Azərbaycan tarixi günbəgün: 3 mart
3 mart 1830 - Car-Balakən bölgəsində çar Rusiyasının işğalçılıq siyasətinə qarşı üsyan yatırılıb.
Bölgənin Rusiyaya birləşdirilməsindən sonra muxtar ərazi vahidi kimi mövcud olan Car-Balakən camaatlığı ləğv olunub və ərazidə rus ordusunun Qafqaz komandanlığının birbaşa idarəçiliyi tətbiq edilib.
3 mart 1875 –Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, memar Məmmədhəsən Cəfərqulu oğlu Hacınski (1875 - 9.2.1931) anadan olub. Xalq Cümhuriyyəti hökumətlərində xarici işlər (28.05.1918 - 06.10.1918) və daxili işlər 22.12.1919 – 15.02.1920) nazirləri postlarını (“Müsavat” partiyasından) tutub. 1920-ci ilin aprelində Azərbaycan kommunistlərinə qoşulub. Sovet dövründə müxtəlif vəzifələrdə işləyib, 1931-ci ildə Zaqafqaziya Diyar Partiya Komitəsinin rəhbəri L.Beriyanın göstərişi ilə həbs edilib və Tiflis həbsxanasında öldürülüb.
3 mart 1912 - Yazıçı Manaf Süleymanov (1912-2002) anadan olub. Köhnə Bakı haqqında "Eşitdiklərim, oxuduqlarım və gördüklərim" adlı tarixi-ensiklopedik kitabın, Bakı neftçilərinin həyatından bəhs edən əsərlərin müəllifidir.
3 mart 1926 - Şairə, ədəbiyyatşünas Hökumə İbrahim qızı Billuri (1926 -22.11.2000) Cənubi Azərbaycanın Zəncan şəhərində doğulub. M. Şəhriyarın farsca şeirlərini Azərbaycan dilinə, Səməd Vurğun, C.Cabbarlı, M.Dilbazi, N.Xəzrinin əsərlərini fars dilinə tərcümə edib.
3 mart 1937 - Yazıçı Fərman Kərimzadə (1937-1989) Qərbi Azərbaycanın (indiki Ermənistan) Böyük Vedi kəndində anadan olub. “Çaldıran döyüşü”, "Xudafərin körpüsü”, “Qarlı aşırım”, “Təbriz namusu” və s. əsərlərin müəllifidir.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: