Demokratiya və qızılgül (2007)
Hakimiyyət uğrunda mübarizə zaman və şəraitdən asılı olaraq qızılgüllə də aparıla bilər, daş və dəyənəklə də. Hər bir halda buna demokratik fon vermək mümkündür...
⇔ ⇔ ⇔
Əslində, qızılgül simvolunu siyasətə Gürcüstan milli demokratları gətirməyiblər. Qonşu ölkədəki məlum inqilabdan çox-çox öncədən qızılgül Avropada sosial-demokratiyanın simvollarından biridir.
Bununla belə, məhz Gürcüstandakı «qızılgül inqilabı»ndan sonra bu simvol müasir dünya siyasətində xüsusi yer qazanıb. 2003-cü ilin noyabrında Mixail Saakaşvilinin liderliyi altında Gürcüstanda «qızılgül inqilabı» qələbə çalanda mütərəqqi dünya bunu alqışlamışdı. Çünki bu, bütün geosiyasi məqamları ilə yanaşı, həm də demokratiyanın qan-qadasız qələbəsi idi.
Həmin inqilab günlərində parlamentə qızılgüllə daxil olub demokratiyanın təntənəsini bəyan etmiş liderin nə vaxtsa o parlamentin qarşısında onu protest etməyə çıxan opponentlərini gözyaşardıcı qaz və dəyənəklə dağıdacağını kimsə düşünməsə də, bunu nəzəri cəhətdən təxmin etmək mümkün idi. Ən azı ona görə ki, demokratiya (daha dəqiqi isə, hakimiyyət) uğrunda mübarizə zaman və şəraitdən asılı olaraq qızılgüllə də aparıla bilər, daş və dəyənəklə də. Üstəlik, hər bir halda buna demokratik fon vermək mümkündür.
Necə deyərlər, demokratiya heç də həmişə qızılgül ətirli olmur. Demokratik qanunçuluğun bəzən sərt qadağaları (elə qızılgülün tikanları kimi), göz ağrıdan qaz və dəyənəyi də var. Bunu Qərbin ən demokratik sayılan ölkələrində də nümayişçilərlə polisin zaman-zaman yaşanan toqquşmalarında görmək mümkündür. Gürcüstandakı son olaylar da bu qəbildən istisna deyil. Hərçənd bunun əksini iddia edənlər də var.
«Qızılgül inqilabı»: dörd il sonra
Əslində inqilab yolu ilə hakimiyyət gəlmiş qüvvələrin arasında sonradan parçalanma və ixtilafın baş verməsi təbiidir. Rəng, simvol və metodlarından asılı olmayaraq bütün inqilablar nəticə etibarilə bu mərhələdən keçir. Eyni zamanda, inqilabdan yoğrulmuş hakimiyyət heç də dayanıqlı olmur. Bu baxımdan Gürcüstandakı «qızılgül hakimiyyəti»nin vəziyyəti bənzər inqilablardan keçmiş Ukrayna və Qırğızıstana nisbətən hətta daha sabit hesab etmək olar.
Hərçənd bu müddətdə «qızılgül hakimiyyəti»ndə də müəyyən yarpaq tökümü baş verib, Saakaşvilinin komandasından istefa vermiş ayrı-ayrı şəxslər ona qarşı müxalifətə keçiblər. 2005-ci ildə XİN başçısı vəzifəsindən istefa vermiş Salome Zurabişvili indi müxalifət partiyasının lideridir. 2006-cı ildə münaqişələrin tənzimlənməsi üzrə dövlət naziri postunu tərk edən Georgi Xaindrava hazırda prezidentə qarşı qatı opponentlər sırasındadır. Nəhayət, bu sırada ən qalmaqallı olay Saakaşvilinin ən yaxın silahdaşlarından olmuş, «qızılgül inqilabı»ndan sonra Gürcüstanın baş prokuroru, daxili işlər, daha sonra isə müdafiə naziri (2006-cı ilin noyabrınadək) postunu tutmuş İrakli Okruaşvilinin prezidentə qarşı sərt ittihamlarla çıxış etməsi oldu.
Yada salaq ki, Okruaşvili bu il sentyabrın 25-də yaxın dostu, tanınmış biznesmen Badri Patarkasişvilinin «İmedi» telekanalında prezident Saakaşvilini sifarişli qətllərdə, korrupsiyada ittiham edən hay-küylü çıxışı ilə gündəmə gəlmişdi. Həmin vaxt keçmiş müdafiə nazirinə qarşı korrupsiya ittihamları ilə bağlı araşdırma aparılırdı və əksər mülahizələrə görə, Okruaşvili gözlənilən həbsdən yayınmaq üçün açıq siyasi gedişlər etməyə başlamışdı. Bundan iki gün sonra o, həqiqətən həbs olundu, daha sonra isə onun prezidentə qarşı iftira atdığını boynuna aldığı və 6 milyon dollar girov müqabilində barəsində həbs qətimkan qərarının dəyişildiyi bildirildi.
Maraqlıdır ki, Okruaşvili azadlığa çıxdıqdan sonra öz hərəkətlərinə heç bir aydınlıq gətirmədi və mətbuat qarşısına çıxmadı. Müxalifətin 2 noyabrda başlanan mitinqi öncəsi Almaniyaya gedən sabiq nazir oradan bəyan etdi ki, bəs prezidentə qarşı bütün ittihamlarının üzərində durur və istintaqa etirafı isə təzyiq altına edibmiş. Bir sözlə, Okruaşvilinin bu müddətdə şübhəli və çoxlu suallar doğuran davranışı onun parlaq müxalifət lideri olmaq imkanlarını faktiki heç endirib.
Hazırda Saakaşviliyə qarşı birləşmiş müxalifətin sıralarında onun keçmiş silahdaşları ilə yanaşı, kifayət qədər qarışıq siyasi qüvvələr də toplanıb. Onlar «qızılgül inqilabı»ndan sonra parlamentdə yer ala bilməmiş qüvvələrdir. 2004-cü ildə keçirilmiş parlament seçkilərində proporsional sistem üzrə 7 faizlik həddi Saakaşvilinin lideri olduğu Vahid Milli Hərəkat Partiyası (Burcanadze-Jvaniya bloku ilə birlikdə) və «qızılgül iqtidarı»na qarşı qarşı yumşaq müxalifətdə olan «Yeni sağçılar - sənayeçilər» bloku aşa bilmişdi. Saakaşvilinin partiyası proporsional sistem üzrə 150 yerdən 135-ni əldə etmişdi, həmçinin majoritar sistem üzrə (75 yer) seçilmiş deputatların təxminən üçdə biri hakim partiyanın təmsilçiləri idi. Bir sözlə, bu günlər Tbilisinin mərkəzi meydanlarında Saakaşviliyə qarşı çıxışlar edən müxalifətin əksəriyyətini «qızılgül inqilabı»ndan sonra siyasi arenanın güncündə qalmış və hakimiyyətdən siyasi revanş almaq istəyən qüvvələrdir.
Rusiyanın «barmağı»: hər zaman və hər yerdə
Gürcüstandakı müxalifət-iqtidar qarşıdurmasının formal səbəbi kimi hakimiyyət opponentlərinin prezident və parlament seçkilərinin eyni vaxtda keçirilməsinə etirazı göstərilsə də, əslində bunun daha geniş - həm daxildən, həm də xaricdən qaynaqlanan motivləri var. Xatırladaq ki, Gürcüstanda axırıcı prezident seçkisi (5 ildən bir keçirilir) 2004-cü ilin yanvarında, parlament seçkisi isə (4 ildən bir keçirilir) 2004-cü ilin martında keçirilib. Ötən il prezident Saakaşvili özünün prezidentlik müddətini bir neçə ay azaltmaq, parlamentin fəaliyyət müddətini isə bir neçə ay artırmaqla hər iki seçkinin eyni vaxtda, 2008-ci ilin payızında keçirilməsinə dair qanunun qəbuluna nail olub. Prezidentin əsas motivi bu olub ki, hər iki seçkinin eyni vaxtda keçirilməsi həm siyasi proseslərin axarı, həm də ölkə büdcəsinə qənaət baxımından daha əlverişlidir.
Müxalifət isə əvvəldən bu dəyişikliyin əleyhinə olub. Müxalifət liderlərinə görə, prezident bu təşəbbüslə lideri olduğu Vahid Milli Hərəkat Partiyasını parlament seçkilərində labüd məğlubiyyətdən xilas etmək məqsədi güdür.
Qeyd edək ki, «qızılgül inqilabı»ndan sonra Saakaşvilinin partiyasının reytinqi xeyli aşağı düşsə də, onun şəxsi kifayət qədər yüksəkdir və seçkilərin eyni vaxtda keçirilməsi taktiki yöndən həqiqətən Saakaşvilinin xeyrinə idi. Bu baxımdan müxalifətin seçkinin vaxtının, eləcə də seçki komissiyalarının tərkibinin (parlamentdəki qüvvələr nisbətinə görə, seçki komissiyalarında hakim partiya mütləq çoxluğa malikdir) dəyişdirilməsi tələbi ilə başlanan aksiyalarında sonradan prezidentin istefası tələbinin önə çıxması da təsadüfi deyildi.
Əslində bu gün Gürcüstan müxalifəti Saakaşvili ilə təkbətək mübarizədə (prezidentlik yarışında) uğur qazana bilməyəcəyinin fərqindədir və müxalifətin Gürcüstanda, ümumiyyətlə, prezident üsul-idarəsinin ləğv edilməsi, ölkənin parlament respublikasına çevirilməsi uğrunda çıxışlar etməsi də buradan qaynaqlanır. Yeri gəlmişkən, bu xüsusda Gürcüstanın dini rəhbəri II İliya da müxalifətlə həmrəydir və o, Gürcüstanda, bir sıra Avropa ölkələrində olduğu kimi, parlamentli respublika ilə yanaşı, konstitusion monarxiyanın da yaradılmasının və vaxtilə Gürcüstanda çarlıq etmiş Baqrationi nəslinin taxt-taca qaytırılmasının tərəfdarı kimi çıxış edir.
Eyni zamanda, müxalifətin hakimiyyətə qarşı son çıxışlarının yalnız daxili faktorlardan qaynaqlanmadığı yəqindir. Rusiya ilk gündən Gürcüstandakı «qızılgül hakimiyyəti»nə qarşı sərt mövqedə olub. Şevardnadze dönəmində də Moskva-Tbilisi münasibətləri rəvan deyildi və mütəmadi gərginliklə müşayiət olunurdu. Bununla belə, o vaxt Gürcüstan siyasətində Rusiyanın yararlana biləcəyi qüvvələr, ilk növbədə Acarıstan lideri Aslan Abaşidze vardı ki, onun partiyası parlamentdə ikinci fraksiya idi. Lakin 2004-cü ilin yazında Saakaşvilinin Acarıstanı Abaşidzenin (əslində Rusiyanın) əlindən alması və onun özünün biabırçı şəkildə Moskvaya qaçmağa məcbur etməsi şimal qonşusuna yönəlik həssas siyasi sillə idi. Odur ki, Rusiyanın da Gürcüstan hakimiyyətindən əvəz çıxmaq niyyəti şübhəsizdir.
Düzdür, inqilabdan sonrakı müddətdə Saakaşvili Rusiya ilə münasibətləri sahmanlamaq üçün müəyyən səylər göstərdi. O hətta ilk xarici səfərini Moskvaya edərək Gürcüstandakı Rusiya investisiyalarının təhlükəsizliyinə, Rusiya hərbi bazalarının çıxarılmasından sonra ölkədə NATO və ya Amerika bazalarını yerləşdirməyəcəyinə dair vədlər də vermişdi. Lakin Rusiya tərəfi gürcü liderin bu jestlərinə qarşılıq vermədi. Moskvada yaxşı başa düşürlər ki, Gürcüstanın yönü artıq başqa səmtədir. İndi Rusiya hərbi-siyasi və iqtisadi təzyiq metodları ilə öhdəsindən heç cür gələ bilmədiyi və başda Amerika olmaqla Qərbin maksimum dəstək verdiyi Gürcüstanda revanş götürmək üçün bəlkə də son cəhdlərini edir.
Lakin Gürcüstanda Rusiyanın açıq stavka edəcəyi real qüvvə yoxdur və bu üzdən Moskva bu ölkədə vəziyyəti bütün vasitələrdə gərgindəşdirmək yolunu tutub. Onu da qeyd edək ki Gürcüstandakı son olaylar bu ölkədən Rusiya bazalarının çıxarılmasının yekunlaşdığı vaxta təsadüf edir. Noyabrın 8-də Batumidəki bazadan sonuncu eşelon Rusiyaya yola salınıb. Gürcüstandan əlinin tədricən üzüldüyünü görən Rusiya üçün indi bütün aqressiv addımlar, o cümlədən Saakaşviliyə qarşı revanşist mübarizəyə qalxan gürcü siyasətçilərinə dolayı yardım keçərlidir. Son olaylar fonunda Gürcüstan rəhbərliyinin Rusiya səfirliyinin bir neçə əməkdaşını müxalifətlə gizli sövdələşmə və casusluq ittihamları ilə ölkədən çıxarması da buna sübutdur. Bundan əlavə, eks-prezident Zviad Qamsaxurdiyanın oğlu daxil olmaqla bir neçə siyasi liderə qarşı Rusiyaya casusluq etmək ittihamı irəli sürülüb. Yada salaq ki, 2006-cı ilin payızında da bir neçə rus zabiti casusluq ittihamı ilə Gürcüstandan çıxarılmış, bəzi siyasətçilər isə Rusiyanın təşviqi ilə dövlət çevrilişinə hazırlaşmaqda ittiham edərək həbs olunmuşdu.
Demokratiyanın sınağı, yaxud bundan sonra nə olacaq?
Bir sözlə, Saakaşvili ötən dörd ildə ölkədə demokratik islahatlar aparılması, korrupsiya ilə mübarizə, qanunçuluğun bərqərar olması, iqtisadi inkişaf (dörd ildə ölkə büdcəsi beş dəfəyədək artıb) sahəsində nəzərəçarpacaq uğurlara nail olsa da, Gürcüstan dövlətçiliyi üçün bəlkə də əsas problem olan Rusiya ilə münasibətləri heç cür sahmanlaya bilməyib. Daha doğrusu, Moskva buna heç vəchlə imkan verməyib.
Odur ki, indi Gürcüstan rəhbəri Rusiyanın da təşviqi ilə ortaya çıxan növbəti siyasi böhrandan çıxmaq üçün özünün prezidentlik müddətinin bir ilinin itirilməsi hesabına da olsa, növbədənkənar seçkilərə (2008-ci il yanvarın 5-də) getmək qərarına gəlib. Prezident seçkisi ilə eyni vaxtda keçiriləcək referendumla isə parlament seçkilərinin vaxtına aydınlıq gəlməlidir. Bu həm də Gürcüstanda demokratiya üçün mühüm bir sınaq olacaq.
Təsadüfi deyil ki, Saakaşvilinin müxalifətə qarşı sərt tədbirlərini, ölkədə müvəqqəti fövqəladə vəziyyət tətbiq etməsini narazılıq edən Qərb dairələri prezidentin son qərarını müsbət qarşılayıblar. Müxalifətin mövcud şəraitdə Saakaşviliyə qarşı güclü lider çıxarmaq imkanının olmadığını nəzərə alsaq, yanvardakı növbədənkənar seçkilərdə Gürcüstan prezidentinin təkrar seçiləcəyi prinsipcə şübhə doğurmur. Hərçənd bu ölkədə siyasi sabitliyin tezliklə bərqərar olacağını (prezidentlik yarışının ardınca parlament seçkiləri başlayacaq) gözləmək real deyil. Qonşu və strateji tərəfdaş olan bu ölkədə istiqrarın tezliklə bərqərar olması isə nəticə etibarilə elə bizim də marağımızdadır.
Vüqar Orxan
Effektiv Təşəbbüslər Mərkəzinin Analitik qrupu
«525-ci qəzet», 13.11.2007