“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
25.02.2017, 18:26
1199

Rəsmiləşdirilmiş deportasiya (2007)

A- A+

100 min azərbaycanlını indiki Ermənistan ərazisindəki tarixi torpaqlarından didərgin salan deportasiya aktından 60 il ötür...

⇔ ⇔ ⇔ 

Erməni millətçiləri və onların havadarları tərəfindən azərbaycanlılara qarşı həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasətinin uzun və qanlı tarixi var. Müxtəlif mərhələrlə gerçəkləşdirilən bu siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən, yüz illər boyu yaşadıqları doğma yerlərdən didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalıb, xalqımıza məxsus tarixi-mədəni abidələr viran edilib.

Azərbaycanın 1813-ci və 1828-ci illərdə Rusiya və İran arasında bölünməsindən sonra tarixi torpaqlarımızda ermənilərin kütləvi şəkildə məskunlaşdırılması, 1905-ci və 1918-ci illərdə erməni daşnaklarının azərbaycanlılara qarşı törətdiyi qırğınlar, 1920-ci ildə sovetləşmədən sonra Zəngəzurun ermənilərə verilməsi, 1923-cü ildə Qarabağ ərazisində erməni muxtariyyətinin yaradılması bu siyasətinin ayrı-ayrı mərhələlərini təşkil edib.

Bu sırada 1948-1953-cü illərdə 100 min azərbaycanlının Ermənistan SSR ərazisindəki ata-baba torpaqlarından deportasiyası ayrıca yer tutur. Çünki bu deportasiya, azərbaycanlılara qarşı ondan öncə və sonra həyata keçirilmiş etnik təmizləmədən fərqli olaraq, necə deyərlər, «dəftərə-kitaba» salınmış, tam rəsmiləşdirilmişdi. Həmin deportasiyanı rəsmiləşdirmiş hüquqi aktdan - SSRİ Nazirlər Sovetinin «Ermənistan SSR-də yaşayan azərbaycanlıların Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi haqqında» 23 dekabr 1947-ci il tarixli qərarından 60 il ötür. Sovet dövlətinin rəhbəri, SSRİ Nazirlər Sovetinin sədri İosif Stalinin imzaladığı qərar illərdən bəri xalqımıza qarşı etnik tənzimləmə siyasətini müxtəlif üsullarla ört-basdır etmiş ermənilərin daha bir fitnəkar ssenarisi idi. Çünki qərarı Stalin imzalasa da, onun təşəbbüskarı və mətnini hazırlayan ermənilərin Kremldəki başbiləni, SSRİ Nazirlər Soveti sədrinin müavini Anastas Mikoyan olmuşdu.

Uzun illər erməni şovinist ideologiyasına rəhbərlik etmiş bu şəxsin təkcə azərbaycanlılara və Azərbaycanda yaşamış digər millətlərə deyil, bütövlükdə Qafqaz xalqlarına qarşı törətdiyi cinayət əməllərinin miqyası, təəssüf ki, hələ də geniş ictimaiyyətə bəlli deyil. Ötən əsrin əvvəllərində daşnakların arasında siyasi hazırlıq keçmiş Mikoyan 1915-ci ildə Şaumyanın dəstəyi ilə bolşevik partiyasına üzv olmuşdu.

Əslində isə o, ömrü boyu kommunist və leninçi maskası altında gizlənmiş erməni şovinisti olub və keçmiş SSRİ-nin partiya-sovet rəhbərliyində təmsil olunduğu uzun illər ərzində məhz bu ideyaya qulluq edib. Necə ki, onun ideya rəhbəri Şaumyan da bolşevik adı altında maskalanmış daşnak lideri olub. Təsadüfi deyil ki, Şaumyanın başçılığı ilə 1918-ci ilin martında Bakıda azərbaycanlılara qarşı həyata keçirilmiş kütləvi qırğın və terrorda Mikoyan fəal iştirak etmişdi. 1920-ci ildə sovet hakimiyyəti qurulandan sonra isə o, Bakıya gələrək Azərbaycan Həmkarlar Şurasının sədri olmuşdu.

Sonralar Mikoyan uzun illər SSRİ-nin maddi təchizat və xarici ticarət naziri, Nazirlər Soveti sədrinin müavini vəzifələrini tutub, bu postlarda erməni diasporu ilə sıx əlaqədə olub, Sovet İttifaqının muzeylərinin misilsiz eksponatlarını dəyər-dəyməzinə erməni milyonçularına satıb. Lakin Mikoyanın şovinist erməni ideologiyasına ən böyük xidməti Qafqazdakı bir çox xalqların deportasiyasına rəhbərlik etməsi və onların yerində erməni əhalisini (o cümlədən Yaxın Şərq ölkələrindən, İrandan SSRİ-yə köçən erməniləri) yerləşdirməsi olub. Mikoyan bu işlərə hələ 1924-1926-cı illərdə Şimali Qafqaz partiya təşkilatına rəhbərlik edərkən başlamışdı. Bu gün Şimali Qafqazda, həmçinin Rusiyanın Rostov, Krasnodar, Stavropol vilayətlərində erməni əhalisinin geniş yayılması məhz Mikoyanın xidmətidir.

Yeri gəlmişkən, 1941-1945-ci illərdə SSRİ Dövlət Müdafiə Komitəsinin üzvü kimi müharibə zonasından əhalinin köçürülməsinə cavabdeh olan Mikoyan Qafqazdakı, o cümlədən Azərbaycandakı alman əhalisinin Orta Asiya və Sibirə deportasiyasına da rəhbərlik etmişdi. Həmin deportasiya zamanı Azərbaycanın Xanlar, Şəmkir və digər bölgələrindən köçürülən 20 mindən çox alman əhalinin ev-eşiyi, əmlakı isə ermənilərə qismət olmuşdu. Çünki Mikoyanın göstərişi ilə bu yerlərə Ermənistandan, həmçinin İrandan yüzlərlə erməni ailəsi köçürülmüşdü.

Mikoyan başda olmaqla ermənilərin Moskvadakı başbilənləri Ermənistanı azərbaycanlı əhalidən təmizləmək üçün fəaliyyətə isə hələ 1930-cu illərdə başlamışdılar. Əsas səbəb (bəhanə) də o göstərilirdi ki, xarici ölkələrdəki imkanlı ermənilər Ermənistana gələrək sovet dövlətinin tərəqqisinə xidmət etmək istəyirlər, lakin onların yerləşdirilməsi ilə bağlı problemlər var.

«Çıxış yolu» kimi Ermənistan SSR-dən azərbaycanlıların Azərbaycan SSR-ə köçürülməsi göstərilirdi. Azərbaycan SSR-in o vaxtkı rəhbəri Mircəfər Bağırov bir müddət buna müqavimət göstərməyə cəhd etsə də, 1941-1945-ci illər müharibəsi ermənilərə əlamətdar şans verdi. 1943-cü ilin payızında SSRİ, ABŞ və Britaniya rəhbərlərinin Tehran konfransı zamanı İrandakı erməni diasporunun liderləri Mikoyanın yaxın dostu, SSRİ-nin xarici işlər naziri Vyaçeslav Molotovun vasitəçiliyi ilə bu niyyətlərini Stalinə çatdırmışdılar. Tehran konfransında kefi kök olan Stalin də buna ilkin razılıq vermişdi.

Beləliklə, müharibədən sonra Mikoyan fitnəkar kampaniyaya hazırlığa başladı. Bu arada erməni erməni diasporunun səyləri ilə 1946-cı ildə Suriya, Yunanıstan, Livan, İran, Bolqarıstan və Rumıniyadan Ermənistana 50 min erməni köçmüşdü. 1947-ci ilin əvvəlində bu sıraya Fələstin, Fransa, Misir və İraqdan daha 35 min erməni əlavə olundu. Bu «hazırlıq»dan sonra Ermənistan KP MK-nin katibi Arutyunov xaricdən gələn ermənilərin yerləşdirilməsi ilə bağlı çətinliklərin olduğunu Moskvaya məruzə etdi və Mikoyan Stalinin Tehranda erməni liderlərinə verdiyi vədi nəzərə alaraq «səmərəli» təklif irəli sürdü: Ermənistandakı azərbaycanlıların bir hissəsi Azərbaycanın pambıqçılıq rayonlarına köçürülsün. Təklifə əsasən, belə bir köçürülmə həm də Azərbaycanda kənd təsərrüfatının (pambıqçılığın) inkişafına xidmət etməli idi.

Nəticədə Stalin SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 saylı «Ermənistan SSR-də yaşayan azərbaycanlıların Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi haqqında» qərarını imzaladı. Qərara əsasən, 1948-1950-ci illər ərzində Ermənistanın dağlıq rayonlarında yaşayan 100 min azərbaycanlı «könüllü surətdə» Azərbaycanın SSR-in Kür-Araz ovlağına (İmişli, Saatlı, Sabirabad və s.) köçürülməli idi. Proses dərhal başlamışdı, azərbaycanlı kolxozçuların əməkgünlərinin hesablanmasına cəmi 10 gün vaxt verilmişdi. Tarixi yurdunu, ev-eşiyini atıb köçməyə məcbur edilən insanlara özləri cəmisi 2 ton (ailə başına) yük (mal-qara, yataq, mebel və s.) götürməyə icazə verilirdi.

Bundan əlavə, köçənlərin hər birinə 300 rubl (ailə başçısına 1000 rubl) pul verilirdi. Köçürülmə üçün isə mal-qara daşınan vaqonlar ayrılmışdı. Ən acınacaqlı isə o idi ki, Ermənistanın dağ rayonlarında əsasən maldarlıqla məşğul olan azərbaycanlılar bundan sonra qızmar iqlimdə pambıq becərməli idilər. Deportasiya olunanları ağır yaşayış şəraiti, səfalət və xəstəliklər gözləyirdi.

SSRİ hökumətinin sərt qərarı Azərbaycan SSR-nin rəhbərliyində də narazılıq doğurmuşdu. Bağırov Stalinə müraciət edərək köçürülmənin qrafiki və şərtlərini bir qədər yumşaltmağı xahiş etdi. 1948-ci il martın 10-da SSRİ Nazirlər Sovetinin sədri Stalinin imzası ilə ikinci qərar verildi. 754 saylı qərara əsasən, köçürülən azərbaycanlılara özləri ilə daşınan əmlaklarını götürməyə (mal-qara, kənd təsərrüfatı texnikası) icazə verilirdi. Amma ermənilər bu qərarın da icrasına əngəl törədir, lazımi qədər vaqon və nəqliyyat ayırmırdılar, bir sıra yerlərdə köçmək istəməyən azərbaycanlılarla Ermənistanın hüquq-mühafizə orqanları arasında münaqişələr olurdu.

Statistik məlumatlara görə, 1948-ci ildə 11046 nəfər, 1949-cu ildə 10595, 1950-ci ildə isə 14361 nəfər köçürülmüşdü. Qalanlar isə 1951-1953-cü illərdə köçürüldü. Köçürülən əhalinin ağır həyat şəraitini, habelə onların peşə vərdişlərini nəzərə alan Azərbaycan SSR rəhbərliyi onların bir hissəsini dağ rayonlarında, o cümlədən Qarabağda yerləşdirməyə çalışsa da, Moskvadakı ermənilər bunun qarşısını qətiyyətlə aldılar.

Ermənistan rəhbərliyi isə 100 min azərbaycanlının deportasiyasından sonra boşalmış ərazilərdə xaricdən gələn ermənilərlə məskunlaşdırmağa tələsmirdi. Çünki ermənilərin heç belə fikri də yox idi. Xaricdən gələn ermənilər Ermənistanın dağ rayonlarında kolxozçuluq etmək fikrində deyildilər və tezliklə SSRİ-nin müxtəlif şəhərlərinə dağılışdılar. Bu fakt Ermənistanın özünün arxiv sənədləri ilə də təsdiqlənir. Məsələn, deportasiyadan xeyli sonra, 1975-ci ilin yanvarında keçirilən Ermənistan KP MK-nın plenumunda qeyd olunmuşdu ki, respublikada 1948-1953-cü illərdə azərbaycanlıların köçürülməsindən sonra boşalmış 476 kənd yalnız qismən məskunlaşdırılıb. Bundan daha 15 il sonra, 1990-cı ilin 11 noyabrında «Qolos Armenii» qəzetində dərc olunan məqalədə həmin kəndlərin hələ də tam məskunlaşdırılmadığı nəzərə çatdırılırdı.

