“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
19.07.2015, 20:00
1842

Üzeyir Hacıbəyov (1885-1948)

A- A+

Üzeyir Hacıbəyov bəstəkar, alim, yazıçı, publisist, ictimai xadim, Şərqin ilk operasının -  "Leyli və Məcnun"un, dünya şöhrətli "Arşın mal alan"ın və "Məşədi İbad"ın, xalqın qeyrət, qəhrəmanlıq himni kimi səslənən "Koroğlu" operasının və digər klassik əsərlərin müəllifi kimi çoxyönlü fəaliyyətə malikdir. Onun səhnə əsərləri neçə-neçə müqtədir teatr ustadının yetişdiyi məktəbdir.

Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyov 1885-ci il sentyabrın 18-də Ağcabədidə dünyaya gəlib. Atası Əbdülhüseyn bəy xan qızı Xurşudbanu Natəvanın Ağcabədidəki mülklərini idarə edirdi. Anası Şirin xanım da ailənin dördüncü övladını – gələcəyin dahi sənətkarını burada dünyaya gətirmişdi.

Üzeyirin uşaqlığı qədim Qarabağımızın tacı olan Şuşada keçib. Üzeyir dühasının qaynaqları da qarlı zirvələrin, dibi görünməz uçurumların, dərin dərələrin dövrələdiyi, sərin səhər nəsimlərinin oxşayıb tumarladığı, bulaqları bal dadan Şuşadır — gözəl Şuşamız, yaralı Şuşamız. Tarix boyu bəlalı başına gələn bütün keşməkeşlər içində Şuşa həmişə öz yüksək mə'nəvi dəyərlərini qoruyub saxlayıb, şe'r və musiqi məclislərindən heç vaxt yadırğamayıb.

Bülbül səsli xanəndələri, ustad çalğıçıları məşhur olan Şuşanı Qafqazın konservatoriyası adlandırıblar. "Qafqazın konservatoriyası" balaca Üzeyir üçün də ilk musiqi məktəbi olub. Təbiət Üzeyir bəydən heç nə əsirgəməyib — misilsiz istedad, nadir musiqa qabiliyyəti, ritm hissi, saysız-sonsuz melodiyalar yaratmaq bacarığı, iti zəka, güclü yumor hissi, möhkəm iradə, erkən yaşlarından aşkar olmuş məqsədyönlülük. Onun ilk müəllimi dayısı, Avropada mükəmməl təhsil almış Ağalar bəy Əliverdibəyov olub. Üzeyir ibtidai təhsilini Şuşadakı realnı məktəbdə alıb.

1899-cu ildə Qori müəllimlər seminariyasına daxil olarkən Üzeyir Hacıbəyov bura yalnız qulaqaarında sırğa olmuş xalq havaları, ritmləriylə gəlməmişdi, o Qoriyə həm də böyük niyyətlərlə dopdolu bir ürək gətirmişdi. Gənc Üzeyirin ən böyük arzusu, amalı xalqına xidmət etmək, xalqın maariflənməsi, mədəni inkişafı yolunda konkret işlər görmək idi — dərsliklər yazmaq, lüğətlər tərtib etmək, başqa dillərdən bədii əsərləri azəri türkcəsinə çevirmək. Erkən yaşlarından qarşısında duran məsələləri yaxşı dərk edən Üzeyir həyatda boynuna düşən əsas tarixi vəzifəni də çox tez duymuşdu. Bu vəzifə milli opera yaratmaq vəzifəsi idi. Hələ 1897-1898-çi illərdə on üç yaşlı uşaq ikən Şuşada gördüyü bir musigili səhnəcik Üzeyir xəyalından heç vaxt çıxmırdı. Görkəmli dramaturq Əbdürrəhim bəy Haqverdiyevin təşəbbüsüylə və məşhur xanəndə Cabbar Qaryağlı oğlunun ifasında göstərilən bu səhnəcik "Məcnun Leylinin məzarı üstündə" adlanırdı. Həmin səhnə balaca Üzeyiri o qədər həyəcanlandırmışdı ki, "operaya bənzər bir şey" yaratmaq fikrinə düşmüşdü.

Bu opera isə yalnız Üzeyir ömrünün faktı deyil — milli mədəniyyət tariximizin əhəmiyyətli hadisəsi oldu. Dünya musiqisində yeni musiqi – səhnə janrı - muğam operası yarandı. Üzeyir bəy "operaya bənzər bir şey" yaratmadı, yeni bir janr — muğam operası yaratdı. 1908-ci il yanvarın 12-də Bakıda, Hacı Zeynalabdin Tağıyev teatrının binasında ilk Azərbaycan operasının - "Leyli və Məcnun"un ilk tamaşası göstərildi. Dahi Məhəmməd Füzulinin poeması əsasında yaranmş ilk Azərbaycan operası bütün Şərqin də ilk operasıdır. Qoca Şərqin opera tarixi bu gündən başlanır. Bu şərəfli salnamədə ilk ad — 22 yaşlı bəstəkar Üzeyir Hacıbəyovun adılır.

Moskva və Peterburqda musiqi təhsili alıb professional bəstəkar kimi yetişən Üzeyir Hacıbəyov və onun çağdaşları, məsləkdaşları, ardıcılları tərəfindən müəyyənləşdirilmiş, davam etdirilmiş yol — musiqimizin magistral yoludur.

