“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
20.02.2017, 19:15
1247

Tarixi birincilik və çağdaş liderlik (2008)

A- A+

Müsəlman Şərqinə ilk parlamentli respublika vermiş Azərbaycanın bu gün regiondakı liderlik mövqeyi də dünya tərəfindən etiraf olunur...

⇔ ⇔ ⇔ 

Ötən həftə (19 iyun) Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin 90 illik yubileyinin yüksək səviyyədə, çoxsaylı xarici qonaqların iştirakı ilə qeyd olunması, bir yandan, bizim öz tariximizə göstərdiyimiz dərin ehtiramın nümayişi idisə, digər yandan, dünya ölkələrinin Azərbaycan xalqına və dövlətinə diqqət və hörmətinin nümunəsi idi. Bu isə təsadüfi deyil.

Çünki Azərbaycan xalqı qədim keçmişi, zəngin mədəniyyəti ilə yanaşı, həm də dövlətçilik ənənələri olan, dünya tarixi səhnəsinə böyük dövlətlər çıxarmış xalqdır. 1918-ci ildə qurulan və müsəlman Şərq dünyasının ilk demokratik, parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti də iki il yaşamasına rəğmən xalqımızın dünya sivilizasiyasına mühüm töhfəsi kimi tarixdə iz qoymuşdur. Biz bu tariximizlə fəxr edirik.

Eyni zamanda, bu keçmişi, Azərbaycanın bu tarixi birinciliyini dünyaya yüksək səviyyədə təqdim etmək, Azərbaycanın xalqının qurduğu cümhuriyyətin hansı təməl üzərində kök saldığını, onun zamanın mütərəqqi ideyalarını özündə necə ehtiva etdiyini tanıtmaq bizim tarix və gələcək qarşısında borcumuzdur. Bu baxımdan Xalq Cümhuriyyəti parlamentinin yubileyində geniş tərkibli xarici qonaqların iştirakı əlamətdar hadisə idi.

Qeyd edək ki, Milli Məclisdəki təntənəli yığıncaqda 9 ölkənin (Türkiyə, Pakistan, Türkmənistan, Qazaxıstan, Gürcüstan, Moldova, Belarus, Rumıniya, Polşa) qanunverici orqanının rəhbəri, 18 ölkədən vitse-spikerlər olmaqla ümumilikdə 36 ölkənin 102 parlamentarı, 4 beynəlxalq parlament təşkilatının təmsilçisi, xarici dövlətlərin Bakıdakı diplomatik korpusunun nümayəndələri iştirak edirdi. Azərbaycan parlamentinin yubileyinə nümayəndə göndərən ölkələrin sırası İndoneziyadan Kanadayadək böyük bir coğrafiyanı, Asiya, Avropa, Afrika və Amerika qitələrini əhatə edirdi.

Bu faktın özü Azərbaycanın dünya birliyində qazandığı nüfuzun bariz təsdiqidir. Bu bir gerçəkdir ki, çağdaş dünyada hər bir ölkəyə hörmət və diqqət, ilk növbədə, onun güc və potensialı, regionda və dünyadakı yeri, strateji imkanları ilə ölçülür. Məhz bu faktorların üstünlüyü həmin dövlətə də, onun tarixinə, dövlətçilik ənənələrinə, əldə etdiyi nailiyyətlərə də ehtiramı təmin edir. 

Bu baxımdan belə yüksək qonaqların Azərbaycan parlamentinin yubileyinə təşrif buyurması, şübhəsiz ki, hər şeydən öncə onların bugünkü Azərbaycan dövlətinin nüfuzuna, regiondakı liderlik mövqeyinə, sürətli inkişafına verdikləri qiymətin göstəricisidir. Eyni zamanda, bu, bizim tariximizin parlaq səhifəsi olan Xalq Cümhuriyyətinin, onun tarixdə qalan nailiyyətlərinin dünyaya, onlarla ölkənin parlament heyətinə layiqli təqdim edilməsi üçün əhəmiyyətli bir fürsət idi.

Biz bilirik və dünya da bilməlidir ki, 1918-ci ilin 28 mayında Xalq Cümhuriyyətinin elan edilməsi spontan bir tarixi bir hadisə deyildi. Bu, həmin dövrdə Azərbaycanda və bütövlükdə regionda gedən proseslərin, ən əsası, Azərbaycan xalqının milli oyanışının nəticəsi idi. Yada salaq ki, hələ 1906-cı ildə Rusiya imperiyasında ilk parlament - Dövlət Duması yaradılarkən Azərbaycandan seçilmiş deputatlar onun işində fəal iştirak etmişdilər.

Dövlət Dumasına dörd çağırış üzrə (1906-1917) ümumilikdə 13 nəfər azərbaycanlı deputat seçilmişdi. Dumada Rusiya müsəlmanlarının fraksiyasına rəhbərlik etmiş Əlimərdan bəy Topçubaşovun, fraksiyanın aparıcı üzvlərindən Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov və digərlərinin fəaliyyəti həm də Azərbaycanın parlamentarizm tarixinin əsasının qoyulmuşdu. 1918-ci ildə həmin şəxslərin müstəqil Azərbaycan Cümhuriyyətinin, onun parlamentinin qurucuları sırasında yer alması həmin tarixin məntiqi yekunu idi.

Xalq Cümhuriyyəti çox mürəkkəb şəraitdə və qısa zaman kəsiyində mövcud olsa da, Azərbaycan xalqının istiqlalının, dövlətçilik əzminin dünyada tanınmasında böyük rol oynamışdır. Cümhuriyyət parlamenti isə cəmi 17 ay  (7 dekabr 1918 - 27 aprel 1920) fəaliyyət göstərmişdir, amma bu qısa müddətdə müsəlman Şərqində ilk demokratik dövlətin hüquqi təməli yaradılmış, bu sahədə bir çox ilklərə imza atılmışdır. Dünyada birincilər sırasında, Şərq aləmində isə ilk dəfə olaraq məhz Xalq Cümhuriyyətinin parlamenti qadınlara səsvermə hüququ vermişdir. Cümhuriyyət parlamentində Azərbaycanda ordu quruculuğu, iqtisadi, maliyyə, sosial, mədəniyyət, elm və təhsil sahələrinə dair mühüm qanun və qərarlar qəbul edilmişdir. Bu qərar və qanunlarla demokratik idarəetmə, hakimiyyət bölgüsünün təmin olunmasında ilk addımlar atılmışdır.

Xalq Cümhuriyyəti parlamentinin tarixdə iz qoyan digər mühüm özəlliyi onun ölkədəki milli-etnik spektri, siyasi palitranı geniş şəkildə əks etdirməsində idi. 120 nəfərlik parlamentdə azərbaycanlı (türk) əhalisi ilə yanaşı, bütün milli azlıqlar (o cümlədən azsaylı alman, yəhudi, polyak və s. icmaları) təmsilçilik əldə etmişdi. Bu, Xalq Cümhuriyyətinin demokratik prinsiplərə əsaslanan dövlət olduğunun təsdiqi idi. Hətta erməni daşnakları tərəfindən minlərlə azərbaycanlının İrəvandan, digər tarixi yurdlarından qovulduğu, onlara qarşı soyqırımı həyata keçirildiyi vaxtda Cümhuriyyət parlamentində Bakıda və Azərbaycanın digər bölgələrində yaşayan erməni əhalisinə 21 deputat yeri ayrılmışdı.

Parlamentin təşkili ilə bağlı Xalq Cümhuriyyəti Milli Şurasının Azərbaycan əhalisinə müraciətində deyilirdi: «Bütün Azərbaycan vətəndaşları millət və məzhəb fərqi olmadan bir vətənin övladlarıdır. Ümumi vətəndə bərabər yaşamaq üçün onlar bir-birlərinə əl uzatmalı və yardım etməlidirlər». Bu faktlar bir daha sübut edir ki, Azərbaycan xalqı, onun dövləti hər zaman öz tolerantlığı, bütün millətlərə səmimi münasibəti ilə seçilib.

Xalq Cümhuriyyətinin yaranması, onun demokratik əsaslı parlamentinin təşəkkül tapması tarixi nailliyyət olmaqla yanaşı, eyni zamanda, Azərbaycanın Şərq və Qərbin kəsişməsində yerləşən və hər iki sivilizasiyanın dəyərlərini  birləşdirən ölkə olaraq dünyaya verdiyi mühüm mesaj, tarixi töhfə idi. Xalq Cümhuriyyəti dünyaya nümayiş etdirdi ki, İslam mənəviyyatını, ənənələrini liberal Qərb (Avropa) dəyərləri, onun parlamentarizm təcrübəsi ilə optimal  şəkildə birləşdirə və uzlaşdıra bilən dövlətin, dünyəvi və demokratik respublikanın qurulması mümkündür. Bununla da Azərbaycan müsəlman Şərqinə yeni dövlətçilik modelinin nümunəsini vermiş oldu.

