“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
22.03.2017, 21:17
1332

«Məxməri inqilab»ın Azərbaycan variantı (2005)

Prezident özü hakimiyyətdə köklü dəyişikliklərə başlamaqla cəmiyyətdəki gözləntilərə cavab verdi
A- A+

⇔ ⇔ ⇔

Azərbaycanda aylardan bəri haqqında diskussiyalar gedən, mübahisəsi səngiməyən "məxməri inqilab" artıq başlanıb. Ölkə prezidentinin hakim komanda daxilində gerçəkləşdirdiyi - fakt etibarilə qəfil, amma məntiq nöqteyi-nəzərindən çoxdan gözlənilən təmizləmə prosesinin mahiyyətini ən optimal şəkildə bu cür xarakterizə etmək olar.

"Məxməri inqilab"ların başlıca məramı hakim sistemin köklü şəkildə, lakin dövlət və cəmiyyət üçün ağrısız formada islah olunması, dövlət idarəçiliyini korporativ və klan maraqlarından, traybalist təfəkkürdən xilas edib şəffaf və ictimai nəzarətin təmin olunacağı bir müstəviyə çıxarmaqdır. Son vaxtlar postsovet məkanında baş verən bütün "məxməri inqilab"ların əsas qayəsi də bu cür xarakterizə olunub. Həmin proseslərin nəticə etibarilə qeyd olunan mərama nə qədər adekvat olub-olmaması isə artıq başqa məsələdir.

Amma sözügedən inqilabi dəyişikliklərin Azərbaycanda da ciddi rezonans doğurduğu faktdır. Bu mövzu ətrafında səslənən müxtəlif mülahizələri, "bizdə inqilab istisna edilir" fikrindən "inqilab qaçılmazdır" iddiasınadək bütün bəyanatları bir kənara qoyub məsələnin mahiyyətinə varsaq, görərik ki, ümumilikdə xalq ölkədə siyasi rəhbərlikdən tutmuş yerlərdəki məmur idarəçiliyinədək bütün səviyyələrdə köklü keyfiyyət dəyişiklikləri gözləyir və bu islah prosesinin mümkün qədər sakit şəkildə gerçəkləşməsini istəyir. Çünki xalq yaxın keçmişdə Azərbaycanda meydana gəlmiş siyasi toqquşmaların və çevrilişlərin acı nəticəsini yaxşı xatırlayır.

Odur ki, əhali güzəranını daha da yaxşılaşdıracaq, rüşvətxorluğa, hakimiyyət daxilindəki ayrı-ayrı qruplaşmaların nüfuz savaşına son qoyacaq kardinal dəyişikliklərin arzusunda olmaqla bərabər, bu prosesin küçə və meydanlardan üzüyuxarı deyil, yuxarıdan aşağıya və ən əsası siyasi sarsıntı doğurmadan aparılmasına tərəfdardır. Təsadüfi deyil ki, 2003-cü ilin prezident seçkilərindən sonra cəmiyyət yeni prezidentin ümummilli lider Heydər Əliyevin bina etdiyi dövlətçilik kursunu davam etdirməsini təqdir etməklə bərabər, onun istər komandadaxili islahatlar, istərsə də ümumi idarəçilik fəlsəfəsi baxımından yeni və kəsərli addımlar atmasını da gözləyirdi.

Etiraf etmək lazımdır ki, ötən iki ildə dövlət başçısı bu gözləntiləri qarşılamaq üçün bir sıra addımlar atsa da, onlar nəticə etibarilə ciddi keyfiyyət dəyişiklərinə gətirib çıxarmamışdı. Üstəlik, ictimai rəydə belə mülahizələr də özünə yer tapmışdı ki, prezident belə miqyasda köklü islahat prosesini reallaşdırmaqda ciddi çətinliklərlə üzləşib, başqa sözlə, dövlət başçısının konservativ ətrafı ona effektiv qərarlar qəbul etməyə imkan vermir.

