“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
04.03.2017, 17:01
1203

Kremlin pəncərəsindən Azərbaycan necə görünür? (2007)

A- A+

Rusiya həmişəkitək bildirir ki, Azərbaycanı özünə dost və tərəfdaş kimi görür, amma iş konkret mövqeyə gəldikdə təfərrüata varmaq istəmir

⇔ ⇔ ⇔ 

Rusiya xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrovun Bakı-Moskva münasibətlərinin heç də rəvan olmadığı vaxtda Azərbaycana səfəri gözlənildiyi kimi də keçdi. Diplomatik ifadə tərzindən kənara çıxmayan Rusiya XİN rəhbəri indiyədək dəfələrlə eşitdiyimiz siyasi bəyanatları təkrarlamaqla yetindi: «Rusiya Azərbaycanı özünə dost və strateji tərəfdaş kimi görür. Biz münasibətlərimizin daha da dərinləşdirilməsini istəyirik». Qarabağ məsələsi ilə bağlı ifadələr də yeni deyildi: «Rusiya həm ATƏT-in Minsk qrupunun həmsədri, həm də Azərbaycanla Ermənistanın dostu kimi bu münaqişənin həlli üçün əlindən gələni edəcək.

Əminəm ki, tərəflərin siyasi iradəsi nəticəsində hamını razı salacaq həll variantını tapmaq mümkün olacaq». Azərbaycan xarici işlər nazirinin bu xüsusda açıqlamasında da yeni fikir yox idi: «Biz rusiyalı həmsədrin Minsk qrupu çərçivəsində aktiv fəaliyyətindən razıyıq. Hesab edirik ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində həlledici rol oynamalıdır».

İki ölkənin xarici siyasət idarəsi rəhbərinin səsləndirdiyi bu «növbətçi» diplomatik şablonlar indiyədək Azərbaycan və Rusiya rəhbərlərinin çeşidli görüşlərində, birgə siyasi bəyanatlarda dəfələrlə diqqətə çatdırılıb. Azərbaycan rəhbərliyi dəfələrlə Rusiyanın nəzərinə çatdırıb ki, bu ölkədən Qarabağ probleminin həllində, ölkəmizin ərazi bütövlüyü məsələsində daha prinsipial mövqe gözləyir.

Kreml də hər dəfə bildirib ki, bundan artığını edə bilməz, çünki bu münaqişədə tərəf tutmaq istəmir. Gerçəkdə isə Rusiyanın Qarabağ məsələsində nə qədər «bitərəf» olduğu bu münaqişənin tarixindən də, indisindən də bəllidir. Moskva hər yeri gələndə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan etsə də, indiyədək Qarabağ münaqişəsinin məhz bu çərçivədə həllinə yönəlik bir kəlmə belə işlətməyib. Hərçənd Qarabağ münaqişəsində vasitəçilik edən digər ölkələr də bu baxımdan Rusiyadan geri qalmır, amma indilik onlarla işimiz olmadığı üçün bu məsələni bir kənara qoyaq.

Çünki Rusiya ilə münasibətlərimizdə aydınlaşdırılması gərəkən bir sıra konkret xüsuslar. Lavrovun səfəri öncəsi Bakı Rusiyaya bu ölkənin çeşidli qurumlarının Dağlıq Qarabağdakı erməni separatizminin himayə olunması, Azərbaycanın ərazi bütövlüyünün şübhə altına alınmasına yönəlik hərəkətləri ilə bağlı iki etiraz notası vermişdi. Azərbaycan XİN aprelin sonunda Rusiyanın RTR kanalında Naxçıvanın tarixi Ermənistan ərazisi təqdim olunmasına, mayın əvvəlində isə Rusiyada nəşr olunmuş «Böyük Ensiklopediya»da Dağlıq Qarabağın müstəqil dövlət kimi göstərilməsinə etiraz etmişdi. Hər iki notada nəzərə çatdırılırdı ki, bu cür tarixi və mövcud gerçəkliyi təhrif edən bu cür faktlar Azərbaycan-Rusiya əlaqələrinin ruhuna ziddir, bu ölkənin Qarabağ münaqişəsinin həllində tərəfsiz vasitəçi kimi roluna və ümumilikdə Rusiyanın Azərbaycan ictimai rəyindəki imicinə mənfi təsir edir.

Ötən müddətdə Moskva birinci notaya alayarımçıq cavab verib. Rusiya tərəfin izahatına görə, Rusiyada senzura olmadığı üçün dövlətin RTR kanalına təsir göstərmək imkanı yoxdur. Rusiya səfiri Vasili İstratovun ötən həftə verdiyi açıqlamadan belə qənaətə gəlmək olar ki, Moskvanın ikinci notaya cavabı da birincidən fərqlənməyəcək. Odur ki, bu məsələyə dair Azərbaycan və Rusiya XİN rəhbərlərinin görüşdən sonra necə münasibət bildirəcəyi maraq doğururdu.

Lakin Rusiya naziri bu mövzuya heç toxunmadı. Azərbaycan XİN rəhbərinin sözlərindən isə məlum oldu ki, rusiyalı həmkarı bu məsələ ilə bağlı daha öncə verilmiş izahata yeni heç nə əlavə etməyib. «Təbii ki, bu cavab bizi qane etmir. Biz istərdik ki, Rusiya XİN bu barədə daha aydın mövqe ifadə etsin, çünki Rusiya telekanalı Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü şübhə altına alıb» - Məmmədyarovun sözlərindən bəlli olur ki, Bakı bu məsələni bitmiş hesab etmir. Qeyd edək ki, bir qədər əvvəl Azərbaycanın bu xüsusda mövqeyini xarici işlər nazirinin müavini Araz Əzimov Moskvaya səfəri gedişində rusiyalı həmkarlarının diqqətə çatdırmışdı. Eyni zamanda, o qeyd etmişdi ki, Rusiya tərəfin ölkədə senzura olmadığını əsas gətirərək RTR kanalının fəaliyyətinə müdaxilə etmədiyini bildirməsi məsuliyyətdən yayınmaqdan savayı bir şey deyil. Ən azı ona görə ki, RTR özəl deyil, dövlət telekanalıdır.

Qeyd edək ki, Rusiya rəsmilərinin «bizdə senzura yoxdur» deyərək bu məsələdən yayınması məlum bir taktikadır. Əslində bir çox ölkələr (özəlliklə Qərbdə) bənzər situasiyalarda belə davranırlar. Bu baxımdan Rusiya tərəfin izahatını yalnız «Böyük Ensiklopediya» nəşri ilə bağlı qismən qəbul etmək olar. Çünki sözügedən eksiklopediya həqiqətən də dövlət sifarişi ilə deyil, Rusiyanın ən iri özəl nəşriyyat-poliqrafiya qurumu olan «Terra» holdinqi tərəfindən hazırlanıb. Digər yandan, 62 cildlik bu nəşrin önsözündə deyilir ki, o, prezident Vladimir Putinin fərmanı ilə nəşr olunan «Böyük Rusiya ensiklopediyası»ndan (30 cild, 2004-cü ildən nəşr olunur, hələlik 12 cildi çapdan çıxıb) fərqli olaraq qeyri-siyasi üslubda, yalnız mövcud faktları əks etdirməklə hazırlanıb və müəlliflərə sərbəstlik verilib.

Yeri gəlmişkən, «Böyük Ensiklopediya»nın Elmi-Redaksiya Şurasına Rusiya EA-nın 10 akademiki, o cümlədən EA-nın vitse-prezidenti Gennadi Mesyas daxildir. Bütövlükdə isə nəşrin hazırlanmasında 500 nəfərlik müəllif heyəti iştirak edib. Onların arasında, sözsüz ki, erməni müəlliflər də var. Odur ki, nəşrin üslubu onlara da xeyli sərbəstlik verib.

Bu nəşrin «Dağlıq Qarabağ Respublikası»ndan bəhs cildinin (42-ci cild) tirajının müsadirə olunması və onun müvafiq düzəlişdən sonra yenidən çap olunmasına (Bakı Moskvadan bunu tələb edir) gəldikdə , bu real görünmür. Nəşriyyatın rəhbərliyi də çətin ki, bu qeyri-kommersiya addımını atsın. Onu da qeyd etmək lazımdır ki, «Böyük Ensiklopediya»nın 62 cildinin hamısı 2006-cı ildə çap olunub və bütöv dəst olaraq realizə olunur. Qiyməti də ucuz deyil - 75 min rubl (təxminən 3 min dollar). Bundan əlavə, nəşriyyat «Böyük Ensiklopediya»ya əlavə olaraq yeni məlumatlar, düzəlişlər və s. nəzərdə tutan illik əlavə cildlərin çap ediləcəyini bildirir və nəzəri cəhətdən yalnız bu əlavə cildlərdə Dağlıq Qarabağa dair bizi qane edəcək hansısa düzəliş ya qeydin yer almasına ümid bəsləmək olar.

O ki qaldı RTR kanalına, onun məhz dövlətin nəzarətində olduğunu dəqiqləşdirmək üçün uzağa getmək lazım deyil. Telekanalın mülkiyyətçisinin dövlət olduğu onun internet saytında açıq-aydın qeyd olunub. Yeri gəlmişkən, 2007-ci il üçün «Ümumrusiya Dövlət Televiziya və Radioyayım Şirkəti»nə dövlət büdcəsindən 330 milyon dollardan çox maliyyə ayrılıb.

Bu sadalananlardan sonra bir suala cavab axtarmaq gərəkdir: Azərbaycan bu vəziyyətdə nə etməlidir? Təbii ki, qarşı tərəfi sənin suverenliyinə qeyd-şərtsiz hörmətini təmin etmək üçün adekvat addımlar atılmalıdır. Hansı?

Bax bu barədə ciddi düşünməyə dəyər. Əlbəttə, indi deyilə bilər ki, Azərbaycanın da müvafiq nəşriyyatları Rusiya tərəfinə cavab addımı kimi bu ölkənin ərazi bütövlüyünü, suverenliyini şübhə altına alan ensiklopediyalar nəşr edə, yaxud bizim dövlət televiziyası da RTR sayaq hərəkət edə bilər. Bəli, edə bilər, amma bunu optimal çıxış yolu saymaq düzgün olmazdı. Zənnimizcə, bu cür postfaktum səciyyəli «cavab addımları»ndansa, biz daha çox bu cür proses və olayları qabaqlamağı bacarmalıyıq. Məsələn, Rusiyanın elmi institutlarında xeyli azərbaycanlı alim fəaliyyət göstərir, amma onlardan kimsə bu ensiklopediyanın müəlliflər heyətində yer alıbmı, yaxud buna cəhd edilibmi?

Digər yandan, bir qədər əvvəl ABŞ Dövlət Departamentinin hesabatında Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilər barədə yer almış yanlışlığın bərpası ilə bağlı rəsmi Bakının nümayiş etdirdiyi prinsipiallıq bu məsələdə müsbət presedent ola bilər. Hər halda, Rusiya rəsmilərinin də qeyd etdiyi kimi, bu ölkənin Azərbaycandakı maraqları və Azərbaycanla sıx tərəfdaşlıq etmək istəyi Amerikanın maraq və istəyindən az deyil ki, çoxdur. Özü də söhbət təkcə siyasi, iqtisadi, yaxud hərbi-təhlükəsizlik məsələlərindən getmir. «Biz Azərbaycanla humanitar sahədə əməkdaşlıq, Rusiya ali məktəblərinin Azərbaycanda filiallarının sayının artırılması, Rusiya ərazisində Azərbaycan dilinin tədrisi və s. məsələlərdə maraqlıyıq» - bunu Lavrov bildirdi. Elə isə gəlin, bu məsələdə bir-birimizin mənafelərimizə, ən azı dövlət suverenliyimizə qarşılıqlı hörmət edək.

Amma hələlik anlaşılan odur ki, Kremlin pəncərəsindən Azərbaycan heç də olduğu kimi, yaxud biz istəyən kimi görünmür: rusiyalı «dostları»mız gah Qarabağı başqa cür görürlər, gah Naxçıvanı. Yeri gəlmişkən, mayın 27-də ermənilər Moskvadakı «Mərkəzi Ədiblər Evi»ndə Qarabağa dair növbəti konfrans keçirməyi planlaşdırırlar. Tədbirin təşkilatçılarından biri də «DQR-in Rusiyadakı nümayəndəliyi»dir…

Effektiv Təşəbbüslər Mərkəzinin Analitik qrupu

«525-ci qəzet», 23.05.2007

 

Xəbərlər
Redaktorun seçimi