“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
27.03.2017, 21:02
1335

Müxalifətin seçki taktikası: illüziyalar və reallıqlar (2005)

Hakimiyyətə iddia edən qüvvələrin düşərgəsinə baxış
A- A+

⇔ ⇔ ⇔ 

Parlament seçkiləri ərəfəsində ölkənin daxili siyasi mənzərəsində nələr baş verir? Siyasi qüvvələr ilin əsas hadisəsinə necə hazırlaşırlar? Sözsüz ki, noyabr seçkiləri yaxınlaşdıqca bu suallar daha çox aktuallıq kəsb edəcək və onların ətrafında daha təfərrüatlı təhlillər zəruri olacaq. Bununla belə, artıq indidən bu yöndə müəyyən mülahizələri qeyd etmək mümkündür. Seçkilərə rəsmi start hələlik verilməsə də, bu mübarizə artıq başlanıb və ilin əvvəlindən ölkədaxili siyasi həyatda cərəyan edən proseslərə nəzər yetirsək, bunu bir daha yəqin edə bilərik. 

Öncə qeyd etmək lazımdır ki, iqtidar da, müxalifət də bu seçkilərə 2003-cü ilin prezidentlik yarışının davamı, eyni zamanda, daxili siyasi mübarizənin həlledici mərhələsi kimi yanaşırlar. Hakimiyyət bu seçkilərdə 2003-cü ildəki uğurunu daha da möhkəmləndirmək, müxalifət isə iki il öncə düçar olduğu məğlubiyyətin əvəzini çıxmaq əzmindədir. 

Hər iki tərəfin yaxın və uzaq proqram məqsədləri də prinsipcə aydındır. İqtidar bu seçkilərdə ən azı 2000-ci ilin parlament seçkilərinin nəticələrini təkrarlamaq (minimum məqsəd) və situasiya uyğun olarsa, Milli Məclisdəki təmsilçilik imkanlarını daha da genişləndirmək (maksimum məqsəd) niyyətindədir. Eyni zamanda, hakimiyyət bu məqsədlərə seçkilərin şəffaflıq və demokratiklik "planka"sını yüksəltməklə, başqa sözlə, seçkidən sonra beynəlxalq dairələrdən daha dözümlü və ötən seçkilərə nisbətən daha məqbul qiymət almaqla nail olmaq fikrindədir. Bu xüsusda hakimiyyət təmsilçilərinin təmkin və arxayınlığı diqqət çəkir. Dövlət başçısı İlham Əliyev YAP-ın qurultayında bəyan etdi ki, hakim partiya ölkənin mövcud siyasi mənzərəsində özünə real rəqib görmür və əmin olduğunu bildirdi ki, YAP tərəfindən dəstəklənəcək namizədlər seçkilərdə açıq, ədalətli, şəffaf mübarizədə qalib gələcəklər. 

Lakin hələlik iqtidar düşərgəsinin seçki taktikası ilə bağlı təfsilatlı fikir söyləmək tezdir. Ən azı ona görə ki, hakim partiya seçkilərlə bağlı konkret müzakirələr açmayıb. Odur ki, vəziyyətə real qiyməti belə müzakirələr başlayandan sonra, o cümlədən konkret seçki dairələri üzrə namizədlər müəyyənləşən zaman vermək mümkün olacaq. Hər halda 2000-ci ilin seçki kampaniyasının təcrübəsini nəzərə alsaq, qeyd edə bilərik ki, məhz bu mərhələdə hakim partiya və ümumilikdə iqtidar daxilində müəyyən mübahisələr, hətta lokal (bu və ya digər seçki dairəsi ilə bağlı) ixtilaflar da özünü büruzə verə bilər. 

Maraqlıdır ki, müxalifət təmsilçiləri də ilkin seçki taktikasını bu məqama hədəfləyiblər və hesab edirlər ki, iqtidar düşərgəsində seçki ilə bağlı ortaya çıxacaq ixtilaflar onların xeyrinə işləyəcək. Eyni zamanda, müxalifət nümayəndələri bildirirlər ki, onlar 2003-cü ilin prezident seçkilərindən ciddi nəticələr çıxarıblar və bu dəfə iqtidarla mübarizədə daha monolit və əzmli olacaqlar. Müxalifət ideoloqlarının fikrincə, parlamentə seçkilərin ancaq majoritar sistem (birmandatlı dairələr) üzrə keçirilməsi düşərgənin manevr imkanlarını genişləndirir. Çünki ötən seçkilərdə müxalifət partiyalarının proporsionalsistemə həddən artıq diqqət verməsi nəticəsində birmandatlı dairələr üzrə mübarizə ikinci plana keçirdi. 

Maraqlıdır ki, 2002-ci ildə Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirilərkən müxalifət təmsilçiləri bunun əksini iddia edir və proporsional sistemin ləğvinin iqtidarın siyasi maraqlarına xidmət etdiyini bildirirdilər. İndi isə belə çıxır ki, üç il əvvəl hakimiyyət bu addımı ilə müxalifətin maraqlarına xidmət etmiş olub. Hərçənd, 2002-ci ildə səslənən iddialar kimi, indi bəyan edilən tezislər də yetərincə ziddiyyətlidir. Əgər, müxalifət nümayəndələrinin qeyd etdiyi kimi, majoritar sistem onların vahid seçki platforması ilə bağlı manevr imkanlarını artırırsa, onda niyə bu imkandan 1995 və 2000-ci il seçkilərində istifadə olunmadı. Bu tezisdən çıxan bir nəticə də odur ki, müxalifət liderləri ötən seçkilərdə proporsional sistemə əlahiddə diqqət verməklə əslində, özlərinin şəxsi maraqlarını güdüblər. Həmin seçkilərdə ayrı-ayrı müxalifət partiyalarında proporsional siyahının yuxarısında (daha çox şanslı sayılan ilk üçlükdə) yer almaq üçün hansı mübarizənin getdiyi də yaxşı məlumdur. 

O ki qaldı müxalifət düşərgəsinin indiki seçkilərdəki minimum və maksimum məqsədinə, bu da artıq bəllidir. Bu seçkilərə siyasi revanş imkanı baxan müxalifət üçün minimum məqsəd parlamentdə indiyədək olduğundan çox deputat yeri qazanmaq, ictimai rəydəki itirilmiş mövqelərini qismən bərpa etmək və hakimiyyətlə bağlı ambisiyalarını parlament çərçivəsində, yəni tədricən reallaşdırmaq, maksimum məqsəd isə seçki mübarizəsini "məxməri inqilab"a çevirməklə elə bu il hakimiyyət dəyişikliyinə nail olmaqdır. 
Bəri başdan qeyd etmək lazımdır ki, müxalifət düşərgəsində bəyan olunan bu tezislərə münasibət heç də birmənalı deyil. Bu məsələdə ifrat optimistlərlə yanaşı, vəziyyəti daha realist qiymətləndirənlər, o cümlədən məsələyə pessimist yanaşanlar da var. Düzdür, sonuncular bunu aşkarda büruzə vermirlər. Amma elə bu faktın özü müxalifət sıralarında vahid siyasi platforma barədə bəyan edilən arxayınçılığın xeyli dərəcədə dekorativ olduğunun göstəricisidir. 

Ümumiyyətlə, bu gün müxalifətə üzdən (yəni öndən) nəzər salsaq, belə təsəvvür yaranar ki, bu düşərgədə indiyədək görünməmiş bir monolitlikvar. Hər kəs ümumi məqsədlərdən, birgə seçki mübarizəsindən, yalnız hakimiyyəti özlərinə rəqib gördüklərindən, düşərgədaxili ixtilafa yol verməyəcəklərindən danışır. Lakin məsələ də ondadır ki, bu monolitlik əsasən bəyanat və tezislər səviyyəsində özünü göstərir. Və daxili monolitlik barədə fikir müxalifət qüvvələrinin özlərini inandırmağa çalışdıqları və geniş elektorata təlqin etməyə çalışdıqları birinci illüziyadır. Reallıqda isə vəziyyət heç də təsvir edilən optimist notlara uyğun gəlmir. 

Müxalifət qüvvələrinə sintetik bir toplum halında deyil, differensial şəkildə və bir növ yandan nəzər salsaq görərik ki, orada heç də hər şey yekcins deyil və bu sırada heç də hamı eyni cür addımlamır. Məsələn, bu gün müxalifət düşərgəsində Azərbaycanda "məxməri inqilab"ın labüdlüyü barədə bəyanatlar, demək olar ki, addımbaşı səslənir. Amma bu çıxışların ümumi xoruna diqqət versək, orada fərqli səslərin də olduğunu görərik. Müxalifət üçün guya üfüqdə görünən "məxməri inqilab"ın eyforiyasından yaranan siyasi ehtizaz nə qədər başgicəlləndirici olsa da, bu düşərgədə belə bir inqilabın gerçək nəticələrini, ümumiyyətlə, ərazisinin 20 faizi işğal altında olan, məkrli düşmənlə üz-üzə qalmış Azərbaycan üçün inqilabi təlatümlərin nə demək olduğunu (bunun nəticələrini hər halda 1992-1993-cü illərin "inqilab"larında görmüşük) soyuqqanlı şəkildə analiz etməyi bacaranlar yox deyildir. 

Bu gün seçki mübarizəsinin müəyyən mərhələsində müxalifətin kütləvi etiraz çıxışlarının idarəolunmaz proseslərə və hətta qanlı qarşıdurmaya gətirə biləcəyini qeyd edən elə bu düşərgə mənsublarının iddiasına görə, müxalifət bu təhlükəni nəzərə alaraq heç bir halda vətəndaş itaətsizliyinə və ölkədaxili sabitliyin pozulmasına yönələn çağırışlar etməməli, qisasçılıq və siyasi düşmənçilik təbliğatına yol verməməli, siyasi mübarizənin yalnız qeyri-zorakı vasitələrindən yararlanmalı və sanksiyalaşdırılmamış aksiyalara əl atmamalıdır. 

Maraqlı çağırışdır, deyilmi? Ən azı o baxımdan maraqlıdır ki, elə hakimiyyət təmsilçiləri də müxalifətdən bunu gözlədiklərini dəfələrlə bəyan ediblər. Lakin məsələnin daha maraqlı tərəfi var. Müxalifət düşərgəsində indi səslənən bu mötədil və konstruktiv davranma notları 2003-cü ilin prezident seçkiləri ərəfəsində səslənən radikal və ifrat aqressiv çıxışlardan fərqlənir. Həmin vaxt müxalifət ideoloqları öz həmkarlarını və elektoratını dinc aksiyalara deyil, daha çox qanlı çarpışmaya hazırlayırdılar. 

O da maraqlıdır ki, müxalifət düşərgəsində bu cür yeni fikirlər 15-16 oktyabr hadisələrinin iştirakçılarının əfv olunmasından sonraya təsadüf edir. Düşünmək olar ki, müxalifət təmsilçiləri hakimiyyətlə zor müstəvisində mübarizənin onlar üçün perspektivsiz olduğunu artıq qəbul edirlər. Amma, eyni zamanda, bunu birmənalı söyləmək də mümkün deyil. Ən azı ona görə ki, ilyarımlıq məhbəs həyatından sonra azadlığa çıxan müxalifət təmsilçilərindən hələlik əks notlu bəyanatlar eşidilir. Eşidilən bəyanatlar isə belə bir tezis üzərində köklənib ki, əgər postsovetməkanının filan-filan ölkələrində inqilab baş veribsə, deməli, mütləq bizdə də baş verəcək. 

Bu əminlik isə müxalifət düşərgəsinin böyük bir hissəsində hakim olan və tarixi-politoloji baxımdan kökü bəlkə də Lev Trotskininməlum"permanent inqilab" nəzəriyyəsinə gedib çıxan ikinci illüziyadır. 

Yeri gəlmişkən, inqilabi situasiyanın transferi barədə bu cür illüziyanın sonrakı fəsadlarını müxalifət özü də dərk etməmiş deyil. Hər halda 2003-cü il seçkilərindən sonra müxalifət ideoloqlarından biri bunu mətbuatda dərc olunmuş məqalədə etiraf etmişdi: "Biz yanlış təsəvvürlərimizin, illüziyalarımızın, stereotiplərimizin qurbanıyıq. Hər dəfə həlledici bir məqamda hansısa presedentlərə, örnəklərə, nümunələrə görə bizə elə gəlir ki, bəli, "filan yerdə belə olmuşdu, yəqin ki, bizdə də elə olacaq". 

Xatırladaq ki, 2003-cü il seçkiləri ərəfəsində müxalifət düşərgəsində "Yuqoslaviya variantı" (o vaxt "məxməri inqilab" istilahı hələ gündəmə çıxmamışdı) adlandırılan tezis çox aktual idi və müəllif "filan ölkə" dedikdə bunu nəzərdə tuturdu. Yenə maraq doğuran odur ki, müxalifət ideoloqları bu cür illüziyaların zərərini yalnız "iş-işdən keçəndən sonra", yəni konkert olaraq seçki mübarizəsini uduzandan sonra götür-qoy etməyə vaxt tapırlar. 

Seçkilərdən öncə isə müxalifət düşərgəsində başqa tendensiyalar aparıcı olur və onları ümumilikdə müxalifətin daxili xroniki xəstəlikləri kimi də təsbit etmək olar. Çünki bu tendensiyalara hər seçki kampaniyasında rast gəlinir. Məsələn, götürək müxalifətdəki siyasi qiqantomaniya xəstəliyini. Təxminən bir ay öncə müxalifət düşərgəsində "üçlər ittifaqı" adlanan blok yaranıb - Müsavat, AXCP və ADP parlament seçkilərində vahid namizədlər siyahısı ilə iştirak etmək barədə razılığa gəliblər. Bu ittifaqın mahiyyəti və nə qədər uzunömürlü olacağı barədə hər hansı mülahizə söyləmək istəməzdik. Hər halda seçkilərə altı aydan çox vaxt var və konkert olaraq seçki dairələri üzrə namizədlər razılaşdırılan zaman çox şey üzə çıxacaq. Digər tərəfdən, bu partiyaların 1995-ci ildən bu yana keçirilmiş bütün seçkilərdəki "əməkdaşlıq münasibətləri" də bəllidir. Əlbəttə, siyasətdə belə dalaşıb-barışmalar çox olur. 

Amma indiki məqamda diqqətçəkən məsələ qeyd etdiyimiz qiqantomaniya ilə bağlıdır. Bu blok iddia edir ki, müxalifət düşərgəsinin ən böyüyü odur və yerdə qalan bütün müxaliflər ya bu güc mərkəzinə daxil olmalı, yaxud bunu etmək istəmirlərsə, onda heç olmasa özlərini farağat aparmalıdırlar. Bu gün "üçlər ittifaqı"nın özünü müxalifətin digər iddialı güc mərkəzi elan etmiş "Yeni Siyasət" bloku (ALP-nin keçmiş sədri Lalə Şövkət Hacıyeva, AMİP-in sabiq sədri Etibar Məmmədov, AXCP-"klassiklər"in keçmiş rəhbərlərindən biri Əli Məsimov, "Azərbaycan naminə" ictimai forumun rəhbəri Eldar Namazov və Ziyalılar Hərəkatının rəhbəri Eldəniz Quliyev və s.) ilə mükaliməsi məhz bu tezis üzərində qurulub. Hər halda Müsavat başqanının "Onsuz da hamı, o cümlədən beynəlxalq dairələr də bilir ki, Azərbaycanda gerçək müxalifət və real güc kimdir" bəyanatını özgə cür yozmaq mümkün deyil. İki il öncə Müsavat başqanı rəhbərlik etdiyi "Bizim Azərbaycan" blokunu da eyni cür təqdim edirdi. Fərq yalnız ondadır ki, o vaxt AXCP (Əli Kərimli) onunla deyil, zəif və fərasətsiz (müsavatçıların qənaətinə görə) AMİP lideri ilə ittifaqda idi. 

Maraqlıdır ki, bu cür qiqantomaniyaya aludə olanlar öz böyüklüklərini sübuta yetirmək üçün mühüm arqument kimi beynəlxalq dairələrin, Qərbin rəyini əsas götürürlər. Bu xüsusda xaricə, özəlliklə ABŞ-a müntəzəm səfərlər isə başlıca faktor kimi göstərilir. Əvvəlcə Ə.Kərimli okeanın o tayına getdi, sonra İ.Qəmbər. ADP sədri isə zatən illərdir ki, orada yaşayır. Bu baxımdan "üçlər ittifaqı"nın liderləri özlərini Vaşinqtonun tam dəstəyini almış kimi hiss edirlər. Eyni zamanda, "üçlər"ə yaxınlığı ilə bilinən mətbuat dairələrində (hələlik bu barədə açıq yazmırlar, amma vaxtı gələndə yazacaqlar) "YeS" blokunun guya Rusiya tərəfindən himayə edilməsi barədə fikirlər yayılması da təsadüfi sayıla bilməz. Necə deyərlər, qoy cəmiyyət özü qiymət versin: biz kimin yanındayıq, onlar kimin yanında? 

Bu cür siyasi davranış isə ardınca müxalifətin başqa bir xəstəliyinə, neobolşevizmə rəvac verir: kim bizimlə deyilsə, deməli, təkcə bizə deyil, ümumilikdə Azərbaycan dövlətinin gələcəyinə (o gələcəyi ki biz görürük) qarşıdır. Azərbaycan müxalifətində neobolşevizmi kultivasiya edənlər siyasi təfəkkür baxımından sələflərindən heç də geri qalmırlar, iddia və hədələr də həminkidir: əgər bizimlə bir olmasanız, onda biz hakimiyyətə gələndən sonra bəxtinizdən küsün. 

Maraqlıdır ki, neobolşevizm, özgəfikirliyin təqib olunması hələlik AXCP-də aşkar özünü göstərir. Özü də bu təşkilatda özgəfikirlik radikal olmaq, yoxsa olmamaq dilemması ilə nizamlanır. Bir qədər əvvəl Əliməmməd Nuriyevin, bu günlərdə isə Asim Mollazadənin AXCP-dən getməsi bunun bariz göstəricisidir. Amma eyni tendensiya "üçlər"in digər üzvlərində də getməkdədir. 
Nəhayət, "üçlər"in və ümumilikdə müxalifətin düçar olduğu üçüncü xəstəlik - hər bir müttəfiqdə potensial rəqib görmək xisləti. Son illərin siyasi prosesləri bu yöndə çoxsaylı nümunələrlə zəngindir. Bu gün ittifaq quranların sabah ixtilafda olmaları da yeni deyil.

Bu baxımdan Müsavatla AXCP arasındakı əzəli rəqabətin yeni ittifaqdada üzə çıxması mümkündür. Hələlik hər iki partiya bu rəqabəti, necə deyərlər, palaz altında aparırlar. Amma hər iki partiyanın nəzarətində olan mətbuat vasitələri prosesi zaman-zaman üzə çıxarırlar. Məsələn, "üçlər ittifaqı"nın elan edilməsindən az sonra AXCP-yə yaxınlığı ilə tanınan "Bizim yol" qəzetində Neftçala rayonunda bir qrup müsavatçının AXCP-yə keçməsi barədə yazı dərc olunmuşdu. Ardınca "Yeni Müsavat"da buna sərt təkzib dərc edildi və qəzet AXCP-ni vaxtilə (2004-cü ildə) hakimiyyət dairələri ilə əməkdaşlığa görə Müsavatdan qovulmuş şəxsləri himayə etməkdə ittiham etdi. Düzdür, partiya rəhbərləri bu insidenti tezliklə hamarlamağa müvəffəq oldular. Amma, necə deyərlər, irəlidə bir yay, bir də payız var. Gəlin payızı gözləyək...

Effektiv Təşəbbüslər Mərkəzinin Analitik qrupu

«525-ci qəzet», 22 aprel 2005-ci il

 

Xəbərlər
Redaktorun seçimi