“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
14.08.2014, 14:57
2105

Musa Əliyev (1908-1985)

Geoloq, akademik, Azərbaycan EA-nın prezidenti
A- A+

2008-ci ildə UNESCO təşkilatında Azərbaycan ünvanlı dörd səhifə vərəqlənəcək, dörd ayrı-ayrı bayram - yubiley məclisi təşkil olunacaq, Azərbaycan elminin, mədəniyyətinin beynəlxalq səviyyədə toplantısı keçiriləcəkdi. Beş əsr öncə Füzuli qəlbindən atəşlənən eşq dastanının təsiri ilə Üzeyir bəy ruhundan sədalanan “Leyli və Məcnun” operasının 100 yaşı, təbiətin Səttar Bəhlulzadə möcüzəsinin 100 yaşı, sevimli yazıçımız və böyük alim Mir Cəlalın 100 yaşı və Azərbaycan geologiya elminin banilərindən biri, akademik Musa Əliyevin 100 yaşı.

Bu yubileylərlə bağlı material hazırlamaq barədə mənə müraciət ediləndə, digər üç mövzuya dair xeyli məlumatım olduğu halda, haqqında demək olar ki, çox az bildiyim akademik Musa Əliyevdən yazmağı qərara aldım. Ən əvvəl vaxtilə 8 il prezidenti olduğu indiki Milli Akademiyamızın Geologiya İnstitutu ilə əlaqə yaratdım. Oradan aldığım bir-iki elmi məqalə ilə kifayət qədər məlumatlana bilmədim. Belə olduğu halda, institut akademik Musa Əliyevin qızı Rəna xanım Paşayeva ilə əlaqə saxlamağıma yardımçı oldu. Rəna xanımla zəngləşdik və onlarda görüşmək qərarına gəldik.

Sözün düzü, ünvanı eşidəndə bir az duruxdum, amma fikrimdən daşınmayaraq, ertəsi gün vədələşdiyimiz saatda deyilən ünvana yollandım. Daxil olacağım binanın üzü dənizə baxan səmtində - sağ tərəfdə görkəmli yazıçı Mir Cəlalın, sol tərəfdə isə alim Musa Əliyevin xatirə lövhələri vurulmuşdu. Sən demə, Musa Əliyev haqqında söhbətləşmək üçün Mir Cəlalın - UNESCO xətti ilə bütün dünyada yubileyi qeyd ediləcək digər görkəmli şəxsin evinə gəlirəmmiş. Maraqlı və möcüzəvi təsadüf. Bir ailədə iki gözəl bayramın ovqatı yaşanır. Bu da Allahın xoş qismətindəndir – deyə düşündüm. Həmsöhbətlərim akademik Musa Əliyevin qızı Rəna xanım Paşayeva və onun həyat yoldaşı, görkəmli diplomat Hafiz Paşayev idi.

Əslində, bu söhbətimiz müsahibə xarakterli yox, səmimi tanışlıq, xatirələrlə dolu yaşanan günlərin anılması, yada salınması, acılı-şirinli tarixin göz önündə bir daha yaşantısı oldu. Onlar məşhur ataları haqqında sanki uşaq məhəbbəti ilə söz açdılar. O məqamda valideynlərinin xatirələr kələfində dolaşan bu uşaqlar, əslində, respublikamızın nüfuzlu elm, ictimai–siyasi xadimləri idilər. Valideyn məhəbbəti qarşısında uşaqlıq duyğularına dalmaq insan ömrünün ən səmimi yaşantılarıdır. “Bax, indi bu oturduğumuz yerdə atam Mir Cəlalla Musa müəllim saatlarla söhbətlər edərdilər. Atam ədəbiyyatdan, şeirdən, nəsrdən, Musa müəllim isə geologiyadan, texnika elmlərindən danışmaqdan doymazdılar. Onların söhbətləri elmə, ədəbiyyata gələn yeni nəslin gələcəyindən, nailiyyətlərindən idi, sonra da yüksək vətənpərvərlik ruhuna köklənmiş notlarla söhbətləri yekunlaşardı” - söhbətimizə Hafiz müəllim belə başladı.

Onun akademik Musa Əliyevə qarşı əsl oğul məhəbbətini, yüksək intellektini gördüm, ata-anasından sonra iki qardaşını itirmiş nəcib mədəniyyətli, kövrək Rəna xanıma mənəvi arxa, yaxın dost, həmdəm və isti, məlhəm duyğularını hiss etdim. Mir Cəlal müəllimin ocağı başında unudulmaz və görkəmli alim, elm və ictimai-siyasi həyatımızda parlaq iz qoymuş akademik Musa Əliyevin ömür yolu yarpaq-yarpaq xatırlandı, ötən illərin kədərli, sevincli, xoş, ağrılı məqamlarını sanki canımızda yaşadıq. Söz boxçamda xeyli material toplanmışdı, razılıq duyğuları ilə xudahafizləşəndə bu ocaqda digər bir şəxsiyyət – ikinci bir yazı barədə söhbətimizin baş tutacağını da sözləşdik.

Geologiya-mineralogiya elmləri doktoru, professor, fəxri neftçi, Azərbaycan Dövlət mükafatı laureatı, Azərbaycan Elmlər Akademiyasının prezidenti akademik Musa Mirzə oğlu Əliyev XX əsr Azərbaycan elm tarixinin parlaq səhifələrində öz yeri olan böyük şəxsiyyətlərimizdən biridir. Tale ona möcüzəli bir sənət qismət etmişdi: geoloq idi - yer qabığının müxtəlif qatlarını araşdırmaqla və öyrənməklə, eləcə də elmimiz, iqtisadiyyatımız üçün faydalı bir vasitəyə çevirməklə elmi istəklərini həyata keçirirdi. Allahın verdiyi bu imkandan xalqın ürəyində məhəbbət qazanacaq səviyyədə yararlandı və unudulmaz bir iz qoydu. Musa Əliyev öz sahəsində neft elminə böyük yeniliklər gətirib. Geologiya elminin paleontologiya sahəsi (paleontologiya – həm də neftin yaranmasının əsaslarını verən, öyrənən elmdir) üzrə uğurlar qazanmaqla yanaşı, həm də böyük məktəb yaratmışdır və elmin bu sahəsində çalışan alimlərimiz məhz onun davamçıları, yetirmələridir. Akademik Musa Əliyevin neft sənayesinin inkişafı, elmi təşkilatçılıq sahəsindəki müstəsna xidmətlərini gələcək nəslə örnək üçün xatırlamaq ali vətəndaşlıq borclarımızdandır.

Tarixə nəzər yetirək. 1926-cı ildə Aşqabaddakı riyaziyyat təmayüllü orta məktəbi fərqlənmə ilə bitirən Musa Əliyev elə həmin il Bakıya gələrək, Azərbaycan Dövlət Politexnik İnstitutunun dağ-mədən fakültəsinə daxil olur. O, tələbəlik illərindən həm də pedaqoji fəaliyyətə başlayır: (1930-33-cü illərdə Balaxanıdakı Lassal adına neft və N.Nərimanov adına sənaye texnikumlarında müxtəlif fənlərdən dərs deyir. 1931-ci ildə institutun geoloji kəşfiyyat şöbəsini əla qiymətlərlə bitirən Musa Əliyev kafedraya aspirant qəbul olunur və az sonra bu ali təhsil ocağında dərs demək hüququ qazanmaq üçün assistent vəzifəsinə təsdiq edilir. Beləliklə, hələ birinci kursdan geologiya, paleontologiya və tarixi geologiya kafedrasının müdiri, professor V.Boqaçovun diqqətini cəlb edən tələbə təhsilini bitirdikdən sonra aspirant kimi institutda qalmalı, elmi nailiyyətlərə doğru həyat yolu başlamalı olur. “Kiçik Qafqazın şimal-şərq hissəsinin üst təbaşir çöküntülərinin inoseramları” mövzusunda namizədlik dissertasiyası müdafiə edəndə gənc alimin 28 yaşı var idi. Onun yazdığı elmi işə V.Boqaçov, görkəmli paleontoloqlar V.Renqarten, V.Pçelintsev və başqaları rəy verərək yüksək dəyərləndirmişdilər. O zamanın məşhur paleontoloqları sırasında (30-cu illərin SSRİ alimləri arasında) Musa Əliyev ikitaylı mollyusk sinfinə mənsub olan inoseram faunasının müfəssəl təsnifatı, stratiqrafik əhəmiyyəti, yaşayış tərzi və s. üzrə ixtisaslaşmış ilk paleontoloq idi. Beləcə, Musa Əliyev Azərbaycanda Mezazoy faunasının sistemli öyrənilməsinin əsasını qoydu.

Musa Əliyevin həyat və fəaliyyət tarixlərinin sistemli şəkildə təqdim edilməsi hər kəs üçün maraq kəsb edən mənbə ola bilər. Bu mənada qeyd edək ki, o, 1936-38-ci illərdə Zaqafqaziya Geologiya Tresti Azərbaycan bürosunun rəisi, Azərbaycan Geologiya İdarəsinin baş mühəndisi işləyir. Eyni zamanda, 1937-ci ildə Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Neft Akademiyası) neft fakültəsinin dekanı, 1939-41-ci illərdə isə institutun direktoru vəzifəsinə təyin olunur. Bütün bu vəzifələr təbii ki, onu pedaqoji fəaliyyətdən yayındırmır. 1941-42-ci illərdə Moskva Neft İnstitutunda “Paleontologiya və tarixi geologiya” kafedrasında dosent vəzifəsində çalışır. 1941-ci ildə isə SSRİ Xalq Neft Sənayesi Komissarlığı Tədris müəssisələri baş idarəsinin rəisi təyin olunur. Artıq Böyük Vətən müharibəsi illəri idi. Bu illərdə cəbhənin neft məhsullarına olan tələbatını ödəmək məqsədi ilə Cənubi Qafqaz respublikalarında mühəndis-texniki kadrların hazırlanmasının sürətləndirilməsi məsələsi ona tapşırılır. Böyük Vətən müharibəsi illərindəki elmi-təşkilati və elmi-pedaqoji fəaliyyətinə görə Musa Əliyev Lenin ordeninə layiq görülür.

1947-ci ildə Azərbaycan KP MK-nın üzvü və Mərkəzi Komitənin katibi seçilən Musa Əliyev neft sənayesinin inkişafı üçün bütün qüvvə və bacarığını sərf edir. 1948-49-cu illərdə Nazirlər Soveti sədrinin müavini, Dövlət Plan Komitəsinin sədri vəzifələrində çalışır. Musa Əliyev 1947-ci ildən 1961-ci ilədək SSRİ Ali Sovetinin (II, III və IV çağırış) deputatı seçilmişdir. 1950-58-ci illərdə Azərbaycan Elmlər Akademiyasının prezidenti kimi məsul vəzifədə çalışır. 1958-ci ildə SSRİ EA və SSRİ Neft Sənayesi Nazirliyinin Yanar Faydalı Qazıntıların Geologiyası və İşlənməsi İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin olunur. İnstitutda tez bir zamanda “Neftli-qazlı əyalətlərin biostratiqrafiyası” laboratoriyasının təşkilinə nail olur. Apardığı yeni tədqiqatların coğrafiyası Böyük Qafqazı, Türkmənistanı, Qazaxıstanı, Özbəkistanı, Qərbi Sibiri əhatə edir. 1967-ci ildə SSRİ Neftçıxarma Sənayesi Nazirliyi tərəfindən Əlcəzair Respublikasına ezam olunur. İki ölkə arasında bağlanmış böyük neft müqaviləsinin icrasına rəhbərlik edir (1967-1971). Burada bir neçə neft-qaz yatağının kəşfinə nail olur. Dünyanın əksər ölkələrində beynəlxalq səviyyəli konqreslərin iştirakçısı kimi məruzələrlə çıxış edir və s.

XX əsr və müasir Azərbaycan geologiya elminin bütün uğurları və elmi kadr potensialı məhz akademik Musa Əliyevin adı ilə bağlıdır. Beynəlxalq miqyasda nüfuz qazanmış bu böyük şəxsiyyətin 100 illiyinin YUNESKO səviyyəsində qeyd olunmasını qədirbilənlər mənəvi borc olaraq həyata keçirirlər. Akademik Musa Əliyevin tərcümeyi-halının səhifələrini daha da geniş və zəngin faktlarla təqdim etmək mümkündür. Lakin yazının çərçivəsinin verdiyi imkanla kifayətlənməyə məcbur oldum.

1908-ci il aprelin 11-də Şamaxıda dünyaya göz açan Musa Mirzə oğlu Əliyev uşaqlıq illərinin bir qismini Orta Asiyada - Aşqabadda keçirməli olmuş, orta təhsilini orada almışdır. Şamaxının varlı tacir ailəsində doğulmuş bu insanı uzaq Türküstana hansı ruzigar gətirmişdi?

Maraqlı və acınacaqlı tarixi Musa Əliyevin qızı, filologiya elmləri namizədi Rəna xanım Paşayeva baxışlarını sanki uzaq illərin arxasına dikərək vərəqlədi: Atamla anam əmiuşağı olublar. Anamın atası Məmmədtağı Əliyev Sankt-Peterburqda mükəmməl ali təhsil almış, Almaniyada, Finlandiyada yaşamışdır. Bir neçə dildə - alman, fransız, ərəb, fars və rus dillərində gözəl danışan Məmmədtağı Əliyev Rusiyada I Dövlət Dumasının deputatı olmuşdur. Duma qovulduqdan sonra isə Şamaxıya qayıtmış və şəhərin ictimai həyatında fəaliyyət göstərmişdir. Babamın zəngin və nadir şəxsi kitabxanası olmuşdur. Həmin kitabxanada nadir əlyazmaları və məşhur adamların avtoqrafları xüsusilə diqqətəlayiq imiş. Onun nüfuzu, elmi dünyagörüşü, milli təəssübkeşliyi hamıya məlum idi və ermənilər 1918-ci ilin martında azərbaycanlılara qarşı Şamaxıda törətdikləri qətliam zamanı onun evinə də hücum etmişdilər. Öz ocağını, zəngin kitabxanasını qoruyan Məmmədtağını ermənilər vəhşicəsinə öldürmüş və bütün mülkünə od vuraraq külə döndərmişdilər.

Bu hadisədən xəbər tutan ata babam Mirzə Mahmud təcili Bakıya gəlir və qardaşının qaçqın düşmüş ailəsini, yaxın qohumlarını götürüb Aşqabada qayıdır. Ata babam yüksək təhsil ala bilməsə də həyatın çətinlikləri ilə üz-üzə qalmış, tacir olana qədər keçdiyi və yaşadığı həyat yolu ona dünyanın hər üzünü tanıtdırmışdı. Aşqabada köçən babam orada Şuşa gözəli Nabat xanımla evlənmişdi. Atam anası Nabat xanımı hələ uşaq yaşlarında itirmişdi, bu isə onun həyatında silinməz, ağrılı iz qoymuşdur.

Nəhayət, sovet hakimiyyəti qurulduqdan az sonra Musa Əliyev Azərbaycana - Bakıya qayıtmışdır. Bakıda ali təhsil almış, həyatda ilk uğurlarını qazanmış, şöhrətin zirvəsinə doğru addımlamışdır. Əməyi, zəhməti, biliyi, çalışqanlığı, elmə bağlılığı, milli təəssübkeşliyi, Vətənə məhəbbəti, insanlarla ali ünsiyyəti, ətrafındakılara xeyirxah və nəcib münasibəti həmin yolun pillələri olmuşdur.

30 yaşında Azərbaycan Dövlət Sənaye İnstitutunun direktoru, 40 yaşında isə Nazirlər Soveti sədrinin müavini - Dövlət Plan Komitəsinin sədri kimi nüfuzlu vəzifələr daşımışdır.

O illərin ən yaddaqalan tarixi hadisələrindən biri də Neft daşlarının yaranması idi. Azərbaycan Dövlət Plan Komitəsinin sədri Musa Əliyevin SSRİ Dövlət Plan Komitəsinin sədri Baybakovla olan yaxın əməkdaşlığı Neft daşlarının - möcüzəli dəniz şəhərinin nəhəng layihəsinin həyata keçirilməsində az rol oynamamışdır. Bu, 1948-49-cu illərin yaddaşına yazılan hadisə idi. Ondan əvvəl, 1947-ci ildə isə Azərbaycan Mərkəzi Komitəsinin katibi seçilən Musa Əliyev neft sənayesinin inkişafı üçün əlindən gələni edir, yeni və milli kadrların çoxalması üçün hər cür şərait yaradılmasına kömək göstərirdi. Məhz milli təəssübkeşliyindən irəli gəlirdi ki, hələ 1940-cı ildə Sənaye İnstitutunun direktoru olarkən institutun yaranmasının 20 illik yubileyini qeyd etmiş və müəllimlərin 25-30 faizini azərbaycanlılar təşkil etsə də, yubiley mükafatı (orden və medallar) alanların 70 faizi onlar idi. Bu təqdimatı Moskvaya Musa Əliyev göndərmişdi. Elə buradaca bir məqamı da qeyd edək ki, neft sənayesi ilə bağlı milli kadrların - istər yüksək səviyyəli mütəxəssislərin, istərsə də elmi-pedaqoji kadrların yetişməsi birbaşa Musa Əliyevin adı ilə bağlıdır.

Musa Əliyevin tərcümeyi-halına nəzər yetirəndə onun 1940-cı illərdə bir müddət Moskvada fəaliyyət göstərdiyi illəri yada salmamaq olmaz.

Rəna xanımın xatırlamaları: Elə bu illərdə Mircəfər Bağırov Musa Əliyev kimi bacarıqlı və qabiliyyətli, gərəkli kadra ehtiyac duyduğundan onu təcili geriyə - Azərbaycana qayıtmalı olduğunu bildirir. Atam danışırdı ki, Nazirlər Soveti sədrinin kadrlar üzrə müavini, köhnə bolşevik Zemlyaçka soyadlı bir xanım məni çağırıb dedi: “Yoldaş Bağırov tələb edir ki, Bakıya qayıdasınız. Hazırlaşın və geriyə qayıdın”. Məsələni uzadıb, birtəhər qala biləcəyini düşünən atam qayıtmağa tələsmir. Lakin o, atamı təkrarən çağırıb deyir: “Siz tələsin, Nazirlər Soveti sədrinin başqa bir müavini də var - Lavrenti Pavloviç Beriya. Allah eləməmiş, o,sizi başqa cür yola sala bilər”. Elə həmin axşam təyyarə ilə Bakıya qayıdan atamı az sonra Mircəfər Bağırov Mərkəzi Komitənin katibi təyin edir.

Musa Əliyev 1950-ci ildə, təxminən on illik fasilədən sonra yenidən elm sahəsinə gəlir. Bu dəfə Azərbaycan Elmlər Akademiyasının prezidenti kimi. Onun fövqəladə təşkilatçılıq bacarığı əllinci illərin əvvəllərində Azərbaycan elminin inkişafına böyük təkan verdi. Bu dövrdə elmin inkişafının üstün istiqamətlərini düzgün müəyyənləşdirən akademik Musa Əliyev akademiyada fizika, riyaziyyat, kimya, astronomiya, iqtisadiyyat və s. fundamental elm sahələrinin vüsəti və genişlənməsi üçün səy və bacarığını əsirgəmir. Qısa müddət ərzində onun təşəbbüsü ilə onlarca elmlər doktoru və namizədi hazırlanır, Moskvaya və keçmiş İttifaqın digər iri şəhərlərinin aparıcı elm mərkəzlərinə göndərilən doktorant və aspirantların sayı 200-ə çatdırılır ki, bu da əllinci illərin ortalarında Elmlər Akademiyasında bir sıra yeni laboratoriya, bölmə və institutların yaradılması ilə nəticələnir. Bu illərdə akademiyanın elmi-texniki bazası möhkəmlənir. Musa Əliyev elmin bütün sahələrinə xüsusi diqqət yetirdiyi kimi, doğma Geologiya İnstitutundan da nəzərlərini əsirgəmir. “Paleontologiya və stratiqrafiya” şöbəsini yaradır. Rəhbərlik etdiyi şöbədə artıq dörd laboratoriya fəaliyyət göstərirdi. Laboratoriyalara təcrübəli paleontoloqlar Q.Əlizadə, C.Xəlilov, Ə.Xəlilov və R.Cəfərov rəhbərlik edirdilər, eyni zamanda laboratoriyalara gənc, istedadlı kadrlar cəlb olunurdu. Bütün bunlar məhz Akademiyanın prezidenti Musa Əliyevin birbaşa rəhbərliyi və diqqəti ilə həyata keçirilirdi. Onun akademiyaya səkkiz illik prezidentliyi dövründən yaddaqalan, milli akademiyamızın tarixi üçün böyük hadisələri xatırlaya bilərik. Ən əvvəl, o, nisbətən az bildiyi sahəyə - humanitar elmlər sahəsinə Səməd Vurğun kimi görkəmli şairi, ədəbiyyat bilicisini vitse-prezidenti məsləhət görmüşdü. Çünki o, Səməd Vurğunu vətənini, torpağını, tarixini, ədəbiyyatını sevən, ona qəlbən bağlı, zəngin dünyagörüşü, fenomen qabiliyyəti olan, ziyalılar, bütün xalq arasında böyük nüfuz qazanan şəxsiyyət kimi tanıyırdı. Ona özünə inandığı qədər etibar etmişdi. Bəli, Musa Əliyevin bu seçimi elm tarixinin gözəl səhifələrindən biri kimi hələ də dəyərləndirilir.

İndiki Akademiya şəhərciyinin salınmasında –layihəsinin, tikintiyə icazəsinin, maliyyə məsələsinin Moskvada təsdiq olunmasında onun xidməti müstəsnadır. Görkəmli memar Mikayıl Hüseynovun layihəsi əsasında akademiyanın əzəmətli, yaraşıqlı yeni binasının tikilməsində Musa Əliyevin xidmətini anmamaq insafsızlıq olar. Akademiyanın bir çox institutlarının binaları tikilib fəaliyyətə başlasa da, əsas və əzəmətli bina hələ tikilməmişdi. Baş planı təsdiq olunan kimi tikintisi başlanan əsas binanın divar və sütunları ucaldıqca, eyni zamanda, bahalı qranit üzlük də çəkilirdi. Akademiyanın uzaqgörən prezidenti Stalin dövrünün hər sabahının başqa-başqa rənglərdə açıldığından məsələni elə isti-isti hasilə gətirməyi qərarlaşdırmışdı. Bina tikilib yarıya çatanda ölkənin yeni başçısı Xruşşovun belə bir əmri ortaya çıxdı. “Binalara lazım olmayan, lüzumsuz bəzək-düzəklər vurulmasın”. Bu haqda “Pravda” qəzetində xüsusi məqalə də dərc olundu. Həmin məqalədə Mikayıl Hüseynovun da adı çəkilmişdi və Xruşşov qeyd etmişdi ki, belə arxitektorlar, memarlar bizə lazım deyil. Binanın qalan hissəsindəki milli ornamentlər, xüsusən, onun başında tikiləcək dörd günbəz beləcə ləğv olundu, hətta maliyyə fondu kəsildi. Binaya əzəmətlilik və yaraşıq gətirən qranit üzlük isə Musa Əliyevin uzaqgörənliyi ilə əvvəlcədən çəkilmişdi. Akademiya şəhərciyinin indi yenidən qurulması və bərpası ilə əlaqədar həmin günbəzlər də ilkin layihə əsasında tikiləcəkdir.

Elə həmin illərdə akademik Musa Əliyevin müəllifliyi və redaktorluğu ilə qısa müddətdə 7 cildlik “Azərbaycan geologiyası” və bir sıra xəritələr nəşr olundu. Akademiyanın prezidenti kimi tarixçilər qarşısında məqsəd qoymuşdu ki, çoxcildlik “Azərbaycan tarixi” yazılsın. Doğrudur, bu məsələ sonralar çox uzun çəkdi, onu hərə bildiyi və sərf olunan səmtə yönəltdi. Akademiyanın prezidenti olarkən Musa Əliyevin həyata keçirmək istədiyi ən böyük məqsədlərindən biri də astronomiya rəsədxanasını yaratmaq idi. Yeni tikiləcək rəsədxana üçün yer seçilməsi, tikintisinə başlamaq üçün lazım olan sənədlərin hazırlanması, dünyanın əksər əsas rəsədxanaları ilə əlaqələrin yaradılması onun xidmətləri sayəsində olmuşdur. Bu işlər onun təklifi ilə 1953-cü ilin mart ayında Fizika və Riyaziyyat İnstitutunda daimi astronomiya ekspedisiyasının yaranması ilə start götürmüşdür. İşin sürətli gedişi üçün həmin ekspedisiyanın əsasında astrofizika şöbəsi (1954) və bu şöbənin əsasında isə Rəyasət heyəti nəzdində Astrofizika bölməsi yaradılmışdır (1956). Bu işlərə rəhbərlik etmək üçün Moskva Dövlət Astronomiya İnstitutundan H.Sultanov Bakıya dəvət olunur. O günlərdən başlanğıcı qoyulan və tikilən Şamaxı rəsədxanasına bir il sonra, 1959-cu ildə akademik Y.Məmmədəliyevin rəhbərliyi ilə, XIII əsrdə N.Tusinin yaratdığı Marağa rəsədxanasının irsi gətirilmiş və bu gün dünya şöhrətli rəsədxanalardan birinə çevrilmişdir. Musa Əliyevin bu sahədəki xidmətləri və arzuları tarixi əhəmiyyət kəsb edir.

Elmə həvəsi onu bu sahə ilə daim bağlamışdır. Doğrudur, əldə etdiyi elmi nəticələrdən bu qənaətə gəlmək olur ki, elm onun həyat amalı olub. Amma həm elmimizin, həm də ölkəmizin sabahı üçün xeyirlisi o olub ki, belə bir insan - daim irəliyə, uğurlara can atan ziyalı rəhbərlik sistemində çalışıb.

Musa Əliyev Azərbaycan EA-nın prezidenti olarkən elmi-pedaqoji fəaliyyətini davam etdirmək üçün Bakı Dövlət Universitetinin geologiya-coğrafiya fakültəsində də paleontologiya, tarixi geologiya fənlərindən Azərbaycan və rus dillərində mühazirələr oxuyurdu. O, fakültədə paleontologiya-stratiqrafiya kabineti təşkil etməyə də müvəffəq olur. Özü də şəxsi vəsaiti hesabına. Universitetdən ona çatacaq məvacibi özünə götürmür, bu işlərə sərf edir, xüsusilə də imkansız tələbələrə təqaüd kimi verirdi.

Rəna xanımın xatırlamaları: Atam o vaxtlar akademiyanın prezidenti kimi yüksək maaş alırdı. Ona görə də kasıb tələbələrə, gənc elmi kadrlara daim maddi kömək edirdi. Bu, mütəmadi hal almışdı və ailəmizdə xoş qarşılanırdı. Atam çox qürurlu, sadə və nəcib, xeyirxah və təvazökar, son dərəcə mədəni və alicənab bir insan idi. Evdə də, işdə də belə olub. Onun bizimlə ünsiyyəti çox səmimi və mehriban, sakit və istəkli idi. Biz ailədə çox mehriban və bir-birimizə bağlı insanlar idik. Atam və anam yarım əsrdən çox sürən birgə ailə həyatlarında həmişə bir-birinə əziz olublar. Bir-birini daim qoruyub və seviblər. Ailədə iki oğul və bir qız olmuşuq. Böyük qardaşım Ömər Xəyyam fizika-riyaziyyat, mən şərqşünaslıq elmini seçdik, kiçik qardaşım Əkrəm isə atamın davamçısı oldu. Sənət-peşə seçimində atam-anam bizə müstəqillik verdilər, ürəyimiz istədiyi elmə üz tutduq. Atamın universitetdə yaratdığı kabinet onun üçün çox əziz idi. Ona görə də atamın vəfatından sonra qardaşım Ömər Xəyyamla birlikdə onun geologiya sahəsinə aid son dərəcə zəngin şəxsi kitabxanasını bütünlüklə universitetə - həmin paleontologiya-stratiqrafiya kabinetinə bağışladıq. Bu işdə o zaman Azərbaycan Dövlət Neft Şirkətinin vitse–prezidenti vəzifəsində çalışan İlham Əliyevin köməyini xüsusi minnətdarlıqla qeyd etmək istərdim.

Musa Əliyevin həyatının ən gənc, məhsuldar, ən enerjili, arzularla dolu çağları Mircəfər Bağırovun Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edib. Ondakı yüksək elmi təşkilatçılıq bacarığını bilən Bağırov onu müxtəlif vəzifələrə təyin edib, daim nəzərində saxlayıb.

Rəna xanımın xatırlamaları: Atamın 30 yaşı olanda saçları dümağ olub. Bağırov kimi qəddar bir rəhbərlə işləmək asan iş deyildi. O, atamı yüksək vəzifələrə təyin etdikcə qorxu daha da çox olurdu. Çünki Bağırov bir əli ilə ucaltdığı insanı o biri əli ilə tezliklə qılınclayıb məhv etməkdən çəkinməzdi. Bu mənada atam çox ağır zamanda yaşayıb, çalışıb. Bütün tapşırıqlara son dərəcə məsuliyyətlə yanaşan atam çalışırdı ki, ona irad tutulub, söz deyilməsin. Hərdən atama tapşırılan işin nəticəsi haqqında mükəmməl məlumatı olmayan Bağırov iclasda onu qaldırıb hay-küy edərmiş ki, niyə bu işi tamamlamamısan. Atam ayağa qalxıb ətraflı məlumat verən zaman isə ona deyərmiş ki, “Sənin o ağ başını Solovkidə (uzaq Şimala sürgün edilənlərin məhv olduğu yer) çürütdürərəm”. Sonralar, yəni Bağırov haqqında məhkəmə işi qurularkən onun kabinetindən - stolunun üstündən sənəd üzə çıxarıldı ki, atam tezliklə getməli imiş. Siyahıda Səməd Vurğun, Mirzə İbrahimovdan sonra üçüncü atamın adı olub.

Musa Əliyev 1958-ci ildən həyatının sonuna qədər Moskva şəhərində yaşayıb-yaradıbdır. Azərbaycanın o vaxtkı rəhbərliyi ilə münasibətləri uyğunlaşmayanda o, SSRİ EA-nın prezidenti akademik Nesmeyanovun dəvəti ilə Moskvada SSRİ EA və SSRİ Neft Sənayesi Nazirliyinin Yanar Qazıntı Yataqlarının Geologiyası və İşlənilməsi İnstitutunda elmi işlər üzrə direktor müavini vəzifəsinə gedir. İnstitutda tez bir zamanda “Neftli-qazlı əyalətlərin biostratiqrafiyası” laboratoriyasının təşkilinə nail olur və bununla onun tədqiqatlarının əhatə coğrafiyası genişlənir, SSRİ-nin bir çox respublikalarında onun fəaliyyəti yaddaqalan, unudulmaz elmi hadisələrlə nəticələnir. O, Moskvada məsul elmi-təşkilati vəzifədə çalışsa da, Azərbaycan Elmlər Akademiyasının üzvü kimi hər il Bakıya gəlir, akademiyanın iclaslarında iştirak edirdi. Tələbələrindən bəzilərini Moskvaya aparır, onlara hər cür kömək etməyə çalışırdı. O illər Musa Əliyev Moskvada təhsil alan, xüsusilə respublikamızdan çıxıb gedən gənc kadrlara mənəvi arxa olur. Onlara böyüklüyünü əsirgəmir. Hətta texnika elmləri üzrə elmi işlər ləng təsdiq olunduğundan Bakıdan göndərilən elmi əsərlərin Moskva Ali Attestasiya Komissiyasında təsdiqinin ləngiməməsi üçün çoxlarına kömək edibdir. Moskvada yaşadığı müddətdə bütün həyatını elmə həsr edən görkəmli alim çoxlu kitablar nəşr etdirir. Bütovlükdə, akademik Musa Əliyev 210 elmi əsərin, o cümlədən 15 monoqrafiyanın müəllifidir. O, 40 elmlər doktoru və namizədi yetişdirmişdir.

Musa Əliyevin həyat və fəaliyyəti çoxşaxəli olmuşdur. Bu isə ona müxtəlif peşə və sənət adamları ilə təmasda olmaq imkanı vermişdi. Eyni zamanda ondakı yüksək təşkilatçılıq bacarığını bilən SSRİ neftçıxarma sənayesinin rəhbərliyi onu Əlcəzair Xalq Demokratik Respublikasının neft sənayesinin inkişafına kömək etmək məqsədi ilə 1967-ci ildə oraya ezam olunmuş görkəmli neftçi alim və mütəxəssislərdən ibarət qrupun rəhbəri təyin etmişdi. 1967–71-ci illərdə Əlcəzairlə SSRİ arasında bağlanmış neft müqaviləsinin həyata keçirilməsinə rəhbərlik edən Musa Əliyev uğurlar əldə etmişdi. Eyni zamanda, yüksək insani keyfiyyətləri, nadir elmi təfəkkürü ilə təkcə müqavilə üzrə tərəfdaşların və SSRİ-nin Əlcəzairdəki səfirliyinin yox, Əlcəzair dövləti rəhbərinin, ölkənin digər nüfuzlu rəsmi şəxslərinin hörmət və məhəbbətini qazanmışdı. Həmin müqavilənin iştirakçılarının xatırlamalarına görə, Əlcəzair Prezidenti Bumedyenin qəbuluna düşmək üçün SSRİ-nin bu ölkədəki səfiri bir neçə dəfə Musa Əliyevə müraciət etmiş və hər dəfə də nəticəsi müsbət olmuşdu. Akademik Əlcəzairdəki elmi tədqiqat işlərinin nəticəsi olaraq Moskvada nəşr edilmiş 328 səhifəlik “Əlcəzair Böyük səhrasının geologiyası və neftli, qazlılığı” və 256 səhifəlik “Əlcəzair Atlaslarının geologiyası və neftli, qazlılığı” adlı fundamental monoqrafiyaların müəlliflərindən biri idi.

1985-ci il mayın 3-də Moskvada dünyasını dəyişən böyük alim doğma Vətənində dəfn olunur. Övladları valideynlərinin bu vəsiyyətlərini yerinə yetirmişlər.

Musa Əliyev parlaq insani keyfiyyətlərinə görə müasirlərinin dərin hörmət və rəğbətini qazanmış və bunu ömrünün axırına kimi qoruyub saxlaya bilmişdir. Musa Əliyevin həmkarları olan görkəmli Azərbaycan alimləri Q.Əlizadə, M.Qaşqay, Ə.Əlizadə, Ş.Mehdiyev, Ş.Əzizbəyov, Ə.Yaqubov, Ə.Şıxəlibəyli və bir çox başqalarının adlarını iftixarla çəkmək olar.

Geologiya İnstitutunun əksər əməkdaşları nəyə nail olublarsa, məhz akademik Musa Əliyevin sonsuz məhəbbət və qayğıkeşliyi, elmi uğurlarından bəhrələnməklə əldə etdiklərini qeyd edir və onu hörmətlə anırlar. İnstitutun əməkdaşları tərəfindən qələmə alınmış, Azərbaycan Paleontologiya Cəmiyyətinin Prezidenti, alimin etibarlı tələbəsi Tofiq Həsənov tərəfindən toplanıb tərtib edilmiş “Akademik Musa Əliyev müasirlərinin yaddaşında” adlı mükəmməl topluda görkəmli alimin şərəfli həyat yolu barədə dəqiqliklə, əhatəli şəkildə tanış olmaq mümkündür. Burada akademiklərdən İ.İbrahimovun, M.Musayevin, C.Quliyevin, B.Budaqovun, H.Sultanovun, A.Əlizadənin, A.Nadirovun, İ.Qamkrelidzenin, professorlardan Z.Mövsümovun, F.Dadaşovun, Ə.Əyyubovun, İ.Şirinovun və onlarca başqa görkəmli və tanınmış alimlərin yazılarında akademik Musa Əliyev xatirələr işığında gözümüzdə canlanır və Azərbaycan xalqının belə bir şöhrətli, şərəfli, yüksək zirvədə dayanan oğlu ilə qəlbən fəxarət duyğuları keçirirsən. Onun dünyanın məşhur paleontoloq alimləri sırasındakı möhtəşəm yeri xalqımızın başucalığı, sevincimizdir. Akademikin ömür yolunun səhifələrini vərəqlədikcə insan öz aurasında güclü ağ işıq hiss edir. Nə yaxşı ki, yer üzündə sadə və müdrik insanlar varmış. İndi onlar ağ işığa dönərək dünyamızı, Vətənimizi şəfəqləndirir, dünyanın gözündə zirvələrə ucaldırlar.

Almaz Ülvi, filologiya elmləri namizədi

AzərTAc (8.2.2008)

 

Xəbərlər
Redaktorun seçimi