Bugünkü dinləyici üçün "Leyli və Məcnun" da, digər muğam operalarımız da ənənəvi Avropa opera formalarıyla yanaşı, paralel mövcud olan tamamilə müstəqil və orijinal, təkrarsız sənət hadisəsidir. Muğam operaları adi operalardan "ibtidai-kamillik", "sadəlik-qəlizlik", "üstünlük-aşağılıq" me'yarlarına görə deyil, janr xüsusiyyətləriylə, bədii vasitələriylə, ifadə formalarıyla, üslubiyyatıyla ayrılır. Muğam operaları məhz Azərbaycan incəsənətində Azerbaycan dühasının yaratdığı, heç yerdə bənzəri, təkrarı olmayan müstəqil və orijinal bir janrdır.

Sənətin müxtəlif janrlarında şah əsərlər yaratmaq hünərdirsə, janrın özünü yaratmaq beş qat hünərdir. Üzeyir Hacıbəyov nəinki müxtəlif janrların ən yüksək mərtəbələrinə qalxmışdır, o həm də musiqiyə tamamilə yeni janrlar gətirmişdir. Muğam. operası da bu qəbildəndir, ən'ənəvi operettalardan əsaslı şəkildə fərqlənən, azəri musiqisində yaranmış və təşəkkül tapmış orijinal musiqili komediyalar — "Arşın mal alan", "Ər və arvad", "O olmasın, bu olsun" da, xalq çalğı alətləri orkestri üçün yazılmış fantaziyalar da...

"Sevgili canan" və "Sənsiz" də ümumi romans anlayışlarından bir sıra spesifik xüsusiyyətləri ilə ayrılan, tamamilə yeni bir janrın örnəkləridir - musiqili qəzəl canrının. Əgər ədəbi qəzəl miiillik şe'rimizin ən populyar janrlarındandırsa və bu janrda minlərlə şair qələmlərini sınamışdırsa, musiqili qəzəllərin ilk örnəyini Üzeyir bəy yaratmışdır. Böyük bəstəkar üçün musiqadə yeni janr yaratmaq — məhz yeni milli forma — xalqın əsrlər boyu sevib əzizlədiyi, yaşatdığı sənət ən'ənələrinə uyğun, doğma olan janr yaratmaq idi. Bu əsrin əvvəllərində Üzeyir bəy "Arşın mal alan" musiqili komediyasını yaratmışdı. Bu əsərin musiqisi günəşlə, işıqla dopdoludur. Bu musiqi sanki gənclik həvəsindən, həyatın cavanlıq sevinclərindən, məhəbbətdən yoğrulub. "Arşın mal alan"ı həyata, gələcəyə inanan 28 yaşlı gənc yazıb. Bu musiqadə müəllifin də, onun xalqanın da gənclik ruhu var. Bu musiqinin hər sədası oyanışa, taleyin xoş iqbalına qəti əmin olan bir xalqın qəlbindən qopub gəlir.

XX əsrin sonunda başı min bir bəla çəkmiş Azərbaycan xalqı öz azadlığı, ləyaqəti, müstəqilliyi uğrunda mübarizəyə qalxarkən bu hərəkatın çağırış sədası yenə də Üzeyir bəyin musiqisi oldu — "Koroğlu" operasının uvertürası.

"Koroğlu"dan başqa bütün musiqili səhnə əsərlərinin libretto müəllifi olan Üzeyir Hacıbəyov mədəniyyət tariximizə həm də son dərəcə iste'dadlı bir dramaturq kimi daxil olmuşdur. "Arşın mal alan", xüsusilə də "O olmasın, bu olsun" — ədəbi süjetləri, personajların parlaq xarakterləri, dialoqlarının xalqın dilində zərbi-məsəllərə çevrilmiş itiliyi, yumoru, duzu ilə Azərbaycan komediyanəvisliyinin klassik əsərləri sırasında — Mirzə Fətəli və Mirzə Cəlil məzhəkələrinin cərgəsindədir. Yeri gəlmişkən onu da qeyd etməliyik ki, "Molla Nəsrəddin" jurnalında az, ya çox nəşr olunmasından asılı olmayaraq Üzeyir bəy bir yazıçı, dramaturq, publisist kimi "Molla Nəsrəddin" ədəbi məktəbinin yetişdirməsidir, onun saysız-hesabsız siyasi felyetonlarında Mirzə Cəlil ruhu duyulur.

Üzeyir Hacıbəyov XX əsr Azərbaycan musiqisinin ilk böyük yaradıcısı olmaqla bir sırada həm də bu musiqisinin araşdırıcısı, tədqiqatçısı, onun əsaslarını və prinsiplərini dərindən-dərinə bilən və şərh edən, ümumiləşdirən, sistemləşdirən görkəmli alim idi. Musiqi məsələlərinə aid neçə-neçə elmi məqaləsiylə bərabər azəri musiqisinin nəzəri cəhətləri üzərində uzun illərdən bəri çalışmalarının ən sanballı bəhrəsi "Azərbaycan xalq musiqasinin əsasları" adlı fundamental tədqiqatı oldu.

Dahi sənətkar 1948-ci il noyabrın 23-də Bakıda dünyasını dəyişib. Onun Fəxri xiyabandakı məzarına ilin bütün fəsillərində ziyarətçi ayağı kəsilmir. Üzeyir Hacıbəyovun dünyaya gəldiyi 18 sentyabr tarixi isə onun xatirəsinə ümumxalq ehtiramı olaraq Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunur.

 

Xəbərlər
Redaktorun seçimi