19 aprel
19 aprel 1907 - Xalq artisti, bəstəkar, musiqişünas Əfrasiyab Bədəlbəyli anadan olub...
Azərbaycan
19 aprel 1905 - Məşhur memar Mikayıl Ələsgər oğlu Hüseynov (1905 - 7.10.1992) Bakıda doğulub. Bakının arxitekturasına gözəllik verən bir çox tikilinin (Nizami adına Ədəbiyyat Muzeyi, Milli Kitabxana, AMEA-nın binası, Musiqi Akademiyası və s.) müəllifidir.
19 aprel 1907 - Xalq artisti, bəstəkar, dirijor, musiqişünas-alim Əfrasiyab Bədəlbəy oğlu Bədəlbəyli (1907 - 6.1.1976) Bakıda anadan olub. İlk Azərbaycan baletinin (“Qız qalası”, 1940), Azərbaycanın musiqi tarixinə dair kitabların müəllifidir.
19 aprel 1920 - Yazıçı-dramaturq Xalidə Məmməd qızı Hasilova (1920-5.12.1996) Zaqatalada anadan olub. «Onun taleyi», «Nəğməli könül», «Məhəbbət olmayanda», «Çətin yollar boyunca», o cümlədən uşaqlar üçün “Lalənin kitabı», «Ulduzlu papaq», «Atlas yarpaqlar» və s. kitabların müəllifidir. «Göyərçin» və «Azərbaycan qadını» jurnallarının redaktoru olub. “Həsrət”, “Həyat özü bir nəğmədir”, “Nəğməli könül” və s. pyesləri tamaşaya qoyulub. Türk və rus dillərindən tərcümələr edib.
19 aprel 1949 - Bəstəkar Qalib Həsən oğlu Məmmədov anadan olub. “Sirlər xəzinəsi” baleti, oratoriya, simfonik və kamera musiqisi əsərlərinin müəllifidir. “Haray” filminə musiqi yazıb.
19 aprel 1954 — Rejissor Rövşən Əziz oğlu Almuradlı anadan olub. Sumqayıt, Şəki, Mingəçevir teatrlarında, Akademik Milli Dram Teatrında çalışıb. "Yük" (1995), “Cavad xan” (2009) bədii filmlərinə quruluş verib.
Dünya
19 aprel 1832 – İspan dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1904) Xose Eçerqay-i-Eysagirre (José Echegaray y Eizaguirre; 1832-1916) anadan olub. 60-dan çox dram əsərinin yarısını nəzmlə (şeir formasında) yazıb. İspaniya parlamentinin deputatı olub, nazir vəzifələrində işləyib.
19 aprel 1900 - Rus kinorejissoru, SSRİ Xalq artisti Aleksandr Ptuşko (1900-1973) anadan olub. “Ruslan və Lyudmila”, “Qızıl açar” və s. uşaq filmlərini çəkib.
19 aprel 1900 - Məşhur ingilis yazıçısı, şair, dramaturq Riçard Hyuz (Richard Arthur Warren Hughes, 1900-1976) anadan olub. Avropada ilk radiopyeslərin yaradıcısı sayılır. “Yamayka üzərində tufan”, “Təhlükədə” və s. romanların müəllifidir.
19 aprel 1911 - Rus-sovet yazıçısı Georgi Mokeyeviç Markov (1911-1991) anadan olub. Əsərləri: “Stroqovlar”, “Ata və oğul”, “Sibir” və s. romanlar.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: