12 aprel
12 aprel 1907 - Tanınmış folklorşünas, dramaturq Məmmədhüseyn Təhmasib anadan olub...
Azərbaycan
12 aprel 1866 - Teatr və maarif xadimi Əbülqasım Sultanov (12.04.1866-1916) anadan olub. Naxçıvan teatrında aktyor kimi çıxış edib. Molla Nəsrəddinin lətifələrini rus dilinə çevirib, “Ədəbi nümunələr müntəxəbatı”nı (XIX-XX əsr şairlərinin əsərləri) tərtib edib.
12 aprel 1889 - Məşhur xanəndə, Xalq artisti Seyid Şuşinski (Mir Mövsüm ağa Seyid İbrahim oğlu; 1889 - 1.10.1965) Şuşa qəzasının Horadiz kəndində (indiki Füzuli rayonunun kəndi) anadan olub. 1920-ci illərdə Azərbaycan Dövlət Dram Teatrında çalışıb, 1930-1960-cı illərdə Dövlət Filarmoniyasının solisti olub, pedaqoji fəaliyyət göstərib.
12 aprel 1903 - Azərbaycan mətbuatının, ictimai fikrinin inkişafında mühüm rol oynamış «Şərqi-Rus» qəzeti Tiflisdə nəşrə başlayıb. Şərqşünas-alim, Rusiya Dumasının deputatı Məmmədağa Şahtaxtinskinin redaktoru olduğu qəzet tanınmış yazarları ətrafında birləşdirmişdi. Məhəmməd Əmin Rəsulzadənin ilk mətbu yazısı burada dərc olunub. Qəzetin son sayı 1905-ci il yanvarın 15-də işıq üzü görüb.
12 aprel 1907 - Tanınmış folklorşünas, dramaturq Məmmədhüseyn Abbasqulu oğlu Təhmasib (1907 - 5.10.1982) anadan olub. "Kitabi Dədə Qorqud" eposunun, dastanların, nağılların toplanması və tədqiqində mühüm xidməti var. Ssenariləri əsasında "Bir qalanın sirri", "Onu bağışlamaq olarmı?" filmləri çəkilib.
12 aprel 1912 - Əməkdar artist, aktyor Məmmədağa Ağakərim oğlu Dadaşov (1912-3.12.1996) аnаdаn оlub. Gənc Tamaşaçılar Teatrının yaradıcılarındandır, ömrünün sonunadək burada çalışıb. “Dədə Qorqud”, “Yol əhvalatı” filmlərində çəkilib.
Dünya
12 aprel 1823 - Rus dramaturqu Aleksandr Nikolayeviç Ostrovski (1823-1886) anadan olub. “Öz adamlarımızdır – anlaşarıq”, “Kasıblıq eyib deyil”, “Gəlirli yer”, “Tufan”, “Cehizsiz qız”, “Balzaminovun evlənməsi” və s. pyeslərin müəllifidir. Bir sıra pyesləri əsasında filmlər çəkilib.
12 aprel 1912- Yəhudi əsilli sovet aktyoru, SSRİ Xalq artisti Yefim Zaxaroviç Kopelyan (Kopelyanov; 1912-1975) anadan olub. Filmləri: “Ələkeçməz qisasçılar”, “İntervensiya”, “Əbədi çağırış” və s. “Baharın on yeddi anı” teleserialında müəllif mətnini oxuyub.
12 aprel 1932 - Fransız komediya aktyoru Jan-Pyer Marel (Jean-Pierre Marielle) anadan olub.
12 aprel 1933 - Dünya şöhrətli ispan opera müğənnisi (soprano) Montserrat Kabalye (Caballe) anadan olub.
12 aprel 1956 - Kuba əsilli Amerika kinoaktyoru Endi Qarsia (Andy Garcia - Andres Arturo Garcia Menendez) anadan olub. “Xaç atası -3”, “Qara yağış” və s. filmlərdə çəkilib.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: