Güclü Türkiyə həm də güclü Azərbaycan deməkdir (2007)
Qardaş ölkədə baş verən siyasi yenilənmə sabit demokratiya və dövlətçiliyin uğuru sayılmalıdır...
⇔ ⇔ ⇔
Türkiyədə dörd aya yaxın davam edən və zaman-zaman böhranlı proseslərlə də müşayiət olunan gərgin siyasi mövsümün sakit, ən əsası isə demokratik və konstitusion çərçivədə başa çatması, sözsüz ki, həm diqqətə, həm də təqdirə layiqdir.
Təsadüfi deyil ki, son günlər dünya siyasətinin də nəzəri xeyli dərəcədə Türkiyədə cərəyan edən proseslərə yönəlmiş, özəlliklə 22 iyul parlament seçkilərində hakim partiyanın qələbəsindən sonra prezidentlik yarışının necə yekunlaşacağı böyük maraq doğururdu. Çünki bu ölkədə son aylar yaşanan bütün siyasi proseslərə məhz prezidentlik məsələsi, daha doğrusu, yeni prezidentin Konstitusiya ilə nəzərdə tutulmuş vaxtda (2007-ci il mayın 16-dək) seçilməməsi rəvac vermişdi.
22 iyul parlament seçkilərindən sonra da yeni prezidentin seçilməməsi nəticə etibarilə Türkiyəni dərin böhran zolağına sala bilərdi ki, oradan da ölkənin necə çıxacağı böyük suallar doğurardı. Xatırladaq ki, Türkiyənin yaxın tarixində (1980-ci ildə) belə bir vəziyyət yaşanmışdı. O vaxt bir neçə ay müddətində yeni prezidenti seçmək mümkün olmamış, dərinləşən siyasi və iqtisadi böhran, sağçı-solçu mübarizəsinin qarşıalınmaz həddə yuvarlanması hərbi çevrilişlə nəticələnmişdi. Bu isə öz növbəsində Türkiyənin demokratik inkişafını, o cümlədən Avropaya inteqrasiyasını bir neçə il geriyə atmış, ölkənin Avropa Şurasında üzvlüyü dondurulmuşdu. Bu baxımdan istər 22 iyulda Ədalət və İnkişaf Partiyasının (AKP) daha güclü xalq dəstəyi ilə ikinci dəfə təkbaşına iqtidar olmaq haqqı qazanması, istərsə də bu partiyanın namizədi Abdullah Gülün hələ bir neçə ay öncə haqq etdiyi prezident postuna seçilməsi, təbii ki, Türkiyədə həm demokratiyanın, həm də sabit dövlətçiliyin böyük uğuru sayılmalıdır.
Bununla belə, bu gün təkcə Türkiyədə deyil, həmçinin xarici dairələrdə (o cümlədən Azərbaycanda) ölkənin yeni prezidenti ilə bağlı müzakirə və mübahisələr davam etməkdədir. Sözsüz ki, bu xüsusda başlıca diqqət çəkilən məqam Gülün islamçı siyasi keçmişi ilə bağlıdır. Dünyəvilik (laiklik) prinsipinin əlahiddə önəm verildiyi, hətta bəzən siyasi fetişizm halına gəldiyi Türkiyə üçün bu olduqca həssas bir məsələdir. Baxmayaraq ki, AKP iqtidarda olduğu beş ildə islamçı deyil, mühafizəkar-mərkəzçi bir ideologiya ilə Türkiyənin demokratik, dünyəvi Avropa dövləti olması üçün çalışdığını əməldə sübuta yetirib, həmin həssaslıq hələ də qalmaqdadır. Bu, özəlliklə Gülün prezident seçilməsinə münasibətdə özünü göstərir.
Əslində Türkiyədə prezidentlik institutunun tarixinə nəzər salsaq, indiyədək prezident olmuş şəxslərin az bir qisminin bu posta məhz peşəkar siyasətçilikdən gəldiyini görərik. 1923-1938-ci illərdə ölkənin prezidenti olmuş Mustafa Kamal Atatürk və onu bu postda əvəz etmiş İsmət İnönü (1938-1950-ci illər) dövlət rəhbərliyinə hərbiyyədən gəlmişdilər. Atatürk Qurtuluş savaşına komandanlıq edəndə İnönü onun ən yaxın silahdaşı, həmçinin bir müddət Baş Qərargah rəisi olmuşdu.
Yeri gəlmişkən, onların hər ikisi prezident postuna 4 dəfə seçilmişdi. 1950-ci ildə Türkiyənin ilk qeyri-hərbçi prezidenti seçilən Cəlal Bayar (əslində o da peşəkar siyasətçi deyildi) 10 il sonra, 1960-cı ilin 27 may hərbi çevrilişi nəticəsində vəzifədən kənarlaşdırıldı, ömürlük həbsə məhkum olundu. Onu prezidentliyə gətirmiş Demokrat Partiyasının lideri, baş nazir Adnan Menderesin aqibəti isə daha ağır oldu, o, hərbi tribunalın qərarı ilə edam edildi.
Bundan sonra Türkiyədə yenidən hərbi elitanın prezidentlik dövrü başlanır. 1961-ci ildə hərbi çevrilişin rəhbərlərindən olan general Camal Gursel, 1966-cı ildə Baş Qərargah rəisi Cövdət Sunay, sonra (1973-cü ildə) istefada olan admiral Fəxri Korutürk prezident oldu. Ondan sonra isə yuxarıda qeyd etdiyimiz 1980-ci il 12 sentyabr hərbi çevrilişi oldu, Baş Qərargah rəisi Kənan Evren əvvəlcə Milli Təhlükəsizlik Şurasının sədri, 1982-ci ildən isə prezident kimi dövlətə rəbərlik etdi.
Nəhayət, 1989-cu ildə baş nazir, Ana Vətən Partiyasının lideri Turqut Özal Türkiyənin 8-ci prezidenti seçildi, 1993-cü ildə onun vəfatından sonra daha bir siyasi lider, baş nazir və Doğru Yol Partiyasının başqanı Süleyman Dəmirəl prezident oldu. 2000-ci ildə üçlü iqtidar koalisiyasının (DSP-MHP-ANAP) dəstəyi ilə yenə qeyri-siyasətçi, Konstitusiya Məhkəməsinin sədri Əhməd Necdət Sezər ölkənin 10-cu prezidenti seçildi.
Beləliklə, Gül peşəkar siyasətdən Çankaya Köşkünə gəlmiş üçüncü prezidentdir. Başqa sözlə, Türkiyədə prezidentlik institutuna uzun illər faktiki nəzarət etmiş, eyni zamanda, dünyəvi dövlətçiliyin və Atatürk prinsiplərinin danılmaz qarantı olmuş hərbi elita üçün siyasətçinin Çankayaya gəlişi özlüyündə bir həssas məsələdir. O ki qaldı həmin şəxs dinçi siyasətdən bu mövqeyə gəlib çıxmış şəxs ola. Hərçənd istər Ərdoğan, istərsə də Gül hələ iqtidara gəlməmişdən öncə, 2002-ci il seçkiləri kampaniyasında «Milli Görüş» (Nəcməddin Ərbakanın əsasını qoyduğu islamçı siyasi cərəyan) «köynəklərini çoxdan çıxardıqlarını», Türkiyənin gələcəyini dini və milli köklərinə bağlı, amma üzü demokratik Avropaya doğru gördüklərini bəyan etmişdilər. Bu isə qısa tərifdə «müsəlman demokratiyası», yaxud «demokratik İslam» deməkdir.
Təsadüfi deyil ki, AKP-nin 22 iyul seçkilərində qələbəsi Qərb dairələrində məhz «müsəlman demokratiyası»nın uğuru kimi qiymətləndirilir. Eyni zamanda, istər AKP-nin yenidən təkbaşına iqtidar olması, istərsə də Gülün prezident seçilməsi Qərbdə müsbət rezonans doğurub. Təkcə ona görə yox ki, AKP iqtidarı ABŞ və Avropa Birliyi (AB) ilə sıx müttəfiqlik siyasəti yeridib və bundan sonra da onu davam etdirəcək. Qərbdə artıq dərk edirlər ki, siyasi İslam təkcə onların çəkindiyi təməlçilik, İran nümunəsindəki fundamentalizm demək deyil, onun bu gün Türkiyədə hakimiyyətdə olan demokratik variantı, təqdir olunası nümunəsi də var. «İslam və demokratiya bir-birinə zidd deyil» - bu, AB-nin prezidenti Joze Manuel Barrozunun bu günlərdə etdiyi, amma müsəlman dünyasının çoxdan gözlədiyi etirafdır. Bu günlər Qərb mətbuatında İslam və demokratiya mövzusunda dərc olunan çoxsaylı yazılar da bu etirafın dolayı təsdiqidir.
Öz növbəsində AKP iqtidarı Türkiyənin demokratik Qərblə, Avropa ilə bütünləşməsi kursunu daha inamla davam etdirəcəyini bildirir. Halbuki bu proses ötən illərdə dəfələrlə irəli-geri hərəkət edib, yəni de-fakto yerində sayıb. Son olaraq 1996-cı ildə Ərbakanın (Rifah Partiyası) hakimiyyətə gəlişi ilə Türkiyənin AB yolçuluğu dayanmışdı. AKP rəhbərliyi isə artıq iqtidara gəldiyindən dərhal sonra vaxtilə sıralarında olduğu «Rifah»dan tam fərqli siyasət yeridəcəyini nümayiş etdirdi.
Təsadüfi deyil ki, Türkiyənin AB yolunda ən çox məsafə qət edən iqtidarı elə AKP iqtidarı olub. Gül isə xarici işlər naziri postunda bu prosesə ən çox töhfə vermiş şəxsdir. Xüsusilə AKP iqtidarının ilk iki ili Türkiyədə geniş hüquqi, siyasi və iqtisadi islahatlarla zəngin olub. Nəticədə 2004-cü ilin dekabrında AB Türkiyə ilə üzvlük müzakirələrinə başlamaq barədə ilkin qərar aldı, 2005-ci il oktyabrın 3-də isə Türkiyənin AB-yə üzvlüyü ilə bağlı müzakirələrə rəsmən start verildi.
Düzdür, bu proses heç də Ankaranın gözlədiyi tepmdə davam etmir, o cümlədən ortada hələ də Avropa dairələrinin Türkiyəyə qısqanc və qərəzli münasibətini göstərən yetərincə fakt var. Bununla belə, Türkiyədə AKP iqtidarının özünü yeniləməsi, eləcə də siyasi hakimiyyətin üç əsas elementinin (parlament çoxluğu, hökumət və prezident) AB-yə inteqrasiya kursu seçmiş bu partiyanın nəzarətində olması həmin proses üçün zəruri olan qərarların qəbulunu sürətləndirmiş olacaq. O cümlədən XİN başçısı postunda böyük diplomatik təcrübə əldə edən Gül prezidentlik fəaliyyətində də xarici siyasətə geniş yer ayırmaqla bu prosesə əlavə impuls verə biləcək.
Güclü Türkiyə isə həm də güclü Azərbaycan deməkdir. Bu baxımdan Türkiyədə siyasi və iqtisadi istiqrarın, bu ölkənin regionda, Avroatlantik məkanda və bütövlükdə dünyada mövqelərinin daha da güclənməsi onunla eyni inkişaf kursu seçmiş Azərbaycan üçün müstəsna önəm kəsb edir. Və növbəti illərdə iki qardaş ölkə arasında münasibətlərin bütün sahələrdə daha ardıcıl və sürətli inkişafını gözləmək lazımdır. AKP iqtidarı Azərbaycanla strateji tərəfdaşlığın önəmini xüsusi vurğulamaqla yanaşı, Türkiyənin Qarabağ davasında sonadək Azərbaycanın yanında olduğunu dəfələrlə və birmənalı bəyan edib.
Öz növbəsində Azərbaycan üçün də Türkiyə ilə müttəfiqliyi heç nə əvəz edə bilməz. «Ölkələrimiz həmişə bir-birinə dayaq, arxa olacaq. Bizim gücümüz birliyimizdədir. Azərbaycan üçün Türkiyə ilə strateji əlaqələrə, Türkiyə üçün də Azərbaycanla münasibətlərə alternativ yoxdur və ola bilməz» - prezident İlham Əliyevin bəyan etdiyi bu sözlər iki ölkənin strateji bağlarının ən lakonik ifadəsidir. Təsadüfi deyil ki, Azərbaycan prezidenti Türkiyənin yeni prezidentinə təbrik məktubunda bu məqamı bir daha vurğulayıb: «Azərbaycan və Türkiyə bir-birinə qırılmaz tellərlə bağlıdır. Qardaş xalqlarımızın iradə və məramından qaynaqlanan bugünkü dövlətlərarası münasibətlərimiz isə strateji müttəfiqliyin zirvəsindədir. Əminəm ki, ən böyük sərvətimiz olan birliyimizi qoruyub saxlamaq və daim möhkəmləndirmək üçün bundan sonra da ardıcıl səylər göstərəcəyik».
Vüqar Orxan
Effektiv Təşəbbüslər Mərkəzinin Analitik qrupu
«525-ci qəzet», 03.09.2007