22 aprel
22 aprel 1942 - Görkəmli aktyor Həsən Əbluç Təbrizdə doğulub...
Azərbaycan
22 aprel 1894 - Xalq artisti, teatr və kino aktoru Ağahüseyn Xəlil oğlu Cavadov (1894 - 20.7.1981) Bakının Xırdalan kəndində anadan olub. Milli Dram Teatrında, Bakı Türk İşçi Teatrında, Musiqili Komediya Teatrında işləyib. "Bəxtiyar" (Rza), "Qızmar günəş altında" (Pirioğlu), "Əhməd haradadır?" (Əhməd), "Bir qalanın sirri" (Rəmmal), "Sehrli xalat" (Vəzir), "Görüş" (Əbülfəz), "Şərikli çörək" (Xırdavatçı) və digər filmlərdə maraqlı obrazlar yaradıb.
22 aprel 1905 - Azərbaycanın mətbuat və ictimai-siyasi tarixində mühüm rol oynamış «Həyat» qəzeti nəşrə başlayıb. Qəzetin naşiri tanınmış vəkil və publisist, sonradan Xalq Cümhuriyyəti parlamentinin sədri olan Əlimərdan bəy Topçubaşov, redaktorları yazıçı-jurnalist Əhməd bəy Ağaoğlu və böyük mütəfəkkir Əlibəy Hüseynzadə idi.
22 aprel 1911 - Görkəmli fırça ustası, Xalq rəssamı Hüseyn Əlirza oğlu Əliyev (1911 - 25.5.1991) Zəngəzur mahalının Qarakilsə bölgəsinin (indiki Ermənistanın Sisyan rayonu) Comərdli kəndində doğulub. İlk karikaturaları “Molla Nəsrəddin” jurnalında dərc olunub, 1935-ci ildən “Kommunist” qəzetində (indiki “Xalq qəzeti”) rəssam kimi çalışıb. Əsasən qrafika ilə məşğul olan rəssam mənzərə ustası kimi (“Zəngəzur dağları”, “Kəpəz”, “Göygöl” və s.) tanınıb.
22 aprel 1912 - Əməkdar incəsənət xadimi, musiqişünas Məmmədsaleh Cəmil oğlu İsmayılov (1912-10.5.1994) аnаdаn оlub.
22 aprel 1940 - Folklorşünas, tənqidçi, publisist Çərkəz Əli oğlu Quliyev (1940-1994) anadan olub.
22 aprel 1942 - Görkəmli aktyor, bədii qiraət ustası, rejissor Həsən Əbluç (1942 - 13.3.1994) Təbrizdə doğulub. Uşaq yaşlarında ailəsi ilə Bakıya köçüb. Teatrda, televiziya tamaşalarında, kinoda (“Dantenin yubileyi”, “Qanlı zəmi”, “Tənha narın nağılı”, “Ölsəm... bağışla”, “Pəncərə”(aktyor və rejissor) maralı obrazlar yaradıb.
22 aprel 1983 - Azərbaycanın ilk kino aktrisalarından olan İzzət Mirzəağa qızı Orucova (16.9.1909, Bakı –1983) vəfat edib. "Sevil (1929)", "Almaz (1936)" filmlərində baş rollarda çəkilib. Sonralar tanınmış kimyaçı alim, elmləri doktoru, Azərbaycan Elmlər Akademiyasının akademiki olub.
Dünya
22 aprel dünyada Yer Günü (Earth Day) kimi qeyd olunur. Dünyada sülhün, Yer üzündə ekoloji sabitliyin qorunması devizi altında qeyd olunan gün ilk dəfə 1970-ci ildə ABŞ-da keçirilib. 2009-cu ildə BMT Baş Assambleyası tərəfindən beynalxalq gün kimi təsis olunub.
22 aprel 1707 — İngilis yazıçısı Henri Fildinq (Henry Fielding, 1707-1754) anadan olub. Avropa realist romanının yaradıcılarından biridir. Əsərləri: “Cozef Edrüsün macəraları”, “Tom Consun hekayəti”, “Emiliya” və s.
22 aprel 1724 - Böyük filosof, klassik alman fəlsəfəsinin banisi İmmanuel Kant (1724-12.2.1804) anadan olub. Əsərləri: “Saf idrakın tənqidi”, “Mənəviyyat metafizikasının əsasları” və s.
22 aprel 1766 - Fransız yazıçısı Anna Luiza Jermena de Stal (Anne-Louise Germaine de Stael-Holstein, 1766-1817) anadan olub. Əsərləri: “Korinna”, “Delfina”, “Melina” və s.
22 aprel 1899 - Rus yazıçısı Vladimir Nabokov (1899-2.7.1977) anadan olub. 1919-cu ildə Avropaya, oradan Amerikaya (1940) mühacirət edib, sonra yenidən Avropaya qayıdıb, Fransada vəfat edib. Əsərləri: “Maşenka”, “Bəxşiş”, “Lujin müdafiəsi”, “Qətlə dəvət”, “Lolita” və s. Bir sıra əsərləri ekranlaşdırılıb.
22 aprel 1907 - Rus fantast-yazıçısı İvan Yefremov (1907-1972) anadan olub. Əsərləri: “Andromedanın dumanlığı”, “Ülgücün tiyəsi” və s.
22 aprel 1909 – Rus yazıçısı Vadim Koşevnikov (1909-1984) anadan olub. Əsərləri: “Sübhə doğru”, “Qalxan və qılınc”, “Tanış olun, Baluyev”.
22 aprel 1922 - Amerika caz musiqisinin görkəmli nümayəndəsi Çarlz Maqnus Charles Mingus) (1922-1979) anadan olub.
22 aprel 1937 - Amerika aktyoru, rejissor Cek Nikolson (Jack Nicholson - John Joseph Nicholson) anadan olub. Üç dəfə “Oskar”a layiq görülüb. Filmləri: “Çin məhəlləsi”, “Qu quşunun yuvası üzərindən uçuş”, “Canavar” və s.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: