saxlayır.

Cənubi Qafqazın paytaxt rolunu oynayan Tiflisdə Həsənəliağa Qafqaz canişininin dəftərxanasında məsul vəzifədə çalışan kollej asessoru əmisi Məhəmmədhüseyn ağanın dostları, tanışları, qabaqcıl ziyalılar ilə yaxından tanış olur. Onların sırasında Mirzə Əbülhəsən bəy Vəzirov, Mirzə Fətəli Axundov, Aleksey Osipoviç Çernyayevski də olur. Gənc Xan Qaradağski Tiflisdə keçirdiyi illər ərzində (1873-1878) əmisinin rus, Qərb və Şərq ədəbiyyatından ibarət olan zəngin kitabxanasından faydalanaraq öz biliyini daha da artırır və bu arada fransız dilini də öyrənir.

1878-ci ildə Həsənəliağa Xan Qaradağski Şuşaya qayıdır. Burada o özünə Mirzə Fərrux adlı birindən iki otaqdan ibarət bir mərtəbəli bir ev alır. İki otaqdan birini yataq, digərini isə dərs otağı edərək evində məktəb açır, pedaqoji fəaliyyətini yeni həvəslə davam etdirməyə başlayır. Uzun bir stolun arxasında stullar üzərində əyləşən uşaqlara Ana dili, hesab dərsi keçir. Dərslik olmadığından hər günün dərsini ayrıca tərtib edib öyrədir, yazdırır. Özünün xüsusi olaraq yazdığı didaktik xarakterli şeirləri əzbərlədir, nəğmə oxudur:

İlin hesabı

Gecə və gündüz neçə saat eyləyir?

Hər kəs tarix tutub hardan söyləyir?

Gecə və gündüz iyirmi dörd saatdır,

Yeddi gün həftədir, beylə hacətdir.

Altmış dəqiqə bir saat, altmış saniyə

Dəqiqədir, hər kəs istər tanıyə.

Dörd həftə bir aydır, on iki də ay

Bir il edir, öyrən ayı, günü say.

Otuz il dövrdir, yüz il əsrdir,

Qəmər ili şəms ilindən kəsrdir.

Qəməri il üç yüz əlli səkkiz gün,

Edər şəmsi üç yüz altmış altı gün.

İl e’tibar olur bizdə hicrətdən,

Bir min üç yüz keçir indi o vəxtdən.

Miladi-İsadən hesab edirlər

Məsihilər, il hesabın gedirlər.

Həştad üç il, dəxi bir min səkkiz yüz

İndi keçür ondan, Qaradaği, düz.

Xan Qaradağskinin şagirdləri içərisində Zülfüqar bəy Hacıbəyov, Cəlil bəy Bağdadbəyovun adlarını çəkmək olar... Həsənəliağanın təşkil etdiyi məşğələlərinin əsas qayəsi uşaqları Qori müəllimlər seminariyasına hazırlamaq idi.

1881-ci ilin yanvar ayının 26-da Qafqaz canişinin təsdiq etdiyi təlimata əsasən Cənubi Qafqazda yaşayan xalqların nümayəndələri ilk tədris ilində öz ana dillərində almalı idilər. 1881-ci ildə Qori seminariyasının Azərbaycan şöbəsinin müdiri A.O.Çernyayevski Tiflisə dəvət etdiyi azərbaycanlı ziyalıları qarşısında ana dilində dərslik tərtib etmək məsələsini qoyur. Dəvət olunanlar sırasında Həsənəliağa da var idi.