Hərçənd həmin vaxt Ermənistanda artıq azərbaycanlı qalmamışdı. Çünki Stalin deportasiyasından 40 il sonra, 1987-ci ilin dekabrında Ermənistan SSR ərazisindəki tarixi torpaqlarında yaşayan azərbaycanlılara qarşı etnik təmizləmənin son mərhələsi başlanmışdı. Özü də bu dəfə, 1947-ci ildə başlanan deportasiyadan fərqli olaraq, azərbaycanlıların tarixi torpaqlarından zorla qovulması heç bir sənəd, formal qərarla müşayiət olunmurdu. Bu, azərbaycanlı əhaliyə qarşı həyata keçirilən qəddar etnik təmizləmə kampaniyası idi. 216 azərbaycanlı bu deportasiyanın qurbanı oldu.

Sonuncu köç qarlı dağları aşaraq, ayaqyalın, hər şeyini atıb Azərbaycana pənah gətirdi. Çünki artıq nə sovet dövləti, nə də onun «xüsusi deportasiya qatarları» var idi. Beləcə Ermənistan SSR-dən sonuncu azərbaycanlıların - ümumilikdə 250 minə yaxın insan deportasiya olunması ilə ermənilərin xalqımıza qarşı mərhələ-mərhələ həyata keçirdikləri etnik təmizləmənin daha bir səhifəsi qapanmışdı.

Bu gün bu tarixi gerçəkləri bir daha yada salmaqla yanaşı, onların dünyaya, beynəlxalq ictimaiyyətə hələ də yetərincə çatdırılmadığını, bu istiqamətdə hələ çox işləri görməli olduğumuzu da etiraf etməliyik. Biz bu və hələ də tarixin gizli səhifələri arasında qalan digər faktları dünyaya daha geniş şəkildə yaymalıyıq ki, dünya erməni yalanları ilə yanaşı, gerçək tarixdən, həqiqətlərdən də xəbərdar olsun. Təbii ki, bu işləri qısa zamanda etmək real deyil. Ermənilərin dünyanın bir çox ölkələrinə səpələnən diasporunun böyük maliyyə, siyasi və ictimai resurslarına arxalanan təbliğat maşını olduqca güclüdür.

Bununla belə, son illər bu istiqamətdə həm dövlət qurumları, həm də qeyri-rəsmi səviyyədə xeyli iş görülüb. Eyni zamanda, Azərbaycan diasporunun daha da təşkilatlanması, eləcə də Türkiyə və Azərbaycanın diaspor və lobbiçilik sahəsində işbirliyinin güclənməsi istiqamətində mühüm addımlar atılıb. 2006-cı ildə Bakıda dünya azərbaycanlılarının 2-ci qurultayının, həmçinin bu il prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan və Türkiyənin diaspor nümayəndələrinin birgə forumunun keçirilməsi bu yöndə əlamətdar hadisə olub.

Zənnimcə, bu xüsusda ən başlıca problem, prezident İlham Əliyevin də dəfələrlə qeyd etdiyi kimi, bizim bu sahədə indiyədək daha çox müdafiə mövqeyindən çıxış etməyimiz olub. Halbuki, dövlət başçısının haqlı olaraq vurğuladığı kimi, biz öz həqiqətlərimizi dünyaya təqdim etmək, ermənilərin yalan təbliğatının önünü kəsmək üçün daha fəal olmalı, hücum taktikasına keçməliyik. Çünki, ermənilərdən fərqli olaraq, bizim təbliğatımız saxta tarixə və yalana deyil, gerçək faktlara əsaslanır.

Vüqar Orxan

Effektiv Təşəbbüslər Mərkəzinin Analitik qrupu

«525-ci qəzet», 20.12.2007

 

Xəbərlər
Redaktorun seçimi