Parlament seçkilərinin yaxınlaşması cəmiyyətin dəyişiklik gözləntilərini artırmaqla bərabər, onun daxilində sözügedən şübhələrə də yetərincə yol açmışdı. Bu baxımdan 6 noyabr Azərbaycan cəmiyyəti tərəfindən geniş mənada ölkənin gələcək inkişaf perspektivini təyin edəcək tarixi bir şans kimi nəzərdən keçirilir.

Eyni zamanda, belə bir şəraitdə hakimiyyətin opponenti olan qüvvələrin alternativ yol olaraq Azərbaycanda iqtidar dəyişikliyinin labüdlüyünü önə çəkməsi və yalnız bu halda ölkədə köklü demokratik islahatların gerçəkləşəcəyini bəyan etməsi cəmiyyətdə birmənalı olmayan əhval yaratmışdı. Lakin müxalifətin ortaya praktik alterativlər qoymaması və seçiciyə ünvanlanan bəyanatlarını yalnız "biz hakimiyyətə gəlib, ölkəni sənin istədiyin şəkildə dəyişdirəcəyik" tezisi üzərində qurması siyasi effekt baxımından təsirli görünsə də, nəticə etibarilə əhalinin əksəriyyətinin rəğbətini qazana bilmədi.

Bu, oktyabrın 17-də bir daha təsdiqini tapdı. Rəsul Quliyevin ölkəyə "qayıdışı" ətrafında yaradılan ifrat aciotajın "sabun köpüyü" effekti doğurması, eks-spikerin gəlişinin ümumxalq hadisəsinə çevriləcəyini iddia edənlərin əksinə olaraq, həmin gün küçələrə nəinki minlərlə, yaxud yüzlərlə, heç onlarla da adamın çıxmaması, hər şeydən öncə, müxalifətin inqilab çağırışının cəmiyyət tərəfindən qəbul edilməməsinin sübutu idi. Əgər radikal müxalifət 17 oktyabrı bir anlamda 6 noyabrın siyasi prelüdiyası, yəni xalqdan hakimiyyət dəyişikliyinə dəstək alınması yolunda mühüm mərhələ kimi nəzərdən keçirirdisə, onların bu "ilkin seçki"dən uğursuz çıxması faktdır. Özü də bu uğursuzluq, sadəcə, xalqın böyük əksəriyyətinin onlara etimadsızlığını nümayiş etdirmədi.

17 oktyabr faktiki olaraq "Azadlıq" blokundakı vəhdətin xeyli dərəcədə görüntü olduğunu ortaya qoymuş oldu. Birmənalı şəkildə qeyd etmək olar ki, 17 oktyabrda R.Quliyevi qarşılamaq üçün əllərindən gələni edəcəklərini bəyan edən Müsavat və AXCP həlledici anda bu vədə əməl etmədilər. Daha doğrusu, onlar əllərindən gələni etdilər ki, 17 oktyabrda ADP-nin sosial bazasının nə qədər məhdud və kasad olduğu hər kəsə, o cümlədən ADP sədrinə əyan olsun. Bu baxımdan 17 oktyabr təkcə R.Quliyevin növbəti "qayıdış" avantürasının ifşası ilə deyil, həm də "Azadlıq" bloku daxilində ciddi çatlara rəvac verəcək fakt kimi yadda qaldı və bu blokun timsalında nümayiş etdirilən "müxalifət birliyi"nin seçkiqabağı dövr üçün quraşdırılmış siyasi dekorasiya olduğunu hər kəs aydın gördü.

17 oktyabr göstərdi ki, müxalif düşərgədə, əvvəllər olduğu kimi, yenə də hər kəs "öz əlinə oynayır". Özü də burada təkcə Müsavat və AXCP liderlərinin R.Quliyevə münasibəti deyil, sabiq spikerin də onlara münasibəti aşkarlanmış oldu. 17 oktyabrdan sonra cərəyan edən olaylar, R.Quliyevin təlimatı ilə "inqilab"a (hakimiyyət dəyişikliyinə) hazırlaşan iqtidardaxili qüvvələrin ifşa olunması göstərir ki, eks-spiker də, əslində, öz oyununu oynayırmış və öz liderliyi ilə gerçəkləşdirəcəyi inqilabın bəhrəsinə heç də "Azadlıq" blokundakı həmkarlarını şərik etmək niyyətində deyilmiş.

Görünən odur ki, ADR lideri Müsavat və AXCP-yə bu proseslərdə daha çox kütləvi səhnələrdə yer ayırıbmış, "inqilab"dan sonra əsas rolları (hakimiyyət postlarını) isə onu iqtidar daxilindəki müttəfiqləri ilə bölüşəcəkmiş. Bu yerdə inqilabların mahiyyəti və onlardan nəticə etibarilə kimlərin bəhrələndiyi barədə məşhur filosofun məlum kəlamı bir daha xatırlamamaq olmur.

Hələlik, R.Quliyevin iqtidardakı müttəfiqlərinin ikisinin adı cəmiyyətə rəsmən elan edilib, amma Rəsul müəllimin "inqilabı"na maya qoyanların yalnız iqtisadi inkişaf və səhiyyə nazirləri ilə məhdudlaşmadığı da aydındır. Təsadüfi deyil ki, Fərhad Əliyev və Əli İnsanov həbs ediləndən sonra çeşidli mənbələrdən daha bir neçə hökumət mənsubunun da adının sabiq maliyyə naziri Fikrət Yusifovun siyahısında olması barədə xəbərlər yayıldı. Düzdür, bu xəbərlər sonradan təsdiqini tapmadı, amma hələlik 17 oktyabrın fəsadları da tam şəkildə üzə çıxmayıb və aparılan istintaqın daha kimlərə order "yazacağı" da bəlli deyil.

Eyni zamanda, bir şey artıq bəllidir ki, aylardan bəri özünü islahatçı nazir kimi cəmiyyətə tanıtmaq, ictimai rəyə Azərbaycanın gələcək "Saakaşvilisi" ("Yuşşenkosu") kimi təqdim olunmaq üçün kütləvi informasiya vasitələrinə külli miqdarda dövlət vəsaitini xərcləyən F.Əliyev Rəsul müəllimin "inqilab"ına səxavətlə maya qoymağa hazır imiş. Təbii ki, 100 min avro nağd avans və 3 milyon dollar vədin arxasında sabiq iqtisadi inkişaf nazirinin də müəyyən gözləntisi olub. Məsələn, Rəsul müəllimin prezident olduğu komandada baş nazir postunu tutmaq. Onsuz da xeyli müddət idi ki, F.Əliyevə yaxın media guya onun baş nazir olması üçün az qala Bakıdakı bütün xarici diplomatik korpusun minnətçi düşməsi, hətta ABŞ səfirinin bunu prezident İ.Əliyevdən şəxsən xahiş etməsi barədə məqsədli piar təbliğatı getməkdə idi. Maraqlıdır ki, "Amerika dəstəyi" faktoru sabiq səhiyyə nazirinin piar təbliğatında da aparıcı yer tuturdu. Bəzi kütləvi informasiya vasitələri Ə.İnsanovun ABŞ-ın bir neçə nüfuzlu konqresmeni ilə isti münasibətlərdə olduğunu və səhiyyə nazirinə toxunmamağı prezidentin özündən onların şəxsən xahiş etdiklərini bildirirdilər.

Qeyd etmək lazımdır ki, bu müddətdə həm müxalifət mətbuatında, həm də cəmiyyətdəki söz-söhbətlərdə prezident İlham Əliyevin hakimiyyət komandasının ayrı-ayrı üzvləri ilə münasibətləri, ölkə başçısının, az qala, öz qərarlarını iqtidardakı bu və ya digər oliqarxın təsiri altında qəbul etməsi barədə spekulyasiyalar yer almışdı. Həmin spekulyasiyalarda ictimai rəyə belə bir fikir təlqin edilirdi ki, ölkə başçısı hakimiyyət daxilindəki nüfuz mübarizəsinə son qoymaq gücündə deyil və böyük maliyyə resursları toplamış ayrı-ayrı iqtidar təmsilçilərinin mövqeləri ilə hesablaşmalı olur. Eyni zamanda, cəmiyyət bu spekulyasiyalara son qoyacaq anı, prezdentin dövlət idarəçiliyində həlledici söz sahibi olduğunu qəti şəkildə nümayiş etdirəcək addımları da daxilən gözləyirdi. Əksəriyyət hesab edirdi ki, dövlət başçısı bu addımlara parlament seçkilərindən sonra başlayacaq.

Lakin oktyabrın 19-da başlanan proses göstərdi ki, dövlət başçısının bu addımlarının nisbətən gecikməsində siyasi iradə zəifliyi, yaxud da hansısa konyuktur amil rol oynamayıb. Dövlət başçısının son addımları göstərdi ki, o, gedən proseslərə dəqiqliklə nəzarət edirmiş və sadəcə, hadisələrin lazımi kondisiyaya yetişməsini gözləyirmiş. Prezidetin oktyabrın 19 və 20-də verdiyi qərarlar öz qətiliyi ilə yanaşı, zərgər dəqiqliyi ilə həyata keçirilmiş taktiki gedişlərdəki siyasi fəhmi də nümayiş etdirir.

Baş verənlərin mahiyyətinə diqqət yetirsək, qeyd etməliyik ki, əslində, oktyabrın 19-da Azərbaycan inqilabi dəyişikliklər sayıla biləcək proses başlanıb. Son olaylar həm də onu göstərir ki, prezidentə qarşı ən ciddi müxalifət elə hakimiyyətin içində imiş. Eyni zamanda, o da bəlli olur ki, hakimiyyətdəki oliqarxlaşmış müxalifətlə "klassik" müxalifətin çulğalaşması artıq kritik həddə çatıbmış və 17 oktyabr bu prosesdə həlledici gün olmalıymış.

Oktyabrın 19-20-də başlanan prosesin iqtidardakı daha hansı şəxsləri əhatə edəcəyi və sabiq maliyyə nazirinin istintaqa verdiyi siyahıdan daha kimlərin adının çıxacağını zaman göstərəcək. Amma bu prinsip etibarilə elə də əhəmiyyət kəsb etmir. Mühüm olanı dövlət başçısı tərəfindən Azərbaycanın gələcək inkişafı, onun şəffaf, cəmiyyət qarşısında məsuliyyət hissini dərk edən sadiq bir hakimiyyət komandası ilə idarə olunması üçün müstəsna əhəmiyyət kəsb edən tarixi bir prosesin başlanmasıdır.

Prezident İlham Əliyev faktiki olaraq Azərbaycanda "məxməri inqilab"ı özü başladı və müxalifətin əsas siyasi rıçaqını onun əlindən almış oldu. Müxalifət "məxməri inqilab" çağırışları altında hansı ideyaları təbliğ edir? Azərbaycanda korrupsiyalaşmış sistemi, oliqarxlaşmış hökuməti yenisi ilə əvəz etməyi, məmur özbaşınalığına son qoymağı, dövlət idarəçiliyini şəffaflaşdırmağı və s. Bütün bunları prezident İlham Əliyev özü həyata keçirməyə başlayıb. Üstəlik prezidentin son qərarlarına cəmiyyətin ən müxtəlif təbəqələrindən gələn müsbət rezonans deməyə əsas verir ki, onun bu yöndə növbəti addımları da əhali arasında dəstək qazanacaq.

Effektiv Təşəbbüslər Mərkəzinin Analitik qrupu

«525-ci qəzet», 25 oktyabr 2005-ci il

 

Xəbərlər
Redaktorun seçimi