“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
24.08.2014, 13:05
1785

Nəsirəddin Tusi (1201-1274)

Astronom, riyaziyyatçı, filosof
A- A+

Bağdad şəhərindəki İmam Musa ibn Kazımın məzarı yanında sadə və qərib bir məzar da var. Məzarın başdaşı üzərində ərəb əlifbası ilə və olduqca gözəl bir xətlə bu sözlər yazılıb: “Dinin və xalqın dayağı, elm dünyasının şahı. Analar belə bir oğul bir daha doğmadı”.

İnsan qəlbini riqqətə gətirən bu sözlər Azərbaycan xalqının dünya elm-mədəniyyətinə verdiyi və bu gün də adı elm aləmində qürurla çəkilən görkəmli filosof, astronom, riyaziyyatçı, tarixçi, iqtisadçı və hüquq elmləri bilicisi kimi tanınan Məhəmməd ibn Həsən Nəsirəddin Tusi haqqındadır.

Əsrlər ötsə də, Nəsirəddin Tusinin yaradıcılığına maraq heç zaman azalmır. Bircə faktı deyək ki, son 100 ildə dünyada həyatı və yaradıcılığı onun qədər araşdırılan ikinci bir dahi tapmaq çətindir.

X-XIII əsrlər türk və Şərq intibahının ən çiçəklənən dövrü hesab edilir. Həmin əsrlərdə elm və mədəniyyətin sürətli yüksəlişi, təxminən, 300 il sonra da Avropa intibahında əsaslı rol oynayıb. Belə ki, bu intibahın nümayəndələri Şərq intibahından öyrəndiklərini öz dövrlərinin elmi inkişaf səviyyəsinə uyğun olaraq ortaya qoymuşlar. Ona görə də bəzən Şərq və Avropa intibahı nümayəndələrinin elmi əsərlərindəki fikirləri müqayisə etdikdə adama elə gəlir ki, qərbdəkilər özlərindən əvvəlki dövrlərdə yaşayan görkəmli elm adamlarının fikirlərini təkrar etmişlər.

Bu baxımdan inamla demək olar ki, istər astronomiya, istərsə də coğrafiya sahəsində Avropa intibahına əsərləri Tusi qədər təsir göstərən ikinci bir Şərq elm adamı tapmaq çətindir. Əlavə edək ki, Nəsirəddin Tusi öz dövrü üçün elmin ən yüksək zirvəsi hesab edilən Marağa rəsədxanasını inşa etdirərək, orada göy cismlərinin öyrənilməsi sahəsində böyük bir məktəbin əsasını qoymuşdur.

Tusinin qurduğu rəsədxanasını yalnız günümüzdəki məşhur NASA (ABŞ Aviasiya və Kosmos İdarəsi ) ilə müqayisə etmək olar. Təsadüfi deyil ki, indinin özündə dünyanın ən məşhur astronomları göy cismlərinin öyrənilməsi ilə bağlı elmi araşdırmalar apararkən, öncə Nəsirəddin Tusinin bu sahədəki tədqiqatları ilə tanış olur və yalnız bundan sonra hər hansı bir məsələ barədə fikir söyləyirlər. Bu isə türk dünyasının yetişdirib bəşəriyyətə bəxş etdiyi Tusi idrakının böyüklüyünü göstərir.

Tusi Tusda, yoxsa Həmədanda doğulub?

Hələ sağlığında ikən, alimlər alimi kimi məşhur olan Nəsirəddin Tusinin əsl həyatı onun haqqında söylənilən saysız-hesabsız rəvayətlər içində itib-batmışdır.

Türk dünyasının böyük oğlu Əbu Cəfər Nəsirəddin Məhəmməd bin Məhəmməd bin Hasan Əbubəkrin 1201-ci ildə Tus şəhərində anadan olduğu güman edilir. Amma Tusinin həyatını tədqiq edən bəzi alimlər onun Tusda deyil, Həmədan yaxınlığındakı Bahar adlı yerdə anadan olduğunu iddia edirlər.

Belə bir fikir vurğulanır ki, balaca Nəsirəddin körpə yaşlarında ikən, ailəsi Tusa köçmüşdür. Onlar burada yaşadıqları üçün sonralar Nəsirəddinə “Tusi” ləqəbi verilib. Ümumiyyətlə, o dövrdə tanınmış alimlərdən tutmuş, hökmdarlara kimi hamısı yaşadıqları yerlə və ya qurduqları dövlətlə tanınırdılar. Bu baxımdan onun Həmədanda anadan olub, Tusa getdiyi, uşaqlıq və gənclik illərini orada keçirdiyi üçün Tusi adı ilə çağırılmasında qeyri-adi heç nə yoxdur.

Əlavə edək ki, o dövrdə bütün Şərq, demək olar ki, türklərin hakimiyyəti altında idi. İndiki İranın ərazisi isə faktiki olaraq, o dövrdə türk torpağı, buradakı türklərin qurduğu dövlət də türk dövləti kimi tanınırdı.

Balaca dahi

Balaca Nəsirəddinin ilk müəllimi öz dövrünün ən elmli adamlarından biri sayılan atası olub. Elmin bütün sahələrini oğluna dərindən mənimsətməyə çalışan ata, əvvəlcə, ona ilahiyyat və hüququ öyrədir. Sonra o, oğlunu dövrün tanınmış riyaziyyatçısı hesab edilən Kəmaləddin Məhəmməd Hasibin yanına göndərir.

Şagirdinin riyaziyyat sahəsində istedadını görən müəllimi heyrətə gələrək, onlarla insanın yanında: “Mənim riyaziyyat sahəsində bildiklərim bu uşağınkından çox deyil. O gələcəyin ən böyük alimi olacaq. Kim buna şübhə etsə, bir vaxt mənin sözlərimi xatırlayaraq peşman olacaq”, – demişdi.

Tusi daha sonra təhsilini o dövrdə məntiq, idrak nəzəriyyəsinin bilicisi, orta əsrlərin ən məşhur filosofu, İbn Sinanın şagirdi olan Azərbaycan mütəfəkkiri Bəhmənyarın yanında davam etdirir. Gənc Nəsirəddin istedadı, hadisələrin mahiyyətini dərhal qavraması və onu analitik şəkildə izah etməsi ilə Bəhmənyarın da diqqətini cəlb edir.

Bəhmənyar Nəsirəddin haqqında: “O, gələcəyin alimi və elm dünyasını özünün idrak nuru ilə işıqlandıracaq görkəmli bir adam olacaq”, – deməkdən özünü saxlaya bilməmişdir.

Uşaq ikən tanınmış elm adamlarının məclislərində iştirak edərək, onların mübahisələrinə dərindən qulaq asan Nəsirəddinin dünyagörüşünün formalaşmasında bu amil mühüm rol oynamışdı. Tusi ona bütün İslam aləmində və dünyada böyük şöhrət qazandıran “Əxlaqi Nasiri” adlı əsərində belə məclislərin uşaqlar üçün əsl həyat məktəbi, elm dünyasına açılan qapı olduğunu vurğulayıb.

Tusidə əsl həqiqəti aramaq həvəsi də elmi məclislərdə iştirak etdiyi vaxtda yaranır. Yeri gəlmişkən, qeyd edək ki, əsl həqiqəti axtarmaq həvəsi onu sonralar həmin dövrdə müəyyən qədər cəmiyyət tərəfindən qəbul edilməyən ismaililər təriqətinə mənsub olan insanların yanına aparıb.

22 illik həbsxana həyatı və yüksəliş

İsmaililər müəyyən bir əraziyə yayılmışdılar və onların bir çoxu mühüm dövləti vəzifələr tuturdular. Gənc Nəsirəddini sevinclə qarşılayan ismaililər ondan öz ideyalarının daha geniş yayılması üçün istifadə etmək istəyirdilər. Bəzi mənbələrə görə, İsmaili valisi Nasir Mühtəsəm gənc olmasına baxmayaraq, adı dillər əzbəri olan Tusini öz yanlarına – Kuhistana dəvət edib. Tusi öz biliyi və zəngin təfəkkürü ilə ismaililərə böyük təsir göstərir.

Amma az sonra Tusi ilə ismaililərin arasında bir çox məsələlərə münasibətdə fikir ayrılıqları ortaya çıxır. Belə ki, vali Nasir Mühtəsəm nəinki idarəetmə sahəsində, həm də elmi məsələlərdə hakim kimi çıxış edirdi. Bütün bunlar da Nəsirəddini razı sala bilməzdi. Valinin elmi məsələlərdə də özünü çoxbilmiş kimi aparmasına və başı çıxdı-çıxmadı elmi mübahisələrə kobud şəkildə müdaxilə etməsinə qarşı çıxan Tusi bir dəfə onun tərəfindən cəzalandırılır və Alamut qalasına salınır.

Bundan sonra gənc Nəsirəddin həbsxana həyatı yaşamağa başlayır. Onun həyatının 22 ili həbsxanada keçir. Lakin Nəsirəddin Tusi ən ağır vəziyyətdə belə, elmi yaradıcılıqdan əl çəkmir və axtarışlarını davam etdirərək, yeni-yeni əsərlər yazır. Hulakunun ismaililəri məğlub etməsindən sonra (1256-cı il) Tusi azadlığa çıxır.

Hulaku Tusi haqqında çox eşitmişdi və onun elmi biliyinə heyran idi. Ona görə də o, Tusini özünə məsləhətçi götürür. Tusi iqtisadiyyat və maliyyə məsələlərini gözəl bilirdi. Sarayın maliyyə məsələləri ilə bağlı problemlərini, adətən, Tusi həll edirdi. Bu da ona sarayda böyük şöhrət qazandırmışdı. Bundan istifadə edən Tusi Hulakuda göy cisimləri və onların insanlara göstərdiyi təsir barədə böyük maraq oyada bildi.

Nəticədə, Hulaku Tusinin Marağada göy cismlərini tədqiq edən rəsədxana tikilməsi barədə xahişinə müsbət cavab verdi. Beləliklə, o dövrdə tayı-bərabəri olmayan bir rəsədxana inşa edildi.

Nəsirəddin Tusinin hulakuların Bağdada hücumunda da əsaslı rol oynaması barədə rəvayətlər vardır. Lakin son araşdırmalar göstərir ki, bu rəvayətlərin heç biri Nəsirəddin Tusinin əxlaqi və dini dünyagörüşlərinə uyğun gəlmir və daha çox uydurmaları xatırladır. Tusi Hulakudan sonra onun yerinə keçən hökmdar Abakanın da məsləhətçisi olmuşdur.

Hələ sağlığında ikən, “Alimlər alimi” çağırılan bu böyük insan 1274-cü ildə vəfat etmişdir.

 

Xəbərlər
Redaktorun seçimi