“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
20.03.2013, 16:35
1564

Azərbaycan tarixi günbəgün: 20 mart

A- A+

20 mart 1828 - Çar I Nikolay Rusiyaya birləşdirilmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazisində “Erməni vilayəti”nin yaradılması barədə fərman verib.

20 mart Novruzun ilk günüdür. Qədim dövrlərdən bəri xalqımız Novruzu bərəkət və firavanlığın əzəli kimi rəmzləşdirmiş və onun gəlişini bayram etmişdir. Sovet dövründə Novruz bayramının üzərinə qoyulmuş qadağalar Azərbaycan müstəqillik əldə edəndən sonra aradan qaldırlıb. 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" qanunla Novruz dövlət bayramı kimi təsbit edilib.

 

20 mart 1828 - Çar I Nikolay Türkmənçay müqaviləsini (10 fevral 1828) təsdiq edib və Rusiyaya birləşdirilmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazisində “Erməni vilayəti”nin yaradılması barədə fərman verib. Bundan sonra Rusiyanın Qafqaz hakimi qraf Paskeviçin tapşırığı ilə “Erməni vilayəti”ndə aparılan siyahıyaalmada 1828-ci ilin sonunda ərazidə 81749 müsəlman və 25131 erməni qeydə alınmışdı.

Bu arada İrandan və Türkiyədən bölgəyə erməni əhalisinin köçürülməsi başlanmışdı. “Erməni vilayəti” 1840-cı ildə İrəvan qəzası adlandırılaraq Tiflis -İmereti quberniyasının tərkibinə daxil edildi. 1849-cu ildə isə İrəvan quberniyası (1917-ci ilədək) təşkil edildi.

 

20 mart 1879 - Xalq artisti, görkəmli opera müğənnisi, aktyor, rejissor, pedaqoq Hüseynqulu Məlik oğlu Sarabski (Rzayev) (1879 - 16.2.1945) anadan olub. İlk milli operamız olan “Leyli və Məcnun”da Məcnun rolunun ilk və uzun illər (30 ildən artıq) əvəzsiz ifaçısı olub.

 

20 mart 1899 - Böyük yazıçı-dramaturq Cəfər Qafar oğlu Cabbarlı (1899 - 31.12.1934) Xızı kəndində doğulub. Azərbaycan dramaturgiyasında realizmin əsasını qoyub, milli kinomuzda ilk ssenarilərin (“Hacı Qara”, “Sevil, “Almaz” filmləri), şeir və hekayələrin müəllifidir.

 

20 mart 1920 - Azərbaycan Xalq Cümhuriyyəti ilə İran arasında «Sülh və dostluq haqqında» müqavilə imzalanıb. Müqaviləyə əsasən, İran Azərbaycanın istiqlalını və Xalq Cümhuriyyətini rəsmən tanımış oldu.

 

20 mart 1930 – Akademik, riyaziyyatçı alim Fərəməz Qəzənfər oğlu Maqsudov (1930 - 30.7.2000) anadan olub. 1997-2000-ci illərdə Milli Elmlər Akademiyasının prezidenti olub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

Xəbərlər
Redaktorun seçimi