1882-ci ildə I hissəsi, 1888-ci ildə isə II hissəsi çapdan çıxan «Vətən dili» dərsliyində Həsənəliağa Xan Qaradağskinin müəllifi olduğu 11, tərcümə etdiyi 23 nəzm əsəri özünə yer tapıb. Bu həmin «Vətən dili» dərsliyidir ki, 40 ilə yaxın bir dövrdə Azərbaycan uşaqlarının əsas dərs vəsaiti olmuşdur. Dərsliyin müqəddiməsində Xan Qaradağskinin iştirakı və böyük xidməti xüsusi qeyd olunur: Bu kitabda dərc olınan şeir və nəzmə dair təmsilatın çoxusu zəmanə şairlərinin möhtərəmi cənab Həsənəliağa Xan Qaradağskinin inşadıdır və təmsillər məşhur Krılovdan tərcümədir. Azərbaycan dilində ibtidai sinif şagirdlərinin dərk etmə qabiliyyətinə və hafizəsinə müvafiq təmsilat və şeir çox nadirdir. Bu yolda başlıca həvəs və xidmət göstərən Xan Qaradağski cənablarıdır. Buna görə məktəblər Xan Qaradağskinin bu zəhmətini nəzərdə tutmalıdır. Biz də bu barədə o izzətli və möhtərəm cənablara son dərəcə minnətdarlığımızı və təşəkkürümüzü izhar edirik.

* * *

Tərcüməçilik fəaliyyəti  

Həsənəliağa xan Qaradağski İ.A.Krılovun 60-dan artıq təmsillərinin tərcüməçisi, K.D.Uşinskinin (1824-1870/71), A.Y.İzmaylovun (1779-1831), A.A.Pçelnikova adı ilə şeir və hekayələrinə imza atan A.A.Seydlerin (1830-1891), L.N.Modzalevskinin (1837-1896) hekayə, şeir və təmsillərinin Azərbaycan dilinə ilk tərcüməçisi olmuşdur:

Uşaqları məktəbə şövqləndirmək

Uşaqlar, hazırlaşın, durun, gedin məktəbə,

Tə’lim alıb oxuyun, adət edin ədəbə.

Gün çıxıbdır, qalxıbdır, xoruz çoxdan banlıyır.

Tez geyinin, gün, xoruz sizi tənbəl anlıyır.

Adam, xoruz, yırtıcı - hamıları gedirlər

İş dalınca, hər biri durub bir şey edirlər.

Qanadlı qarışqalar şələ çəkir, arılar

Bal çəkməyə gedirlər çiçəklərdən hər nə var.

Çöllər çəmən olubdur, ayılıbdır meşələr,

Ağacdələn taqu-tuq eyləyibdir peşələr.

Qəmu çaylar da axır, şırıldıyubən gedir,

Torçu balıq ovlayır, oraq biçir, səs edir.

Həmd eyləyin Allaha, dərs oxuyun, bəhs edin,

Allah tənbəl kimsəni sevməz, məktəbə gedin.

Qaradaği, hər bir kəs bir iş gərəkdir edə,

Çalışıbən sə’y edə, onın dalınca gedə.

Qaradaği tərəfindən rus dilindən roman, «Körpə uşağı necə saxlamaq», «Göz ağrısı və onun müalicəsi» və sairə bu kimi həkim məsləhətləri tərcümə edilmişdir. Əlyazmaları Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda qorunub saxlanılır.

* * *

Ədəbi fəaliyyəti

Həsənəliağa xan Qaradağski nin ədəbi fəaliyyəti onun pedaqoji fəaliyəti ilə sıx bağlı olduğundan, burada hər hansı bir sədd çəkmək imkanı yoxdur. Xan Qaradağskinin didaktik xarakterli şeirlərini, düşünməcələrini, təmsillərini, müxtəlif nümunələrdən etdiyi tərcümələrini onun ədəbi-pedaqoji, maarifçi fəaliyyəti ilə əlaqələndirməli, qəzəl, müxəmməs, müşairə səpkisində yazdığı əsərləri isə sırf ədəbi fəaliyyəti ilə bağlamaq mümkündür. Həsənəli ağanın ədəbi fəaliyyəti isə Şuşada fəaliyyət göstərmiş olan «Məclisi-fəramuşan» poetik məclisi ilə bağlıdır. Ələlxüsus, məclisə başçılıq edən, Həsənəliağaya ağsaqqallıq edən Mir Möhsün ağa Nəvvabın adı ilə bağlıdır. Bu iki şəxsin arasında mövcud olan qarşılıqlı dərin hörmət və alicənab münasibət onların bir-birinə yazdıqları şeir-məktublarda özünü açıq göstərir.

Həsənəli ağa Xan-Qaradağskinin bizə gəlib çatmış olan şeiriyyatı sırasında 50-dən çox qəzəl, müxəmməslər, növhələr, onlarla məktub vardır.

«Məclisi-fəramuşan» poetik məclisinin ən fəal iştirakçılarından biri Həsənəliağa olmuşdur. Şair kimi təxəllüsü Qaradağidir. Əsərləri əsasən Azərbaycan dilindədir. Bununla yanaşı fars dilində yazmış olduğu bir neçə qəzəl müəllifidir.

Qaradaği nin yaxın müsahiblərindən Mir Möhsün Nəvvab, Xurşudbanu Natəvan, Mirzə Ələsgər Növrəs, Sədi Sani Cinli, Möbid və başqa şairlərin adlarını çəkmək olar. Həmin şairlər ilə müşairələrindən və başqa qəzəllərindən bir qismi Mir Möhsün Nəvvabın «Təzkireyi-Nəvvab», «Divan», habelə Həsənəliağa Qaradağinin (Xan Qaradağskinin) «Fələyin bir belə dövrü olacaqmış...», «Əsərləri» adlı kitablarında çap edilmişdir. Xan Qaradağskinin bir çox əsəri hələ nəşr olunmayıb; əlyazmaları Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda qorunub saxlanılır.

Qaradaği nin qəzəlləri ilk əvvəl yaşıdları, müsahibləri, get-gedə isə şəhər əhalisi tərəfindən oxunub sevilir, xanəndələrin repertuarına daxil olur. Onun «Fələyin bir belə dövrü olacaqmış nə bilim», «Əbrvəş meh üzünə zülf salanda sayə», «Salıbdı indi nəzərdən, gedib o yar məni» və sairə qəzəlləri müasir xanəndələr tərəfindən rəğbətlə oxunur:

Fələyin bir belə dövrü olacağmış, nə bilim?

Saralıb bağü gülistan solacağmış, nə bilim?

Ürəyim yaralanıb, sinəmə dağlar çəkilib,

Gözümə qan sağılıb yaş dolacağmış, nə bilim?

Bitirib bağ salıb bir neçə güllər yetidim,

Uzadıb dəsti-qəza kim yolacağmış, nə bilim?

Əl çəkib nakəsidən çərx elə nakəsimiş,

Bir mənə cövrü cəfalar qılacağmış, nə bilim?

Aşiqə naz eyləmək adət olub mə’şuqə,

Bu qədər naz eyliyib can alacağmış, nə bilim?

Bəslədim zülfü, dedim, başıma salsın sayə,

Dolanıb boyna ilan tək çalacağmış, nə bilim?

Səltənət rütbəsini xar tutardım şahikən,

Məni başdan ayağa qəm salacağmış, nə bilim?

Ruzgarın dolanıb haləti bir özgə hala,

Ey Qaradaği, mənə qəm qalacağmış, nə bilim?

Ədəbi məclislərin, xüsusilə «Məclisi-fəramuşan» və «Məclisi-üns» ətrafında toplaşan şairlərin əksəriyyətinin yaradıcılığını ənənəvi şeiriyyat (qəzəliyyat) təşkil etdiyi halda, Seyid Əzim Şirvani, Qasım bəy Zakir, Mir Möhsün Nəvvab və başqaları kimi Həsənəliağa Xan Qaradağski də həmin çərçivədən çıxaraq, tərbiyəvi, düşündürücü, satirik əsərlərlə yanaşı təmsil janrına da («İt dostluğu», «Varlı» və b.) müraciət etmişdir.

 * * *

Tarixçi, ədəbiyyatşünas, folklorşünas

 

Həsənəliağa xan Qaradağskinin Qarabağ tarixinə dair «Qarabağ vilayətinin qədim və cədid keyfiyyət və övzaları, Pənah xan, İbrahim xan və Mehdiqulu xan əyyami-hökumətlərinin əksər vəqaye və hekayətləri» adlı əsərini görkəmli tarixçimiz Nazim Axundov tərtib etmiş olduğu «Qarabağnamələr» kitabına Mirzə Adıgözəl bəyin «Qarabağnamə», Mirzə Camal Cavanşirin «Qarabağ tarixi», Mir Mehdi Xəzaninin «Kitabi-tarixi-Qarabağ», Mirzə Yusif Qarabağinin «Tarixi-şərif», Rzaqulu bəy Mirzə Camal oğlunun «Pənah xan və İbrahim xanın Qarabağda hakimiyyətləri və o zamanın hadisələri», Əhməd bəy Cavanşirin «Qarabağ xanlığının 1747-1805-ci illərdə siyasi vəziyyətinə dair», Mirzə Rəhim Fənanın «Tarixi-cədidi-Qarabağ», Həsən İxfa Əlizadənin «Şuşa şəhərinin tarixi» adlı əsərləri ilə birgə daxil etmişdir.

Qarabağnamə lərin bu gün tariximiz üçün nə dərəcədə əhəmiyyət kəsb etməsindən söz açmaq artıq bir işdir. Həsənəliağa Xan Qaradağski Şuşaya həsr etmiş «Qarabağ şəhəri» adlı əsərin də müəllifidir. Bu əsərdən bir neçə sətir:

Bu Şuşa qəl’əsinin üç yanı hündür qayadır,

Bir yanı açıq olan yerləri də müstəhsər .

Gün doğanı, batanı, cənubu vardır qayalı,

Şimalı bircə açıq dağ-təpəlidir bu şəhər.

İrəvan, Gəncə, Ağoğlan adı ilə məşhur

Qəl’ənin üç qapısı var dəxi möhkəm bürclər.

Həsənəliağa Xan Qaradağski «Təzkireyi-Qaradaği»nin müəllifidir. Burada qədim Qarabağ şairlərinin tərcümeyi-halı yazılmış, əsərlərindən seçmələr daxil edilmişdir. Azərbaycan ədəbiyyatşünaslığı Xan-Qaradağskiyə ən azı bizim günlərə gəlib çatdırdığı öz həmyerlisi, əsli Qaradağdan olub Zəngəzurun Güləbird kəndinə köçmüş Sarı Aşıq haqqında verdiyi məlumata, Sarı Aşığın bayatı və qoşmalarına görə borcludur: «Sarı Aşıq haqqında ilk məlumatı XIX əsrdə yaşamış Qaradaği vermişdir». Hələ 1878-ci ildə 250-dən artıq atalar sözünü toplayıb tərtib edən də Həsənəliağa Xan Qaradağskidir. Onu ilk folklorşünas adlandırmış olsaq yanılmarıq.

* * *

Jurnalist  

H.Qaradağski Sankt-Peterburq, Krım, və əlbəttə ki, Azərbaycan ziyalıları ilə həmişə əlaqə saxlamışdır. İsmayıl bəy Qasprinski, Ünsizadə qardaşları, Cəlil Məmmədquluzadə, Firidun bəy Köçərli ilə daim məktublaşmada idi.

Firidun bəy Köçərlinin Həsənəli ağaya yazdığı məktubların birində onun roman janrında əsər yaratması kimi təklifi var: «Xahişim var ki, öz dirilik və zindəganlığımıza dair roman kimi bir əhvalat tərtib və təsnif edin... əvvəlinci şəxs təzə və yeni yetişən cavanlardan birisinin əsvat və hüsn-əxlaqi və nəsif işləri təqrirə gətirilsin... bu barədə Siz də öz fikrinizi və təqdirinizi yazıb göndərəsiniz».

Həsənəliağa Xan Qaradağski mütəmadi olaraq dövrü mətbuatda çıxış edir, mövqeyini bildirirdi.

* * *

Xəttat, teatr xadimi   

Həsənəliağa gözəl xəttat olub. Bir misal olaraq onu qeyd etmək olar ki, o, Mir Mehdi Xəzaninin «Kitabi-tarixi-Qarabağ» əsərini şikəstə-nəstəliq xətti ilə köçürərək bu qiymətli tarixi abidəni günlərimizə gəlib çatmasına xidmət göstərmişdir.

Şuşada öz ilk kövrək addımlarını atan teatrın inkişafında Həsənəliağanın da özünəməxsus yeri var. O, səhnənin dekorasiyasından tutmuş aktyorların geyimi və oynamaq tərzinədək müdaxilələr edirdi. Hətta Həsənəliağanın özünün aktyorluq etməsi də olmuş bir faktdır. Teatrın uğuru naminə suflyorluq etməkdən belə çəkinməzdi.

* * *

Mənbə:

http://az.wikipedia.org/wiki/Həsənəli_xan_Qaradaği

* * *

Əsərlərindən seçmələr:

Qəzəllər

 

Vədə verraişdi nədən ol yar gəlsin, gəlmədi?

Tuti dilli, bir şəkərgüftar gəlsin, gəlmədi.

Əldə mey camın tutub, göz intizarın çəkmişəm,

Gözlərəm, ol gözləri xummar gəlsin, gəlmədi.

Hər yetən kimsə könül mülkünü viran eylədi,

Mən dedim, dil sahibi sərdar gəlsin, gəlmədi.

Bu qədər təxir eylər yarım, nolmuş, bilməzəm,

Gəlməmək fıkri olub, ya var, gəlsin, gəlmədi.

Ol vəfalı bivəfa olmaz, yəqinimdir mənim,

Əhd edib, bir bu qədər, zinhar gəlsin, gəlmədi.

Ya Xətaya uğradı, ya kim Xütəndən istədi,

Ahu gözlü, kəc baxışlı dildar gəlsin, gəlmədi.

Könül istər, əl yetişməz, ey Qaradaği, nedim,

Bu xəzan içrə dedim, gülzar gəlsin, gəlmədi.

* * *

Hanı o yarə uyub, xəlvət etdiyim gecələr?

Ənisü-munis, olub söhbət etdiyim gecələr?

Necoldu, bir mən idim, bir də ol nigarım idi,

Hərimi-qürbidə mən şöhrət etdiyim gecələr?

Gözüm gözündə, əlim daməni-vüsalində,

Hanı o yarə durub minnət etdiyim gecələr?

Necoldu, bari-xudaya ki, yar ilə var idim,

Həmişə eyşdə mən, işrət etdiyim gecələr?

Mən fəraqində axir belə deyildim ki xar,

Vüsal şahidiyəm, izzət etdiyim gecələr?

Fəraqi-cövrünü bilməm, bu qədri mən çəkirəm,

Ki, bir də qismət ola, vəslət etdiyim gecələr?

Nəsib ola, Qaradaği, bana görüm bir də

O yar ilə qonuşub, ülfət etdiyim gecələr?

* * *

Ney tək nəvayə gəldi yenə, tutdu nar dil,

Bilməm nedim, nə çarə qılım mən, yanar dil.

Gül qönçəsi kimi bükülüb ləxtə-ləxtə qan,

Cövrü-cəfadan hər dəm udar su güvar dil.

Bir şişə tək cəfa daşma dəydi, neyləsin,

Ol sərdari-vaqif, israri-yar dil.

Durdu, dolandı başına, düşdü ayağına,

Yandı köz kimi şəm üzrə pərvanəvar, dil.

Dorda, tükəndi ömr, cahanda belah dil,

Bir şad olmadı ki, dcyim, tut qərar, dil.

Sübhi-məsa fəraqında ahu fəğan eylər,

Təngə gotirdi aləmi, şəb zindədar dil.

Səbr eyləməzmi, ol Qarabağı qərar ilə,

Görmüş dərdü qəmü biqərar dil.

* * *

Qəmginsən nədətı? Söylə, dildar bircə gül,

Yetmiş bahar, bir de, danış, yar, bircə gül.

Cövrü-cəfa bu aləm ara çəkmək adətin,

Dur bir ayağə, seyr eylə gülzar, bircə gül.

Sən bidamaq olma, tut saqidən ayaq,

Al bir əlinə, mən görüm, çal tar, bircə gül.

Ya bir qədər get səhni-çəmən gəz, dolan, otur,

Mən saz edim indi səmavar, bırcə gül.

Cəngü çəğan, neyü dəf, tarü bərbütü

Cəm etmişəm, qalıb clə mizmar, bircə gül.

İsi, Sadiq, Hacı Hüsü, ol Kərim ilə,

Hazır olarlar indicə bunlar, bircə gül.

Beylə deyil ki, yox, Qaradaği, bir əhli-dil,

Çoxdur bu yerdə həddindən aşar, bircə gül.

* * *

Müxəmməslər

Bir bəxşi-xudadır bu məlahət sənə, dilbər,

Göftarü-bəlağət, bu fəsahət sənə, dilbər,

Bu nazü-nəzakət, bu təravət sənə, dilbər,

Məxtum olub ol hüsnü lətafət sənə, dilbər,

Naz etmə gəl üşşaqə, əmanət sənə, dilbər!

Ey məh, nə əcəbsən, nə qəşəngsən, nə gözəlsən?

Xubluqda bu gün Yusifı-Kənanə bədəlsən,

Demək nə rəva, Yusifı-sani, sən əzəlsən,

Dur, mən dolanım başına, bir yanıma gəl sən,

Haşa edəməm bil ki, xəyanət sənə, dilbər!

Öldürdü məni dərdü-qəmü möhnəti-hicran,

Qurtarsa bu qəmdən məni gər xaligi-sübhan,

Nəzr eyləmişəm, canım edəm vəslinə qurban,

Yoxdur dəxi bir özgə qəmim, ey şəhi-xuban,

Gər yetsə, canım sağü səlamət sənə, dilbər.

Avara gəzərkən mən o divanələr içrə,

Düşdü güzərim bir neçə məstanələr içrə,

Saqi tökərək badəni peymanələr içrə,

Söylədi ləbin vəsfini meyxanələr içrə,

Yetməzmi bu tərif, bu şöhrət sənə, dilbər?

Olmaz bu gözəllikdə deyim, bir bəni-Adəm,

Heyrandı sənin hüsnünə bu məhvəşi-aləm,

Əhdinə vəfa eylə, qıl iqrarını möhkəm,

Ol səcdəgahım, səcdə qılım hüsnünə hərdəm,

Şayəstədi, əlbəttə, dəyanət sənə, dilbər!

Salma nəzərindən məni, ey vəlışi qəzalım!

Gündən-günə artır nə edim, dordü məlalım,

Rəhm et bana, zülfün kimi aşüftədi halım,

İnsafdımı, zalım, belə bu hal ile qalım?

Etməzmi görən, kimsə məlamət, sənə dilbər?!

* * *

Ey nəzakət çəməni içrə xüraman, gözəlim!

Xubilik kişvərinin təxtinə sultan, gözəlim!

Bu canım sədəqədir, qaş-gözə qurban, gözəlim!

Yaraşır bir baxışa kim, ala yüz can, gözəlim!

Belə getsə, tez olur dillərə dastan, gözəlim!

Hərəkatü rəvişin qıldı səhi-sərvini pəst,

Sünbülə türreyi-zülfün şikəni verdi şikəst,

Laləni dağə salıb, rayin edib badəpərəst,

Ey könül, qaş-göz ara sən nə gəzirsən belə məst?

Yoxdu qorxum ki, ara yerdə tökə qan gözəlim!

Ey mələk, nurlu yüzün gündümü, ya bədri-tamam?

Kim ki ruyindən olur məst, ona var badə həram.

Pərdəsiz cilvələnib, nazilə ver qəddə qiyam,

Küfr zülfin dağıdıb, məst çıxıb, eylə xüram,

Bilələr, ta ki nədir küfrilə iman, gözəlim!

Bu qədü qamətinə ətləsü-xara yaraşır,

Qaşların guşəsinə qətlimə ima yaraşır,

Edə gər zində ləbin nitqi-Məsiha yaraşır,

Səni hər kim ki görür, başına sevda yaraşır,

Olu sərgəştəvü-divanəvü-heyran, gözəlim!

Gün ki hər sübh çıxar, dərgahma səcdə edər,

Sərv rəftarə gələr, qılsa qədin bağə güzər,

Qönçələr ağzın ilə qarşı dura, boynun əyər,

Küfr zülfündə dolaşmış, Qaradaği, kafər!

Desələr, ona müsəlman, olu böhtan, gözəlim!

* * *

Mənzum hekayələr

 

Ağ yalançı

Bir xaric dövlətdən bir əmirzadə,

Gəlibdir Tiflisə, gəzib azadə.

Görüb minarədə ozan verəni,

İslamı namaza dəvət edəni.

Xəbər alıb bir cühuddan bu kişi:

"Nə deyir o adam, nə olmuş işi?"

Cühud deyib: "Deyir, böyükdür Allah,

Burası doğrudur, düz deyir vallah.

Söyləyir ki, var Məhəmməd peyğəmbər,

Bu yalandır, uydurulmuş bu xəbər".

Əmirzadə söyləyibdir: "Hər halda,

Yalanı sən dedin, qoy qalsın yadda.

Çünki mümkün deyil edilə bəyan,

Öylə uca yerdən söylənə yalan".

* * *

Yoxsul

Bir yoxsul, bir zaman gedib hamama,

Soyunub, əl atıb çanağa, caına,

Doldurub çanağı, başma töküb,

Elə ki, canını isladıb, çöküb,

Söyləyib dəlləyə: "Mənə çək kisə,

Amma pulum yoxdur, qalsın nisiyə".

Dəllək gəlib fıtələrdən götürüb,

Bir tərəfdə yer qayırıb, oturub,

Yoxsulu uzadıb, kisəni çəkib,

Sürtübdür bədənin çirkini töküb.

Deyibdir: " İndi də qaldır özünü

Qalmasın, qoy sürtüm dəxi üzünü".

Yoxsul deyib: "Ta kafıdir, çox yaşa!

Qara üzüm sən ağartma, çıx başa.

Ağ günə aləmdə bais paradır,

Əlim boşdur, mənim üzüm qaradır".

Üz ağlığı, Qarabaği, paraymış,

Yoxsul üzü ağ olsa da, qaraymış.

* * *

Mənbə:

XIX əsr Azərbaycan şeiri antologiyası, Bakı, "Şərq-Qərb", 2005, 424 səh. 

Həsənəliağa xan (Qaradağski) Qaradaği. Fələyin bir belə dövrü olacaqmış... (şeirlər, tərcümələr, tarixi salnamə). Tərtib edən: Raqub Kərimov; məsləhətçi və ön sözün müəllifi: Vüqar Qaradağlı. - Bakı, «Azərbaycan Milli Ensiklopediyası» NPB, 2003, 280 səh.

 

Xəbərlər
Redaktorun seçimi