GUAM: 10 il sonra - sözdən əmələ keçid? (2007)
Hələ bir il öncəyədək iflasından bəhs edilən təşkilat artıq Avrasiya məkanında güc mərkəzinə çevrilir...
⇔ ⇔ ⇔
Demokratiya və İqtisadi İnkişaf uğrunda Təşkilat - GUAM ölkələri dövlət başçılarının bu həftə (18-19 iyun) Bakıda keçirilən sammitinin nəticələri istər regional, istərsə də beynəlxalq müstəvidə müzakarə mövzusu olaraq qalmaqdadır. Çünki Bakı sammiti həm GUAM-ın təşkilat kimi özünütəsdiqi baxımından mühüm qərarların qəbulu ilə yekunlaşdı, həm də onun səmərəli işbirliyi müstəvisi kimi digər ölkələr üçün cəlbediciliyini nümayiş etdirdi. İlk dəfə olaraq GUAM sammitində dörd iştirakçı ölkədən savayı rekord sayda (20-dən çox ölkədən) xarici təmsilçi, o cümlədən üç ölkənin (Polşa, Rumıniya, Litva) prezidenti iştirak edirdi.
Eyni zamanda, sammitin yekununda qəbul edilən sənədlər GUAM-ın təşkilat olaraq inkişaf istiqamətlərini daha aydın şəkilləndirdi. Liderlərin çıxışlarından və «Bakı Bəyannaməsi»nin müddəalarından göründüyü kimi, GUAM-da üç əsas məsələ prioritetlik təşkil edir: üzv ölkələrin energetika, nəqliyyat və s. sahədə əməkdaşlığının dərinləşdirilməsi və GUAM-ın geoiqtisadi güc mərkəzi təşəkkül tapması, demokratik inkişaf və Avropaya inteqrasiya yolunda GUAM-ın digər ölkələr üçün də cazib müstəviyə - yeni Avroatlantika dəhlizinə çevrilməsi, nəhayət, üzv ölkələrin aqressiv separatizmlə əlbir mübarizəsi.
Təbii ki, bu istiqamətlərin hər biri nəticə etibarilə GUAM-ın təşkilati güc və sanbalını təmin etməlidir. Özəlliklə üçüncü qeyd etdiyimiz məsələ - Azərbaycan, Gürcüstan və Moldovanın ərazi bütövlüyü və suverenliyi üçün ciddi problem olan münaqişələrin həlli yönündə praktik işbirliyi birliyin özünütəsdiqi üçün vacib məsələdir. Çünki bu ölkələri 10 il öncə əməkdaşlığa sövq edən əsas faktorlardan biri də məhz onların ərazilərindəki münaqişələr, separatizm ocaqları olub.
Qeyd etmək lazımdır ki, son bir neçə ildə GUAM formatında bu istiqamətdə siyasi koordinasiya və əməkdaşlıq daha fəal nəzərə çarpır. Bu xüsusda «dördlüyün» beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən BMT Baş Assambleyasında birgə qətnamə layihələri ilə çıxış etməsi təqdirəlayiqdir. Xatırladaq ki, bu sahədə son təşəbbüs olan GUAM ölkələrində «dondurulmuş» münaqişələrlə bağlı məsələ 2006-cı il il BMT Baş Assambleyasının 61-ci sessiyasının gündəliyinə salınıb, lakin hələlik müzakirəyə çıxarılmayıb.
Digər tərəfdən, GUAM-daxili inteqrasiyasının güclənməsi və bu regional təşkilata beynəlxalq diqqətin artması üzv ölkələrə qarşılaşdıqları separatizm probleminin sahmanlanmasında əlavə siyasi imkanlar saxlayır. Azərbaycan prezidentinin Bakı sammitində vurğuladığı kimi, əgər bu problem GUAM ölkələrinin zəif vaxtlarında onların ərazi bütövlüyünü sarsıda bilməyibsə, bundan sonra bunun baş verəcəyini düşünmək sadəlövhlük olardı: «Ölkələrimizin ən çox iqtisadi və siyasi çətinliklərlə üzləşdiyi dövrdə əgər bu qeyri-leqal rejimlərin müstəqilliyi tanınmadısa, onlar ölkələrimizin artıq sabit inkişaf yoluna çıxdığı və bütün Avrasiya məkanında çox mühüm rol oynadığı bir vaxtda da heç zaman tanınmayacaqdır. GUAM getdikcə böyük siyasi nüfuz qazanan təşkilatdır və ölkələrimizin ərazi bütövlüyünün bərpası məsələsində dəqiq mövqeyi var. Biz nə qədər güclü olsaq, kriminal separatçı rejimlərin öhdəsindən bir o qədər asan gələrik».
Qeyd edək ki, GUAM ölkələrini təhdid edən separatizm problemi təşkilatın öncəki sammitlərində də aparıcı mövzulardan olsa da, məhz Bakı sammitində bu barədə tamamilə aydın və birmənalı mövqe bəyan edildi: bütün münaqişələr dövlətlərin ərazi bütövlüyü çərçivəsində yüksək muxtariyyət üsulu ilə çözülməlidir. «Başqa alternativ olmayacaqdır. Əlbəttə, GUAM ölkələrinə aid olan bu üç münaqişənin həllində bu yolla gediləcəkdir. Qoy, heç kim məsələnin digər üsullarla, hansısa model əsasında həll edilməsi barədə fərsiz ideyalarla yaşamasın», - deyə Ukrayna prezidenti Viktor Yuşşenko bu məqamı bir daha nəzərə çatdırdı. Yeri gəlmişkən, sammitdə GUAM-ın sülhməramlı kontengenti barədə ilkin razılığın əldə olunması da üzv ölkələrinin bu istiqamətdə praktik əməkdaşlığının göstəricisidir. Artıq sülhməramlı taburun ilkin say tərkibi (530 hərbçi) və onun ATƏT, yaxud BMT-nin mandatı çərçivəsində fəaliyyət göstərəcəyi elan olunub.
Sözsüz ki, GUAM-ın təşkilat olaraq praktik fəaliyyətinin təmin olunmasında başlıca amil üzv ölkələrin sıx və səmərəli iqtisadi işbirliyinin təmin olunmasıdır və bu yöndə də Bakı sammiti əlamətdar qərarlarla yadda qaldı. Hələ ötənilki (Kiyev) sammitdə gündəmdə olan Odessa-Brodı-Qdansk (Ukrayna-Polşa) neft boru kəməri Bakı görüşündə daha praktik müzakirə predmetinə çevrildi və yaxın gələcəkdə istismara veriləcək enerji xətti həm də GUAM-ı Avropa Birliyinə baxlayacaq növbəti önəmli faktor olacaq. Əgər indiyədək bu istiqamətdə strateji xətlər kimi Azərbaycan və Gürcüstan ərazisindən keçən və Türkiyə vasitəsilə Avropaya açılan neft (Bakı-Tbilisi-Ceyhan) və qaz (Bakı-Tbilisi-Ərzurum) kəmərləri nəzərdən keçirilirdisə, Ukrayanın təklif etdiyi layihə ilə bu bağlar daha da möhkəmlənəcək. Perspektivdə isə daha bir regional layihənin - Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin bir qolunun Ukrayna vasitəsilə (Gürcüstandan Krıma bərə nəqliyyatının genişləndirilməsi ilə) Avropaya uzanması nəzərdə tutulur.
Bir sözlə, artıq GUAM-da yeni inkişaf mərhələsi başlayır və üzv-dövlətləri birləşdirən ümumi maraqlar təşkilatın möhkəmlənməsinə təkan verir. Bu artıq sırf regional çərçivədən kənara çıxan, Xəzər, Qara dəniz və Baltikyanı regionlar formatında təşəkkül taparaq ciddi beynəlxalq qurum halına gələn bir əməkdaşlıq müstəvisidir və onun bütövlükdə Avrasiya məkanında geniş perspektivləri var. Halbuki son illərədək GUAM ətrafında gedən proseslərdən bədbin nəticə çıxaranlar onun təşkilat olaraq iflasını proqnozlaşdırırdılar.
Bu xüsusda GUAM-ın bir əməkdaşlıq ideyasından praktik təşkilat müstəvisinədək keçdiyi yola qısa nəzər salmaqda yarar var. Xatırladaq ki, Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın məşvərətçi forumu kimi ortaya çıxan GUAM-ın əsası 1997-ci il oktyabrın 10-da Strasburqda, bu dövlətlərin prezidentlərinin Avropa Şurası sammiti çərçivəsində keçirilən görüşündə qoyulub. Ondan bir qədər öncə isə bu dörd postsovet ölkəsinin MDB müstəvisində nəzərəçarpacaq tərəfdaşlığı vardı.
Bu formatın meydana çıxmasında 1997-ci ilin əvvəlində MDB-də «Kollektiv təhlükəsizlik haqqında» müqavilə (1992-ci ilin mayında imzalanmışdı) ətrafında ortaya çıxan fikir ayrılığı və nəticədə Rusiyanın beş postsovet respublikası (Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan) ilə birlikdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) yaratması müəyyən rol oynamışdı. Sözügedən müqaviləni ratifikasiya etməyən, eləcə də «Avropada adi silahları haqqında» müqavilə üzrə keçmiş SSRİ-nin hərbi arsenalının bölgüsündən narazı olan dörd respublikanın sıx siyasi koordinasiyası zərurət halına gəlmişdi. Bundan əlavə, Rusiya yuxarıda qeyd olunan ölkələrlə (Ermənistan istisna olmaqla) vahid iqtisadi məkan - «Gömrük birliyi» yaratmaq planlarını da elan etmişdi. Yeri gəlmişkən, həmin birlik ötən müddətdə bir neçə dəfə şəkil dəyişdirərək hazırda Avrasiya İqtisadi Birliyi («YevrAzES») adı ilə fəaliyyət göstərir.
Bir sözlə, MDB daxilində ayırıcı xətlərin yaranmasında məhz Rusiya təhrikedici rol oynamışdı və bu baxımdan GUAM birliyinin ortaya çıxması əslində Qərbin, özəlliklə ABŞ-ın marağında idi. Təsadüfi deyil ki, Moskva ilk gündən GUAM-ı Amerikanın geosiyasi layihəsi olaraq qəbul edərək ona qarşı açıq neqativ mövqe tutmuşdu. Hərçənd GUAM ölkələri ilk gündən bəyan etmişdilər ki, bu regional əməkdaşlıq formatı nə Rusiyaya qarşı yönəlib, nə də MDB-nin parçalanmasını məqsəd güdür. Onu da xüsusi vurğulamaq lazımdır ki, GUAM-ın postsovet məkanında konfrantasiya mənbəyi kimi deyil, xoşməramlı əməkdaşlıq müstəvisi kimi qəbul edilməsində Azərbaycan prezidenti Heydər Əliyevin müstəsna rolu olmuşdu. O həm də ilk illər GUAM sammitlərinə əvəzsiz sədrlik edirdi.
1999-cu ilin aprelində Vaşinqtondakı NATO sammitində Özbəkistanın da GUAM-a daxil olması ilə qurum beşliyə (GUÖAM-a) çevrildi. Qeyd edək ki, o vaxt Özbəkistan da MDB-nin «Kollektiv təhlükəsizlik müqaviləsi»ni ratifikasiya etməmişdi və eyni zamanda, GUAM-a Avropa iqtisadi bazarına çıxış üçün önəmli dəhliz kimi baxırdı. Lakin Daşkəndin Qərbyönümlü kursu uzun çəkmədi və nəticədə Moskva onu özünün geosiyasi orbitinə qaytardı. 2003-cü ildə GUÖAM-da fəaliyyətini dayandıran Özbəkistan iki il sonra KTMT-yə, daha sonra isə «YevrAzES»-ə qoşuldu.
Bununla belə, Özbəkistanın GUAM-da yer alması təşkilata beynəlxalq marağı gücləndirmişdi və o, Avropa-Asiya iqtisadi-nəqliyyat dəhlizinin əsas komponenti kimi nəzərdən keçirilirdi. 2000-ci ilin sentyabrında Nyu-Yorkda BMT-nin "Minilliyin sammiti" gedişində beşlik formatında prezidentlərin görüşündən sonra təşkilata bir sıra ölkələrin müşahidəçi olaraq qoşulması gündəmə gəlmişdi. Yeri gəlmişkən, həmin görüşdə Ukraynanın təşəbbüsü ilə GUÖAM-ın illik zirvə toplantılarının hər yay Yaltada keçirilməsi qərara alınmışdı və bu praktika 2003-cü ilədək davam etdi. 2001-2003-cü illərdəki sammitlərdə təşkilatın struktur və fəaliyyəti ilə bağlı bir sıra mühüm qərarlar alındı, onun rəsmən regional təşkilat kimi qeydə alınması üçün BMT-yə müraciət qəbul olundu.
2001-ci ildə qəbul olunan "Yalta xartiyası"nı isə təşkilatın ilk nizamnaməsi hesab etmək olar. Orada təşkilatın statusu, funksional sistemi, o cümlədən sədrlik institutu yer almışdı. 2002-ci ildə isə təşkilatın iqtisadi bazisinin təmin olunması üçün mühüm sənəd - "Azad ticarət zonası haqqında" saziş imzalandı. Yeri gəlmişkən, GUAM məkanında AB modelinə yaxın azad ticarət zolağının yaradılmasını ön görən bu saziş hələ də praktik müstəviyə gəlməyib.
2003-cü il GUAM daxilində müəyyən ixtilaflarla yadda qaldı. Özbəkistanın təşkilatı tərk etməsinin ardınca Moldova ilə Ukrayna arasında narazılıq yarandı. Moldovanın Odessa-Brodı-Qdansk layihəsində tranzit ölkə kimi yer almaq istəyi, eləcə də Dnestryanı münaqişədə Ukraynadan fəal dəstək umması Kiyev tərəfindən adekvat qarşılanmadı. 2004-cü ildə GUAM-ın bir təşkilat kimi perspektivləri faktiki heçə enmişdi və artıq hər kəs onun iflasından danışırdı. Bu müddətdə GUAM-la bağlı birmənalı mövqe tutan yalnız iki ölkə vardı: Azərbaycan və Gürcüstan. Eyni zamanda, bəlli idi ki, Ukrayna kimi böyük ölkə bu formatda fəal rol almadan təşkilatın perspektivləri barədə danışmıq çətin olacaq. Təsadüfi deyil ki, 2004-cü ilin sonunda Ukraynada Yuşşenkonun hakimiyyətə gəlməsindən sonra GUAM-da hərəkətlənmə başlandı. 2005-ci ilin aprelindəki Kişinyov sammiti bunun ilk nəticəsi sayıla bilərdi.
Lakin hətta bundan sonra da GUAM-ın perspektivi barədə birmənalı fikir yox idi. Üstəlik 2005-ci ilin dekabrında Kiyevdə Gürcüstan və Ukrayna rəhbərlərinin təşəbbüsü itlə Baltik, Qara və Xəzər dənizlərini əhatə edəcək yeni regional qurumun - Demokratik Seçim Birliyinin təsis edilməsi GUAM-ın tarixin arxivinə veriləcəyi barədə gümanlar yaratmışdı. Çünki bu təsisat faktiki olaraq GUAM-ın dublikatı idi. Nəhayət, 2006-cı ilin mayında GUAM-ın Kiyev sammiti bütün spekulyasiyalara son qoydu.
Təşkilat yeni - Demokratiya və İqtisadi İnkişaf uğrunda Təşkilat - GUAM adı ilə özünü doğrultmaq yoluna qədəm qoydu. Bu baxımdan Bakı sammiti təşkilatın 10 illik tarixçəsinin yekunu və real perspektivə doğru yolunun başlanğıcı sayıla bilər. Təsadüfi deyil ki, məhz Bakı sammitindən sonra Avropa Birliyi 2007-2010-cu illər üzrə GUAM-la əməkdaşlıq üzrə 1 mlrd. dollarlıq maliyyəti olan proqramını elan edib.
Effektiv Təşəbbüslər Mərkəzinin Analitik qrupu
«525-ci qəzet», 23.06.2007