Qəmərbəyim Şeyda (1881-1938)
Şair, dramaturq Qəmərbəyim Ataxan qızı Şeyda 1881-ci ildə Şuşada dünyaya gəlmişdi. Şair Cəfərqulu xan Nəvanın nəvəsidir. Şuşa qız gimnaziyasını bitirmişdir.
Yaradıcılığa erkən yaşlarından başlayıb. Qəmərbəyimin 9-10 yaşında yazdığı qəzəli bəyənən görkəmli şairə Xurşudbanu Natəvan ona "Şeyda" təxəllüsünü vermişdir.
Qəmərbəyim Şeydanın poetik irsindən hələlik yalnız şairə Ziba xanım Ləlinin eyni rədifli şeirinə cavab olaraq yazdığı "Ağan canı" rədifli qəzəli məlumdur.
O, qələmini dram əsərlərində də sınamışdı. "Zülmün daşqını" pyesinin (1918) əlyazması Azərbaycan MEA Əlyazmalar İnstitutunda saxlanılır.
Qəmərbəyim Sadıq bəy Vəzirovla ailə qurmuşdu. Bahadur bəy, Nadir bəy adlı oğulları, Leyla xanım, Sənubər xanım, Həmidə xanım və Əntiqə xanım adlı qızları vardı.
Qəmərbəyim Şeyda 1938-ci ildə Bakıda vəfat edib.