Azərbaycan tarixi günbəgün: 5 mart
5 mart 1992 - Azərbaycan Ali Sovetinin Xocalı faciəsi ilə bağlı fövqəladə sessiyasında parlamentin sədri Elmira Qafarova istefa verib.
5 mart Azərbaycanda "Bədən tərbiyəsi və idman günü"dür. Prezident İlham Əliyevin 4 mart 2005-ci il tarixli sərəncamı ilə qeyd olunur.
5 mart 1831 - Lənkəranda Rusiya işğalı əleyhinə üsyan başlayıb. Devrildikdən sonra İrana qaçan Talış xanı Mirhəsən xan Lənkərana gələrək üsyana başçılıq edib. Talış xanlığı Gülüstan müqaviləsi ilə (1813) Rusiyaya birləşdirildikdən sonra 1826-cı ildə ləğv edilmişdi. Lənkəran üsyanı xanlığın bütün ərazisinə yayıldı və iki ay sürdü.
5 mart 1936 - Tanınmış ədəbiyyatşünas alim, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar elm xadimi Yaşar Vahid oğlu Qarayev (1936 - 25.8.2002) Şəkidə doğulub. Milli realizmin genezisinə, mərhələ təsnifinə və tipologiyasına, həmçinin, orta əsrlər və XX əsr romantizminin poetika və sənətkarlıq problemlərinə həsr olunmuş tədqiqatların müəllifidir.
5 mart 1990 - SSRİ Ali Soveti “Azərbaycan SSR və Ermənistan SSR-də vəziyyəti sahmanlamaq tədbirləri haqqında” qərar qəbul edib. Moskvanın növbəti “ikibaşlı” tövsiyə sənədi Ermənistanın təcavüzkar hərəkətlərinə daha da vüsət verdi.
5 mart 1992 - Azərbaycan Ali Sovetinin fövqəladə sessiyasında Xocalı faciəsi ilə bağlı gərgin müzakirələr başlayıb. Parlament binasını mühasirəyə almış xalq kütlələrinin etirazı və müxalifətin təzyiqi altında Ali Sovetin sədri Elmira Qafarova istefa verib. Onun yerinə Tibb Universitetinin rektoru, deputat Yaqub Məmmədov Ali Sovetin sədri seçilib.
5 mart 1992 - Erməni silahlı qüvvələri Ağdamın Sırxavənd kəndini güclü atəşə tutublar. Kəndin 10 sakini həlak olub.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: