15 avqust
15 avqust 1832 - Azərbaycanın görkəmli şairəsi Xurşudbanu Natəvan Şuşada doğulub...
Azərbaycan
15 avqust 1784 - Görkəmli şair, Azərbaycan ədəbiyyatında satirik poeziyanın banilərindən biri Qasım bəy Əli bəy oğlu Zakir (1784-1857) Şuşada anadan olub. Əslən Qarabağ xanlarının Cavanşirlər nəslindəndir, ulu babası Kazım ağa Pənahəli xanın qardaşı olub. Rusiya-İran müharibələrində (1804-1828) rusların tərəfində vuruşsa da, bir çox satiralarında çar hakimlərini və yerli məmurları ifşa edib. Mənzum hekayə və təmsillərin müəllifidir.
15 avqust 1832 - Azərbaycanın görkəmli şairəsi Xurşudbanu Natəvan (1832-1897) Şuşada doğulub (bəzi mənbələrdə doğum günü 6 avqust göstərilir). İbrahimxəlil xanın nəvəsi, sonuncu Qarabağ xanı Mehdiqulu xanın qızıdır. Şuşada "Məclisi-üns" ədəbi birliyinin yaradıcısı olub. Qəzəlləri klassik Azərbaycan poeziyasında xüsusi yer tutur. Rəssamlıq, bədii tikmə ilə də məşğul olub. Xeyriyyəçiliyi ilə tanınıb, imkansızlara əl tutub, Şuşaya su kəməri çəkdirib.
15 avqust 1867 - Cənubi Azərbaycan türklərinin mübariz lideri Səttarxan (1867-1914) anadan olub. 1905-1911-ci illərdə İranda şah üsul-idarəsinə qarşı Məşrutə (Konstitusiya) inqilabına rəhbərlik edib. Məşrutə inqilabında oynadığı rola görə şah rejimi devriləndən (1979) sonra İranda “Milli sərdar” adına layiq görülüb.
15 avqust 1930 - Nasir Nəriman Qoca oğlu Süleymanov (1930-1995) anadan olub.
15 avqust 1955 - Xalq artisti, məşhur aktrisa Afaq Bəşirqızı anadan olub. Lənkəran Dövlət Dram Teatrında, Sumqayıt Dövlət Musiqili Dram Teatrında çalışıb, bu teatrda "Bəxt üzüyü" tamaşasında (Vaqif Səmədoğlu) Söylü obrazı ilə məşhurlaşıb. 1989-cu ildən Musiqili Komediya Teatrında fəaliyyət göstərir. Televiziya tamaşalarında (“Yaşıl eynəkli adam”, “Bala – başa bəla”, “Yarımştat” və s.), filmlərdə («Bəxt üzüyü», «Girov») yaddaqalan obrazlar yaradıb.
Dünya
15 avqust 1771 - Dünya şöhrətli şotland yazıçısı, şair, tarixçi Valter Skott (Walter Scott, 1771-1832) anadan olub. Tarixi roman janrının banisidir. Əsərləri: “Edinburq həbsxanası”, “Rob Roy”, “Ayvenqo”, “Kventin Dorvard”, “Marmion” (ilk mənzum roman) və s.
15 avqust 1879 - Amerika kinoaktrisası Etel Berrimor (Ethel Barrymore, 1879-1959) anadan olub. Filmləri: “Rasputin və imperatriçə” (“Oskar” mükafatı), “Spiralvari pilləkan” və s.
15 avqust 1890 - Fransız bəstəkarı Jak İber (Jacques François Antoine Ibert; 1890-1962) anadan olub. Əsərləri: “Anjelika”, “Kral İveto” operaları, “Səyyah cəngavər” baleti və s.
15 avqust 1925 – Məşhur türk aktyoru Münir Özkul (1925 – 5.1.2017) İstanbulda anadan olub. Ankara və İstanbul dövlət teatrlarında çalışıb. “Nəşəli günlər”, “Arım, balım, pәtәyim”, “Bizim ailə”, “Hababam sinfi” – ümumilikdə 200-dən çox filmdə çəkilib.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: