“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
11.08.2014, 15:05
1729

Aida İmanquliyeva (1939-1992)

Şərqşünaslıq üzrə ilk azərbaycanlı qadın-elmlər doktoru
A- A+

Aida İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Atası görkəmli jurnalist, pedaqoq, əməkdar elm xadimi Nəsir İmanquliyev Azərbaycan mətbuatının bünövrəsini qoyanlardan biri olmuş, uzun müddət «Bakı» və «Baku» qəzetlərinin baş redaktoru işləmişdir.

Aida İmanquliyeva 1957-ci ildə Bakı şəhərinin 132 saylı orta məktəbini qızıl medalla bitirmişdir. 1957-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinə daxil olmuşdur.

1962-ci ildə Universitetin Şərqşünaslıq fakültəsinin ərəb filologiyası bölməsini bitirəndən sonra həmin universitetin Yaxın Şərq xalqları və ədəbiyyatı tarixi kafedrasının aspirantı olmuş, daha sonra keçmiş SSRİ EA Asiya xalqları İnstitutunun aspiranturasında təhsil almışdır.

1966-cı ildə namizədlik dissertasiyasını müdafiə edən Aida İmanquliyeva Azərbaycan EA Şərqşünaslıq İnstitutunda işə başlamışdır. Kiçik elmi işçi (1966), baş elmi işçi (1973), ərəb filologiyası şöbəsinin müdiri (1976-cı ildən), elmi işlər üzrə direktor müavini (1988-ci ildən) və 1991-1992-ci illərdə Azərbaycan EA Şərqşünaslıq İnstitutunun direktoru vəzifələrində çalışmışdır.

1989-cu ildə Aida xanım İmanquliyeva Tbilisi şəhərində müvəffəqiyyətlə doktorluq dissertasiyası müdafiə etmiş, ilk azərbaycanlı qadın-ərəbşünas elmlər doktoru olmuş, tezliklə bu ixtisas üzrə professor adı almışdır.

3 monoqrafiya («Mixail Nuaymə və «Qələmlər birliyi», M.,1975; «Cubran Xəlil Cubran», B., 1975; «Yeni ərəb ədəbiyyatının korifeyləri», B., 1991) və 70-dən artıq elmi məqalənin müəllifi olan A.N.İmanquliyeva Şərq filologiyası sahəsində yazılmış bir çox elmi əsərlərin redaktoru olmuşdur. Azərbaycan EA Şərqşünaslıq İnstitutunda fəaliyyət göstərən «Asiya və Afrika xarici ölkələri ədəbiyyatları» ixtisası üzrə müdafiə şurasının üzvü, sədr müavini və sədri olmuşdur.

Prof. A.N.İmanquliyeva Azərbaycan şərqşünaslıq elmini dəfələrlə yaxın və uzaq xarici ölkələrdə (Moskva, Kiyev, Poltava, Sankt-Peterburq, Halle və s.) təmsil etmişdir.

Aida İmanquliyeva elmi-təşkilati fəaliyyətində yüksəkixtisaslı ərəbşünas kadrların hazırlanmasını diqqət mərkəzində saxlamışdır. Onun rəhbərlik etdiyi «Ərəb filologiyası» şöbəsində qısa müddətdə 10-dan artıq namizədlik dissertasiyası müdafiə edilmişdir.

Aida İmanquliyeva Ümumittifaq Şərqşünaslar Cəmiyyətinin Rəyasət Heyətinin, Şərq ədəbiyyatlarının tədqiqi üzrə Ümumittifaq Koordinasiya Şurasının və Yazıçılar Birliyinin üzvü olmuşdur.

O, uzun illər pedaqoji fəaliyyətlə məşğul olmuş, ADU-da ərəb filologiyası fənnindən mühazirələr oxumuşdur.

Aida İmanquliyeva 1992-ci ilin 19 sentyabrında vəfat etmişdir.

Görkəmli ərəbşünas alim prof. A.N.İmanquliyevanın xatirəsini əbədiləşdirmək üçün BDU Şərqşünaslıq fakültəsində əlaçı tələbələrdən birinə onun adına təqaüd verilir.

Mənbə: www.bsu.az

 

 

►Bax həmçinin:

Görkəmli alim, bacarıqlı təşkilatçı, zərif qadın

Elə insanlar var ki, hər dəfə onlar haqqında yazanda, yaxud onları xatırlayanda yeni nəyisə tapırsan. Bu insanlar hər dəfə sənin qarşında yeni bir görkəmdə durur, yeni bir şəkillə canlanırlar. Şübhə yoxdur ki, bu, onların ruhən dərinliyindən, şəxsiyyət kimi kamilliyindən, mənəviyyatının zənginliyindən irəli gəlir.

Filologiya elmləri doktoru, professor Aida İmanquliyeva belə insanlardandır. Aida xanım haqqında alim, təşkilatçı, ana, zərif qadın kimi çox yazılıb və yəqin ki, bundan sonra daha çox yazılacaq. Çünki hər şeyi öz yerinə qoyan, hər kəsə layiq olduğu qiyməti verən, hər bir işə əncam çəkən zaman onu bizdən daha çox ayırdıqca biz Aida xanımın böyüklüyünü, kamilliyini və zənginliyini daha yaxşı duyur, daha dərindən dərk edirik.

Onun hansı cəhətini daha qabarıq vermək, hansı məziyyətini ön plana çəkmək müşkül məsələdir. Çünki Aida xanımdakı bu cəhətlər bir-biri ilə elə möhkəm çulğalaşır ki, onları ayırmaq olmur. İstər-istəməz ona hərtərəfli yanaşmalı, ondan hərtərəfli bəhs etməli olursan.

Bu günlər anadan olmasının 70 illiyini böyük təntənə ilə qeyd etdiyimiz Aida İmanquliyeva bizim üçün hər şeydən əvvəl görkəmli ərəbşünas alim idi.

1962-ci ildə Bakı Dövlət Universitetinin (o zamankı S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin) ərəb şöbəsini bitirən Aida xanım ərəb ədəbiyyatı üzrə aspiranturaya daxil olub Moskvaya ezam edildi. Orta məktəbi qızıl medalla, universiteti fərqlənmə diplomu ilə bitirmiş, ərəb dilinin sirlərini müasir Azərbaycan ərəbşünaslığının banisi, professor Ələsgər Məmmədovdan öyrənmiş Aida Moskvaya boş əllə deyil, yaxşı hazırlıqla getmişdi. Onun elmi rəhbəri dünya şöhrətli şərqşünasımız, professor Rüstəm Əliyev idi. Aspiranturada təhsil aldığı müddətdə Aida xanım özü üçün tədqiqat obyekti kimi ərəb məhcər (mühacirət) ədəbiyyatını seçmişdi.

Qeyd etmək lazımdır ki, Şimali Amerikada təşəkkül tapıb formalaşmış məhcər ədəbiyyatı, xüsusilə, 1920-ci ildə təsis edilmiş "Qələmlər birliyi" ərəb ədəbiyyatı tarixində xüsusi çəkisi və mövqeyi olan ədəbi məktəbdir. Aida xanım qısa müddət ərzində namizədlik dissertasiyasını müdafiə etmiş, məhcər ədəbiyyatının görkəmli nümayəndələri Mixail Nuaymə və Cübran Xəlil Cübran haqqında monoqrafiyalar yazıb çap etdirmişdi. Aida xanım öz istedadı və əməksevərliyi sayəsində qısa zaman kəsiyində keçmiş Sovet İttifaqında yeni ərəb ədəbiyyatının ən tanınmış mütəxəssislərindən birinə çevrilmişdi.

Ərəb məhcər ədəbiyyatı vaxtilə bir çox mütəxəssislər, xüsusilə, dünya şöhrətli ərəbşünas, akademik İ.Y.Kraçkovski tərəfindən tədqiq edilsə də, son dövrdə bu sahənin ən görkəmli, ən səlahiyyətli nümayəndəsi məhz Aida xanım idi. Rus tənqidi realizmindən, ingilis romantizmindən və Amerika transsendentalizmindən kifayət qədər təsirlənmiş, lakin bu təsiri mexaniki şəkildə deyil, ərəb zəminində, Şərq kontekstində qəbil etmiş məhcər ədəbiyyatı yeni ərəb ədəbiyyatının dünya miqyasında tanınması sahəsində böyük xidmət göstərmişdir. Şərq ruhunu Qərb düşüncəsi, Qərb analitizmi ilə birləşdirmiş Cübran Xəlil Cübran, Əmin ər-Reyhani, Mixail Nuaymə, İlya Əbu Mazi kimi görkəmli sənətkarlar Şərq-Qərb ədəbi sintezi prosesində mühüm rol oynamışlar.

Bütün bu ümdə məsələlərin tədqiqi Aida xanımın elmi yaradıcılığında öz əksini layiqincə tapmışdır. Aida İmanquliyevanın Şərq müdrikliyi ilə Qərb həssaslığını özündə cəmləşdirən ərəb məhcər ədəbiyyatının yaranması, inkişafı, sənətkarlıq xüsusiyyətləri, spesifikası, onun başqa ədəbi məktəblərdən fərqli cəhətləri, məhcər ədəbiyyatını bir ədəbi cərəyan kimi səciyyələndirən məziyyətlər barədə mülahizə və fikirləri bu gün şərqşünaslıq sahəsində görkəmli mütəxəssislər tərəfindən bəyənilir və qəbul edilir.

Aida İmanquliyeva nisbətən qısa ömür sürməsinə baxmayaraq, özündən sonra zəngin elmi irs qoyub getmiş, fundamental tədqiqatları ilə təkcə Azərbaycan və əski sovet şərqşünaslığını deyil, eyni zamanda, dünya şərqşünaslığını zənginləşdirmiş, inkişaf etdirmişdir. Rusiyada, Ukraynada, Almaniyada, İngiltərədə, Fransada, Özbəkistanda, Gürcüstanda, bir çox ərəb ölkələrində yaxşı tanınan, rəyi ilə hesablaşılan, əsərlərinə tez-tez istinad edilən Aida xanım yeni və müasir ərəb ədəbiyyatının ən nüfuzlu, ən fundamental tədqiqatçılarından biri kimi şərqşünaslıq tarixinə əbədi daxil olmuş azsaylı mütəxəssislərdəndir.

Ərəb məhcər ədəbiyyatının, bu ədəbiyyatın Cübran Xəlil Cübran, Mixail Nuaymə, Əmin ər-Reyhani, İlya Əbu Mazi kimi görkəmli nümayəndələrinin həyat və yaradıcılığına həsr etdiyi tədqiqatlar öz orijinallığını, zənginliyini, nəzəri dərinliyini, konseptuallığını daim qoruyub saxlayan, buna görə də mütəxəssislərin stolüstü kitablarına çevrilmiş əsərlərdir. Cəsarətlə demək olar ki, Aida xanım bu gün ərəb məhcər ədəbiyyatının beynəlxalq miqyasda ən görkəmli, ən sanballı tədqiqatçısıdır. Bunu nəinki Azərbaycan və əski sovet ərəbşünasları, hətta Avropa şərqşünasları və ərəblərin özləri belə, etiraf edirlər.

Məhcər ədəbiyyatının əsas xüsusiyyətləri, onun çoxəsrlik zəngin ərəb ədəbiyyatı ilə oxşar və fərqli cəhətləri, Qərb və rus ədəbiyyatları ilə əlaqələri, bütövlükdə ərəb ədəbiyyatına gətirdiyi yeniliklər, müasir ərəb ədəbiyyatı üçün açdığı üfüqlər və digər ümdə məsələlər Şərq-Qərb sintezində öz doğru-düzgün elmi həllini məhz Aida İmanquliyevanın çoxsaylı fundamental tədqiqatlarında tapmış, onun gəldiyi nəticələr beynəlxalq elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilərək nüfuzlu elmi fikirlər kimi qəbul edilmişdir.

Məhz Şərq-Qərb elmi-mədəni əlaqələrinin tədqiqində yeni mərhələ açmış XX əsrin görkəmli şərqşünası Aida İmanquliyevanın 70 illik yubileyinə həsr olunmuş "Şərq və Qərb: ortaq mənəvi dəyərlər, elmi-mədəni əlaqələr" mövzusunda oktyabr ayının 9-dan 11-dək Bakıda keçiriləcək beynəlxalq İbn Ərəbi simpoziumunda ABŞ, Böyük Britaniya, Fransa, İspaniya, Rusiya, Misir, Türkiyə, İran, Suriya, Əlcəzair, Latviya, Qazaxıstan və başqa ölkələrin aparıcı elm mərkəzlərindən dünyaca tanınmış alimlərin iştirakı Şərq və Qərb sivilizasiyalarının dialoqu, qarşılıqlı təsiri və əlaqələri sahəsində Azərbaycan aliminin apardığı tədqiqatlara, göstərdiyi xidmətlərə, bütövlükdə zəngin irsinə verilən yüksək qiymətin təzahürüdür. Azərbaycanda geniş elmi müstəvidə belə bir simpoziumun keçirilməsi şərqşünaslıq elmimizin inkişafına verəcəyi töhfələr və açacağı yeni imkanlar baxımından da çox əhəmiyyətlidir.

Aida İmanquliyeva məhcər ədəbiyyatının ən görkəmli nümayəndələri Cübran Xəlil Cübranın və Əmin ər-Reyhaninin daha çox Qərb romantizminin, Mixail Nuaymənin isə rus tənqidi realizminin təsirinə məruz qaldığını göstərmiş və bunun əsas səbəbini onların dünyagörüşü, düşdükləri mühit, ədəbi-bədii qayəsi və yaradıcılıq istiqamətləri ilə bağlamışdır. Müəllif çox doğru olaraq belə bir nəticəyə gəlmişdir ki, Cübran və ər-Reyhanidə R.U.Emersonun, U.Uitmenin, N.Toronun, Şellinin, Bayronun, Hüqonun təsiri daha çox hiss edildiyi halda, Poltavada təhsil almış Mixail Nuaymənin bədii yaradıcılığında L.Tolstoyun, İ.Turgenevin, A.Çexovun, ədəbi-tənqidi məqalələrində isə V.Belinskinin təsiri müşahidə olunur. Aida xanım haqlı olaraq göstərmişdir ki, C.X.Cübran, Ə.ər-Reyhani və M.Nuaymə özlərinin çoxcəhətli bədii yaradıcılıqlarında Avropa və Amerika ədəbiyyatlarının nailiyyətlərini mənimsəmiş, onları ən yaxşı milli bədii ənənələrlə üzvi surətdə sintezləşdirmişlər.

Alimin fikrincə, yeni ərəb ədədiyyatının təşəkkülü və formalaşmasında əhəmiyyətli rol oynamış "Suriya-Amerika məktəbi"nin nümayəndələri öz yaradıcılıqları ilə yalnız ərəb ədəbiyyatında deyil, həm də Şərq ölkələrinin milli ədəbiyyatlarında öz davamçıları üçün yol açmışlar. Bu, əsasən, onların əksər əsərlərini ingilis dilində yazması ilə əlaqədar olmuşdur. Ona görə də "Suriya-Amerika məktəbi"ni təmsil edən yazıçıların yaradıcılığı öz milli ədəbiyyatları çərçivəsindən kənara çıxaraq dünya ədəbiyyatında layiqli yer tutmuşdur. Onların ədəbi fəaliyyəti sanki Qərb və Şərq ədəbiyyatlarının öz mənəvi nailiyyətlərini mübadilə etdikləri informasiya kanalı rolunu oynamışdır (Bax: A.İmanquliyeva. Yeni ərəb ədəbiyyatının korifeyləri. Bakı, "Elm", 2005, s.313).

Aida İmanquliyevanın bir çox xarici dillərə tərcümə edilmiş "Yeni ərəb ədəbiyyatının korifeyləri" kitabı onun çoxillik elmi axtarışlarının yekunu, ərəb məhcər ədəbiyyatı barədə yazılmış ən sanballı tədqiqat əsəridir. Kitab ərəb dilinə tərcümə edildikdən sonra ərəb ədəbiyyatşünasları arasında da geniş maraq doğurmuş, bir sıra görkəmli mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir.

Aida İmanquliyeva həm də keçmiş Sovet İttifaqında, vətənimiz Azərbaycanda yeni ərəb ədəbiyyatı kursunun yaradıcılarından biri olmuşdur. Bu gün 20-dən artıq ərəb ölkəsində yaranmış zəngin ədəbiyyatı araşdırıb onu ümumi tədqiqat məcrasına yönəltmək, bu ədəbiyyatın səciyyəvi cəhətlərini müəyyənləşdirmək, görkəmli nümayəndələrinin həyat və yaradıcılığını öyrənmək, əsərlərini yüksək nəzəri səviyyədə təhlil etmək dünya ərəbşünaslığı qarşısında duran ən çətin, ən ümdə vəzifələrdəndir. Aida xanım bu sahədə böyük əmək sərf etmiş, nəticədə belə bir çətin kursun yaradılmasına nail olmuşdur. Onun bu haqda yazdığı məqalələr, beynəlxalq konfrans və simpoziumlarda etdiyi çıxışlar, uzun illər BDU-nun şərqşünaslıq fakültəsində oxuduğu yüksək səviyyəli mühazirələr yeni ərəb ədəbiyyatının çağdaş dövrdə daha dərindən öyrənilməsi üçün ən gözəl mənbələrdən, ən mötəbər elmi vəsaitlərdəndir.

Eyni zamanda, Aida xanım Azərbaycan oxucusunu ərəb ədəbiyyatı ilə tanış etmək üçün xeyli iş görmüş, bir sıra görkəmli ərəb yazıçılarının əsərlərini dilimizə çevirmişdir.

Professor Aida İmanquliyeva akademik Ziya Bünyadovdan sonra AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsində çalışarkən yüksək təşkilatçılıq qabiliyyəti nümayiş etdirmiş, qısa müddət ərzində institutun maddi-texniki bazasının möhkəmləndirilməsi, aparılan elmi-tədqiqat işlərinin miqyasının genişləndirilməsi, onların nəzəri səviyyəsinin və əməli əhəmiyyətinin yüksəldilməsi, bu tədqiqat müəssisəsinin beynəlxalq əlaqələrinin genişləndirilməsi, onun fəaliyyətinin dünyanın aparıcı şərqşünaslıq mərkəzləri ilə əlaqələndirilməsi sahəsində ardıcıl səylər göstərmişdir.

Aida xanım direktor olduğu müddət ərzində Şərqşünaslıq İnstitutunda bir sıra beynəlxalq simpozium və konfranslar təşkil olunmuş, respublika miqyaslı elmi tədbirlər keçirilmişdir. Sevindirici haldır ki, bu gözəl ənənə Şərqşünaslıq İnstitutunda indi də uğurla davam etdirilir.

Professor Aida İmanquliyeva çox az adama nəsib olan elmi istedadı, təşkilatçılıq qabiliyyəti və pedaqoji fəaliyyəti özündə birləşdirən bir alim idi. O, 20 ildən artıq bir müddət ərzində BDU-nun şərqşünaslıq fakültəsində ərəb ədəbiyyatından mühazirələr oxumuş, xüsusi kurslar aparmış, dissertasiya və diplom işlərinə rəhbərlik etmişdir. Aida İmanquliyevanın maraqlı mühazirələrini dinləmiş tələbələr həmişə onun mahir mühazirəçi olduğunu qeyd edirlər. Aida xanımı görmək şərəfinə nail olmamış indiki tələbələr isə onun kitablarından, məqalələrindən, əlyazma şəklində olan mühazirələrindən istifadə edib bəhrələnirlər.

Bütün bunlarla yanaşı, Aida xanım gözəl həyat yoldaşı, mehriban ana, qayğıkeş nənə, vəfalı dost, olduqca zərif bir qadın idi. Yüksək vəzifələr, elmi titullar, ictimai həyatda fəallıq onu bu ümdə insani keyfiyyətlərdən əsla məhrum edə bilməmişdi. Allah-təala Aidanı xoş saatında yaratmış, bir qadın kimi ona hər bir gözəlliyi vermişdi. Şahanə gözəllik, qədd-qamət, zəriflik, yüksək zəka, əməksevərlik, mehribanlıq, qayğıkeşlik, həssaslıq, dostcanlılıq, səmimiyyət, həlimlik, şirin dil, əliaçıqlıq, yüksək əxlaq - bütün bunlar Aida xanıma xas olan keyfiyyətlərin natamam siyahısıdır. Söz yox ki, milli jurnalistikamızın patriarxlarından olan Nəsir İmanquliyev kimi bir ziyalının evində dünyaya göz açmış, Mir Cəlal kimi məşhur yazıçının, alimin və pedaqoqun ailəsinə gəlin gəlmiş, taleyini, ömrünü akademik Arif Paşayev kimi gözəl bir insanla, dünya şöhrətli alimlə, səmimi bir dostla bağlamış Aida xanım elə bu cür də olmalı idi.

Aida evinin əsl xanımı idi. Ona səliqə-sahmanından qalmayan yüksək zövqlü xanımlıq da, önlük taxıb ev işlərində çalışmaq, mətbəxdə yemək hazırlamaq da çox gözəl yaraşırdı. Əli duzlu, özü də cəld idi. Beş dəqiqənin içində gözəl süfrə açar, bişirdiyi yeməkləri səliqə ilə onun üstünə düzər, arada nəvələrinə qulluq göstərər, telefona cavab verər, şirin zarafatlarından da qalmazdı. Mən onun bu qədər işi eyni vaxtda tez görə bilməsinə sözün həqiqi mənasında təəccüb edərdim. 
Aida İmanquliyeva həddindən artıq əliaçıq adam idi. Mən onun neçə-neçə kasıb tələbəyə əl tutduğunun, neçə-neçə xəstəyə tapılmayan dərmanlar tapdığının, bununla da onları ağır dərddən xilas etdiyinin şahidiyəm.

Aida xanım az ömür yaşasa da, xosbəxt insandır. Ona görə xosbəxtdir ki, o, böyük alimdir, əsərləri dünyanın bir çox ölkələrində nəşr olunur, oxunur və yüksək qiymətləndirilir, adı nüfuzlu elmi məclislərdə, simpozium və konfranslarda hörmətlə çəkilir. Ona görə xoşbəxtdir ki, özündən sonra ölkənin birinci xanımı, bu gün hər bir azərbaycanlı ailəsinin sevimlisi olan Mehriban xanım Əliyeva kimi, tanınmış alimimiz, nadir istedadlı ziyalı qadınımız Nərgiz Paşayeva kimi iki gözəl övlad, bir-birindən qəşəng və ağıllı neçə-neçə nəvə-nəticə qoyub getmişdir. Bu fani dünyada insana bundan artıq nə qalır ki!

Vasim Məmmədəliyev,
Azərbaycan Milli Elmlər Akademiyasının 
həqiqi üzvü

“Azərbaycan” qəzeti

Xəbərlər
Redaktorun seçimi