1920-ci ilin 28 aprelindəki bolşevik işğalı ilə Xalq Cümhuriyyəti, onun parlamenti süquta uğrasa da, cümhuriyyət qurucularının gördükləri işlər tarixdə izsiz qalmadı. Üzərindən 70 il  keçəndən sonra Cümhuriyyət yenidən xalqımıza, xalqımız da milli dövlətçiliyinə qovuşdu, Cümhuriyyətin qurucuları, onun fəaliyyətində böyük iz qoymuş şəxsiyyətlərin xidmətləri yenidən tarixdə öz yerini aldı və heç vaxt unudulmamalıdır. Çünki onların hamısı - Topçubaşov da, Xoyski də, Məmmədəmin Rəsulzadə də, digərləri də Azərbaycan xalqının istiqlalı üçün çalışmış və o zamankı şəraitdə mümkün olanı etmişlər.

Bu gün Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisidir, bizim bayrağımız, himnimiz cümhuriyyətin mirasıdır. Sözsüz ki, tarixdə varislik təkcə zahiri atributlarla ölçülmür. Bizim üçün də Xalq Cümhuriyyətinin varisi olmaq, hər şeydən öncə, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, dövlətimizin güclənməsi deməkdir.

Bu yerdə böyük öndər Heydər Əliyevin 1998-ci ildə, Cümhuriyyət parlamentinin 80 illiyi münasibətilə dediyi sözləri yada salmaq yerinə düşər: 

«Varislik, eyni zamanda, böyük məsuliyyət deməkdir. Hər bir varis varislik prinsipini əziz tutaraq, dövrün,  hadisənin varisi olaraq o hadisəni, o quruluşu daha da yüksəklərə qaldırmalıdır. Biz Cümhuriyyət tarixini dərindən öyrənməli, ideyalarını təbliğ etməli, təcrübəsindən bəhrələnməliyik. Cümhuriyyətin tarixi təcrübəsi göstərir ki, dövlət müstəqilliyini əldə etmək kifayət deyil, onu bütün vasitələrlə qorumaq və möhkəmləndirmək lazımdır. Azərbaycan dövlətinin yeritdiyi siyasət, qazanılan uğurlar əminliklə söyləməyə əsas verir ki, Xalq Cümhuriyyəti dövründə itirdiyimiz müstəqilliyi bir də heç zaman əldən verməyəcək, onu qoruyub saxlayacaq, dönməz, sarsılmaz və əbədi edəcəyik».

Bugünkü Azərbaycan dövlətinin qüdrəti, dünyadakı nüfuzu, inkişaf üfiqləri məhz Heydər Əliyev siyasətinin bariz təzahürüdür. Prezident İlham Əliyev yubiley toplantısındakı nitqində bunu bir daha ifadə etdi: «Bu gün ölkəmiz ulu öndər Heydər Əliyevin seçdiyi yolla uğurla inkişaf edir. Bu yol ondan ibarətdir ki, Azərbaycan dünya birliyinə sürətlə inteqrasiya etməlidir, Azərbaycan öz təbii sərvətlərindən məharətlə istifadə etməli, milli maraqlarını maksimum dərəcədə möhkəmləndirməlidir. Bizim qarşımızda yeni vəzifələr dayanır. Azərbaycanda dövlət quruculuğu imkanları genişlənir. Siyasi proseslərin müsbət istiqamətdə inkişaf etməsi, vətəndaş cəmiyyətinin formalaşması, xalqla iqtidar arasında birliyin möhkəmlənməsi - bütün bu amillər ölkəmizin hərtərəfli inkişafı üçün gözəl şərait yaradır».

Bu gün Azərbaycanın parlamenti də, Cümhuriyyət parlamentinin varisi olaraq,  demokratik, hüquqi dövlət quruculuğunda mühüm rol oynayır və Milli Məclisin sədri Oqtay  Əsədov bu barədə yubiley yığıncağının iştirakçılara geniş məlumat verdi. Spikerin də qeyd etdiyi kimi, 1995-ci ildən indiyədək Milli Məclis dövlət və cəmiyyət həyatının müxtəlif sahələrini nizama salan 2500-dən çox qanun və qərar qəbul etmişdir. Digər tərəfdən, Azərbaycanda həm hakimiyyətin qolları arasındakı münasibətlərdə mövcud olan uzlaşma və ahəngdarlıq, həm də bütövlükdə hakimiyyətlə xalq arasındakı vəhdət nəticə etibarilə ölkənin ümumi tərəqqisinə stimul verir.

Təsadüfi deyil ki, parlamentdəki yubiley yığıncağında çıxış edən yüksək qonaqlar da bu məqamı vurğuladılar. Bu çıxışlarda Azərbaycan Xalq Cümhuriyyətinin tarixdəki roluna hörmətlə yanaşı, bugünkü Azərbaycan dövlətinə, onun rəhbərliyinin həyata keçirdiyi siyasətə dəstək əksini tamışdır.

Polşa Senatının sədri Boqdan Boruseviç:

«Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi dünya tarixində mühüm dönüş nöqtəsi idi. Çünki Azərbaycan özünün İstiqlal Bəyannaməsində demokratiya, milliyyətindən və dini etiqadından asılı olmayaraq, vətəndaşların hüquqlarına riayət edilməsi prinsiplərini təsbit etmiş ilk müsəlman ölkəsi oldu. Müstəqilliyin qısa tarixi bizim xalqlarımızın qismətinə düşmüş bənzəyişdir. Tarixi təcrübə, dostluq, strateji tərəfdaşlıq - bizi birləşdirən ümumi cəhətlərdir. Biz Azərbaycanın Avropaya inteqrasiya səylərini dəstəkləyirik».

Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Toptan:

«1918-ci ildə elan edilmiş Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik dövlət kimi əsasını qoyduğu yeniliklər sonrakı dövrlərdə bir çox ölkələr üçün nümunə, bütün türk dünyası üçün də önəmli hadisə olmuşdur».

Litva Seymi sədrinin müavini Gintaras Stepanoviçius:

 «Azərbaycan xalqı 1918-ci ildə qazandığı müstəqilliyi xarici təcavüz nəticəsində itirsə də, mübarizədən dönməmişdir. Bu mübarizə 1991-ci ildə müstəqilliyin yenidən bərpası ilə nəticələnmişdir. Bu, Azərbaycan xalqının şanlı tarixidir. Bu müstəqilliyinin qorunmasında və dönməz xarakter almasında Heydər Əliyevin əvəzsiz xidmətləri olmuşdur».

Böyük Britaniya İcmalar Palatasının deputatı baronessa O’Kayn:

«Şərqdə ilk dəfə 1918-ci ildə demokratik parlamentin Azərbaycanda yaranması, burada qadınlara seçmək və seçilmək hüququnun verilməsi tarixi hadisə idi. Bu gün Azərbaycanda gedən demokratik proseslər, iqtisadi inkişaf, uğurlu neft strategiyası başqa dövlətlərə nümunə sayıla bilər. Biz Azərbaycanın inkişafına, onun təbliğatına dəstək verməliyik».

Britaniyalı parlamentar baronessa O’Kaynın bu sözləri bir daha göstərir ki, Azərbaycanın güclənməsi, uğurlu inkişafı onun dünyadakı dostlarının, lobbi imkanlarının sırasını da genişləndirir. Azərbaycana təşrif buyuran hər bir qonaq ölkəmizin sürətli tərəqqisinin, Azərbaycanın inkişaf etmiş, demokratik dünya birliyinə inteqrasiya kursunun bilavasitə şahidi olur. Bu baxımdan Cümhuriyyət parlamentinin yubileyinin yüksək səviyyədə qeyd olunması nəticə etibarilə ölkəmizin dünyadakı nüfuzuna, onun uğurlarının təbliğinə töhfə verəcək mühüm hadisədir. Buradan yüksək təəssüratla geri dönən qonaqların öz ölkələrinin parlamentlərində, beynəlxalq dairələrdə Azərbaycanın xeyrinə deyəcəkləri hər söz bizim nailiyyətimiz deməkdir.

Effektiv Təşəbbüslər Mərkəzinin Analitik qrupu

«525-ci qəzet», 24.06.2008

 

Xəbərlər
Redaktorun seçimi