Rambuyedən sonra: haraya, necə? (2006)
Qarabağda atəşkəsdən ötən 12 ildə az qala dünyanın yarısını dolanan sülh yolunun bundan sonrası artıq daha çox Azərbaycanın özündən asılıdır⇔ ⇔ ⇔
Bir həftə öncə Fransa paytaxtında Azərbaycan və Ermənistan prezidentlərinin növbəti danışıqlar raundu nəticəsiz başa çatdı. Beynəlxalq vasitəçilər Paris yaxınlığındakı qədim Rambuye qəsrindəki ikigünlük müzakirələrin nikbin yekununa nə qədər ümid bəsləsələr də, sonda təəssüflərini etiraf etməli oldular. "Nizamlanmanın bir sıra aspektləri üzrə intensiv müzakirələr aparılsa da, bir sıra çətin prinsiplər üzrə mövqeləri yaxınlaşdırmaq mümkün olmadı", - deyə ATƏT Minsk qrupu həmsədrləri Rambuye danışıqlarından sonra bəyan etdilər. "Biz indi düşünməliyik görək bundan sonra hansı istiqamətdə hərəkət edək, çünki nəticə yoxdur, tərəflər arasında razılaşma əldə olunmayıb" - amerikali diplomat Stiven Mənnin bu etirafı isə həm də vasitəçilərin çətin yolayrıcında qaldığını göstərir. Səmərəsiz danışıqlar prosesinin bundan sonra daha nə qədər davam edəcəyi onlar üçün aktual sualdır.
Bununla belə, yaranmış vəziyyətdə vasitəçilərdən daha çox məhz münaqişə tərəflərinin yolayrıcında qaldığı faktdır. Özü də bu, eyni dərəcədə həm Ermənistana, həm də Azərbaycana aiddir. Ermənistan üçün sözügedən yolayrıcı işğalçı siyasəti davamı etdirməklə özünü geniş iqtisadi inkişaf perspektivindən məhrum etmək, yaxud bunun əksinə nail olmaq üçün Azərbaycanla kompromisə getmək arasında seçimdirsə, Azərbaycan üçün bu, mövcud vəziyyəti saxlamaqla Ermənistanı tədricən konstruktivliyə vadar etmək xəttini yürütmək, yaxud, beynəlxalq dairələrin də tövsiyə etdiyi kimi, ermənilərlə yarımçıq sülhə gedib Dağlıq Qarabağın müəyyən zamandan sonra Azərbaycandan qopmasını rəsmiləşdirəcək referenduma razılaşmaq arasında seçimdir.
Sözsüz ki, ikinci yol Azərbaycan üçün prinsip olaraq qəbuledilməzdir və bu başdan istisna oluna bilər. Digər yandan, birinci istiqamət də birvektorlu deyil, onunla yola necə davam etmək də mürəkkəb görünür. Eyni zamanda, qeyd oluna bilər ki, ortada toxunmadığımız üçüncü yol da var - müharibə yolu. Lakin məsələyə geniş kontekstdə baxaraq hərbin bütün parametrlərini nəzərə alsaq, yəqin edərik ki, bu da elə prinsip etibarilə birinci istiqamətin tərkib hissəsidir. Çünki Azərbaycanın istər hərbi qüdrətini sürətlə artırması, istərsə də günün birində işğal altındakı əraziləri azad etmək üçün başlayacağı hərbi əməliyyat nəticə etibarilə Ermənistanı konstruktiv sülhə məcbur etmək məqsədini güdür.
Təbii ki, Qarabağ danışıqlarının arxada qalan 12 ilini göz önünə alaraq düşünmək olar ki, belə gedərsə, bu məqsəd, ümumiyyətlə, qeyri-real görünür. Ötən illərdə atılan saysız addımlar, sınaqdan çıxarılan çeşidli rıçaqlar hələ ki Ermənistanın aqressiv mövqeyinə əhəmiyyətli təsir etməyib və Rambuye görüşü də bunu təsdiqləyir. Belə olan halda Azərbaycan XİH başçısının Fransadakı danışıqlardan sonra "İndi gərək oturaq və düşünək görək, bundan sonra nə edəcəyik, hansı addımları atacağıq" sözləri heç də ümumfəlsəfi mahiyyət kəsb etmir. Doğurdan da, beynəlxalq dairələrin xeyli ümidlər bəslədiyi Rambuye raundunun nəticəsiz bitməsindən sonra sülh prosesinin hansı səmtdə və necə gedəcəyi indi çox aktual sualdır.
Təsadüfi deyil ki, beynəlxalq dairələrin açıqlamalarında Azərbaycan və Ermənistan rəhbərlərinin budəfəki görüşündə real irəliləyişin əldə edilməməsinə daha çox təəssüf ifadə olunur. Özəlliklə ABŞ bu xüsusda daha mütəəssir görünür. Yəqin həm də ona görə ki, Rambuye görüşü öncəsi dövlət katibi Kondoliza Rays Azərbaycan və Ermənistan rəhbərlərinə telefon edərək onlara kompromis yolunda cəsarətli olmağı tövsiyə etmişdi. Hərçənd yaxın tarixi yada salsaq, görərik ki, hələ Bill Klinton və onun dövlət katibi xanım Madlen Obraytdan bu yana Vaşinqton dəfələrlə Qarabağ məsələsində telefon diplomatiyası ilə nəyəsə nail olmağa uğursuz cəhdlər edib.
Eyni zamanda, hər dəfə ABŞ və digər vasitəçi tərəfin belə cəhdlərindən sonra görünən o olub ki, həmin kompromis çağırışları ilk növbədə Azərbaycana ünvanlanıb. Elə 2005-ci ilin yayında bilavasitə gündəmə gələn referendum məsələsi də bu qəbildən qəbul edilməlidir. Rambuye görüşü öncəsi və sonra çeşidli beynəlxalq dairələrdən gələn açıqlamaları ümumiləşdirsək, qeyd edə bilərik ki, onlar Azərbaycanı nəticə etibarilə bu addıma təşviq etmək niyyəti güdüblər. Ystəlik fransalı həmsədr Bernar Fasye Rambuye görüşündən bir gün əvvəl nəzərə çatdırmışdı ki, referendum məsələsi danışıqlar masasındakı müzakirə elementləri sırasındadır.
Digər tərəfdən, hələ Rambuyedən öncə bəlli idi ki, Azərbaycan tərəfi beynəlxalq dairələrin tövsiyə etdiyi referendum avantürasına getməyəcək. Təkcə ona görə yox ki, bu, qeyd etdiyimiz kimi, yarımçıq sülhə aparan addımdır. Bu baxımdan 1996-cı ilin avqustunda Rusiyanın çeçen separatçıları ilə bağladığı Xasavyurt sazişinin (münaqişədəki vəziyyətin 5 il müddətinə dondurulması və status məsələsinin referendum yolu barədə) sonrakı aqibətini xatırlamaq kifayətdir.
Bununla yanaşı, Azərbaycan üçün referendum məsələsi hər şeydən öncə ona görə qəbuledilməzdir ki, o, nə vaxt keçirilməsindən asılı olmayaraq, Dağlıq Qarabağın Azərbaycandan qopmasının rəsmiləşməsi ilə nəticələnəcək. Hətta Dağlıq Qarabağın azərbaycanlı əhalisi tam şəkildə geri qayıtsa belə, onların elektoral baxımdan bu referedumun nəticəsinə elə bir təsiri olmayacaq.
Məhz buna görə prezident İlham Əliyevin Fransaya getməzdən öncə, yanvarın 31-də keçirilən hökumət müşavirəsində bu məsələ üzərində xüsusi dayanaraq Azərbaycanın bu addıma heç vaxt getməyəcəyini açıq şəkildə bəyan etmişdi: "Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və heç vaxt olmayacaq. Heç bir qərar qəbul edilməyəcək ki, nə bu gün, nə sabah, nə də yüz ildən sonra imkan yaratsın ki, Dağlıq Qarabağ Azərbaycandan ayrılsın". Sözsüz ki, bu bəyanat təkcə Azərbaycan cəmiyyətinə deyil, ondan daha ziyadə beynəlxalq vasitəçilərə ünvanlanmışdı ki, onlarda Azərbaycanın Dağlıq Qarabağın statusu ilə bağlı mövqeyinə dair hər hansı illüziya yaranmasın.
Rambuye danışıqlarından sonra tez-tez səslənən fikirlərdən biri də odur ki, artıq Qarabağ nizamlanmasında "Praqa prosesi" adlanan mərhələ başa çatıb və prosesdə yeni dövrün yetişməsini gözləmək lazımdır. Bu qəbildən mülahizələr öncəki illərdə də səslənib. O cümlədən 2001-ci ildə Paris və Ki Uest danışıqlarından da müsbət nəticə hasil olmayandan sonra bənzər fikirlər gündəmə gəlmişdi. 2003-cü ildə Azərbaycanda yeni prezident seçiləndən sonra isə bir sıra dairələr danışıqların, ümumiyyətlə, sıfırdan başlanacağını bildirirdilər.
Hərçənd o vaxt da, indi də bir gerçəyi qeyd etmək lazım gəlib ki, əgər danışıqlar prosesi tərəfləri prinsipal məsələdə, yəni Dağlıq Qarabağ münaqişəsinin hansı çərçivədə həllinə dair ortaq məxrəcə gətirməyibsə, deməli, sülh prosesi elə sıfır səviyyəsindədir. Təsadüfi deyil ki, prezident İlham Əliyev də bu məqamı dəfələrlə vurğulayıb. Bu baxımdan "Praqa prosesi" də, bundan sonra ortaya çıxacaq hansısa yeni mərhələ də nizamlanın mahiyyətinin deyil, onun formal tərəfinin ifadəsi kimi qəbul edilməlidir.
Eyni zamanda, yaranmış vəziyyətdə bir vacib məqamı vurğulamaq gərəkdir. Belə mülahizə var ki, sülh prosesinin getdikdə uzanması ermənilərin isə xeyrinədir. Yəni onlar bu yolla Qarabağ münaqişəsindəki status-kvonu möhkəmləndirirlər. Ermənistanın da ötən illərdə danışıqlar prosesində tutduğu mövqə də bu tezisə əsaslınıb. Ermənistan bu münaqişədə özünü qalib sayır, Azərbaycanın 20 faiz ərazisinə nəzarət etməsini əsas tutaraq özünü arxayın və aqressiv aparır. Digər yandan, ermənilər prinsip etibarilə bu münaqişənin qarşılıqlı kompromis şərtilə çözüləcəyini və çözümün Azərbaycanın ərazi bütövlüyünü ehtiva edəcəyini dərk edirlər. Bu halda Ermənistanın yalnız bir taktiki yolu qalır - o da danışıqları müxtəlif yollarla uzatmaq, daha doğrusu, onun imitasiyası ilə məşğul olmaq. Rambuye görüşü də bu yöndən istisna olmadı.
Belə olan təqdirdə Azərbaycan tərəfi nə etməlidir? Təbii ki, ilk növbədə Ermənistanı indiki aqressivliyindən daşındırmaq üçün kompleks addımlar daha intensiv şəkildə davam etdirilməlidir. Bu fəaliyyət həm beynəxalq müstəvidə Ermənistanın işğalçılığının ardıcıl şəkildə ifşası, həm də Azərbaycanın özünün Ermənistana qarşı təsir rıçaqlarından istifadə yönündə getməlidir. O cümlədən ölkənin hərbi qüdrətinin artırılması istiqamətində.
Azərbaycanın son illərdə hərbi büdcəsinin qat-qat artması (2003-cü ildəki 135 milyondan 2006-cı ildə 600 milyon dollara) faktının ermənilərdə ən azı psixoloji kompleks doğurduğu gerçəkdir. Düzdür, Yerevanda hələ də düşünürlər ki, Azərbaycan nizamlama prosesində, necə deyərlər, tələsən tərəfdir, çünki onlara görə, hər ötən gün Qarabağın Azərbaycandan müstəqilliyini daha da möhkəmlədir.
Lakin ermənilər bu iddialarında bir prinsipial yanlışlığa yol verirlər. Çünki Qarabağ münaqişəsində atəşkəsin mövcud olduğu 12 ildə nəinki Dağlıq Qarabağın Azərbaycandan qoparılması rəsmiləşməyib, əksinə, bu illər ərzində beynəlxalq birliyin problemə münasibəti ciddi şəkildə dəyişib. Əgər 10-12 il öncə dünyada bu münaqişəyə Qarabağ ermənilərinin milli müqəddəratını təyinetmə uğrunda mübarizəsi kimi yanaşma üstünlük təşkil edirdisə, indi beynəlxalq birlik problemi Ermənistanın Azərbaycana ərazi iddiası prizmasından qiymətləndirir.
Yəni, zahirən pafoslu səslənsə də, həqiqətən bu prosesdə zaman da nəticə etibarilə Azərbaycanın xeyrinə işləyir.
Ermənistanda onu da görürlər ki, Azərbaycan məruz qaldığı işğala, 1 milyon nəfərdən çox qaçqın və köçkünü olmasına rəğmən nəhəng iqtisadi layihələr həyata keçirir. Təkcə neft və qaz layihələri ilə Azərbaycan iqtisadiyyatına hər gün 10 milyon dollar sərmayə yatırılır. İldə ölkəsinə ən çoxu 100-150 milyon xarici sərmayə cəlb edə bilməyən Ermənistan üçün bu, kifayət qədər təsirli statistikadır. Üstəlik bu fərq tendensiyasının ermənilərə yaxşı bir şey vəd etmədiyini ayrı-ayrı beynəlxalq dairələr, o cümlədən vasitəçilər də mütəmadi olaraq Yerevana anlatmağa çalışırlar. "Regional inkişaf Ermənistandan yan keçir. Boru kəmərləri, dəmir yolları tikilir, Ermənistan isə bütün regionla iqtisadi inteqrasiyadan ala biləcəyi faydanı əlindən çıxarır. Ölkə ordu üçün çox yüksək qiymət ödəyir və onu saxlamağa məcburdur" - Minsk qrupunun amerikalı həmsədri Stiven Mənnin hələ iki il öncə vurğuladığı bu fikir Yerevan üçün hər ötən gün dünənkindən daha aktual olur.
Öz növbəsində Azərbaycan rəhbərliyinin son vaxtlar nizamlama prosesində tutduğu siyasi xətt onu göstərir ki, rəsmi Bakı danışıqların zahiri intensivliyinə meyl göstərmir. 2003-cü ilin dekabrından bu yana prezidentlər arasında cəmisi 6 görüş keçirilib.
Halbuki 1999-2002-ci illərdə üst-üstə 20-dən çox görüş keçirilmişdi. Azərbaycan rəhbərliyi bəyan edib ki, yalnız real danışıqların tərəfdarıdır və əgər konkret nəticə gözlənirmirsə, heç görüşməyə də ehtiyac yoxdur. Başqa sözlə, bu münaqişədə sülh təkcə Azərbaycana deyil, Ermənistana da lazımdır. Və tədricən elə etmək lazımdır ki, ermənilər sülhə bizdən çox ehtiyac duymağa başlasınlar.
Vüqar Orxan
Effektiv Təşəbbüslər Mərkəzinin Analitik qrupu
"525-ci qəzet", 18.02.2006